Zəhmətkeşliyi və insanlara qayğısı ilə yadda qalan ömür yolu – Allahverdi Abdullayev
Allahverdi Ələkbər oğlu Abdullayev çətinliklərlə dolu, lakin şərəfli və mənalı həyat yolu keçmiş, əməksevərliyi, məsuliyyəti və insanlara göstərdiyi qayğı ilə yadda qalmış şəxsiyyətlərdən biridir. O, 1927-ci il yanvarın 1-də Lənkəran şəhərində anadan olub. Bağçılıqla məşğul olan atası Ələkbər kişi Allahverdi hələ gənc yaşlarında ikən dünyasını dəyişib. Ailənin ağır maddi vəziyyəti səbəbindən o, səkkizinci sinfi bitirdikdən sonra əmək fəaliyyətinə başlamaq məcburiyyətində qalıb. İlk iş yeri Lənkəran Poçt-Rabitə Xidməti İdarəsi olub. Onun əmək fəaliyyətinə başladığı dövr Böyük Vətən müharibəsi illərinə təsadüf edib.
1946-cı ildən Allahverdi Abdullayev rayon qarışıq tipli uşaq evində kiçik mühasib vəzifəsində çalışıb. Əmək fəaliyyəti ilə yanaşı, təhsilini də davam etdirərək həmin dövrdə Lənkəranda fəaliyyət göstərən Fəhlə-Gənclər Məktəbində orta təhsilini başa vurub.
Orta təhsilini tamamladıqdan sonra Lənkəran İctimai Sosial Təminat Şöbəsində işə dəvət olunub. Burada əvvəlcə kiçik müfəttiş vəzifəsində çalışan Allahverdi Abdullayev öz bacarığı, zəhmətkeşliyi və işinə məsuliyyətli yanaşması sayəsində sonralar şöbə müdiri vəzifəsinədək yüksəlib.
O, təhsil almaq həvəsini də heç vaxt itirməyib. İşləyə-işləyə qiyabi təhsil alaraq Moskva Yeyinti Sənaye İnstitutunun Mühasibat Uçotu fakültəsini bitirib. Beləliklə, həm əmək fəaliyyəti, həm də təhsili ilə daim özünü inkişaf etdirməyə çalışıb. Allahverdi Abdullayevin rəhbər vəzifədə çalışdığı dövrdə əsas prinsipi insanlara xidmət etmək, onların problemlərinə həssaslıqla yanaşmaq olub. Şöbəyə müraciət edən hər bir şəxsin işi ilə şəxsən maraqlanar, məsələ həllini tapmayınca rahatlıq tapmazdı. Xüsusilə dağ kəndlərində yaşayan əhalinin sosial təminatına diqqət yetirər, həmin yaşayış məntəqələrinə kollektiv səfərlər təşkil edərdi. Bu səfərlər zamanı insanların pensiya təminatı ilə bağlı məsələlərinin həllinə çalışar, onların problemlərinin vaxtında aradan qaldırılmasına xüsusi önəm verərdi.
O, tutduğu vəzifəni sadəcə əmək fəaliyyəti deyil, insanlara kömək etmək, onların qayğılarına şərik olmaq üçün böyük bir məsuliyyət hesab edirdi. Məhz bu insani keyfiyyətləri Allahverdi Abdullayevi onu tanıyanların yaddaşında qayğıkeş, prinsipial və zəhmətkeş insan kimi yaşadıb. Təəssüf ki, Allahverdi Ələkbər oğlu Abdullayevin ömrü uzun sürməyib. O, 1975-ci ildə, cəmi 48 yaşında dünyasını dəyişib. Bir qız və üç oğul övladı atası olan Allahverdi Abdullayev ailəsinə, doğmalarına və onu tanıyan insanlara özündən dəyərli xatirə qoyub.
Onun həyat yolu erkən yaşlarından çətinliklərlə mübarizə aparan, zəhməti və biliyi sayəsində yüksələn, tutduğu vəzifədə isə insan amilini hər şeydən üstün tutan bir insanın ömür salnaməsidir. Allahverdi Abdullayev qısa ömrünə böyük zəhmət, məsuliyyət və xeyirxahlıq sığdırmış, xatirəsi ehtiramla anılan insanlardan biridir.
AMİDTV.AZ
Səadət Abdullayeva
Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin elmi işçis

17