ÖMRÜNÜ İNSAN SAĞLAMLIĞINA HƏSR EDƏN ZİYALI HƏKİM-İmamƏli Abışov
Hər bir insanın həyatında elə izlər var ki, zaman keçsə də, yaddaşlardan silinmir. Xüsusilə də ömrünü insanların sağlamlığına, onların həyatına və cəmiyyətə xidmətə həsr edən həkimlər hər zaman ehtiramla xatırlanırlar. Belə dəyərli insanlardan biri də Lənkəran səhiyyəsində özünəməxsus iz qoymuş mərhum həkim İmaməli Abışovdur.
İmaməli Zahir oğlu Abışov 1949-cu ildə Lerik rayonunun Züvüc kəndində dünyaya göz açmışdır. Gənc yaşlarından elmə və təhsilə maraq göstərən İmaməli Abışov gələcək həyat yolunu insanların sağlamlığının keşiyində dayanmağa həsr etmişdir. O, 1976-cı ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini bitirərək ali tibbi təhsil almışdır. İlk əmək fəaliyyətinə Bakı şəhərində başlamış, bir il müddətində 5 saylı Klinik Xəstəxanada çalışmışdır. Daha sonra təyinatla Lənkəran rayonuna göndərilmiş və həyatının böyük bir hissəsini bu bölgənin səhiyyəsinin inkişafına, insanların sağlamlığının qorunmasına həsr etmişdir. İmaməli Abışov Lənkəran şəhər Poliklinikasında sahə həkimi, Təcili Tibbi Yardım Stansiyasında həkim kimi fəaliyyət göstərmişdir. Sonralar isə Lənkəran şəhər Poliklinikasının Terapiya şöbəsinin müdiri vəzifəsində çalışmışdır. O, peşəkar həkim olmaqla yanaşı, insanlara qayğıkeş münasibəti, məsuliyyəti və öz işinə bağlılığı ilə də seçilmişdir. Lənkəranda Pışanovlar ailəsi uzun illərdir ki, həkimlər ailəsi kimi tanınır. Bu ailənin üzvləri müxtəlif sahələrdə çalışaraq cəmiyyətə xidmət etmiş, öz peşə fəaliyyətləri ilə insanların hörmətini qazanmışlar. İmaməli Abışovun qardaşı TahirƏli Pışanov da Lənkəran şəhər Poliklinikasında nevropatoloq kimi fəaliyyət göstərmişdir. İmaməli Abışovun ailəsi də onun həyatında mühüm yer tutmuşdur. Həyat yoldaşı Mərifət xanım uzun illərdir Lənkəran şəhər 10 nömrəli tam orta məktəbində çalışır. Qızı Aynur C.Cabbarlı adına Lənkəran şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərir. Oğlu Elnur Abışov Lənkəran Müalicəvi Diaqnostika Mərkəzində şöbə müdiri kimi çalışır. Digər qızı Aysel isə ingilis dili müəlliməsidir. Bu gün İmaməli Abışovun ömür yolu yalnız bir həkimin həyat tarixçəsi deyil, həm də zəhmətə, peşəyə sədaqətin, ailə dəyərlərinə bağlılığın və insanlara xidmət amalının nümunəsidir. Onun yetişdirdiyi ailə mühiti, övladlarının seçdiyi peşələr və cəmiyyətə verdikləri töhfələr bu dəyərli insanın həyat fəlsəfəsinin davamıdır.
2017-ci il avqustun 8-də İmaməli Zahir oğlu Abışov Lənkəran şəhərində dünyasını dəyişmişdir. Lakin insanın əsl ömrü onun yaşadığı illərlə deyil, geridə qoyduğu xeyirxah əməllərlə, qazandığı hörmət və insanların yaddaşında yaşatdığı xatirələrlə ölçülür. İmaməli Abışov bu gün onu tanıyanların, birlikdə çalışanların, müalicə etdiyi insanların və doğmalarının yaddaşında zəhmətkeş, qayğıkeş və peşəsinə sadiq bir həkim kimi yaşayır.
AMIDTV.AZ
Səadət Abdullayeva
Lənkəran Tarix-diyarşünaslıq muzeyinin elmi işçisi




59