Professor Tofiq Məliklinin ömür yolu elmə, sözə və mədəniyyətə xidmət nümunəsidi
Hər bir xalqın tarixində elə şəxsiyyətlər yetişir ki, onların fəaliyyəti yalnız yaşadıqları dövrün deyil, bütöv bir millətin mənəvi yaddaşının ayrılmaz hissəsinə çevrilir. Belə insanlar zamanın axarında itib-batmır, əksinə, yaratdıqları elmi və mənəvi sərvətlərlə gələcək nəsillərin yoluna işıq salırlar. Türk dünyasının görkəmli alimlərindən, tanınmış türkoloq, filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi Tofiq Davud oğlu Məlikli məhz belə şəxsiyyətlər dəndir.Əməkdar elm xadiminin həyat yolu elmə sədaqətin, milli köklərə bağlılığın, türk mədəniyyətinə sonsuz sevginin və ziyalı məsuliyyətinin nadir nümunəsidir. Bu yol bir insanın şəxsi bioqrafiyası olmaqdan daha çox, türkoloji fikrin inkişaf tarixinin mühüm bir mərhələsidir.Mədəniyyət tarixində bəzi insanlar yalnız araşdırıcı deyil, həm də yolgöstərən olurlar. Onlar keçmişlə gələcək arasında körpü yaradır, xalqların yaddaşında yaşayan mənəvi sərvətləri elmi düşüncənin süzgəcindən keçirərək yeni nəsillərə çatdırırlar.Tofiq Məlikli məhz belə alimlərdəndir. Tofiq Məlikli 1942-ci ilin 31 avqustunda Gəncənin ziyalı mühitində dünyaya göz açarkən, sanki bu şəhərin qədim mədəni ruhu onun taleyinə hopmuşdu. Gəncə , Nizami Gəncəvinin söz mirasını daşıyan bir məkan onun ilk düşüncə məkanına çevrildi. Bəlkə də elə buna görə Tofiq Məliklinin gələcək elmi yolu sırf akademik maraqdan deyil, daha çox mədəni yaddaşın çağırışından doğmuşdu.Gənclik illərinin ardınca onu Bakı elmi mühitinə aparan yol açıldı. 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olması onun həyatında yeni bir mərhələnin başlanğıcı idi. Şərqşünaslıq yalnız dillərin deyil, həm də minilliklərin düşüncə qatlarının öyrənildiyi bir sahədir. O, burada təkcə oxumadı, həm də Şərqin poetik nəfəsini, tarixi yaddaşını və mədəni dərinliyini hiss etməyə başladı. 1965-ci ildə universiteti fərqlənmə ilə bitirməsi onun elmi yolunun ilk parlaq nişanəsi idi. Elə həmin il Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində diktor kimi fəaliyyəti isə onun sözə münasibətinin başqa bir üzünü ortaya çıxardı: yazılan sözlə deyil, səslənən sözlə insanlara çatmaq. O dövrün efir dili bir mədəniyyət idi və Tofiq Məlikli bu mədəniyyətin canlı daşıyıcılarından birinə çevrilirdi.Lakin onun ruhu daha dərin qatlara can atırdı. 1966-cı ildə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna aspirant kimi qəbul olunması onu artıq beynəlxalq elmi mühitə daxil etdi. Bu mərhələ onun düşüncəsində poeziyanın, xüsusilə türk poeziyasının XX əsrdə keçdiyi dəyişiklikləri sistemli şəkildə araşdırmaq qapısını açdı. 1968-ci ildə “XX əsrin 60-cı illərində türk poeziyası” mövzusunda müdafiə etdiyi namizədlik işi onun elmi kimliyini formalaşdırdı. Bu tədqiqat sadəcə ədəbi analiz deyildi , bu, türk dünyasının sarsıntılı modernləşmə dövrünün poeziyada necə əks olunduğunu göstərən elmi-bədii bir baxış idi.Zaman keçdikcə onun elmi baxışı daha geniş, daha dərin və daha fəlsəfi bir məcraya yönəldi. 1994-cü ildə müdafiə etdiyi “Yeni türk poeziyası: təşəkkülü və inkişafı” adlı doktorluq işi artıq bir məktəbin manifesti kimi səslənirdi. Burada poeziya yalnız ədəbi forma deyil, bir xalqın ruhunun dəyişmə xəritəsi kimi təqdim olunurdu.Onun həyat yolu tək bir ölkənin sərhədləri ilə məhdudlaşmadı. 1969–1992-ci illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda çalışması onun elmi fəaliyyətinin əsas bazasını təşkil etdi. Lakin onun düşüncəsi daim sərhədləri aşırdı dil, mədəniyyət və poeziya onun üçün coğrafiyadan daha geniş anlayış idi. 1991–1994-cü illərdə İstanbul Universitetində Rus dili və ədəbiyyatı bölümünü qurması isə onun fəaliyyətində yeni bir mədəni körpünün yaranması demək idi. İstanbul Şərq və Qərbin qovuşduğu şəhər onun elmi ideyalarının təbii davamı kimi görünürdü. Burada o, sadəcə bir kafedra yaratmadı, eyni zamanda mədəni dialoqun canlı bir mərkəzini formalaşdırdı. Daha sonra 1994–2015-ci illərdə Moskva Dövlət Linqvistik Universitetində yaratdığı “Türk dili və mədəniyyəti mərkəzi” onun həyatının ən mühüm elmi layihələrindən birinə çevrildi. Bu mərkəz türk dilinin, ədəbiyyatının və mədəniyyətinin Rus elmi mühitində tanıdılması üçün bir körpü rolunu oynadı. Bu, təkcə akademik fəaliyyət deyildi — bu, mədəniyyətlərin dialoqu idi. 1998-ci ildə professor elmi adı alması onun illərlə davam edən zəhmətinin və elmi nüfuzunun təsdiqi oldu. O, artıq yalnız tədqiqatçı deyil, həm də elmi məktəb yaradan bir şəxsiyyət idi. 1991-ci ildən Beynəlxalq Türkoloji və Mədəniyyət Fondunun vitse-prezidenti kimi fəaliyyəti isə onun türk dünyası miqyasında gördüyü işlərin genişliyini göstərirdi. Eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin Moskva şöbəsinə rəhbərlik etməsi, “Ocaq” Cəmiyyətinə başçılıq etməsi və Rusiya türkoloqları komitəsində məsul vəzifə daşıması onun ədəbiyyat və elm arasında körpü yaratmaq missiyasını tamamlayırdı. O, həm elmin, həm də ədəbiyyatın dilində danışan nadir ziyalılardan biri idi.2011-ci ildə “Azərbaycanın əməkdar elm xadimi” adına layiq görülməsi onun fəaliyyətinin yalnız fərdi uğur deyil, milli elmi irsin bir hissəsi kimi dəyərləndirildiyini göstərdi. Tofiq Məliklinin ömrü bir insan taleyindən daha çox, bir mədəniyyətin hərəkət xəritəsidir. Onun fəaliyyəti göstərir ki, elm yalnız laboratoriya və kitab səhifələrində deyil, həm də xalqların yaddaşında, dillərin nəfəsində və poeziyanın ritmində yaşayır. O, türk poeziyasını yalnız araşdırmadı onu yaşatdı, şərh etdi və gələcək nəsillərə ötürdü. Beləliklə, Tofiq Məlikli obrazı bir alim portretindən daha genişdir: o, mədəniyyətlər arasında körpü salan, sözün sərhədsiz gücünü nümayiş etdirən və elmi poeziya ilə birləşdirən bir düşüncə memarıdır. Alimin elmi fəaliyyəti təkcə bir xalqın ədəbiyyatını öyrənməklə məhdudlaşmamışdır. O, bütövlükdə türk dünyasının mədəni irsini araşdırmış, müxtəlif coğrafiyalarda yaşayan türk xalqlarının ortaq mənəvi köklərini üzə çıxarmışdır. Türk dünyasının zəngin ədəbi irsini öyrənərkən alim bir həqiqəti daim ön plana çəkirdi:-dil fərqləri, siyasi sərhədlər və müxtəlif tarixi proseslər türk xalqlarını bir-birindən ayıra bilməz. Çünki, onları birləşdirən ortaq tarix, ortaq mədəniyyət və ortaq mənəvi yaddaş vardır.Bu düşüncə onun bütün yaradıcılığının ana xəttini təşkil etmişdir.Tofiq Məliklinin fəaliyyətində mühüm istiqamətlərdən biri də tərcüməçilikdir. O, Nazim Hikmət, Fazil Hüsnü Dağlarca, Yaşar Kamal, Orxan Pamuk, Fəqir Bayqurt və Əziz Nesin kimi müəlliflərin əsərlərini rus və Azərbaycan dillərinə çevirmişdir. Bu tərcümələr sadəcə dil dəyişimi deyil, mədəni mətnin yenidən yaradılmasıdır. O, hər bir əsərin ruhunu, ideya strukturunu və estetik ritmini qorumağa çalışmışdır. Alim Tofiq Məlikli Şərq və Qərb arasında ədəbi körpü yaradan mühüm mədəni vasitəçiyə çevrilmişdir.Tofiq Məlikli yalnız alim deyil, həm də iki poetik kitabın müəllifidir.Onun üçün ədəbiyyat millətlərin daxili tarixidir. Poeziya isə bu tarixin ən həssas, ən emosional və ən dərin qatıdır. Bu səbəbdən o, türk poeziyasını öyrənərkən yalnız estetik formaya deyil, həm də ideoloji, sosial və tarixi dəyişikliklərin poetik ifadəsinə diqqət yetirmişdir.Sovet elmi mühitində çağdaş türk poeziyasının sistemli tədqiqi məhdud idi və bu sahədə dərin nəzəri yanaşma demək olar ki, formalaşmamışdı. Məhz bu boşluqda Tofiq Məlikli xüsusi bir mövqe qazandı. O, Türkiyə ədəbiyyatında XX əsrdə yaranan “Yeni poeziya” cərəyanını təkcə təsvir etmədi, onu ideya-estetik sistem kimi analiz etdi. Bu cərəyanın əsas xüsusiyyətlərini ənənə ilə modernliyin qarşılıqlı təsiri, fərdi poetik üslubun güclənməsi, sosial reallığın poeziyaya daxil olması və dilin poetik transformasiyası kompleks şəkildə araşdırdı. Bu yanaşma nəticəsində o, türkoloji elmində ilk dəfə olaraq “bədii birliyin orijinal tipologiyası”nı formalaşdırdı. Bu tipologiya ədəbiyyatı ayrı-ayrı şairlərin yaradıcılığı kimi deyil, vahid estetik sistem kimi dərk etməyə imkan verdi. Bu sistem sonradan çağdaş türk ədəbiyyatında baş verən proseslərin izahında mühüm metodoloji baza rolunu oynadı. Tofiq Məliklinin tədqiqatlarında çağdaş türk poeziyası geniş bir mədəni xəritə kimi təqdim olunur. O, Nazim Hikmət yaradıcılığında inqilabi estetik dili, Fazil Hüsnü Dağlarca poeziyasında metafizik və fəlsəfi qatları, Yaşar Kamal nəsrində sosial reallığın poetik transformasiyasını, Orxan Pamuk əsərlərində mədəni kimlik və tarix şüurunu, Əziz Nesin yaradıcılığında isə satirik sosial düşüncəni sistemli şəkildə təhlil etmişdir. Bu yanaşma göstərir ki, Tofiq Məlikli üçün ədəbiyyat yalnız estetik deyil, həm də mədəniyyətin özünü dərk etmə formasıdır. Onun elmi fəaliyyəti çox geniş və sistemlidir. O, 15 elmi monoqrafiyanın müəllifidir. Bu əsərlər türk ədəbiyyatı tarixi, müqayisəli ədəbiyyatşünaslıq, Azərbaycan ədəbiyyatı, türkoloji problemlər və ədəbiyyat nəzəriyyəsinin müxtəlif istiqamətlərini əhatə edir. 200-ə yaxın elmi məqaləsi isə onun tədqiqatlarının davamlı və çoxşaxəli xarakterini göstərir. Bu məqalələrdə o, ədəbiyyatın yalnız tarixini deyil, onun struktur, metodoloji və nəzəri problemlərini də araşdırır.1980-ci ildə Moskvada rus dilində nəşr olunan “60-cı və 70-ci illərin əvvəllərində türk poeziyası” əsəri Tofiq Məliklinin elmi yolunun ilkin, lakin çox mühüm pillələrindən biridir. Bu əsərdə türk poeziyası statik bir ədəbi material kimi deyil, tarixi dəyişimin içində yaşayan dinamik bir sistem kimi təqdim olunur. Burada poeziya sanki zamanla dialoqa girir: bir tərəfdə ənənənin kökləri, digər tərəfdə modern dövrün sosial və ideoloji sarsıntıları dayanır. Məlikli bu qarşıdurmanı sadəcə təsvir etmir, onu izah edir — poeziyanın necə dəyişdiyini, hansı mədəni zərurətdən doğduğunu açır. 1987-ci ildə nəşr olunan “Nazim Hikmət və yeni Türkiyə şeiri” monoqrafiyası artıq daha yetkin bir elmi baxışın məhsuludur. Nazim Hikmət burada təkcə böyük şair kimi deyil, bütöv bir poetik inqilabın mərkəzi fiquru kimi təqdim olunur. Məlikli onun yaradıcılığında şeirin ideya gücünü, sosial nəfəsini və estetik çevrilişini sistemli şəkildə açır. Bu əsərdə “Yeni Türkiyə şeiri” anlayışı artıq təkcə ədəbi termin deyil — bir epoxanın düşüncə modeli kimi formalaşır. Poeziya burada həm etirazdır, həm dəyişiklikdir, həm də yeni mədəni identikliyin formalaşmasıdır. 1990-cı ildə nəşr olunan “Türkiyə ədəbiyyatı: köklər və budaqlar” əsəri Tofiq Məliklinin elmi düşüncəsində mühüm dönüş nöqtəsidir. Burada ədəbiyyat artıq xətti tarix kimi deyil, canlı orqanizm kimi təqdim olunur. “Köklər” — klassik türk ədəbi düşüncəsinin minillik yaddaşıdır; “budaqlar” isə modern dövrün çoxsəsliliyi, dəyişkənliyi və yeni estetik axtarışlarıdır. Bu metaforik yanaşma ədəbiyyatı sərhədlənmiş bir sistemdən çıxarıb onu canlı bir inkişaf prosesi kimi təqdim edir. 1993-cü ildə Bakıda nəşr olunan “Yeni türk şeiri: təşəkkülü və inkişafı” əsəri Məliklinin doktorluq səviyyəsində elmi düşüncəsinin ən mühüm ifadələrindən biridir. Burada o göstərir ki, yeni türk poeziyası üç əsas xətt üzərində formalaşır: ənənə ilə fasiləsiz dialoq Avropa modernizmi ilə qarşılıqlı təsir milli poetik kimliyin yenidən qurulması Bu yanaşma türk poeziyasını sadəcə tarixi mərhələ kimi deyil, mədəni transformasiya prosesi kimi izah edir. 2010-cu ildə Moskvada nəşr olunan “Türkiyə ədəbiyyatı tarixi” artıq geniş miqyaslı elmi sintezdir. Burada ədəbiyyat təkcə dövrlər üzrə deyil, ideya və estetik dəyişikliklər üzrə təhlil olunur. Məlikli ədəbiyyatı sosial proseslərdən ayrı deyil, onların içində formalaşan canlı sistem kimi təqdim edir. 2008 və 2017-ci illərdə nəşr olunan “Türkologiya problemləri” və “Türkoloji və filoloji problemlər” əsərləri onun elmi fəaliyyətinin daha nəzəri mərhələsini göstərir. Burada əsas sual belədir: Türk ədəbiyyatını necə vahid elmi sistem kimi izah etmək olar? Məlikli bu sualı cavablandırmaqla türkoloji elmdə metodoloji yanaşmanı gücləndirir və ədəbiyyatşünaslığı daha sistemli elm səviyyəsinə qaldırır. 2014-cü ildə Moskvada nəşr olunan “Dahinin tənhalığı. Fazil Hüsnü Dağlarca” əsəri Fazil Hüsnü Dağlarca yaradıcılığının ən dərin elmi-fəlsəfi təhlillərindən biridir. Burada poeziya artıq estetik hadisə deyil, varlıq və zamanın fəlsəfi izahı kimi təqdim olunur. Dağlarca obrazında Məlikli insanın kainatla münasibətini poetik dildə oxuyur. 2017-ci ildə nəşr olunan “Türkiyə şairləri” kitabı onun uzun illər apardığı tədqiqatların ümumiləşdirilmiş nəticəsidir. Bu əsər artıq təkcə monoqrafiya deyil, türk poeziyasının ensiklopedik xəritəsidir. Burada hər bir şair ayrıca fərd kimi deyil, ümumi mədəni sistemin bir parçası kimi təqdim olunur. “Suyu axtaran adam” – elmi yolun fəlsəfi yekunu 2019-cu ildə nəşr olunan “Suyu axtaran adam” kitabı Tofiq Məliklinin yaradıcılığında simvolik bir zirvədir. Burada “su” axtarışı — bilik, həqiqət və mənəvi kamillik axtarışının metaforasıdır. Bu kitab onun elmi fəaliyyətinin bədii-fəlsəfi yekunu kimi oxunur. Tofiq Məliklinin elmi irsi göstərir ki, ədəbiyyat yalnız mətnlərin toplusu deyil, mədəniyyətin özünü dərk etmə formasıdır. Əməkdar elm xadimi, türk poeziyasını sistemləşdirərək onu elmi modelə çevirmiş, ədəbiyyatı tarixdən çıxarıb düşüncə sisteminə çevirmişdir. Onun elmi dili sadəcə təsvir dili deyil — analitik və sistemləşdirici dildir. Alim, ədəbi prosesi hiss etməklə yanaşı, onu izah edən elmi model yaradır. Bu fakt onun yaradıcılığında elmlə bədii düşüncənin ayrılmaz olduğunu göstərir. Onun əsərləri bir çox dillərə tərcümə olunmuşdur ki, bu da onun elmi və bədii fikrinin beynəlxalq miqyasda qəbul edildiyini sübut edir. Bu, həm də onun yaratdığı nəzəri sistemin universal xarakter daşıdığını göstərir.Onun fəaliyyəti müxtəlif ölkələrdə yüksək qiymətləndirilmişdir: Türk Dil Qurumunun fəxri üzvü (2000), Beynəlxalq Rəsul Rza mükafatı laureatı, “Azərbaycanın əməkdar elm xadimi” (2011), Sergey Yesenin adına ədəbiyyat mükafatı (2012), MDB Parlament Assambleyasının fəxri nişanı (2018),Bəxtiyar Vahabzadə mükafatı,Humay milli mükafatı .Bu mükafatlar onun fəaliyyətinin yalnız milli deyil, beynəlxalq elmi-ədəbi miqyasda da tanındığını göstərir.Böyük alimləri fərqləndirən əsas cəhətlərdən biri onların tədqiq etdikləri sahəni yalnız ağıl ilə deyil, həm də qəlb ilə duymalarıdır.Onun elmi əsərlərini oxuyarkən hiss olunur ki, müəllif araşdırdığı mövzulara yalnız nəzəri yanaşmır. Tofiq müəllim, eyni zamanda həmin mövzuların ruhunu duyur, onların daxili aləminə nüfuz etməyə çalışır.Bu səbəbdən onun əsərlərində elmi dəqiqliklə bədii təfəkkür vəhdət təşkil edir.Əməkdar elm xadimi Tofiq Məlikli, şairləri yalnız söz ustası kimi deyil, xalqın taleyini, tarixini və mənəviyyatını yaşadan yaradıcı şəxsiyyətlər kimi təqdim edir.Nazim Hikmət haqqında yazarkən azadlıq idealının poetik ifadəsini, Fazil Hüsnü Dağlarca yaradıcılığında türk insanının mənəvi böyüklüyünü, Yaşar Kamalın əsərlərində Anadolu insanının ağrılarını və ümidlərini, Orxan Pamukun romanlarında isə müasir insanın mənəvi təlatümlərini araşdırır. Bu yanaşma onun tədqiqatlarını sıravi elmi məqalələrdən fərqləndirərək, onları həm də mədəniyyət hadisəsinə çevirir. XX əsrin ikinci yarısı Türkiyə poeziyasında mühüm dəyişikliklərin baş verdiyi dövr idi.Ənənəvi poetik sistemlər yeni estetik meyllərlə əvəz olunur, şairlər fərqli bədii axtarışlara üz tuturdular. Bu mürəkkəb prosesi sistemli şəkildə araşdırmaq böyük elmi hazırlıq və geniş dünyagörüşü tələb edirdi.Tofiq Məlikli məhz bu çətin və məsuliyyətli vəzifəni öz üzərinə götürdü.Uzun illər davam edən araşdırmalar nəticəsində o, çağdaş türk poeziyasının inkişaf qanunauyğunluqlarını müəyyənləşdirdi, “Yeni Poeziya” cərəyanının estetik prinsiplərini elmi şəkildə əsaslandırdı. Bu tədqiqatlar sonralar türkoloji elmdə yeni mərhələnin başlanğıcı hesab edildi. Bu gün türk poeziyasının öyrənilməsi sahəsində çalışan alimlərin əksəriyyəti Tofiq Məliklinin yaratdığı elmi konsepsiyalara müraciət edirlər. Alimin yaratdığı əsərlər onun mənəvi ömrünün davamıdır.Hər kitab müəllifin düşüncələrinin, axtarışlarının və mənəvi dünyasının bir hissəsini özündə yaşadır. Tofiq Məliklinin müəllifi olduğu monoqrafiyalar və elmi əsərlər artıq türkologiya elminin qızıl fonduna daxil olmuşdur.”60-cı və 70-ci illərin əvvəllərində türk poeziyası”, “Nazim Hikmət və yeni Türkiyə şeiri”, “Yeni türk şeiri: təşəkkülü və inkişafı”, “Türkiyə ədəbiyyatı tarixi”, “Türkiyə şairləri”, “Türkoloji problemlər”, “Türkoloji və filoloji problemlər”, “Dahinin tənhalığı”, “Suyu axtaran adam” kimi əsərləri yalnız elmi araşdırma nümunələri deyil, həm də türk dünyasının mədəni salnaməsidir.Bu əsərlərin hər biri türk mədəniyyətinin müxtəlif qatlarına işıq salır. Onlar oxucunu əsrlərin dərinliklərinə aparır, türk düşüncəsinin keçdiyi inkişaf yolunu göstərir. Tofiq Məlikli yalnız tədqiqatçı deyil, həm də böyük tərcüməçidir.Tofiq müəllimin tərcümə fəaliyyəti mədəniyyətlər arasında körpü yaratmaq missiyasını daşıyır.Tərcümə etdiyi əsərlər vasitəsilə minlərlə oxucu türk ədəbiyyatının ən gözəl nümunələri ilə tanış olmuşdur. Əsl tərcüməçi yalnız sözləri deyil, ruhu da tərcümə etməlidir.Tofiq Məlikli məhz bunu bacaran sənətkarlardandır.Onun çevirdiyi əsərlərdə müəlliflərin üslubu, emosional dünyası və milli kolorit qorunub saxlanılır.Bu isə yüksək peşəkarlığın göstəricisidir.Moskvada yaşadığı və fəaliyyət göstərdiyi illər ərzində Tofiq Məlikli Azərbaycan mədəniyyətinin fəal təbliğatçılarından olmuşdur. Azərbaycan Yazıçılar Birliyinin Moskva Bölməsinin yaradılması və ona rəhbərlik etməsi onun milli mədəniyyət qarşısındakı xidmətlərinin mühüm hissəsidir.Bu təşkilat təkcə yazıçıları bir araya gətirmirdi.Alim, eyni zamanda Azərbaycanın mədəniyyətini, ədəbiyyatını və elmini beynəlxalq ictimaiyyətə tanıdırdı. Tofiq Məliklinin təşəbbüsü ilə keçirilən tədbirlər, elmi konfranslar və ədəbi görüşlər Azərbaycan diasporunun mənəvi həyatında mühüm rol oynayırdı.Həqiqi alimlərin fəaliyyəti yaşadıqları dövr ilə məhdudlaşmır.Onların yaratdıqları ideyalar gələcək nəsillərin düşüncə tərzinə təsir göstərir.Tofiq Məliklinin elmi irsi də məhz belə irsdir. Bu gün onun əsərləri universitet auditoriyalarında öyrənilir, tədqiqatçıların stolüstü kitablarına çevrilir, yeni araşdırmalar üçün etibarlı mənbə rolunu oynayır.Bu isə alimin qazandığı ən böyük mükafatdır.Professor Tofiq Məliklinin ömür yolu elmə, sözə və mədəniyyətə xidmət nümunəsidir. Əməkdar elm xadimi, türk dünyasının mənəvi sərvətlərini qoruyan, onları araşdıran və gələcək nəsillərə ötürən böyük ziyalıdır.Onun adı türkologiya elminin inkişaf tarixində xüsusi ehtiramla çəkilir.Çünki Tofiq Məlikli yalnız kitablar yazmayıb, yalnız elmi araşdırmalar aparmayıb. Alim, bütöv bir elmi məktəb yaradıb, türk dünyasının mənəvi birliyinə xidmət edib, elm və mədəniyyət arasında əbədi körpü salıb.Belə insanlar zaman keçdikcə daha da ucalır, yaratdıqları mənəvi sərvətlər isə nəsildən-nəslə ötürülərək yaşayır. Professor Tofiq Məlikli də məhz belə şəxsiyyətlərdəndir elmi ilə yaşayan, sözü ilə işıq saçan, fəaliyyəti ilə türk dünyasının mənəvi yaddaşında əbədi yer qazanan böyük alim və böyük ziyalıdır.Tofiq Məliklinin elmi fəaliyyəti göstərir ki, ədəbiyyat yalnız bədii mətnlərin məcmusu deyil, mədəniyyətlərin özünü dərk etmə formasıdır. Alim, türk poeziyasını sistemləşdirərək onu elmi modelə çevirmiş, çağdaş türk ədəbiyyatının inkişafını izah edən yeni metodologiya yaratmışdır. Onun yaradıcılığı bir alim portretindən daha genişdir , bu, bütöv bir elmi məktəbdir. Gəncədən başlayan bu yol türk dünyasının ədəbi düşüncə coğrafiyasına qədər uzanaraq, sözün, mədəniyyətin və elmin vahid sistemini formalaşdırmışdır.Tofiq Məlikli bu sistemin həm tədqiqatçısı, həm qurucusu, həm də yaşadan nümayəndəsidir , onun elmi irsi zaman keçdikcə daha da dərinləşən bir mədəni yaddaşa çevrilməkdədir.Tofiq Məliklinin elmi irsi bir kitablar silsiləsi ilə məhdudlaşan keçmiş hadisə deyil, zamanın içində davam edən canlı bir düşüncə axınıdır. Tofiq Məliklinin ədəbiyyatşünaslığa gətirdiyi sistemli baxış, türk poeziyasını təkcə bədii mətn kimi deyil, mədəniyyətin dərin yaddaşı kimi izah edən elmi yanaşma bu gün də öz təsir gücünü saxlayır və yeni tədqiqatlara yol açır. Bu irsin davamlılığı təkcə yazılmış monoqrafiyalarda və araşdırmalarda deyil, həm də formalaşan elmi düşüncə məktəbində yaşayır. Hər yeni araşdırma, hər yeni baxış bu böyük elmi xəritəyə əlavə olunan yeni bir işıq nöqtəsi kimidir. Bu işıq isə zaman keçdikcə daha geniş coğrafiyaları aydınladır, ədəbiyyatın və mədəniyyətin dərin qatlarını daha aydın görünən edir. Tofiq Məlikli kimi alimlərin fəaliyyəti göstərir ki, elm təkcə keçmişi izah etmir, həm də gələcəyi formalaşdırır.Alimin əsərlərində formalaşan türkoloji düşüncə bu gün də ədəbiyyatşünaslığın yeni istiqamətlərinə istiqamət verən bir mənbə kimi dəyərləndirilir. Arzumuz budur ki, bu zəngin elmi irs və yaradıcılıq ənənəsi davam etsin, daha da genişlənsin, yeni nəsillər tərəfindən inkişaf etdirilsin. Çünki ,elm yalnız yazılan səhifələrdə deyil, o səhifələrin üzərində qurulan yeni fikirlərdə yaşayır. Vətənimizin mədəniyyət və elmi salnaməsi belə zəhmətkeş alimlərin irsi ilə daha da zənginləşir, ədəbiyyatşünaslığımız isə bu düşüncə işığında daha geniş auditoriyalara çıxaraq yeni üfüqlərə yol açır. Bu yolun davamlı olması isə həm elmə, həm mədəniyyətə, həm də gələcək nəsillərin intellektual inkişafına xidmət edən ən böyük arzudur.
AMİDTV.AZ
Aygün Məmmədova Azərbaycan Jurnalistlər Birliyinin üzvü,AMİDTV.AZ saytının təsisçisi

















6