Dövlət Şaiq Şiriyev kimi vicdanlı, peşəkar və ləyaqətli zabitlərin çiyinləri üzərində möhkəmlənir.

44
bbbbbb 0
Spread the love

Bəşər tarixində elə insanlar vardır ki, onların ömür yolu zamanın adi axarında itib-batmır, əksinə, yaşadıqları dövrün mənəvi simasını müəyyən edən dəyərlər sisteminə çevrilir. Belə insanlar öz talelərini rahat həyatın deyil, məsuliyyətin, təhlükənin və müqəddəs borcun üzərində qururlar. Onların həyatı bir ömür kitabıdır,hər səhifəsində sədaqət, iradə, vicdan, fədakarlıq və Vətən sevgisi yazılır. Belə şəxsiyyətlərin taleyi gələcək nəsillərə örnək olur, çünki onlar yalnız yaşadıqları dövrün deyil, gələcəyin də mənəvi sərvətinə çevrilirlər.
Azərbaycanın müasir hərb tarixində belə zabitlərdən biri də ehtiyatda olan polkovnik-leytenant Şaiq Xubalı oğlu Şiriyevdir. Polkovnik -leytenantın həyat yolu bir insanın şəxsi bioqrafiyasından daha artıq məna daşıyır. Bu yol mübarizənin, haqsızlığa qarşı əyilməməyin, milli kimliyə sədaqətin, dövlətə sonsuz bağlılığın və zabit şərəfinin əsl salnaməsidir.
1973-cü il noyabrın 6-da Biləsuvar rayonunun Zəhmətabad kəndində dünyaya göz açan Şaiq Şiriyev zəhmətkeş, milli-mənəvi dəyərlərə bağlı bir ailədə boya-başa çatmışdır. Uşaqlıq illərində ailəsindən aldığı tərbiyə, müəllimlərinin aşıladığı vətənpərvərlik hissi və doğma kənd mühitinin saf mənəviyyatı onun xarakterinin formalaşmasında mühüm rol oynamışdır. O, hələ məktəb illərində anlayırdı ki, Vətən yalnız sevilmir, həm də qorunur. Vətəni qorumağın isə ən şərəfli yolu peşəkar zabit olmaqdır.
1990-cı ildə Zəhmətabad kənd orta məktəbini müvəffəqiyyətlə bitirdikdən sonra o, SSRİ Daxili İşlər Nazirliyinin Perm Ali Hərbi Komandirlər Məktəbinə qəbul olunmaq üçün sənədlərini təqdim etdi. Gənc Şaiq bütün qəbul imtahanlarını yüksək nəticələrlə başa vurdu. Lakin gözlənilmədən qəbul komissiyasının sədri polkovnik Artur Xaçaturyan ona məktəbə qəbul edilmədiyini bildirdi.Bu qərar onun həyatında ilk ağır sınaq idi. Gənclik arzularının sanki bir anda puç olması, gələcəyin qeyri-müəyyən görünməsi hər kəsi ruhdan sala bilərdi. Lakin məhz belə məqamlarda insanın əsl xarakteri üzə çıxır. Şaiq Şiriyev ümidsizliyə qapılmadı. Azərbaycana qayıdaraq Biləsuvar Mexaniki Texniki Mərkəzində motor ustasının köməkçisi kimi çalışmağa başladı. Əlində alət, qəlbində isə hərbçi olmaq arzusu yaşayırdı.
Bəzən insan taleyini dəyişən hadisələr böyük tribunalarda deyil, adi həyat anlarında baş verir. Günlərin birində keçmiş məktəbinin qarşısından keçərkən kitabxanaçı Nəsibə müəllimənin sadə görünən bir sualı onun taleyində dönüş nöqtəsinə çevrildi: “Niyə təhsilini davam etdirmirsən?”
Bu sual sanki sönməkdə olan ümid çırağını yenidən alovlandırdı. Evə qayıdaraq valideynləri ilə məsləhətləşdi. Atası Xubalı Şiriyev yaxın qohumu, general Qoşqar Şiriyevlə məsləhətləşdikdən sonra yenidən imtahan verməsini tövsiyə etdi.
Beləliklə, 1991-ci ildə ata və oğul yenidən min kilometrlərlə yol qət edərək Perm şəhərinə yollandılar. Şaiq Şiriyev yenidən bütün imtahanları uğurla verdi. Lakin yenə də eyni cavabı aldı: “Siz qəbul olunmadınız.”
İkinci dəfə eyni haqsızlıqla üzləşmək onun üçün son dərəcə ağır mənəvi zərbə idi. Dəmir yolu vağzalında çaşqınlıq və dərin düşüncələr içində yanlış qatara – Novosibirsk istiqamətinə gedən qatara mindi. Ertəsi gün səhv etdiyini anlayaraq geri qayıtdı, sonra Moskvaya, oradan Bakıya və nəhayət Biləsuvara çatdı.
Lakin bu hadisə bir ailənin haqq mübarizəsinin başlanğıcı oldu.
Valideynləri Xubalı Şiriyev və Nənəbəyim Abışova oğullarına qarşı edilən ədalətsizliyi qəbul etmədilər. Onlar SSRİ Daxili İşlər naziri Boris Puqoya teleqram göndərərək məsələnin araşdırılmasını tələb etdilər.Bir neçə həftə sonra gələn cavab həyatlarının ən sevindirici xəbəri idi.
1991-ci il avqustun 23-də Şaiq Şiriyevə təcili Perm Ali Hərbi Məktəbinə qayıdaraq kursant kimi xidmətə başlaması barədə rəsmi teleqram göndərildi. Şəxsi işində isə qeyd olunmuşdu ki, atasının xidmətləri və müraciəti nəzərə alınaraq məktəbə qəbul edilir.
Bu hadisə yalnız bir gəncin arzularının gerçəkləşməsi deyildi. Bu, ədalətin gec də olsa qalib gəlməsinin təntənəsi idi.
Permdə təhsil aldığı dövrdə Şaiq Şiriyev nizam-intizamı, fiziki hazırlığı və nəzəri bilikləri ilə seçilən kursantlardan biri oldu. Elə buna görə də seçilmiş on kursant sırasında Saratov şəhərində F.E.Dzerjinski adına ali hərbi məktəbdə təşkil olunan xüsusi komando-taktiki və hüquqi hazırlıq proqramına göndərildi.Burada o, komando-taktiki idarəetmə, hüquqşünaslıq, əməliyyat planlaşdırılması, xüsusi təyinatlı bölmələrin döyüş fəaliyyəti, liderlik və qərar qəbuletmə sahələrində yüksək səviyyəli hazırlıq keçdi.Lakin tarix yenə öz sərt üzünü göstərdi.SSRİ dağıldıqdan sonra kursantlara Rusiya Federasiyası vətəndaşlığını qəbul etmək təklif edildi. Bir çoxları bunu gələcək karyeralarının təminatı hesab etdi. Amma Şaiq Şiriyev üçün milli kimlik hər cür imtiyazdan üstün idi.Vətənpər Şaiq Xubalı oğlu Şiriyev Azərbaycan vətəndaşlığından imtina etmədi.Bu prinsipial mövqe ona baha başa gəldi. Təqaüdü dayandırıldı, yalnız minimal təminat aldı və xarici vətəndaş olduğu əsas gətirilərək təhsilini davam etdirməsinin mümkün olmadığı bildirildi.
Lakin o, yenə də sınmadı.Azərbaycan Daxili Qoşunlarının komandanlığına müraciət edildi. Maddi çətinliklər səbəbindən kömək mümkün olmasa da, Ümummilli Lider Heydər Əliyevin xaricdə təhsil alan azərbaycanlı hərbçilərin Vətənə qayıtması barədə çağırışı onun həyatında yeni səhifə açdı.1994-cü ildə Şaiq Şiriyev Vətənə döndü.Azərbaycanın müstəqilliyini yenicə möhkəmləndirdiyi, daxili və xarici təhlükələrin hökm sürdüyü mürəkkəb bir dövrdə o, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında leytenant rütbəsində xidmətə başladı.
Həmin illər Azərbaycanın dövlətçiliyinin taleyinin həll olunduğu illər idi. Dövlət çevrilişi cəhdləri, terror təhlükələri, sərhəd bölgələrində gərginlik və Qarabağ müharibəsinin ağır nəticələri ölkənin peşəkar zabitlərə böyük ehtiyacını ortaya çıxarmışdı.Belə bir dövrdə Şaiq Şiriyev Lənkəranda Xüsusi Təyinatlı bölmə komandiri kimi mühüm əməliyyatların iştirakçısı oldu. Sonrakı illərdə Şirvan, Hacıqabul, Qaradağ, Gəncə, Xətai, Zaqatala və digər bölgələrdə müxtəlif məsul vəzifələrdə xidmət etdi.
O, patrul taborlarına, xüsusi təyinatlı dəstələrə, qərargahlara rəhbərlik etdi, döyüş hazırlığını təşkil etdi, minlərlə hərbi qulluqçunun peşəkar hazırlığında yaxından iştirak etdi.
Xüsusilə Daxili Qoşunların Hərbi İnstitutunda müəllim və kafedra rəisi kimi fəaliyyəti onun həyatında ayrıca mərhələ təşkil edir. Çünki əsl zabit yalnız özü döyüşmür, həm də gələcək zabitləri yetişdirir.Şaiq Xubalı oğlu Şiriyevin auditoriyada dediyi hər fikir, keçirdiyi hər məşğələ gələcəyin komandirlərinin formalaşmasına xidmət edirdi.
2017-ci ildə 26 illik qüsursuz xidmətini başa vuraraq ehtiyata buraxılsa da, hərbçi ruhu onu yenidən xidmətə çağırdı.2019-cu ildə Müdafiə Nazirliyinin 4-cü Ordu Korpusunda döyüş hazırlığı üzrə məsul vəzifəyə təyin olundu.2020-ci ilin Vətən müharibəsi zamanı onun topladığı zəngin təcrübə, döyüş hazırlığının təşkilindəki peşəkarlığı və şəxsi heyətin hazırlanmasına verdiyi töhfələr Azərbaycanın tarixi Zəfərinə xidmət edən amillərdən biri oldu.
Hər bir möhtəşəm Zəfərin görünən qəhrəmanları olduğu kimi, görünməyən, lakin qələbənin təməlini təşkil edən əsl memarları da vardır. Bu insanlar illər boyu topladıqları hərbi bilik və təcrübəni yeni nəsil hərbçilərə ötürərək, döyüş meydanında qazanılacaq uğurların elmi, taktiki və mənəvi əsaslarını formalaşdırırlar.
2020-ci ilin 44 günlük Vətən müharibəsi də məhz belə peşəkar hərbi məktəbin, uzun illər davam edən hazırlığın və mükəmməl təşkilatlanmanın parlaq nəticəsi idi. Azərbaycanın şanlı Ordusu yalnız müasir silahlarla deyil, yüksək döyüş ruhu, dəqiq planlaşdırma, intizam və peşəkar komanda idarəçiliyi ilə bütün dünyanı heyrətləndirən bir Zəfərə imza atdı. Bu uğurun arxasında isə ömrünü Vətənin müdafiəsinə həsr etmiş, hərbi sənətin incəliklərini dərindən mənimsəmiş zabitlərin əməyi dayanırdı.2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi onun hərbi bioqrafiyasının ən şərəfli və məsuliyyətli səhifəsinə çevrildi. Füzuli istiqamətində gedən ağır döyüşlərdə ön xətdə vuruşan zabit kimi 19 gün fasiləsiz mühasirə şəraitində döyüş əməliyyatlarında iştirak etdi. Sonralar Cəbrayıl və Xocavənd istiqamətlərində aparılan əməliyyatlarda xüsusi fədakarlıq göstərərək həm döyüşçü, həm də bacarıqlı komandir kimi seçildi.
Cəbrayıl rayonunun Daşkəsən kəndi uğrunda gedən döyüşlər zamanı minaatan atəşi nəticəsində sol gözündən travma almasına baxmayaraq, döyüş mövqeyini tərk etmədi. Əsl zabit iradəsi nümayiş etdirərək döyüş yoldaşlarının yanında qalmağı üstün tutdu. Onun üçün şəxsi ağrı deyil, Vətənin taleyi daha önəmli idi.
Xocavənd rayonunun Qırmızı Bazar və Şəhər kəndləri uğrunda gedən şiddətli döyüşlərdə Şaiq Şiriyevin komandirlik bacarığı xüsusilə diqqət çəkirdi. Tabeliyində xidmət edən 60 nəfərlik şəxsi heyətin döyüş əməliyyatlarını peşəkar şəkildə idarə etməsi nəticəsində bölmə ən mürəkkəb tapşırıqları uğurla yerinə yetirdi. Komandirin düzgün taktiki qərarları, döyüş bölgəsinin dəqiq qiymətləndirilməsi, əsgərlərə göstərdiyi qayğı və yüksək təşkilatçılıq qabiliyyəti şəxsi heyətin döyüş qabiliyyətini maksimum səviyyədə qorumağa imkan verdi.
Şaiq Şiriyevin apardığı uğurlu kəşfiyyat fəaliyyəti nəticəsində düşmənin ehtiyat arsenalı müəyyən edilərək məhv edilmiş, bununla da Azərbaycan Ordusunun irəliləyişinə mühüm şərait yaradılmışdır. Bu kəşfiyyat məlumatları yalnız bir hərbi uğur deyil, bütövlükdə əməliyyatların gedişinə təsir edən strateji nailiyyət idi. Şuşa istiqamətində irəliləyən bölmələrin təhlükəsiz hərəkətinin təmin edilməsində də onun xidmətləri xüsusi əhəmiyyət kəsb etmişdir.
Müharibənin son mərhələsində Laçın rayonunun Hüsülü kəndində döyüş postlarının qurulması, müdafiə xəttinin təşkili və ehtiyat qüvvələrin idarə olunması kimi mürəkkəb tapşırıqların icrası da məhz ona etibar edilmişdi. Bu fakt onun yalnız döyüş meydanında deyil, hərbi idarəetmədə də yüksək peşəkarlığa malik olduğunu bir daha sübut edir.
Hərbi xidmətə vicdanla yanaşması, döyüşlərdə göstərdiyi igidlik və Vətən qarşısındakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmiş, o, III dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Bu mükafatlar yalnız bir zabitin şəxsi uğuru deyil, bütövlükdə Azərbaycan əsgərinin yenilməz ruhunun, xalqımızın birlik və qələbə əzminin rəmzidir.Uzun illər ərzində qazandığı zəngin xidmət təcrübəsi, müxtəlif qoşun növlərində əldə etdiyi praktiki biliklər, döyüş hazırlığının müasir tələblərə uyğun qurulması istiqamətində həyata keçirdiyi məqsədyönlü fəaliyyət onun peşəkarlığını formalaşdıran əsas amillər idi. O, hərbi xidməti yalnız vəzifə kimi deyil, dövlət qarşısında müqəddəs məsuliyyət, Vətən qarşısında mənəvi borc hesab edirdi. Məhz bu yanaşma onun fəaliyyətində daim yüksək intizamın, tələbkarlığın və məsuliyyət hissinin hökm sürməsinə səbəb olmuşdur.İllərlə aparılan planlı hazırlıq, təlimlərin yüksək səviyyədə təşkili, komanda idarəçiliyinin təkmilləşdirilməsi və peşəkar zabit heyətinin yetişdirilməsi Azərbaycanın hərbi qüdrətini bütün dünyaya nümayiş etdirdi.
Onun topladığı zəngin təcrübə yalnız bir dövrün deyil, gələcək nəsil zabitlərin də peşə məktəbinə çevrilmişdir. Təcrübə paylaşdıqca böyüyür, bilik öyrədildikcə dəyər qazanır. O da öz fəaliyyətində məhz bu prinsiplə hərəkət edərək qazandığı bilik və bacarıqları gənc hərbçilərə ötürməyi ən ali missiya hesab etmişdir.
Bu fəaliyyət yalnız hərbi xidmət deyil, həm də milli təhlükəsizliyin elmi əsaslarla möhkəmləndirilməsi istiqamətində mühüm töhfə idi. Müasir hərbi elmdə insan kapitalının, peşəkar kadr hazırlığının və liderlik bacarıqlarının xüsusi əhəmiyyət daşıdığı qəbul olunur. Onun fəaliyyəti bu konsepsiyanın real həyatda uğurlu tətbiqinin nümunələrindən biri kimi qiymətləndirilə bilər.
Azərbaycanın tarixi Zəfəri minlərlə igid əsgərin qəhrəmanlığı, şəhidlərimizin müqəddəs qanı, Ali Baş Komandanın qətiyyətli rəhbərliyi və ordumuzun peşəkarlığı sayəsində qazanıldı. Bu möhtəşəm qələbənin görünməyən sütunlarından biri də məhz illərlə aparılan döyüş hazırlığı, şəxsi heyətin yüksək səviyyədə yetişdirilməsi və bu işə ömrünü həsr edən peşəkar hərbçilərin yorulmaz əməyidir.2022-ci ildə səhhəti ilə əlaqədar yenidən ehtiyata buraxıldı.Lakin hərbçi üçün ehtiyat anlayışı yalnız rəsmi statusdur. Çünki Vətən sevgisi heç vaxt ehtiyata buraxılmır.Şaiq Şiriyevin ömür yolu göstərir ki, insanın böyüklüyü tutduğu vəzifə ilə deyil, qoruduğu prinsiplərlə ölçülür. O, iki dəfə haqsızlıqla üzləşdi, lakin sınmadı. Vətəndaşlığını dəyişmək təklif olundu, qəbul etmədi. Maddi çətinliklər yaşadı, amma Vətənə sədaqətindən dönmədi. Onilliklər boyu təhlükəli xidmət yollarında irəlilədi, lakin zabit andına xəyanət etmədi.
Belə ömürlər dövlətin görünməyən sütunlarıdır. Çünki dövlət yalnız qanunlarla deyil, Şaiq Şiriyev kimi vicdanlı, peşəkar və ləyaqətli zabitlərin çiyinləri üzərində möhkəmlənir.
Bu gün onun keçdiyi yol Azərbaycan zabitinin mənəvi pasportu, gənc nəsil üçün əsl vətənpərvərlik məktəbi, milli dövlətçilik tariximizin şərəf salnaməsinin ayrılmaz səhifələrindən biridir. Çünki ömrünü Vətənə həsr edən insanlar heç zaman unudulmurlar. Onlar zamanın yaddaşında, xalqın qəlbində və dövlətin tarixində əbədi yaşayırlar.

AMİDTV.AZ

Aygün Məmmədova Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Vətən sevgisinin, qəhrəmanlığın və fədakarlığın simvoluna çevrilən Kəşfiyyatçısı Şəhid Xudiyev Samir Səməd oğlu

Lənkəranda Aprel döyüşləri şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib

Zəfərin fərəh nöqtəsi və ya 4 gün, 4 il sonra 44 gün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

İki qəhrəman nəslin layiqli davamçısı Hümbətzadə Elvina Səfər qızının uğur yolu

Lənkəranda “Narkomaniya ilə mübarizədə cəmiyyətin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib

Dövlət Şaiq Şiriyev kimi vicdanlı, peşəkar və ləyaqətli zabitlərin çiyinləri üzərində möhkəmlənir.

CANANA LEGEND MƏQSƏDİNƏ ÇATDI! “BİR ZÖVQ” YARIŞMASI BAŞ TUTDU