Zəfər bir günün sevinci deyil, əsrlərə ünvanlanan milli yaddaşdır

0
bbbbbb 0
Spread the love

Bəzi tarixlər var ki, onları sadəcə təqvimin adi bir səhifəsi kimi dəyərləndirmək mümkün deyil. Çünki belə tarixlər zamanın fövqünə yüksələrək bir xalqın taleyinə, milli yaddaşına, mənəvi dünyasına və gələcək arzularına çevrilir. 8 Noyabr – Zəfər Günü də Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində məhz belə müqəddəs və unudulmaz səhifələrdən biridir. Bu gün yalnız hərbi qələbənin deyil, milli birliyin, sarsılmaz iradənin, Vətən sevgisinin, tarixi ədalətin və dövlətçilik əzminin təntənəsidir.
Zəfər elə bir məfhumdur ki, onun mahiyyəti yalnız döyüş meydanında qazanılan uğurla ölçülmür. Zəfər həm də xalqın özünə inamını bərpa etməsi, tarixi yaddaşına sahib çıxması, milli kimliyini qoruması və gələcək qarşısında məsuliyyətini dərk etməsidir. Azərbaycan xalqı 2020-ci ilin 44 günlük Vətən müharibəsində məhz bu mənəvi və tarixi yüksəlişin parlaq nümunəsini bütün dünyaya nümayiş etdirdi.
Otuz ilə yaxın davam edən işğal dövrü Azərbaycan tarixinin ən ağrılı, xalqımızın yaddaşında silinməz izlər buraxan mərhələlərindən biri oldu. Doğma yurdlarından didərgin salınan yüz minlərlə insanın həsrəti, dağıdılmış şəhərlər, viran qoyulmuş kəndlər, talan edilmiş mədəniyyət abidələri, təhqir olunmuş dini məkanlar bütöv bir xalqın yaşadığı faciənin mənzərəsini yaradırdı. Qarabağ və Şərqi Zəngəzur yalnız coğrafi ərazi deyildi,bu torpaqlar Azərbaycan xalqının tarixinin, mədəniyyətinin, musiqisinin, ədəbiyyatının, mənəvi dəyərlərinin və nəsillərdən-nəsillərə ötürülən xatirələrinin ayrılmaz parçası idi.Azərbaycan xalqının yaddaşında bu mənzərələrin hər biri ayrı bir ağrı, ayrı bir nisgil kimi yaşayırdı. Lakin xalqımız heç zaman ümidini itirmədi. Çünki Vətənə qayıdış inamı, dövlətə bağlılıq və tarixi ədalətin bərpa olunacağına əminlik nəsillərin qəlbində yaşamaqda davam edirdi.
Azərbaycanın bugünkü qüdrətinin siyasi və ideoloji əsaslarını anlamaq üçün müstəqil dövlətçiliyimizin mürəkkəb mərhələlərinə, xüsusilə Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərinə nəzər salmaq vacibdir. 1993-cü ildə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev dövlətçiliyimizin ciddi təhlükələrlə üzləşdiyi, ölkədə siyasi qeyri-sabitliyin, iqtisadi böhranın və parçalanma təhlükəsinin hökm sürdüyü bir zamanda Azərbaycanın xilası və inkişafı naminə misilsiz siyasi iradə nümayiş etdirdi. Dövlət idarəçiliyinin möhkəmləndirilməsi, ordunun formalaşdırılması, milli təhlükəsizlik sisteminin yaradılması, iqtisadi sabitliyin təmin olunması və beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində atılan addımlar müasir Azərbaycanın gələcək uğurlarına möhkəm zəmin hazırladı.
Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqelərini gücləndirdi, milli maraqların müdafiəsi dövlət siyasətinin başlıca istiqamətinə çevrildi. Onun müəyyənləşdirdiyi inkişaf strategiyası yalnız öz dövrünün deyil, sonrakı tarixi mərhələlərin də yol xəritəsi oldu. Ümummilli Liderin ən böyük siyasi xidmətlərindən biri də dövlətçilik ənənələrini davam etdirə biləcək güclü siyasi iradəyə və strateji baxışa malik rəhbərlik modelinin formalaşdırılması idi. Bu siyasi kursun davamçısı Prezident İlham Əliyev oldu.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadi, siyasi, hərbi və diplomatik sahələrdə ardıcıl inkişaf yolu keçdi. Ordu quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Müasir silahlarla təchizat, hərbi kadr hazırlığı, peşəkarlığın artırılması, müdafiə sənayesinin inkişafı və beynəlxalq hərbi əməkdaşlıq ölkənin müdafiə qüdrətini əhəmiyyətli dərəcədə gücləndirdi. Bununla yanaşı, Azərbaycan diplomatiyası Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində beynəlxalq platformalarda ardıcıl fəaliyyət göstərdi. Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyətli mövqeyi və milli maraqlara əsaslanan strategiyası ölkəmizin tarixi məqsədinə doğru inamla irəliləməsini təmin etdi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi illərlə aparılan dövlət quruculuğunun, ordu islahatlarının, milli həmrəyliyin və siyasi qətiyyətin tarixi sınağına çevrildi. Sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük müharibə Azərbaycan xalqının tarixində misilsiz qəhrəmanlıq salnaməsinə çevrildi. Azərbaycan Ordusu qısa müddətdə Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Hadrut qəsəbəsini, çoxsaylı kəndləri və strateji yüksəklikləri azad etdi. Hər azad edilən yaşayış məntəqəsi xalqın qəlbində yeni bir ümid çırağı yandırır, illərin həsrətinə bir addım da yaxınlaşdırırdı.
Bu müharibənin ən möhtəşəm səhifəsi isə noyabrın 8-də Şuşanın azad edilməsi oldu. Qayalarla əhatə olunmuş, sıldırım dağların qoynunda qərar tutmuş Şuşaya aparan yol hərbi tarixə qeyri-adi qəhrəmanlıq nümunəsi kimi yazıldı. Azərbaycan əsgəri mürəkkəb relyef şəraitində böyük cəsarət və peşəkarlıq nümayiş etdirərək Şuşanı azad etdi. Bu qələbə yalnız mühüm strateji şəhərin geri qaytarılması deyildi; Qarabağın mənəvi paytaxtının öz doğma sahibinə qovuşması, Azərbaycan ruhunun yenidən öz tarixi məkanında yüksəlməsi idi.
Şuşanın azad edilməsi ilə Azərbaycan xalqının illərlə qəlbində yaşatdığı arzu gerçəkləşdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şəhidlər xiyabanından xalqa müraciətində səsləndirdiyi “Şuşa, sən azadsan!” müjdəsi milyonlarla insanın yaddaşında əbədi yaşayacaq tarixi bir an oldu. Həmin gün sevinc göz yaşları ilə qürur, nisgillə ümid, keçmişin ağrısı ilə gələcəyin inamı bir-birinə qarışdı. 2020-ci il dekabrın 3-də imzalanan sərəncamla noyabrın 8-i Zəfər Günü elan edildi.
Lakin Zəfərin mənası təkcə azad edilmiş torpaqlarla məhdudlaşmır. Bu qələbə şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı, əsgər və zabitlərimizin fədakarlığı, arxa cəbhədə gecə-gündüz dua edən anaların, övladlarının yolunu gözləyən ailələrin sədaqəti ilə yazıldı. Hər bir şəhid məzarı Vətən tarixinin müqəddəs səhifəsi, hər bir qazi isə xalqımızın qəhrəmanlıq irsinin canlı daşıyıcısıdır. Onların fədakarlığı qarşısında sözün gücü bəzən aciz qalır. Çünki elə qəhrəmanlıqlar var ki, onları yalnız ürəyin dili ilə ifadə etmək mümkündür.
İşğal dövründə Azərbaycan xalqının maddi və mənəvi irsinə qarşı törədilmiş vandalizm aktları tariximizin ən ağrılı mövzularından biridir. Qarabağda məhv edilən tarixi tikililər, dağıdılan qəbiristanlıqlar, təhqir olunan dini abidələr, mənsub olduğu xalqın yaddaşını silməyə yönəlmiş hərəkətlər təkcə Azərbaycana qarşı deyil, ümumbəşəri mədəni irsə qarşı törədilmiş ağır əməllərdir.
Xüsusilə məscidlərimizin taleyi insanı dərindən düşündürür. Məscid yalnız ibadət yeri deyil. O, xalqın mənəvi yaddaşının, inancının, memarlıq ənənəsinin, milli kimliyinin və əsrlər boyu qoruyub saxladığı dəyərlərin təcəssümüdür. Bir məscidin minarəsinin dağıdılması, divarlarının güllə izləri ilə zədələnməsi, mehrabının və kitabələrinin təhqir olunması daşlara vurulan zərbədən daha böyük məna daşıyır. Bu, bir xalqın mənəviyyatına, tarixinə və müqəddəs hesab etdiyi dəyərlərə yönəlmiş hücumdur.
Ağdam Cümə məscidi, Şuşanın Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Saatlı, Mamayı və digər dini abidələr işğal dövründə ciddi dağıntılara və təhqirlərə məruz qalmışdı. Məscidlərin bir qisminin dini funksiyasından uzaqlaşdırılması, bəzilərinin baxımsız vəziyyətə salınması, tarixi memarlıq elementlərinin zədələnməsi bu vandalizmin acı mənzərəsini ortaya qoyurdu.
Şuşanın 17 məscidindən 16-sının işğal dövründə dağıdıldığı barədə rəsmi məlumatlar bu faciənin miqyasını göstərir. Yuxarı Gövhər Ağa məscidi və Aşağı Gövhər Ağa məscidinin taleyi isə mədəni irsimizə qarşı törədilmiş dağıntıların bariz nümunələrindəndir. Bu abidələrin divarlarında və memarlıq elementlərində aşkar olunan zədələr tarixi tikililərin necə ağır vəziyyətə salındığını göstərirdi.
Ancaq Azərbaycan xalqı öz müqəddəs məkanlarına yalnız keçmişin xatirəsi kimi baxmadı. Dövlətimiz azad edilmiş ərazilərdə dini-mədəni irsin bərpasını milli və mənəvi məsuliyyətin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirdi. Bu gün Qarabağda yenidən məscidlərin qapıları açılır, minarələr ucalır, ibadət səsləri doğma yurdlarımızın səmasına yayılır. Bu mənzərə Zəfərin mənəvi davamıdır.
Yuxarı Gövhər Ağa məscidinin bərpa edilərək 2023-cü il mayın 10-da yenidən istifadəyə verilməsi, Aşağı Gövhər Ağa məscidinin 2024-cü il iyulun 5-də bərpadan sonra açılması, Mamayı məscidinin də yenidən öz tarixi görkəminə qovuşması bu istiqamətdə görülən işlərin əhəmiyyətini nümayiş etdirir. Bərpa zamanı tarixi memarlıq üslubunun qorunmasına, orijinal elementlərin saxlanmasına və mütəxəssis yanaşmasına xüsusi diqqət yetirilməsi milli irsə münasibətin göstəricisidir.
Burada Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələri xüsusi qeyd etmək lazımdır. Birinci vitse-prezident, Fondun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən bərpa və mühafizə işləri Qarabağın tarixi-mədəni simasının yenidən formalaşmasına mühüm töhfə verir. Fondun fəaliyyətində tarixi abidələrin qorunması, dini-mədəni irsin yaşadılması, milli memarlıq nümunələrinin gələcək nəsillərə çatdırılması əsas istiqamətlərdəndir.
Aşağı Gövhər Ağa məscidinin bərpasında müxtəlif ölkələrdən mütəxəssislərin iştirak etməsi bu işlərin beynəlxalq peşəkar əməkdaşlıq müstəvisində aparıldığını da göstərir. Məqsəd yalnız dağıdılmış tikilini yenidən qurmaq deyil, onun tarixi kimliyini, memarlıq xüsusiyyətlərini və mənəvi mahiyyətini qoruyub yaşatmaqdır.
Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun mədəniyyət, təhsil, səhiyyə, humanitar əməkdaşlıq və tarixi irsin mühafizəsi sahəsində həyata keçirdiyi layihələr Azərbaycanın beynəlxalq humanitar nüfuzunun möhkəmlənməsinə xidmət edir. Fondun fəaliyyəti nəticəsində ölkəmizdə və xaricdə bir sıra tarixi-mədəni abidələrin qorunmasına, bərpasına, mədəniyyətlərarası dialoqun inkişafına dəstək göstərilib.
Mehriban Əliyevanın mədəni irsin qorunmasına, Leyla Əliyevanın isə ekoloji düşüncənin və beynəlxalq humanitar əməkdaşlığın inkişafına yönəlmiş fəaliyyəti bir həqiqəti ortaya qoyur: Vətəni sevmək yalnız onun torpağını qorumaq deyil, həm də onun tarixini, mədəniyyətini, təbiətini və gələcəyini qorumaqdır.
Bir vaxtlar xarabalıqların hökm sürdüyü ərazilərdə bu gün yeni yollar çəkilir, yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, sosial obyektlər tikilir, elektrik və kommunikasiya infrastrukturu yaradılır. Füzuli Beynəlxalq Hava Limanının, Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, Zəngilanın Ağalı kəndində müasir yaşayış modelinin formalaşdırılması, Laçının yenidən qurulması və digər layihələr Qarabağ və Şərqi Zəngəzurun gələcək inkişafının miqyasını göstərir.
Bu quruculuğun ən mühüm mənəvi tərəfi isə Böyük Qayıdış prosesidir. Onilliklər boyu doğma yurdunun həsrəti ilə yaşayan insanların ata-baba ocaqlarına dönməsi, uşaqların Qarabağ torpağında böyüməsi, məktəblərin yenidən şagird səsləri ilə canlanması, kəndlərdə həyatın bərpası Zəfərin ən təsirli nəticələrindəndir.
Qarabağ artıq yalnız keçmişin ağrılı xatirələri ilə deyil, gələcəyin ümidləri ilə də xatırlanır. Burada yeni həyat qurulur, iqtisadi potensial üzə çıxarılır, turizm imkanları genişləndirilir, tarixi-mədəni məkanlar yenidən öz əvvəlki əzəmətinə qovuşur.
Şuşanın mədəniyyət paytaxtı kimi inkişaf etdirilməsi, burada beynəlxalq tədbirlərin, musiqi festivallarının, ədəbi-bədii görüşlərin keçirilməsi şəhərin tarixi missiyasının yenidən canlandırılması deməkdir. Xarıbülbülün yenidən öz doğma torpağında açması, muğamın Şuşanın dağlarına yayılması, Cıdır düzündə mədəniyyət tədbirlərinin təşkili xalqımızın ruhunun heç zaman məğlub olmadığını göstərən rəmzi mənzərələrdir.
Bu torpaqların bərpası həm də tarixi yaddaşın bərpasıdır. Çünki dağıdılmış bir şəhəri yenidən qurmaq mümkündür, lakin onun yaddaşını yaşatmaq üçün tarixə, mədəniyyətə və milli kimliyə xüsusi həssaslıq lazımdır. Azərbaycan bu gün hər iki istiqamətdə mühüm addımlar atır.
Zəfər Günü hər bir azərbaycanlıya bir həqiqəti xatırladır: dövlətin qüdrəti xalqın birliyindən, xalqın gücü isə öz tarixinə, milli dəyərlərinə və gələcəyinə inamından qaynaqlanır.44 günlük Vətən müharibəsi zamanı Azərbaycan cəmiyyətində yaranan həmrəylik müasir tariximizin ən təsirli hadisələrindən biri oldu. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar bir amal ətrafında birləşərək Vətənə dəstək nümayiş etdirdilər. Gənclər, ziyalılar, jurnalistlər, həkimlər, müəllimlər, könüllülər, sahibkarlar və sadə vətəndaşlar öz imkanları daxilində bu tarixi mübarizəyə töhfələr verdilər.Bu gün həmin birlik ruhunun qorunması, gənc nəslin vətənpərvərlik, milli-mənəvi dəyərlər, tarix və dövlətçilik düşüncəsi əsasında yetişdirilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki Zəfər yalnız keçmişin qürurverici hadisəsi deyil, gələcək qarşısında böyük məsuliyyətdir.
Məktəblərdə, ali təhsil müəssisələrində, mədəniyyət ocaqlarında Zəfər tarixinin öyrədilməsi, şəhidlərimizin həyat və qəhrəmanlıq nümunələrinin təbliği, Qarabağın tarixi irsinin gələcək nəsillərə çatdırılması milli yaddaşın qorunmasının mühüm şərtidir.
Zəfər Gününün mənəvi mahiyyəti həm də ondan ibarətdir ki, biz bu qələbəni yalnız sevinclə deyil, minnətdarlıq və məsuliyyət hissi ilə qarşılamalıyıq. Şəhidlərimizin əziz xatirəsini yaşatmaq, qazilərimizə ehtiram göstərmək, onların ailələrinə diqqət və qayğı ilə yanaşmaq hər birimizin mənəvi borcudur.
Azərbaycan xalqı bu gün qalib dövlətin vətəndaşı olmağın qürurunu yaşayır. Bu qürurun arxasında böyük siyasi iradə, güclü ordu, xalq-dövlət birliyi və Vətən uğrunda canından keçən qəhrəmanların əvəzsiz fədakarlığı dayanır.

Bu gün Qarabağın dağlarında dalğalanan üçrəngli bayrağımız, yenidən ucalan məscid minarələrimiz, bərpa edilən tarixi abidələrimiz, doğma yurda qayıdan insanların sevinc dolu baxışları bir həqiqəti təsdiqləyir: Vətən yalnız torpaq deyil, yaddaşdır, mənəviyyatdır, kimlikdir, sevgidir. Vətən onun uğrunda döyüşənlərin qanında, onu qoruyanların iradəsində, yaşadanların əməyində və gələcəyə daşıyanların düşüncəsində yaşayır.
Zaman keçəcək, nəsillər dəyişəcək, lakin 8 Noyabrın tarixi əhəmiyyəti Azərbaycan xalqının yaddaşında daim yaşayacaq. Şuşanın azad edildiyi həmin gün milli qürurumuzun, mübarizə əzmimizin və dövlətçilik tariximizin ən parlaq səhifələrindən biri kimi gələcək nəsillərə ötürüləcək.
Çünki Zəfər bir günün sevinci deyil, əsrlərə ünvanlanan milli yaddaşdır. O yaddaş ki, orada şəhidlərin adı, əsgərin hünəri, xalqın duası, dövlətin iradəsi və Vətənin əbədi sevgisi yaşayır.
Zəfərin mübarək, Azərbaycan! Qarabağ Azərbaycandır!

AMİDTV.AZ

Pəri Əmirəhməd qızı Həsənova Bakı Dövlət Universiteti Beynəlxalq Münasibətlər fakültəsi, İqtisad elmləri doktoru, professor

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Zəfər bir günün sevinci deyil, əsrlərə ünvanlanan milli yaddaşdır

Zəfər keçmişin qüruru, bu günün məsuliyyəti və gələcəyin ümididir

İnsan ruhu ilə dünyanın rəngləri arasında incə körpünü yaradan Nərmin Nəcəff.

BİRLEŞSİN TÜRK OLAN

Doç.Dr.Seher Atmaca’ya Türkiye-Azerbaycan Kültür Köprüsüne Katkı Ödülü!