Lənkəranda gənc şair Arzu Əyyarqızının kitab təqdimatı keçirilib
18 aprel 2026-cı il tarixində AYB Lənkəran Bölməsinin “Söz” Ədəbi Məclisində Cəlilabad rayonunda yaşayan gənc şair Arzu Əyyarqızının yeni nəşr olunan “Sonuncu kəpənək rəqsi” adlı kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə Cəlilabad, Astara, Lerik və Lənkəran rayonlarında yaşayan yazarlar, ziyalılar iştirak ediblər.
Öncə Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan AYB Lənkəran Bölməsinin sədri, yazıçı-dramaturq Qafar Cəfərli gənc yazarlara dəstəyin göstərilməsinin və onlara qayğının Bölmənin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu xüsusi vurğulayıb. O, çıxışında bu kimi tədbirlərin əhəmiyyətindən bəhs edərək bildirib ki, son illərdə ədəbi fəaliyyətlə məşğul olan Arzu Əyyarqızı məhz göstərilən diqqət və dəstək nəticəsində ötən il AYB üzvlüyünə qəbul olunub. Qafar Cəfərli qeyd edib ki, sayca dördüncü olan “Sonuncu kəpənək rəqsi” kitabının təqdimatı gənc şairin ona olan ümidləri doğrultduğunu bir daha təsdiqləyir.
Tədbirdə iştirak edən yazarlar – Bilal Alarlı, İman Abdulla, Sevil Azadqızı, Sevinc Şirvanlı, Gülcahan Xürrəm, Azər Mirzə, Xanlar Həmid, Nəriman Azəri, Əvəz Hünərli, Ziyafət Yəhya, Əhməd Haqsevər, Xudaverdi Cavad, Salman Məmmədoğlu, Şəfahət Şəfi, Müşfiq Cəbi, Ofeliya Nəzərova, Əfsanə Sultan, Gülarə Fazilqızı, Qardaşxan Fərzi, Qulaməli Hüseyn, Fərasət Nuriyev, Hacı Qərib və Kamil Cabbarov müəllifin yaradıcılığı və təqdim olunan kitab haqqında fikir və düşüncələrini bölüşüblər.
Şairə Arzu Əyyarqızı çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib. O, belə bir təqdimat mərasiminin onu daha da ruhlandırdığını və bundan sonra ədəbi fəaliyyətini daha fəal şəkildə davam etdirəcəyini qeyd edib. Şairin səsləndirdiyi şeir nümunələri iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Sonda çıxış edən AYB-Lənkəran Bölməsinin sədri Yazıçı-dramaturq
Qafar Cəfərli tədbirdə fəal iştirak edən hər kəsə təşəkkür edib və gələcəkdə də gənc istedadların üzə çıxarılması istiqamətində işlərin davam etdiriləcəyini vurğulayıb.
Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.
AMİDTV.AZ
Allahverən Pərvizoğlu
İctimai fəal, III-dəfə respublika mahnı müsabiqəsi laureatı, gənc xanəndə















