İki qəhrəman nəslin layiqli davamçısı Hümbətzadə Elvina Səfər qızının uğur yolu
Bəşər tarixinin inkişaf salnaməsi göstərir ki, xalqların taleyini yalnız böyük dövlətlər, siyasi hadisələr və iqtisadi dəyişikliklər müəyyən etmir. Tarixin əsl memarları yüksək mənəviyyata, dərin elmə, zəngin mədəniyyətə və xalqa xidmət amalına sadiq insanlardır. Belə şəxsiyyətlər isə bir gündə yetişmir. Onların formalaşmasının başlanğıcı ailədə qoyulur. Ata ocağında eşidilən ilk nəsihətlər, ana laylasında yaşanan sevgi, baba və nənələrin həyat təcrübəsi, kitab qoxusu ilə zəngin ev mühiti, zəhmətə və vicdana hörmət – bütün bunlar gələcək ziyalının mənəvi pasportunu yaradır.
Azərbaycan xalqı tarix boyu məhz belə ailələri ilə seçilmişdir. Elmi, təhsili, qəhrəmanlığı və yüksək mənəvi dəyərləri nəsildən-nəslə ötürən ailələr millətin görünməyən sütunlarıdır. Bu ocaqlarda böyüyən övladlar yalnız valideynlərinin deyil, bütöv xalqın ümidinə çevrilirlər. Onlar keçmişin şərəfli irsini gələcəyə daşıyan canlı körpülərdir.
Belə ailələrdən birinin gənc nümayəndəsi Hümbətzadə Elvina Səfər qızıdır. Onun həyat yolu təkcə şəxsi nailiyyətlərin deyil, bir neçə nəslin zəhmət, elm və Vətən sevgisi ilə yoğrulmuş mənəvi irsinin davamıdır. O, iki qəhrəman nəslinin, həkimlərin, alimlərin, pedaqoqların və hüquqşünasların formalaşdırdığı böyük bir məktəbin yetirməsidir.
2005-ci il iyulun 2-də Bakı şəhərində dünyaya göz açan Elvina ailəsinin sevincinə çevrilmişdir. Hələ uşaqlıq illərindən onun həyatına qayğı, sevgi, intizam və elmə hörmət hakim olmuşdur. Ailəsində tez-tez səslənən “bilik insanın ən böyük sərvətidir” fikri onun həyat devizinə çevrilmişdir. Elvinanın uşaqlığı oyuncaqlarla yanaşı kitabların, maraqlı söhbətlərin, elm və mədəniyyət haqqında müzakirələrin əhatəsində keçmişdir.
2012-ci ildə Bakı şəhəri 167 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olan Elvina qısa zamanda məktəbin ən nümunəvi şagirdlərindən birinə çevrildi.
O, təkcə əla qiymətləri ilə deyil, yüksək mədəniyyəti, müəllimlərinə hörməti, sinif yoldaşlarına münasibəti və fəallığı ilə də seçilirdi.
Müxtəlif fənn müsabiqələrində, bilik yarışlarında və yaradıcılıq tədbirlərində iştirak edərək diplomlar, medallar və fəxri fərmanlarla təltif olunurdu.
2017-ci ildə təhsilini 13 nömrəli tam orta məktəbdə davam etdirdi.
Yeni məktəb onun üçün yeni imkanlar açdı. Burada Elvinanın həm intellektual, həm də yaradıcı potensialı daha geniş şəkildə üzə çıxdı.
2020-ci il Azərbaycan tarixinin ən şərəfli illərindən biri oldu. Vətən müharibəsində qazanılan Zəfər bütün ölkədə böyük ruh yüksəkliyi yaratdı. Məhz həmin dövrdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkil etdiyi “Qarabağ Azərbaycandır!” adlı intellektual müsabiqə məktəblilər arasında vətənpərvərlik ruhunun möhkəmləndirilməsinə xidmət edirdi. Yasamal rayonu üzrə keçirilən olimpiadada 13 nömrəli məktəbin 8 ci sinif şagirdi Elvina Səfər qızı ədəbiyyat üzrə yüksək nəticə göstərmiş birinci yerə layiq görülmüşdür.
Yasamal rayonu üzrə keçirilən II mərhələdə yüzlərlə şagird arasında 13 nömrəli tam orta məktəbin IX sinif şagirdi Hümbətzadə Elvina Səfər qızı yüksək nəticə göstərərək Tarix fənnindən birinci yerə layiq görülmüş, final mərhələsinə vəsiqə qazanmışdır. Bu uğurlar X və XI siniflərdə də Tarixi fənnindən keçirilən olimpiadalarda iştirak edib uğurlarına uğur qatmışdır.
Bu uğur sadəcə diplom deyil, onun biliyinin, hazırlığının və Vətən tarixinə olan dərin marağının göstəricisi idi. Məktəb kollektivi onun uğurunu böyük qürur hissi ilə qarşılamış, Elvinanın finalda da məktəbi layiqincə təmsil edəcəyinə inamını ifadə etmişdi.
Bu qələbə gənc bir məktəblinin Vətən sevgisinin, tarixi biliyinin və milli kimliyə bağlılığının bariz nümunəsi idi.
Yaradıcılıq sahəsində də zirvədə
Elvina yalnız dərslərində deyil, incəsənətdə də istedadını nümayiş etdirmişdir.
2020-ci ildə keçirilən rəssamlıq müsabiqəsində təqdim etdiyi əsər münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilmiş, birinci yerə layiq görülərək qızıl medalla təltif edilmişdir.
Rəsm onun üçün sadəcə hobbi deyil, duyğularını rənglərlə ifadə etdiyi xüsusi bir aləmdir.
Onun çəkdiyi əsərlərdə Vətən sevgisi, milli dəyərlər və təbiət gözəllikləri öz əksini tapır.
Valideynləri ona yalnız yaxşı oxumağı deyil, yaxşı insan olmağı öyrətmişlər. Çünki bu ailədə insanın böyüklüyü tutduğu vəzifə ilə deyil, vicdanı, əxlaqı və cəmiyyətə verdiyi fayda ilə ölçülür.
Elvinanın mənsub olduğu nəsil Azərbaycan tarixində zəhməti və xidmətləri ilə tanınır. Ulu babası Hümbətov Səfər Mahmudoğlu və babası Hümbətov Rzaxan Səfər oğlu fədakar əməklərinə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, öz ömürlərini xalqın rifahına həsr etmişlər. Onların zəhmətsevərliyi bu ailənin xarakterinə çevrilmişdir.
Ana babası İshab Hüseynov Ələsgər oğlu isə həm hüquqşünas, həmdə Azərbaycan SSRİ Vəkillər Kollegiyasının Rəyasət heyətinin sədri vəzifəsində çalışaraq,həm də müharibə veteranı kimi vətənə xidmət nümunəsi göstərmişdir. Çoxlu sayda yüksək medallara fəxri fərmanlarla təltif olunmuşdur, çoxlu məqalələr,kitablar elmi əsərlər müəllifi kimi eləcə də 1941–1945-ci illər müharibəsində göstərdiyi igidlik onun adını ailənin şərəf salnaməsinə yazmışdır.
Anası Təranə Hüseynova tibb üzrə fəlsəfə doktoru, dosent olaraq minlərlə insanın sağlamlığının keşiyində dayanmış, elmi və tibbi fəaliyyəti ilə nümunə olmuşdur. Ana nənəsi Zəhra Həbib qızı Hüseynova isə filologiya üzrə fəlsəfə doktoru kimi ömrünü Azərbaycan dilinə, ədəbiyyatına və müəllimlik sənətinə həsr etmişdir.
Belə bir mühitdə böyüyən Elvinanın elm yolunu seçməsi təbii idi. O, uşaqlıqdan bilirdi ki, əsl şöhrət zəhmətlə qazanılır, əsl hörmət isə insanlara xidmət etməklə əldə edilir.
Bu gün Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin tələbəsi olan Elvina yalnız savadı ilə deyil, yüksək mədəniyyəti, təşkilatçılığı, məsuliyyəti və insanlara hörmətlə yanaşması ilə də seçilir. Artıq üç ildir qrup rəhbəri kimi həm tələbə yoldaşlarının, həm də müəllimlərinin etimadını doğruldur. Bu etimad qiymətlərlə deyil, şəxsiyyətin böyüklüyü ilə qazanılan hörmətdir.Qrup rəhbəri kimi tələbə yoldaşlarının etimadını, müəllim kollektivinin hörmətini qazanması onun liderlik keyfiyyətlərinin göstəricisidir. O, gənclərə xas enerjini yüksək intellekt, mədəni davranış və vətənpərvərlik hissi ilə birləşdirən nümunəvi tələbələrdəndir.Müasir Azərbaycan gəncliyi qarşısında duran əsas vəzifələrdən biri milli-mənəvi dəyərləri qorumaq, elmə yiyələnmək və dövlətimizin inkişafına töhfə verməkdir. Elvina Hümbətzadənin həyat yolu göstərir ki, o, bu ali məqsədləri öz həyat prinsipi seçmişdir. Onun biliyi, zəhmətsevərliyi, nəcib davranışı və milli-mənəvi dəyərlərə bağlılığı gələcəkdə ölkəmizin ziyalı təbəqəsində layiqli yer tutacağına böyük ümid yaradır.
Bu gün – 2 iyul, Elvina Səfər qızının doğum günündə ona ünvanlanan ən gözəl arzu sağlam, xoşbəxt və uğurlu ömür arzusudur.
Əminik ki, o, şərəfli babalarının və alim ziyalı ailəsinin adını bundan sonra da ləyaqətlə yaşadacaq, elm sahəsində qazandığı uğurlarla Azərbaycan gəncliyinin parlaq simalarından birinə çevriləcəkdir.
Saytımızın kollektivi adından Hümbətzadə Elvina Səfər qızını ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, tükənməz həyat eşqi, yeni elmi nailiyyətlər, şəxsi xoşbəxtlik və uzun ömür arzulayırıq.
Qoy həyat yolun daim uğurlarla nurlansın, biliyin səni daha böyük zirvələrə aparsın, adın ailənə, xalqına və Azərbaycan elminə daim şərəf gətirsin.
Doğum günün mübarək, dəyərli Hümbətzadə Elvina Səfər qızı!
Adınla, ləyaqətinlə, biliyinlə və qürurunla yaşa! Yüz yaşa, həmişə xoşbəxt ol!
AMİDTV.AZ
Aygün Məmmədova Azərbaycan Jurnalistlər Birliyinin üzvü









39