Beynəlxalq turizm münasibətlərinin inkişafı istiqamətində də təqdirəlayiq işlər görən dahi əvəzolunmaz siyasətçi Ulu Öndər Heydər Əliyev

0

Dahi,əvəzolunmaz siyasətçi, bütün sahələri öz imzası ilə uğura aparan Heydər Əliyevin ölkəmiz və xalqımız qarşısındakı misilsiz xidmətləri sayəsində müasir Azərbaycan dövləti qurulmuş, dövlətçiliyimizin siyasi, iqtisadi əsasları yaradılmış, ölkəmiz dünyada öz layiqli yerini tutmuşdur. Təsadüfi deyildir ki, ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi dövr müstəqilliyimizin əbədi və dönməz xarakter alması, dövlətçiliyimizin möhkəmlənməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yüksəliş, hər bir fərdin özünü layiqli vətəndaş olaraq dərk etməsi ilə müasir tariximizə əbədi həkk olunmuş, Heydər Əliyevə fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazandırmışdır.Müstəqilliyini bərpa etdikdən sonra yeni ictimai-iqtisadi inkişaf yoluna qədəm qoyan, açıq bazar iqtisadiyyatı sisteminin tələbləri əsasında inkişaf edən Azərbaycan beynəlxalq aləmə inteqrasiya prosesləri çərçivəsində dünya dövlətləri ilə iqtisadi əlaqələrini genişləndirib. Ölkəmizdə bu əlaqələrin bir qolu olan beynəlxalq turizm münasibətlərinin inkişafı istiqamətində də təqdirəlayiq işlər görülüb.
Məlum olduğu kimi, ümummilli lider Heydər Əliyev ölkəmizdə turizmin inkişafına xüsusi önəm verirdi. 1999-cu ildə Ulu öndərin müvafiq Fərmanı əsasında qəbul edilmiş “Turizm haqqında” Qanun və 2002-ci ildə təsdiqlənmiş “2002-2005-ci illərdə Azərbaycanda turizmin inkişafı proqramı” sonrakı dövrlərdə ölkəmizdə turizm sektorunun inkişafına təkan verdi.
Qeyd etmək yerinə düşər ki, Azərbaycan çox nadir təbii, mədəni, milli, etnoqrafik obyektlər kompleksinə malikdir. Əlverişli coğrafi mövqeyi, doqquz iqlim qurşağı, flora və faunasının müxtəlifliyi və zənginliyi, dəniz sahilində yerləşməsi, mədəni-tarixi irsi, ləziz mətbəxi, yüksək qonaqpərvərlik ənənələri ölkəmizdə turizmin inkişafı üçün böyük perspektivlər açır. Azərbaycanda turizm sahəsində mövcud olan geniş imkanlar ölkəmizin bir sıra beynəlxalq təşkilatlarla turizmin inkişafı istiqamətində əməkdaşlıq etməsinə şərait yaradır. Bu beynəlxalq qurumlar arasında Dünya Turizm Təşkilatının, İslam Konfransı Təşkilatının, GUAM-ın, Müstəqil Dövlətlər Birliyinin və digər təşkilatların adlarını çəkmək olar.
Eyni zamanda, Azərbaycan turizm sahəsində zəngin təcrübəsi olan Türkiyə, Polşa, İtaliya, Gürcüstan, Ukrayna, Rumıniya, Belarus, Yunanıstan, Moldova, Qətər və digər ölkələrlə bu sahədə əməkdaşlığa dair hökumətlərarası sazişlər imzalayıb. Hazırda bir sıra digər dövlətlərlə də analoji sazişlərin bağlanması ilə bağlı müzakirələr aparılır.
