Böyük türk ədibi Nazim Hikmətin (15.01.1902-03.06.1963) əziz xatirəsinə həsr edirəm.

Nazim Hikmət görkəmli türk ədibi və ziyalısı idi. O, demək olar ki, dünyada yaşayan bütün sülh və həqiqət aşiqlərinin dilində əzbər olan şeirləri ilə tanınsa da, düşünürəm ki, onun fəaliyyəti təkcə, şeirlə çərçivələnə bilməz. Nazim Hikmət maraqlı mövzuları həssaslıqla işləyən bir yazıçı-publisist, pyesləri ilə sovet teatrlarını fəth edən bir dramaturq və ssenariləri ilə həm türk, həm də sovet bədii və cizgi filmlərini bəzəyən bir kinossenarist kimi təkcə, türk və sovet yox, bütün dünya tarixinə unudulmaz adını qızıl hərflərlə yazmış şəxsiyyət olmuşdur. Nazim Hikmət bununla belə, həm də böyük ictimai-siyasi xadim idi.
Nazim Hikmət 15 yanvar 1902-ci ildə Mustafa Kamal Atatürkün doğulduğu Selanik, yəni indiki Yunanıstanın Saloniki şəhərində Mehmed Nazim adı ilə dünyaya göz açmışdır. Atası Osmanlı dövlətində Mətbuat Baş İdarəsinin müdiri və Hamburq konsulu olmuş Hikmət Nazim bəy idi. Adını daşıdığı ata babası isə Mövlanə Cəlaləddin Ruminin fikirlərini mənimsəmiş, son dərəcə azadlıqsevər fikirlərə sahib olan Mehmed Nazim Paşa olmuşdur. O, Konya, Sivas, Diyarbəkir və Hələb kimi vilayətlərin başçısı olmaqla yanaşı, Selanikin də son başçısı olmuşdur. Nazim Hikmət 1961-ci ildə Şərqi Berlində öz şairanə tərcümeyi-halını yazarkən bu məsələyə belə toxunur: “Üç yaşımda Hələbdə paşa nəvəliyi etdim, on doqquzumda isə Moskvada kommunist universitet tələbəliyi”.
Nazim Hikmətin rəssam anası Cəlilə xanım polyak və alman köklərə sahib idi. Bəlkə də, buna görə, sonradan böyük türk ədibini görən qərblilər onu görünüşündən türklərə yox, özlərinə bənzədəcəkdilər. Belə ki, Cəlilə xanımın atası Həsən Ənvər Paşa polyak zadəgan ailəsinə mənsub olan Konstantin Bojetskinin övladıdır. Bojetski 1848-ci ilin Avropa inqilablarından Osmanlı dövlətinə pənah gətirir və burada yaşayaraq mənsəb, hörmət sahibi olur. O, müsəlman olaraq Mustafa Cəlaləddin Paşa adını alır və hətta türkçülük fikrinin ən alovlu müdafiəçilərindən olur. Türk tarixi ilə bağlı dəyərli kitablar yazaraq Osmanlı tarixində ilk dəfə tarixçilik sahəsini xanədan çərçivəsindən çıxararaq türk milləti çərçivəsinə doğru genişləndirir. Cəlilə xanımın ana babası isə fransız və alman kökləri olan Osmanlı generalı Lüdviq Karl Fridrix Detroa, yəni Mehmed Ali Paşa olmuşdur. Mehmed Ali Paşa Osmanlının qələbəsi ilə bitən Krım və məğlubiyyətlə bitən 1877-78 rus-türk müharibəsində iştirak etmişdir. Müharibənin nəticələrinə aydınlıq gətirməli olan Berlin Konqresində türklər adından iştirak etsə də, konqres türklər üçün məqsədəuyğun olmayan qərarlar verdi və nəticədə, Balkan bölgələrində əhali üsyana qalxdı. Əhalini sakitləşdirmək üçün bu bölgələrə göndərilən Mehmed Ali Paşa üsyançılar tərəfindən qətlə yetirildi. Bütün bu məlumatlara əsasən deyə bilərik ki, Nazim Hikmət hər iki nəsildən də tanınmış, hətta xarici dövlət adamları və hərbçilərlə qohum olsa da, öz həyatını və yaradıcılığını yoxsulluqdan əziyyət çəkən, ehtiyac içində olan bacı-qardaşlarına həsr edəcək qədər fədakar insan olmuşdur. Bu, həm də ona görə idi ki, Nazim özü də dünyaya gələndən bəri çox da var-dövlət içində yaşamamışdı. Yeniyetməliyə çatana qədər ailəsi ilə Hələb və Diyarbəkir kimi vilayətlərdə yaşadıqdan sonra İstanbula köçmüşdü. İstanbulda ailəsini dolandırmaq üçün biznes qurmağa can atan ailə başçısı müflisləşdikdən sonra məcbur olaraq Mətbuat Baş İdarəsində tərcüməçilik edir. Beləcə, çətin də olsa, ailənin həyatı paytaxtda müəyyən məcraya salına bilir. Ancaq yeniyetmə Nazim ilk təhsilini başa vursa da, sonrakı illərdə müəyyən çətinliklə üzləşir. Bahalı təhsil haqqı olan Məktəb-i-Sultanidə (indiki Qalatasaray Liseyi) təhsilinə davam edə bilməyən Nazim Nişantaşındakı məktəblərdən birinə daxil olur. Məktəb illərində onun ən yaxın dostu sonradan bir çox səyahətlərində, belə demək olarsa, “macəra”larında yanında olmuş ədəbiyyatçı Vala Nurəddin olur.
Bu illərdə Nazim ailədaxili yığıncaqlardan birində dövrün Hərbi Dəniz naziri olmuş, Birinci dünya müharibəsi zamanı məşhur “Üç Paşalar” iqtidarı ilə Osmanlı dövlətini faktiki idarə etmiş Camal paşaya dənizçilərə həsr etdiyi qəhrəmanlıq şeirini söyləyir və şeiri bəyənən Camal paşa Nazimin 25 sentyabr 1915-ci ildə Heybəliada Hərbi Dəniz Məktəbinə daxil olmasına kömək edir. Nazim dostu Vala Nurəddin ilə bu məktəbdə oxumağa başlayır. Elə bu illərdə təhsil alıb Vətənə xidmət etməyin verdiyi ülvi vətənpərvərlik hissləri ilə yazdığı ilk şeirləri qəzet və jurnallarda dərc olunur. 1957-1960-cı illərdə Hərbi Dəniz Qüvvələri komandanı, 1960-1964-cü illərdə Türkiyənin SSRİ-dəki səfiri və nəhayət, 1973-1980-ci illərdə Türkiyə prezidenti olmuş Fəxri Qorutürk də Nazim Hikmətlə məktəb illərində yoldaşlıq etmişdir.
Nazim Hikmətin məktəb illəri Birinci dünya müharibəsinə və bu müharibənin Anadolunun başına gətirdiyi fəlakətli nəticələrin yaşandığı dövrə təsadüf edir. O, dördüncü kursda artıq heç nəyin qaydasında olmadığının fərqinə varır. Çünki İstanbul işğal edilmiş, Osmanlı dövləti süqutun astanasına çatmışdı. Parçalanma getmiş, bu şəraitsizlikdə dövlət donanması tamamilə yararsız vəziyyətə gəlmişdi. Əsgərlərin silahları əllərindən alındığı üçün Osmanlı ordusundan söhbət belə gedə bilməzdi. Belə bir halda gənc Nazim hərbi dəniz məktəbində oxumaqda bir məna görmür və dərslərinə qarşı son dərəcə diqqətsizlik göstərir. Nəticədə, məktəbdən qovulan Nazim bu vaxt Mustafa Kamal paşanın öndərliyi ilə Qurtuluş savaşının başlanması xəbərini alır. Dostu Vala Nurəddinlə bu azadlıq savaşında canla-başla iştirak etməyə söz verir.
Nazim bu dövrdə İstanbulda həyatını sürdürürdü. O, şəhər küçələrində gəzişən düşmən əsgərlərini daşlayıb yaralamaqla və məscidlərdəki, binalardakı düşmən bayrağını və xaç simvollarını endirməklə ilk mübarizəsini aparır. Şeirlərində də eyni barışmaz mübarizə üsulunu əks etdirirdi. Ancaq sonralar Nazim bu hərəkətlərin kifayət etmədiyini düşünür və bir yol tapıb Qurtuluş savaşında iştirak etməyə can atır. Buna ən çox da bir dəfə küçə ilə getdikləri yerdə bir əsgər tərəfindən qəfil hücuma məruz qalmaları səbəb olur. O vaxtdan sonra qəti olaraq qərar verirlər və ilk addımlarını 1921-ci ilin ilk günü atırlar. Beləcə, gənc vətənpərvər Nazimin dostu Vala Nurəddinlə birgə İstanbuldan Zonquldaka, Zonquldakdan İneboluya, İneboludan Boluya, Boludan isə Ankaraya uzun səyahəti başlayır. Səfər müəyyən bölgələrə qədər əsasən, dəniz yolu ilə reallaşır. Təbii ki, Nazim bu vaxt ərzində ədəbi fəaliyyətindən də geri qalmır. Qurtuluş Savaşı ilə bağlı yazdığı vətən və azadlıq sevdalı şeirlər dövrün məşhur qəzetlərində öz yerini alır. O bu dövrdə Mustafa Kamal paşanı və onun öndərliyi ilə gedən azadlıq savaşını aşağılamaq, əsgərlərin ruh yüksəkliyini aşağı salmaq üçün əlindən gələni edən “jurnalistlər” ilə də qəzetlərdə mübarizə aparır. Hətta səfərin sonunda Ankaraya çatdıqları zaman Mustafa Kamal paşa ilə də görüşür. Bu işdə Nazimə dayısı, paşanın ən öndə gedən silahdaşlarından olmuş Əli Fuad Cəbəsoy kömək edir. Belə ki, həftələrlə müharibəyə qoşulmaq üçün Ankarada boş yerə gözlədildiyi zaman Nazim Mustafa Kamal paşaya “gənc şair” adı ilə təqdim olunur. Paşa tələsik ayaqüstü Nazimi və dostunu qəbul edərək onlara məsləhət verir: “Bəzi gənc şairlər müasir görünmək üçün mövzusuz şeir yazmaq yoluna üz tuturlar. Sizə qayəli şeir yazmağı tövsiyə edirəm”. Beləcə, qısa görüş bitir. Lakin təəssüf ki, bir də onların arasında hər hansı bir görüş gerçəkləşmir.

Gənc Nazim Ankaraya çatdıqda böyük həvəslə Qurtuluş savaşına qatılmaq istədiyini bildirsə də, ona icazə verilmir. Vətənpərvər gənc şair savaşa qəbul edilmir və arzusu ürəyində qalır. Bunun səbəbi isə vaxtilə Nazimin hansısa şeirinin savaşa qarşı fəaliyyəti ilə tanınan “Aydınlıq” qəzetində dərc edilməsi olur. Belə ki, o vaxt bu qəbildən olan qəzetlərdə çalışan “jurnalistlər” savaşın müstəmləkəçiləri daha da qəzəbləndirəcəyindən və Osmanlı dövlətini aradan qaldıracağından qorxaraq bu cür addımlar atır, xalqın sakit olub müstəmləkə olmağı qəbul etməli olduğunu düşünürdülər.
Nazim o vaxt da, sonrakı yazılarında da dəfələrlə bütün bu cərəyanlarla əlaqəli olmadığını vurğulasa da, səyləri nəticə vermir. Bundan başqa, bəzi düşüncəsiz insanların “Şair necə vuruşacaq?”, “Sən gəlməsən yaxşıdır” kimi sözləri gənc şairin kövrək qəlbini incidir. Nazim hələ o vaxt qəsəbə olan Boluya – elm və təhsil sahəsində dövrünün çox gerisində qalan bir yerə müəllim göndərilir. Sıxıntılı, məqsədsiz və fəaliyyətsiz günlər davam edir. Vətəni darda qaldığı bir vaxt hər hansı bir qəsəbə yerində hər hansı bir müəllim olmaq Nazimi narahat edir. Qəsəbədə də Nazimi heç kəs sevmir və onunla yola getmirdi. Çünki o, oradakı insanlara görə həddən artıq yenilikçi düşüncələrə sahib bir gənc idi. Həm də Türk Qurtuluş Savaşına dəstək verməkdən qorxan padşahı sevmirdi.
Belə bir çətin və gərgin dövrdə Nazimin yadına İneboludakı günləri düşür. Yadına gəlir ki, o, orada Ankaraya çatmağa çalışarkən bir qrup spartakçı ziyalı ilə görüşmüşdü. Qeyd edim ki, spartakçılıq 1914-cü ildə Almaniyada Roza Lüksemburq və Karl Libknext tərəfindən əsası qoyulmuş solçu inqilabi hərəkat idi. Spartakçı fəallar Birinci dünya müharibəsinə və bu qəbildən olan bütün imperialist müharibələrə son qoymaq, monarxiyanı devirmək və fəhlə şuralarına əsaslanan sosialist respublika qurmaq istəyirdilər. Onların sinfi mübarizə, beynəlmiləlçilik, yer üzündə yaşayan hər kəsin firavan, buxovlardan azad şəkildə yaşaması kimi ülvi və ilk baxışdan son dərəcə cazibədar görünən fikirləri var idi. Təbii ki, bu fikirlər öz cazibəsini Nazimə də göstərəcəkdi. Beləcə, həddən artıq duyğulu, özü kimi ruhu da şair olan Nazim öz ülvi, humanist hisslərinə uduzacaq, bu cazibənin xoş və müsbət təsirinə düşəcəkdi.
Bu zaman İneboluda Sadık Ahi adlı bir şəxs bu fikirlərin ən öndə olan ideoloqu kimi diqqət çəkirdi. O, Berlində hüquq üzrə təhsil aldığı zaman bu fikirlərdən təsirlənmişdi və özü kimi başqalarının da bu fikrin bayraqdarı olmasını istəyirdi. Arıq və uzunboylu olan bu şəxs hər zaman boynunda qırmızı şərflə dolaşardı və bunun spartakçılığın rəmzi olduğunu bildirərdi. Özünün və soy-kökünün hər zaman sola meyilli olduğunu, əzilən və ehtiyac içində olanları müdafiə etdiyini söyləyirdi. O günlərdə bu şəxs Nazimi və dostu Vala Nurəddini fərqli istiqamətə yönəltməyə can atırdı. Türkiyədəki anti-imperialist müharibədə iştirak etməkdən ziyadə daha qlobal məcralara keçməyi tövsiyə edirdi. Təbii ki, o dövrdə qlobal məcrada olan və bir çox yerlərdə gedən inqilablara ilham verən ən böyük anti-imperialist mücadilə Rusiyada gedən vətəndaş müharibəsi idi. Sonralar ikisi də xalqın gözündə eyniləşəcək olan çarizm mənsubları ilə kommunist inqilabçıların qızğın davası gedirdi. Təbii ki, kommunistlər öz ideoloqları və təbliğatçıları sayəsində öz fikirlərini bir az da “bəzəyərək” özlərini insanlıq üçün “yeganə çıxış yolu”na çevirmişdilər. Elə Sadık Ahi də o vaxt bu kimi sözləri Nazimin qulağına, sanki qulağına yox, ruhuna söyləyirdi. Onun nəzərində spartakçılıq dünyanı xilasa aparan tək yol idi və bu yol “kommunist vətəni”ndən keçirdi. Təbii ki, insanlıq, dünya, onun xilası və çıxış yolu deyilən zaman Nazimin yuxadan da yumşaq olan ürəyi daha da yumşalır, zərifləşirdi. Bu sözlər həddən artıq inandırıcı olmaqla bərabər, hər kəsin könlünə yol tapacaq qədər gözəl, xoş sözlər idi.
Sadık Nazimin həyatını dəyişdirəcək olan o çıxışını etdiyi zaman hələ Nazim ana vətəninin qurtuluşuna aparan yolun ortasında idi. Hələ rədd cavabı almamış, xəyalları puç olmamış, vətənpərvərlərin mühitindən düşüncəsiz insanların burulğanına düşməmişdi. O vaxt bu barədə çox fikirləşmiş, amma qəti qərara gələ bilməmişdi. İndi isə qəti qərar verməyin əsl vaxtı idi. Nazimi Qurtuluş Savaşına – Ankaraya aparan yollar əbədi bağlanmışdı. Amma Batumiyə, oradan Tiflisə, oradan da Moskvaya aparan qapılar taybatay açıq idi. O yollarda ilk sevgisi Nüzhət xanım da var idi. Boluda Ağır Cinayətlər Məhkəməsinin sədrliyini edən Ziya Hilmi bu yolda ona kömək edən özü kimi sosialist yoldaş idi. Beləcə, gənc şair Nazim Hikmət Türk Qurtuluş Savaşına getmək istədiyi vaxtda tale onu Rusiya vətəndaş müharibəsinə gətirib çıxarır. Böyük ədib 1956-cı ildə gürcü dilində çap edilmiş şeir kitabına ön söz kimi bu sözləri yazmışdır: “Mənim gördüyüm ilk inqilabçı şəhər Batumi, ilk sovet respublikası Acarıstan Respublikasıdır. Xalqların mücadiləsinin hansı mənaya gəldiyini ilk dəfə burada anladım. Batumi gəncliyin, canlı yaşıllığın, yeni gəncliyin, yeni ümidlərin şəhəridir.”
30 sentyabr 1921-ci ildə Batumiyə çatan Nazim 1922-ci ilin iyuluna kimi Gürcüstanda yaşadı. Vətənimizlə ilk tanışlığı da bu vaxtlardan başladı. Sovet Azərbaycanı ədəbiyyatının ilk yazarları ilə şeir və söhbət vasitəsilə dostlaşdı, qardaşlaşdı. 1921-ci ilin sentyabrında burada Türkiyə Kommunist Partiyasının üzvlüyünə keçdi. Böyük şairin ədəbiyyatşünaslarımıza sirr olmayan “Günəşi içənlərin türküsü” kitabı da 1928-ci ildə burada çap olundu. Çox şeirlər yazdı Azərbaycanımıza, Bakımıza. Qismət olarsa, irəliləyən zamanlarda bu son dərəcə dəyərli mövzuyla bağlı araşdırmalar aparmaq və məqalə yazmaq şərəfinə nail olacağam. İndi isə Nazim Hikmətin Gürcüstan ellərində olduğu 1920-ci illərdən bəhs etmək istəyirəm.
Bu o vaxt idi ki, nəinki bıçaq sümüyə dirənmiş, sümükdən də o tərəfə keçmiş, qan çoxdan su yerinə axıb qurtarmışdı. Gürcüstanın sovetləşməsi ilə də artıq bütün Qafqaz sovetləşmişdi. Nazim solçu fikirləri dərindən öyrənmək üçün 1922-ci ilin iyulunda Moskvaya getdi. Burada Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində təhsil alaraq yavaş-yavaş parlaq qələbəsinə çatmış kommunizmi daha dərindən anladı. Bu ideologiyanın siyasi, iqtisadi və fəlsəfi yönlərini mənimsədi. Bu illər ərzində sovet yazıçıları ilə əlaqəsini kəsmədi, hətta daha da dərinləşdirdi. Rusiyada sərbəst şeirlərin ustadlarından bəhrələndi, Mayakovskinin vurğunu oldu. Böyük şairə olan sevgisi və hörməti dünyadan köçdüyü günə qədər dəyişmədi. Əslində, bu vaxta kimi heca vəznində, qafiyələrlə şeir yazmağa öyrəşən Nazim Hikmətə o məşhur sərbəst şeirləri yazdıran da elə o idi.
Nazim Hikmət Leninin vəfatından sonra gündən-günə daha çox təsirləndiyi SSRİ-dən ayrıldı və Qurtuluş Savaşından yeni çıxmış, artıq əvvəlkindən tam fərqli bir yola istiqamətlənən ana vətənində fəaliyyətinə davam etmək qərarına gəldi. Türkiyə xilas olmuş, cümhuriyyət qurulmuşdu. Lakin təəssüf ki, kəndlinin də, şəhərlinin də vəziyyəti demək olar ki, eyni idi. Körpə cümhuriyyətin nizamlı iqtisadiyyatı olmadığı üçün cəmiyyəti də rifah içində deyildi. Belə bir vaxtda Nazim öz xalqına kömək etmək, ehtiyac içində olan zəhmətkeşlərin haqqını müdafiə edib onlara haqları çatanı vermək üçün əlindən gələni etməyə çalışırdı. Ancaq bilirdi ki, öz fikirləri ilə vətənində azad bir şəkildə yaşamaq, bu torpaqlarda fəaliyyət göstərib əsərlər yazmaq qətiyyən asan olmayacaq.
Bu illər ərzində o, çox əziyyət çəkdi, çox təqib olundu. Müxalif fikirlərə qoyulan qadağalar nəticəsində Nazim dəfələrlə istintaq idarələrinə, məhkəmələrə çağırılmalı oldu. Qələmi əlinə alıb ilk şeirini yazdığı andan azadlıqsevərliyini, üsyankarlığını hər zaman bildirən şair bu ağır dövrü də beləcə yaşadı. Ən gözəl ədəbi əsərlərini, şeirlərini zindanlarda, dəmir barmaqlıqlar arxasında yazmalı oldu. Halbuki, ömründə bir qarışqaya belə ziyanı gəlməmişdi, əksinə, xalqı üçün, dünya üçün, onun mədəniyyəti və incəsənəti üçün çalışmışdı… Onu tənqid, hətta təhqir etməkdən, “xain” adı ilə damğalamaqdan usanmayan saxta vətənpərvərlər isə o dövrdə Anadoluda tüğyan edən yoxsulluğun qarşısında sadəcə susurdular. Nazimin isə həyatı, yaradıcılığı əvvəlindən axırına kimi Anadolu insanıyla, bir sözlə, insanla, insanlıqla bağlı idi…

Onu da qeyd edim ki, vaxtilə özünü ən qatı solçu ideoloq kimi təsəvvür edən və Nazim Hikmətlə dostu Vala Nurəddini də özü kimi bu istiqamətə çəkən Sadık Ahi cümhuriyyətin qurulmasından sonra Mehmet Eti adını aldı. Yeni yaranan dövlətdən Nazimin payına illərlə məhbus həyatı yaşamaq, Mehmet Etiyə isə bələdiyyə başçısı və 1946-1954-cü illərdə millət vəkili olmaq düşdü…
Əvvəl də dediyim kimi, 1950-ci ilə qədər davam edən tək partiya rejimi illərinin demək olar ki, yarısını Nazim Hikmət həbsdə keçirdi. Ancaq yeni gələn Demokrat Partiya hökuməti adı kimi demokrat abu-hava və şərait yaratmaq, müxaliflərin nəzərində yüksək mövqedə durmaq üçün bir çox islahatlar həyata keçirdi. 1938-ci ildə siyasi düşüncələrinə görə 28 il 4 ay cəza almış Nazim Hikmət o il cəzanın az qala yarısını çəkib qurtarırdı. 12 illik məhbus həyatı hökumət üçün yetərli hesab edildi və Nazim Hikmət həbsdən azad olundu. Sonralar məşhur avtobioqrafiyasında böyük şair həyatının qəribəliklərini vurğulayaraq bildirirdi ki, 59 yaşında Praqadan Havanaya qədər uzun yolu təyyarə ilə 18 saata keçsə də, 36 yaşında dörd kvadrat metr betonu – həbsxana divarlarını yarım ildə keçib.
Həbs həyatı sona yetərkən illərlə çox-çox uzağında qaldığı azadlığı heç qəribsəmədi böyük şair. Bu gözəl nemətə tez alışdı və əvvəlki cavanlıq eşqi ilə yazıb-yaratmağa davam etdi.
Lakin 30 ildən çox bir müddət ərzində bəlasını çəkdiyi düşüncələri yenə onu rahat buraxmırdı. Yenə həbs təhlükəsi, həbsdən daha önəmlisi, həyati təhlükəsi vardı. 48 yaşlı şair əvvəlki kimi cavan və hərarətli deyildi, məhbəs onun azad könlünü yumruğuna alaraq amansızcasına sıxmışdı. Ürəyindən yaranan sıxıntılar Nazimə rahatlıq vermirdi. Yenə də şeirində bildirdiyi öz “ceviz ağacı”na söykənmiş, həyatdan var qüvvəsi ilə yapışmışdı. Şeirləri adı kimi nizamlı olmasa da, həyatını nəhayət ki, nizama salmışdı. Film studiyalarında dramaturq kimi fəaliyyətinə davam edirdi. Amma qəddar həyat ona vətənində azad yaşamağı çox görəcəkdi. Hökumət 50 yaşlı Nazim Hikmətin hərbi xidmətdən “qaçdığı” üçün yenidən hərbi xidmətə çağırılması ilə bağlı qərar vermişdi. Bu yaşında illərin məhbusluğundan sonra hərbi xidmətə yollamaq Nazimin ölüm fərmanını verməkdən başqa bir şey deyildi. Türkiyədə onun sakit yaşamağına nə öz ürəyi imkan verəcəkdi, nə də səlahiyyətli şəxslər. Ona görə də, günlərin bir günü canından çox sevdiyi vətənini tərk etməkdən başqa çarəsi qalmadı… Bəlkə də, anlayırdı ki, axır zamanında nəhayət, sonuncu dəfə vətənini tərk edib gedir. Əlbəttə, onun vidasını fürsət bilən bəzi şəxslər dərhal bunu “xəyanət”ə və bu kimi Nazimə yad olan hisslərlə əlaqələndirdilər. Ancaq doğma vətənini tərk edib getməyə məcbur qaldıqdan sonra bütün bunların Nazimin gözündə elə bir əhəmiyyəti yox idi…

Nazim SSRİ-yə köçdükdən sonra ömrünün sonuna kimi bu “kommunist vətəni”ndə yaşadı. Çoxlu əsərlər, romanlar yazdı, dram əsərləri Moskvada, SSRİ-nin dörd bir tərəfində səhnələşdirildi. Azərbaycanın məharətli sənətkarları Nazimin səhnə əsərlərini daha da gözəlləşdirdilər. Rəsul Rza, Süleyman Rüstəm, Səməd Vurğun kimi böyük ədiblərdən əlavə, o dövrün gənc istedadları olan Xəlil Rza, Yusif Səmədoğlu, Nəriman Həsənzadə, Anar Rzayev kimi yazarlarla unudulmaz dostluqları, söhbətləri oldu. Onun vətənimizdə etdiyi çıxışların səs və videoyazılarını ölkəmizdə hər bir Nazimsevər göz bəbəyi kimi qoruyub saxlayır.
Nazim Hikmətin keşməkeşli həyat səhifəsindən bir neçə detalı diqqətinizə çatdırmaq istəyirəm. Böyük ədib nə qədər dünyəvi fikirlərə sahib olsa da, daxilindəki vətənpərvər, milliyyətçi fikirlər onu son günədək tərk etməmişdi. Azərbaycanlılar o dövrün repressiv hakimiyyət illərində türkə, türklüyə qəlblərində duyduqları əvəzsiz sevgini gizləməli olmuşdular. O sevgini isə üzə çıxaran yeganə qüvvə Türkiyədən sovet ölkəsinə gələn yazıçılar, ən başlıcası isə Nazim Hikmət idi. Lakin Nazim Hikmətin türk sevgisi Azərbaycanla məhdudlaşmırdı. Çıxışlarının birində Nazim bildirirdi ki, Türkiyədən Mərkəzi Asiyaya qədər uzanıb gedən türk topluluqları, türk dövlətləri sözün hər mənasında birləşməli, həm siyasət, həm dövlət, həm də mədəniyyət sahəsində birgə hərəkət etməlidirlər. Bu heç kəsə sirr deyil ki, Nazim Hikmət bizə və SSRİ-nin tərkibində qalmış digər türk dövlətlərinə baxdıqda sanki Türkiyəni görürdü. Onların dilində söz eşidəndə öz dilindən bir söz eşidir, gözəl İstanbuluna bir anlıq səyahət edib geri dönürdü. Təsadüfi deyil ki, SSRİ-də Nazim Hikmətə ən yaxın olan insanlardan biri ona dəfələrlə məqalələr, kitablar həsr etmiş, əsərlərini rus dilinə tərcümə etmiş gəncəli türkoloqumuz Əkbər Babayev idi. Nazim Hikmətin sonuncu həyat yoldaşı Vera Tulyakova-Hikmət bildirir ki, onlar bir-birlərini böyük qardaş-kiçik qardaş və ya ata-oğul məhəbbəti ilə sevirdilər.
Məqaləmin sonlarına doğru diqqətinizi bir mövzuya çəkmək istəyirəm. Bildirmişdim ki, Nazim Hikmət həm də ictimai-siyasi xadim idi. Ona görə ki, SSRİ-də yaşadığı illər ərzində bir çox ictimai-siyasi tədbirlərə qatılmış, mübarizəsini Sovet İttifaqı Kommunist Partiyası üzvlüyü ilə məhdudlaşdırmamışdı. SSRİ-də ən çox izlənən dramlarında, ən çox oxunan əsərlərində bu dövlətin insan hüquq və azadlıqlarına mənfi münasibətini, yürütdüyü siyasətin əhaliyə qarşı olduğunu bildirmişdi. Nazim Hikmət məişət söhbətlərində belə Stalin repressiyalarını tənqid etməkdən çəkinməmişdi. Ona görə də, hər addımı izlənilir, həyatının heç bir günü təhlükəsizlik orqanlarından xəbərsiz keçmirdi. Amma yenə də dayanmırdı Hikmət. Dünyada sülhün, ədalətin bərqərar olması üçün yaradılan bütün qurumlara, hərəkatlara dəstək vermiş, konfranslarda nitq söyləmişdi. Xirosima fəlakəti nəticəsində həlak olan yapon qız Sadako Sasakiyə yazdığı “Qız uşağı” şeiri sülhün, azadlığın himninə çevrildi. Bütün bu fəaliyyətləri diqqətdən kənarda qalmayan Nazim Hikmət 1950-ci ildə Beynəlxalq Sülh Mükafatına layiq görüldü.
Nazim Hikmət SSRİ-nin Türkiyə ilə bağlı olan yığıncaqlarına da qatılırdı. Tanınmış yazar Orxan Qaravəli “Tanıdığım Nazim Hikmət” kitabında bu böyük şairlə 1960-cı ilin avqustunda Moskvada keçirilən Şərqşünaslıq Konqresində olduqlarını bildirir. Konqres zamanı Sovet Sülh Şurasının sədri Mixail Kotov Türkiyənin siyasətini kəskin tənqid edir. Hətta daha da irəliyə gedərək SSRİ-nin Stalin dövründə qalmış iddialarını bəyan edir. Qara dəniz sahilində yerləşən türk torpaqlarının, xüsusilə də Qars, Ərdəhan, Artvin kimi torpaqların Gürcüstana verilməli olduğunu bildirir. Orxan Qaravəli Kotovun bu əsassız iddialarına qarşı çıxır. Onu konqresdə ən çox müdafiə edən və Kotova ən sərt cavabı verən isə Nazim Hikmət olur.
Yad ölkədə vətənindən ayrı qalmış şairin ömrü daha uzun çəkmir. Səhhəti və həsrəti ilə günbəgün artan mübarizəsi 3 iyun 1963-cü ilin səhər çağı əbədi sona yetir. Xeyr, böyük şair məğlub olmur. Məğlub olmaq kimi bir söz heç vaxt onun lüğətində olmayıb. O, əbədi olaraq doğma torpağının səmasını ziyarətə yollanır. Nazim Hikmətin vəfatı dünyanın dörd bir yanında böyük kədərlə qarşılanır. Lakin o vaxtkı Türkiyə hakimiyyəti üçün bu vəfat heç nə ifadə etmir. Ən kədərlisi də odur ki, Nazim Hikmət ömrünün son illərində öz vətənində dəfn olunmaq istədiyini bildirir. Ancaq son istəyi, vəsiyyəti də yerinə yetirilmir və cismi Moskvanın Novodeviçye qəbiristanlığında dəfn olunaraq vətənindən əbədi ayrı qalır.
Son olaraq onu bildirməliyəm ki, sözün əsl mənasında Nazim Hikmətlə bağlı yorulmadan saatlarla yazı yazmaq olar. Ümumiyyətlə, bir söz var ki, varlıq və cah-cəlal içində ədib olmaq olmaz. Ədib gərək sıxıntı çəksin, problem yaşasın, əsərlərdə həmişə yazılıb-pozulan o yoxluğu, zülmü, zilləti görsün, ozü o şətinliklərin içərisində olsun. Çünki həyat özü bu çətinliklərdən yoğrularaq yaşanır, yaşadılır. Bəlkə də, paşa nəvəsi olsa da, uşaq yaşlarından müflisləşmiş ailədə yaşamasaydı, ehtiyac içində olmasaydı, dar gündə vətəninə açdığı əllərini geriyə itələməsəydilər, yenidən azad vətəninə qayıtdığı zaman onu güllə, çiçəklə yox, düz 11 məhkəmə işi ilə qarşılamasaydılar, 1938-ci ildən 1950-ci ilə kimi fasiləsiz düz 12 il qaranlıq zindanlarda ömür sürməsəydi, ən tanınmış, ən gözəl əsərlərini azadlıqdan məhrum olunduğu zaman yazmasaydı, dəlicəsinə vurğun olduğu vətəninin bəzi vətəndaşları onu “xain” kimi damğalamasaydılar, ondan çəkinən bəzi səlahiyyətlilər sonda onu Türkiyə vətəndaşlığından da məhrum etməsəydilər… Bəli, Nazim Hikmətin həyatının icmalı olan bu kimi hadisələr baş verməsəydi, bəlkə də, Mehmed Nazim hər kəsin tanıdığı, sevdiyi, barəsində qalaq-qalaq kitablar yazılmış böyük ədib Nazim Hikmət olmazdı…
Adı Nazim olsa da, Türkiyə ədəbiyyatında ilk nizamsız şeirin müəllifi olmuş, həyatını da nizamsız, üsyankar, vətən və dünya sevgisi ilə yaşamış böyük ədibin xatirəsi həm vətənində, həm də dünyada bütün sülh və azadlıq sevənlərin qəlbində hər zaman yaşayıb, yaşayır və yaşayacaqdır!

AMİDTV.AZ

                                                                         SEVİNDİK NƏSİBOĞLU

Milli Aviasiya Akademiyasının İqtisadiyyat və Hüquq fakültəsinin hüquqşünaslıq ixtisasının 1-ci kurs tələbəsi, AJB və AYB üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir