İntizar Bədəlovanın arxeologiya sahəsindəki peşəkarlığı onu beynəlxalq və respublika miqyaslı ekspedisiyaların əvəzsiz elmi heyət üzvünə çevirmişdir.

5
bbbbbb 0
Spread the love

Tarix yalnız daş kitabələrdə, qədim qalaların uçulmuş divarlarında, torpağın dərin qatlarında gizlənən saxsı qırıqlarında və muzey vitrinlərində yaşamır. Tarix həm də onu axtaran, qoruyan, öyrənən, gələcək nəsillərə çatdırmaq üçün ömrünü sərf edən insanların yaddaşında yaşayır.
Bəzən bir insanın ömrü özü bir arxivə çevrilir. O arxivdə uşaqlıq xatirələri, ata ocağının musiqisi, gəncliyin arzuları, səhnənin işıqları, kəndlərin yolları, qədim qalaların daşları, arxeoloji qazıntıların torpağı, muzeylərin səssizliyi və elmi axtarışların həyəcanı bir-birinə qarışır. Belə ömürlər yalnız şəxsi həyat tarixçəsi deyil, bütöv bir dövrün mənəvi və mədəni salnaməsidir.
İntizar Bədəlova 11 avqust 1956-cı ildə Şəkidə dünyaya göz açan İntizar Bədəlovanın həyatının ilk illərindən etibarən sənət və mədəniyyət mühiti ilə təması formalaşmışdır. Onun taleyində musiqi ilə tarix, səhnə ilə arxeologiya, folklorla elmi tədqiqat, insanla torpaq arasında qeyri-adi bir mənəvi bağ yaranmışdır.
O, həyatının müxtəlif mərhələlərində toxucu, musiqiçi, ansambl rəhbəri, mədəniyyət təşkilatçısı, folklor araşdırıcısı, arxeoloji ekspedisiyaların iştirakçısı, muzey yaradıcılarından biri və elmi məqalələrin müəllifi kimi fəaliyyət göstərmişdir.
Lakin bütün bu vəzifələrin arxasında bir əsas missiya dayanmışdır xalqın yaddaşını qorumaq.
Bu missiya onun üçün yalnız peşə deyil, həyat fəlsəfəsinə çevrilmişdir.Şəki sadəcə bir şəhər deyil. Bu şəhər Azərbaycan tarixinin, sənətinin, memarlığının və folklorunun canlı yaddaşıdır. Burada küçələr belə keçmişlə danışır. Daş divarlar, qədim tikililər, sənətkar emalatxanaları, xalq yaradıcılığı və musiqi ənənələri insanı keçmişə bağlayan görünməz tellər yaradır.
İntizar Bədəlova məhz belə bir mühitdə böyüdü.
1963-cü ildə Şəki şəhər 1 saylı səkkizillik natamam orta internat məktəbinə daxil olması onun həyatının ilk mühüm mərhələsi idi. 1971-ci ildə həmin məktəbi bitirdikdən sonra təhsilini M.F.Axundov adına 2 saylı orta məktəbdə davam etdirdi və 1973-cü ildə orta təhsilini başa vurdu.Məktəb illəri onun yalnız dərs oxuduğu dövr olmadı. O, müxtəlif dərnəklərin, xatirə gecələrinin, disputların və ictimai tədbirlərin fəal iştirakçısına çevrildi. Fənlərə marağı, ictimai fəallığı və təşkilatçılıq qabiliyyəti onu həmyaşıdlarından fərqləndirirdi.1974-cü ildə ailə vəziyyəti ilə əlaqədar Şəki İpək İstehsalat Kombinatında toxucu şagirdi kimi əmək fəaliyyətinə başlayan İntizar Bədəlova burada yalnız fəhlə kimi çalışmadı.
Onun daxilindəki sənətkar səhnəyə can atırdı.
Hələ xüsusi musiqi təhsili olmadığı halda istehsalatın ansamblına üzv oldu və müxtəlif tədbirlərdə çıxış etməyə başladı. Zonalarda, parklarda, kəndlərdə keçirilən baxış müsabiqələri, konsertlər və folklor tədbirləri onun həyatının ayrılmaz hissəsinə çevrildi.
Diplomlar, fəxri fərmanlar, laureat medalları onun sənət yolunun ilk rəsmi nişanələri oldu.Lakin bu nailiyyətlərin arxasında bir həqiqət vardı,
İntizar Bədəlova özünü özü yetişdirirdi.
1982-ci ildə İpək İstehsalatından öz ərizəsi ilə azad olunması onun həyatında yeni bir səhifə açdı.
1983-cü ildə Şəki rayonunun S.Vurğun adına Mədəniyyət Evində “Cuma Aşıqlar” ansamblının rəhbəri vəzifəsinə təyin olunması ilə onun təşkilatçı kimi istedadı daha geniş miqyasda üzə çıxdı.İntizar Bədəlovanın həyat yoluna nəzər salanda ilk baxışda bir-birindən uzaq görünən iki böyük dünyanın — musiqi ilə arxeologiyanın — əslində onun taleyində necə üzvi şəkildə birləşdiyinin şahidi oluruq. Bir tərəfdə insan ruhunun ən qədim ifadə vasitələrindən biri olan musiqi, digər tərəfdə isə minilliklərin susmuş yaddaşını üzə çıxaran arxeologiya…
Bu iki sahənin arasında görünməz bir körpü var. Musiqi insanın yaddaşını qoruyursa, arxeologiya xalqın yaddaşını qoruyur. Musiqi keçmişdən gələn səsləri yaşadırsa, arxeoloq torpağın altında qalan səssiz izləri danışdırır. İntizar Bədəlovanın ömründə isə bu iki yaddaş forması bir insan taleyində qovuşmuşdur.O, Şəkinin qədim və zəngin mədəni mühitində dünyaya göz açmışdı. Atası Nurəddin Bədəlov musiqiçi idi. Tar, kaman, skripka, qarmon, qanun, piano kimi alətləri ifa etməklə yanaşı, onları düzəldən, onların səsini və quruluşunu dərindən bilən sənətkar kimi tanınırdı. Belə bir ailədə böyüyən İntizarın musiqiyə meyl etməsi təsadüfi deyildi.Lakin həyat onun qarşısına sadəcə sənətkar olmaq yolunu qoymadı.Onun taleyində səhnə də vardı, istehsalat da, mədəniyyət təşkilatçılığı da, folklor da, tarix də, arxeoloji qazıntılar da…
Və bütün bu yolların sonunda bir qadının ömrü bütöv bir mədəniyyət salnaməsinə çevrildi.Atası Stalin medalı ilə təltif olunmuş, dövrünün tanınmış, hörmətli ziyalılarından biri olmuşdur. O, yalnız ictimai xidmətləri ilə deyil, həm də virtuoz musiqi istedadı və bəstəkarlıq qabiliyyəti ilə seçilirdi. Bir neçə gözəl mahnının müəllifi olan atası, Azərbaycan musiqi mədəniyyətinin nəhəng simalarından sayılan unudulmaz kamança ustadı Habil Əliyevin ilk müəllimi olmuşdur. Böyük sənətkar Habil Əliyevin musiqi dünyasına ilk qədəmlərini qoymasında, onun incə sənət duyğusunun formalaşmasında İntizar xanımın atasının əvəzsiz rolu olmuşdur. Şərq musiqisinin, qarmon sənətinin korifeyi Əhsən Rəhimlinin səhifələrində və xatirə yazılarında İntizar xanımın atası haqqında geniş məqalənin yer alması da bu genetik sənət irsinin, musiqi ocağının böyüklüyündən xəbər verir.1983-cü ildə Respublikada yeni fəaliyyətə başlayan və sonralar Azərbaycan mədəniyyətinin tanınmış məkanlarından birinə çevrilən “Aşıq Pəri” məclisinin ilk qonaqlarından biri İntizar Bədəlova olmuşdur.
Bu fakt onun həmin dövrün folklor və aşıq sənəti mühitində artıq seçilən simalardan biri olduğunu göstərir.
Onun ifası tanınmış şair və bəstəkarların diqqətindən də kənarda qalmamışdı.
Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən Hüseyn Arifin, bəstəkar Şəfiqə Axundovanın, şair Nüsrət Kəsəmənlinin və başqa sənət adamlarının diqqətini cəlb edən İntizar Bədəlova üçün bu münasibət yalnız mənəvi qiymət deyil, həm də böyük məsuliyyət idi.
Çünki sənətkarın əsl qiyməti bəzən verilən diplomda deyil, sənət adamlarının yaddaşında qalmasındadır.
Hüseyn Arifin onun və Pəri Əsgərovanın fotosunu 1983-cü ilin çoxsaylı təqvimlərindən birində dərc etdirməsi də həmin dövrün mədəni mühitində İntizar Bədəlovanın tanınmasının maraqlı nümunələrindən biri kimi yadda qalır.
Azərbaycanın şimal-qərb bölgəsi — Böyük Qafqaz dağlarının cənub ətəkləri boyunca uzanan Şəki, Qax, Zaqatala, Balakən və Oğuz rayonları minilliklər boyu müxtəlif mədəniyyətlərin, etnosların və sivilizasiyaların qovuşduğu unikal bir məkandır. Bu torpaqlar hələ Neolit və Eneolit dövrlərindən başlayaraq insan məskənlərinin sıx olduğu, Tunc və Dəmir dövrlərində isə yüksək metal işləmə, dulusçuluq və tikinti mədəniyyətinin formalaşdığı strateji bir coğrafiyadır. Lakin bu zəngin tarixin torpaq altından çıxarılması, qeydə alınması və gələcək nəsillərə ötürülməsi böyük fədakar əmək, uzun illərin gərgin çöl-qazıntı axtarışları tələb edirdi. İntizar Bədəlovanın elmi taleyi məhz bu zəngin salnamənin bərpası və öyrənilməsi missiyası ilə qırılmaz tellərlə bağlıdır.
İntizar Bədəlovanın elmi fəaliyyətində xüsusi bir mərhələ tanınmış arxeoloq, mərhum Nəsib Muxtarovla başlanan sıx və məhsuldar əməkdaşlıq illəridir. 1983-cü ildən başlayan bu elmi tərəfdaşlıq 1984-cü ildən etibarən genişmiqyaslı arxeoloji kəşfiyyat işlərinə çevrildi.
1980-ci illərin ortalarında Şəki və ətraf bölgələrdə yerləşən qədim qalaların, müdafiə istehkamlarının, dini məbədlərin və yaşayış yerlərinin sistematik tədqiqinə başlanıldı. İntizar xanım bu tədqiqatlarda yalnız sadə iştirakçı kimi deyil, abidələrin topoqrafik planlarının, sxematik xəritələrinin hazırlanmasında, qeydiyyat pasportlarının tərtibində birbaşa cavabdeh şəxs kimi çıxış edirdi.
Tədqiq olunan obyektdən elmi pasportadək: Abidələrin yerləşdiyi mürəkkəb dağlıq və meşəlik relyef şəraitində topoqrafik ölçmələrin aparılması, onların dəniz səviyyəsindən hündürlüyünün, coğrafi koordinatlarının dəqiqləşdirilməsi müasir texnologiyaların olmadığı o dövrdə böyük dəqiqlik və səbir tələb edirdi.
Şəki bölgəsindəki Qovurqala, Gəlersən-Görərsən kimi tarixi strateji qalaların, eləcə də ilk orta əsrlərə aid Albania dövrü müdafiə xətlərinin topoqrafik xəritələrinin çəkilməsində İntizar Bədəlovanın çəkdiyi zəhmət bölgə arxeologiyasının bünövrə daşlarından birinə çevrildi.
1990-cı ildən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki arxeologiya və folklor qrupunda rəsmi əmək fəaliyyətinə başlayan İntizar Bədəlova üçün şimal-qərb bölgəsi bütöv bir tədqiqat poliqonuna çevrildi. O, Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarının hər birində aparılan ekspedisiyalarda yaxından iştirak etmişdir.Bu bölgələrdə aparılan qazıntılar zamanı tək-tək tapıntılar deyil, bütöv bir mədəniyyət layı aşkar olunmuşdur. İntizar xanım çöl şəraitinin çətinliklərinə baxmayaraq, hər bir tapıntının qazıntı stratigrafiyasındakı yerini dəqiqliklə qeydə alır, keramika fraqmentlərinin toplanması və çeşidlənməsində böyük peşəkarlıq nümayış etdirirdi.İntizar Bədəlovanın elmi fəaliyyətinin şah əsəri və Azərbaycan arxeologiyasına bəxş etdiyi en böyük töhfələrdən biri Şəkinin Fazıl kəndində yerləşən Təpəbaşı arxeoloji abidəsi və onun bazasında yaradılmış muzeydir.
Təpəbaşı abidəsi miladdan əvvəlki minilliklərə aid etnik-mədəni prosesləri özündə əks etdirən çoxqatlı yaşayış yeri və nekropoldur. Uzun illər davam edən qazıntılar nəticəsində burada müxtəlif dəfn adətlərini öyrənməyə imkan verən zəngin qəbir kompleksləri aşkar edilmişdir.2006-cı ildə Nəsib Muxtarov və İntizar Bədəlovanın birbaşa təşəbbüsü və fədakar əməyi sayəsində yaradılan “Əbədi Sükut Dünyası” Azərbaycanın ilk və yeganə yeraltı arxeoloji muzeyidir.
Muzeyin unikallığı ondadır ki, aşkar edilmiş qəbirlər, skeletlər və onların yanındakı avadanlıqlar (saxsı qablar, tunc bəzəklər, silahlar) yerindən tərpədilmədən, aşkar olunduğu mühitdə — in-situ vəziyyətində konservasiya olunaraq nümayiş etdirilir.
Bu muzey gələn ziyarətçilərə qədim insanların dünyagörüşünü, dəfn ritualını və minilliklər öncəki həyatı olduğu kimi hiss etməyə imkan verən unikal bir elm və mədəniyyət ocağıdır. İntizar xanım bu muzeyin həm eksponatlarının toplanmasında, həm də onların saxlanma şəraitinin qorunmasında uzun illər yorulmadan çalışmışdır.
İntizar Bədəlovanın bilavasitə iştirak etdiyi arxeoloji ekspedisiyalar Azərbaycanın qədim incəsənətinin və dövlətçilik rəmzlərinin öyrənilməsi baxımından zəngin materiallar vermişdir.İbadət və ritual məqsədilə hazırlanmış, o dövrün dini-totemik təfəkkürünü göstərən incə sənət əsəri.
Simvolik tunc baltalar və at başı bəzəkləri,Hərbi və ritual təyinatlı bu tapıntılar bölgədə metalşünaslığın və atçılıq mədəniyyətinin yüksək inkişaf səviyyəsini sübut edir.
Öküz başı formalı hakimiyyət rəmzi,Qazı yeri abidəsindən aşkar olunmuş öküz başı formasında olan fiqur yalnız dini məna daşımır, həmin dövrdə cəmiyyətdə mövcud olan hərbi-tayfa zadəganlarının hakimiyyət və nüfuz rəmzi kimi səciyyələndirilir.
Qədim Qafqaz Albaniyasının və ondan əvvəlki dövrlərin zərgərlik sənətinin, ticarət əlaqələrinin parlaq nümunələridir.Qəbələ Beynəlxalq Hava Limanı Ərazisində Xilasetmə Qazıntıları (2011) Strateji infrastruktur layihəsi çərçivəsində aparılan bu tədqiqatlarda İntizar Bədəlova Nəsib Muxtarov və Qəhrəman Ağayevlə birlikdə gərgin rejimdə çalışmışdır. Qısa müddət ərzində minilliklərin tarixi qatları tikinti təhlükəsindən xilas edilmiş, yüzlərlə arxeoloji obyekt elmi qeydiyyata alınmışdır.İntizar Bədəlovanın bu zəngin çöl tədqiqatları nəticəsində əldə edilən maddi-mədəniyyət nümunələri bu gün yalnız AMEA Arxeologiya və Antropologiya İnstitutunun fondlarını deyil, həm də ölkəmizin regional muzeylərini bəzəyən qiymətli eksponatlardır.Arxeologiya elmi yalnız çöl qazıntıları, torpaq üzərində aparılan fiziki axtarışlar və abidələrin aşkar edilməsi ilə bitmir. Qazıntı sahəsində əldə olunan hər bir saxsı qırıntısının, paslanmış metal parçasının və ya zədələnmiş bəzək əşyasının muzey eksponatına, elmi fakta və tarix yazısına çevrilməsi üçün böyük bir səbir, laboratoriya dəqiqliyi və elmi fədakarlıq tələb olunur. İntizar Bədəlova onlarca arxeoloji ekspedisiyanın yalnız çöl mərhələsində deyil, məhz bu gözə görünməyən, lakin elmi nəticənin taleyini həll edən zəhmət tələb edən prosesində fəal rol oynamışdır.
Çöl qazıntısı zamanı torpaq altından çıxarılan materiallar ilk baxışda pərəki, sınmış və ya aşınmış halda olur. Bu tapıntıların elmi dövriyyəyə qazandırılması İntizar xanımın zərgər dəqiqliyi ilə həyata keçirdiyi kameral emal mərhələsindən keçmişdir, Aşkar olunan hər bir maddi-mədəniyyət nümunəsinin qazıntı kvadratı, dərinlik qatı, tapılma şəraiti dəqiqliklə qeydə alınmış, xüsusi inventar kitablarına daxil edilmişdir.
Şimal-qərb bölgəsinin Tunc və Dəmir dövrü, eləcə də Antik dövr kütləvi saxsı nümunələrinin (küplər, növranlar, matralar, ritual qablar) fraqmentlərini bir-birinə uyğunlaşdıraraq ilkin formasına qaytarmaq İntizar xanımın xüsusi bacarığı sayəsində mümkün olmuşdur. Musiqiçi həssaslığı və estetik duyğusu onun bərpa prosesində xüsusi keyfiyyət nümayiş etdirməsinə şərait yaratmışdır.
İllik çöl-qazıntı mövsümünün sonunda AMEA Arxeologiya və Antropologiya İnstitutunun Elmi Şurasına təqdim olunan həcmli elmi hesabatların, çertyojların, tapıntı cədvəllərinin tərtibi məhz onun cavabdehliyi altında gerçəkləşmişdir.
İntizar Bədəlovanın arxeologiya sahəsindəki peşəkarlığı və işinə fədakar münasibəti onu Azərbaycanın tanınmış alimlərinin rəhbərlik etdiyi beynəlxalq və respublika miqyaslı ekspedisiyaların əvəzsiz elmi heyət üzvünə çevirmişdir.Bu beynəlxalq və respublika səviyyəli layihələrdə xarici və yerli mütəxəssislərlə çiyin-çiyinə çalışan İntizar Bədəlova çöl-qazıntı metodikasına dərindən bələd olması, elmi intizamı və səmimi xarakteri ilə həmkarlarının böyük rəğbətini və etimadını qazanmışdır.
İntizar Bədəlovanın illər boyu topladığı çöl materialları və apardığı təhlillər bir sıra sanballı elmi məqalələrdə və həm müəllifi olduğu nəşrlərdə öz əksini tapmışdır. Onun elmi yaradıcılığı aşağıdakı ana xətləri əhatə edir,
Şimal-qərb bölgəsində ilk əkinçi-malqaralar tayfaların məskunlaşması, mənşəyi və qonşu mədəniyyətlərlə əlaqələrinə dair araşdırmalar.
Oğuz rayonunun Kərimli kəndi ərazisindəki kurqanaltı dəfn adətləri, bu dəfnlərdən çıxan metal və saxsı məmulatlarının tipoloji təhlili.
Fazıl kəndindəki tədqiqatlar əsasında Antik dövr plastikası, kiçik heykəltəraşlıq nümunələri və dəfn rituallarının ideoloji əsasları.
Şəki, Qax və Oğuz rayonlarındakı qala, məbəd, yaşayış yeri və nekropolların ümumiləşdirilmiş elmi xarakteristikası.
İntizar Bədəlovanın müəllifliyi və həm müəllifliyi ilə işıq yüzü görən elmi məqalələr bu gün də şimal-qərb bölgəsinin arxeologiyasını, xüsusilə Son Tunc və Erkən Dəmir dövrünü tədqiq edən gənc alimlər, magistrantlar və doktorantlar üçün mötəbər mənbə rolunu oynayır.
Bütün bu fəaliyyət Şəki İpək Kombinatının ansamblından başlayan mədəniyyət yolunun AMEA Arxeologiya və Antropologiya İnstitutunun baş elmi işçisi zirvəsinədək uzanması böyük bir əməyin, torpağa və tarixə olan sevgini göstərir.
40 ildən artıq bir dövrü əhatə edən elmi-əməli fəaliyyəti boyunca İntizar Bədəlova Azərbaycanın şimal-qərb bölgəsinin arxeoloji salnaməsini zənginləşdirmiş, yüzlərlə abidənin pasportlaşdırılmasına, “Əbədi Sükut Dünyası” kimi nadir muzeyin ərsəyə gəlməsinə və qiymətli tapıntıların elmi dövriyyəyə daxil edilməsinə imza atmışdır. 70 illik yubiley bu fədakar alim, nəcib insan və dəyərli ziyalı üçün şərəfli bir ömür yolunun qürur dolu yekunlaşması və yeni elmi uğurların başlangıcıdır.Onun fəaliyyəti göstərir ki, arxeologiya yalnız elmi nəzəriyyələrdən ibarət deyil; o, həm də fədakarlıq, torpağa bağlılıq, səbir və Vətən tarixini sevmək sənətidir. Şəkinin Fazıl kəndindəki “Əbədi Sükut Dünyası” yeraltı muzeyindən tutmuş, Qazı yerinin qızıl tapıntılarınadək, Leylatəpə mədəniyyətindən Kərimli kurqanlarınadək hər bir abidədə İntizar xanımın əl izi, göz nuru və zəhməti vardır.Arxeoloji qazıntılar zamanı torpaq altından çıxarılan hər bir yeni eksponat, elmi dövriyyəyə qazandırılan hər bir yeni fakt Azərbaycan elminin beynəlxalq aləmdəki mövqeyini daha da möhkəmləndirsin, gələcəyimiz naminə qazanılan parlaq nailiyyətlərlə taclansın!
İntizar xanıma və onun simasında Azərbaycan arxeologiyasını çiyinlərində daşıyan bütün fədakar alimlərimizə möhkəm cansağlığı, uzun ömür və tükənməz yaradıcılıq enerjisi arzulayırıq!

AMİDTV.AZ

Aygün Məmmədova Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Professor Ramiz İskəndərovun elmi yaradıcılığı dünyanı anlamaq vasitəsidir.

Azərbaycan elmini beynəlxalq akademik mühitdə layiqincə təmsil etmiş dövlət xadimi Rafiq Yəhya oğlu Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib

Professor Ramiz İskəndərovun elmi yaradıcılığı dünyanı anlamaq vasitəsidir.

Milli ruhlu, ziyalı və yaradıcı gənc Sevindik Nəsiboğlu