2002-ci ildən etibarən isə hər il paytaxtımızda Azərbaycan Beynəlxalq Turizm Sərgisinin (AİTF) keçirilməsinin ənənə halını alması dövlətin ölkəmizdə turizm sənayesinin inkişafına necə böyük əhəmiyyət verməsini sübut edir. Bundan əlavə, indiyədək Azərbaycanın turizm potensialının zənginliyindən, bu sahənin imkanlarının genişliyindən bəhs edən materiallar dünyanın bir sıra böyük şəhərlərində-İstanbul, Berlin, Moskva, London, Əl-Küveyt, Kiyev, Tbilisi, Daşkənd və digər şəhərlərdə keçirilən sərgilərdə nümayiş etdirilib.Ölkəmizdə beynəlxalq standartlara cavab verən onlarla yerləşmə obyektləri (hotellər, motellər), əyləncə yerləri, restoran və kafelər, barlar tikilib istifadəyə verilib. Azərbaycanda turizmin inkişafı sahəsində qarşıya qoyulan əsas məqsədlər sırasında turizm ehtiyatlarının öyrənilməsi və onların genişləndirilməsi, turistlərin istirahəti, onların tələbatının ödənilməsi üçün zəruri olan xidmətlərin, ekskursiya və digər mədəni tədbirlərin çeşidinin genişləndirilməsi və müasir standartlara uyğunlaşdırılması, sanatoriya-kurort sərvətlərinin öyrənilməsi və davamlı istismarı, mehmanxanaların və digər turizm obyektlərinin tikintisinin genişləndirilməsi, turizm marşrutlarının artırılması, turizm növlərinin inkişaf etdirilməsi, prioritet turizm növü kimi mədəni turizm, ekoloji turizm və kənd yaşıl turizmi, rekreasiya turizmi sahəsində dövlət tənzimlənməsinin gücləndirilməsi, milli adət-ənənələrimizi, Azərbaycan xalqının tarixi-mədəni irsini, ayrı-ayrı regionların və şəhərlərin tarixini əks etdirən materialların nəşr etdirilməsi və yayılması, milli sənətkarlıq və suvenir məhsullarının istehsalının, həmçinin, satışının genişləndirilməsi kimi istiqamətləri qeyd etmək olar.
Eyni zamanda, Azərbaycanı turizmin inkişafı üçün əlverişli şəraiti olan ölkə kimi dünyada tanıtmaq məqsədi ilə yeni Azərbaycan turizm əmtəə nişanının (loqosunun) və turizm sahəsində olan Azərbaycan brendlərinin reklam-təbliğat və məlumat-sorğu fəaliyyətinin canlandırılması, beynəlxalq proqramlar çərçivəsində regional mədəni turizm marşrutlarının yaradılması və inkişaf etdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi prioritet istiqamətlərdəndir.
Yeri gəlməşkən, qeyd etmək lazımdır ki, Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev ölkəmizdə turizmin inkişafını vacib istiqamətlərdən biri kimi daim diqqətdə saxlayır.
Azərbaycanın turizm potensialının gündən-günə daha da güclənəcəyi artıq bir reallıqdır. etdiyimiz kimi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sərəncamında nəzərdə tutulmuş 5 milli prioritetdən birində İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış nəzərdə tutulmuşdur. Və bu ərazilərin malik olduğu iqtisadi imkanlar arasında turizm sahəsi xüsusilə fəqrlənir. Bu baxımdan işğaldan azad edilmiş ərazilərin turizm inkişaf strategiyası Prezident İlham Əliyevin tapşırığına əsasən hazırlanıb. Sözügedən sənəddə, turizm məhsullarının hazırlanması həmin ərazilərdə turizm infrastrukturunun qurulması ilə paralel aparılması nəzərdə tutulub. Füzuli-Xocavənd-Şuşa-Laçın, Füzuli-Cəbrayıl-Zəngilan, Zəngilan-Qubadlı-Kəlbəcər-Laçın, Bərdə-Ağdam istiqamətlərində turizm marşrutlarının təşkili planlaşdırılır.

Prezidentin “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı və fərmanla təsdiq olunan “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”, eləcə də Azərbaycan Turizm Şurasının yaradılması da bu sahədə diqqətəlayiq islahatlardır. Bakıda ticarət festivallarının (“shopping festival”) keçirilməsi, ölkəyə turist axınının artırılması məqsədilə prioritet hesab olunan ölkələrdəki Azərbaycan səfirliklərində turizm nümayəndəliklərinin yaradılması, yeni əlverişli aviareyslərin açılması, çimərlik turizminin inkişafı, turizm və rekreasiya zonalarının təşkili kimi məsələlər də imzalanan sənədlərdə öz əksini tapmışdır.

Ölkəmizdə həyata keçirilən islahatlar turizm təhsilini də əhatə edir. Dövlət başçısının sərəncamı ilə 2006-cı ildə yaradılan Azərbaycan Turizm İnstitutunun təşkili turizm sahəsi üzrə atılan əhəmiyyətli addımlardan biri hesab olunur.
Turizm işçilərinin ixtisaslarının artırılması hər hansı bir ölkədə turizm sənayesinin rəqabət qabiliyyətini təmin etmək üçün zəruri şərtdir. Bir ölkədə turizm sahəsindən əldə olunan gəlirlərin həcmi ilə həmin ölkənin turizm xidmətlərinə olan tələbin həcmi arasında düz mütənasib əlaqə mövcuddur. Turizm xidmətlərinə olan tələbin həcminə təsir edən əsas amil hər bir ölkənin mövcud turizm potensialıdır. Bu əsasdan turizm potensialını kadrların yüksək ixtisas səviyyəsi ilə zənginləşdirərək onu keyfiyyətli turizm xidməti halına çevirmək lazımdır.

Ölkəmizdə hal hazırda 17 ali təhsil müəssisəsi, 16 kollec, 17 peşə məktəbində turizm sahəsi üzrə kadr hazırlığı həyata keçirilir. Peşə məktəbləri və liseylər turizm təhsil müəssisələrində kadr hazırlığının ilkin mərhələsi kimi çıxış edir. Hazırda ilkin peşə təhsili səviyyəsində turizm agenti, aşpaz, barmen, ofisiant, dağ-xizək turizm növü üzrə bələdçi, milli park bələdçisi, yerli bələdçi, mehmanxana inzibatçısı, mehmanxanada təsərrüfat işləri üzrə nəzarətçi, oteldə konsiyer kimi turizmlə əlaqədar peşə ixtisasları üzrə təhsil proqramları həyata keçirilir. İşəgötürənlərin tələbatı və regionun inkişaf xüsusiyyətləri nəzərə alınaraq Qəbələ, Gəncə, Qusar, Xaçmaz, Lənkəran, Zaqatala, İsmayıllı, Quba, Balakən, Şəki kimi regionlarda peşə məktəbi, peşə liseyləri fəaliyyət göstərir.

Turizm sahəsində dərin islahatlar ölkəmizin daxili ilə məhdudlaşmır. Son illər Azərbaycanın Körfəz ölkələri üzrə (“Atlantis Holidays”), həmçinin Almaniyada (“Aviareps”), Rusiyada (“Tur A Vent”), Türkiyədə (“Gateway”) turizm üzrə nümayəndəlikləri fəaliyyətə başlamışdır. Bütün bu təşəbbüslər ölkəmizin turizm imkanlarının daha geniş coğrafiyada tanınmasına təkan verir.

Bu gün dünyada multikulturalizm örnəyi kimi qəbul edilən Azərbaycan beynəlxalq miqyaslı ən mötəbər mədəniyyət və idman tədbirlərinə yüksək səviyyədə ev sahibliyi edir. Azərbaycan nüfuzlu beynəlxalq qurumlarda layiqincə təmsil olunur, ölkəmizə böyük etimad göstərilir. Bütün bunlar dünya birliyi tərəfindən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə, ölkəmizdə tarixi ənənələri olan tolerantlıq mühitinə, müasir inkişafımıza verilən qiymət, Azərbaycanın beynəlxalq nüfuzunun təsdiqi deməkdir.

Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin mayasında Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti və düşünülmüş islahatlar dayanır. Əgər illər öncə reallaşdırılan layihələrin hər biri bu gün öz bəhrəsini verirsə, deməli, hazırda şahidi olduğumuz islahatların da faydasını gələcək nəsillərimiz mütləq görəcəkdir. Ümummilli Lider Heydər Əliyev Azərbaycanın gələcəyi naminə elə parlaq bir yol açmışdır ki, on illər, yüz illər boyu bu yol dövlətimizi və xalqımızı daim inkişafa doğru aparacaqdır!

Beləliklə, tam məsuliyyətlə demək olar ki, Azərbaycan turizmi bu gün əldə etdiyi nailiyyətlərə görə dahi şəxsiyyətə – Heydər Əliyevə borcludur. Turizmimiz ümummilli liderin uzaqgörənliklə müəyyən etdiyi yolla inkişaf zirvəsinə doğru inamlı addımlarla irəliləyir.

AMİDTV.AZ
İlahə Əliyeva Azərbaycan Turizm və Menecment Universiteti Menecment kafedrasının baş müəllimi iqtisad elmləri üzrə fəlsəfə doktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir