Ulu Öndər Heydər Əliyevin elmin məbədinə çevrilən dövlətçilik fəlsəfəsi

17
0

Tarix bəzən xalqlara elə şəxsiyyətlər bəxş edir ki, onların fəaliyyəti yalnız müəyyən bir dövrü deyil, bütöv bir millətin taleyini dəyişir. Belə dahilər zamanın fövqünə yüksələrək xalqın milli yaddaşına çevrilirlər. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev məhz belə nadir şəxsiyyətlərdən idi. Onun dövlətçilik fəaliyyəti yalnız siyasi idarəçilik nümunəsi deyildi,bu fəaliyyət eyni zamanda milli düşüncənin, mənəvi irsin, elmi təfəkkürün və ziyalılıq ənənələrinin qorunması uğrunda aparılan böyük bir mübarizə idi.
Heydər Əliyev yaxşı bilirdi ki, dövlətin əsl qüdrəti yalnız iqtisadi göstəricilərlə və hərbi güclə ölçülmür. Dövlətin gücü onun alimlərinin zəkasında, müəllimlərinin düşüncəsində, ziyalılarının mənəvi mövqeyində və gənclərinin intellektual potensialında yaşayır. Buna görə də o, elmə və alimə münasibəti dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirmişdi. Onun üçün elm yalnız laboratoriyalar, institutlar və kitablarla məhdudlaşan sahə deyildi, elm xalqın gələcəyini formalaşdıran müqəddəs bir qüvvə idi.
Ulu öndər dəfələrlə vurğulayırdı ki, gələcəyi qurmaq istəyən hər bir dövlət ilk növbədə elmə və təhsilə söykənməlidir. Çünki elm insan zəkasının ən ali təcəssümüdür. Zəka isə xalqın ən böyük sərvətidir. Neft tükənə bilər, maddi sərvətlər zamanla dəyişə bilər, lakin elmi potensial və intellektual kapital daim dövlətin inkişafını təmin edən əsas qüvvə olaraq qalır.Böyük rəhbərlik bacarıqları, fitri istedadı, novatorluğu, yüksək intellekti və təşkilatçılığı ilə seçilən Ulu Öndər Heydər dövlətin idarə olunmasına, xarici və daxili siyasətə, iqtisadiyyat və sosial sahələrə aid bütün məsələlərin həllinə hər zaman elmi cəhətdən əsaslandırmaqla yanaşmağa üstünlük verirdi.
Ümummilli lider 1970-ci illərdə Azərbaycanı keçmiş SSRİ-nin ən sanballı elm mərkəzlərindən birinə çevirmək məqsədilə elmi-tədqiqat institutlarının, elmi işçilərin sayının artırılmasına çalışır və onlara qayğı göstərirdi. Əgər 1969-cu ildə Azərbaycanda 89 elmi-tədqiqat institutu, 12850 elmi işçi, o cümlədən 55 akademik və müxbir üzv, 329 elmlər doktoru və 3000 elmlər namizədi var idisə, 1980-ci illərin əvvəllərində 123 elmi idarə və 17 ali məktəbdə 22 min elmi əməkdaş, o cümlədən Azərbaycan SSR EA-nın 56 həqiqi və 71 müxbir üzvü, 900-dən çox elmlər doktoru və 8 mindən çox elmlər namizədi çalışırdı. Ümumilikdə 1970-1980-ci illərdə Azərbaycanda 258 elmlər doktoru, 2677 elmlər namizədi hazırlanmışdı.
1970-ci illərdə ümummilli liderin məqsədyönlü siyasəti nəticəsində qeyd etdiklərimlə yanaşı, elmin maddi-texniki bazası möhkəmlənib, Azərbaycan elmi ölkədə və dünyada tanıdılıb, tədqiqat işlərinin səviyyəsi yüksəlib, istiqamətləri genişləndirilib, elm adamları hərtərəfli qayğı ilə əhatə edilib. Ulu öndər Heydər Əliyev elmin inkişafına dövlət quruculuğunun ən mühüm bir tərkib hissəsi kimi baxırdı.
Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə elmin inkişafını ləngidən, onu geri çəkən neqativ halların da vaxtında aradan qaldırılması üçün bir sıra mühüm tədbirlərin həyata keçirilməsinin təşəbbüskarı və təşkilatçısı olub.
Ulu öndərin hələ Azərbaycana rəhbərlik etdiyi ilk dövrlərdə Elmlər Akademiyası alimlərinin fəaliyyəti keçmiş SSRİ dövləti və dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilirdi. Azərbaycan Elmlər Akademiyasının aldığı ilk yüksək mükafat – “Xalqlar dostluğu” ordeni də Akademiyaya 1975-ci ildə Heydər Əliyevin özü tərəfindən təqdim edilmişdi. Bu dövrdə Elmlər Akademiyasının nailiyyətləri beynəlxalq miqyasda yüksək qiymətləndirilib, alimlərimiz beynəlxalq yarmarkalarda qızıl medallara, dövlət və hökumət mükafatlarına, o cümlədən 5 Lenin, 14 SSRİ Dövlət, onlarla Respublika Dövlət mükafatına layiq görülüb, bir neçə alim Sosialist Əməyi Qəhrəmanı adını alıb.
“Müəllim adı ən yüksək addır. Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”, – deyən ulu öndər Heydər Əliyev hər zaman müəllimlərə və alimlərlə eyni qayğı ilə yanaşıb, onların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı çoxsaylı fərman və sərəncamlar qəbul etmişdir. Bu yanaşma sayəsində 1970-ci illərdə 817 nəfər “Əməkdar müəllim” fəxri adına, 3 müəllim isə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.
1970-80-ci illərdə ulu öndərin elm və təhsilə göstərdiyi diqqətin nəticəsi olaraq geniş diapazonda elmi kadr hazırlığının aparılması, ölkə üçün yeni elm sahələrinin yaranması, elmi istiqamətlərin modernləşdirilməsi respublikada elmin inkişafına çox ciddi təkan verdi. Ümummilli lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə 5 yeni ali təhsil müəssisəsi, onlarda kafedra, problem laboratoriyaları, yüzlərlə yeni ixtisaslar açılıb və ali təhsil alanların sayı 70 mindən 100 minə qədər artıb. 1982-ci ildə mövcud olan 21 ali təhsil müəssisəsində 136 fakültə və 530 kafedra fəaliyyət göstərirdi. Bu illərdə ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə yüksəlmişdi.
Azərbaycanın xilası naminə təkrar hakimiyyətə qayıtdıqdan sonra ali təhsil sisteminə daha da çox diqqət göstərməyə başlayan Ulu Öndərin müvafiq Fərman və sərəncamları ilə ali təhsil müəssisələrinin maliyyə problemlərini həll etməyə imkan yaratmaq üçün ödənişli təhsil tətbiq olunmağa başlanılıb, Təhsil İnstitutlarına Universitet statusu verilib.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və himayəsi nəticəsində 1970-80-ci illərdə səksəndən yuxarı sahəni əhatə edən 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gənc (1980-ci illərin əvvəllərindən başlayaraq ildə 1000-1400 nəfər) SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox nüfuzlu ali məktəbində təhsil almağa göndərilib, onlara güclü mütəxəssis kimi yetişmək üçün hər cür şərait yaradılıb.
Ulu Öndərin milli kadr potensialını gücləndirmək siyasətinin ən önəmli istiqamətlərindən biri milli hərbi kadrların hazırlanması hesab edilə bilər. Bu gün müstəqil Azərbaycan dövləti regionda ən güclü orduya malikdirsə, burada həmin uzaqgörən siyasətin böyük təsiri olub. Məlumdur ki, azərbaycanlı gənclərin keçmiş SSRİ-nin nüfuzlu ali hərbi məktəblərinə qəbul olunmasında bir sıra çətinliklər var idi. Bunlardan biri bütün imtahanların rus dilində verilməsinə olan tələb idisə, digərləri daha ciddi maneələri əhatə edirdi. Ümummilli lider Heydər Əliyev bu maneələri böyük səbir və müdrikliklə aşmağı bacarıb, hər il yüzlərlə gənci həmin təhsil ocaqlarına göndərə bilmişdi. Ulu öndər bununla kifayətlənməyib, respublikada da hərbi orta və ali təhsil sisteminin yaradılmasına nail olub. Təkcə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin Milli Orduya kadr hazırlığında xidmətlərini xatırlamaq kifayətdir ki, görülən işlərin miqyası təsəvvür edilə bilsin.
Yüksək səviyyəli mütəxəssis və alim hazırlığı ilə bağlı bir məsələyə də diqqət çəkməyi vacib bilirəm. Həmin dövrlərdə və sonrakı müstəqillik illərində biokimya, molekulyar biologiya, biofizika, biotexnologiya, kompüter biologiyası və s. kimi mühüm elmi istiqamətlərin təşəkkülü və inkişafında, müxtəlif elm sahələri üzrə savadlı mütəxəssislərin yaxın və uzaq xaricdə təhsil alaraq biologiya üzrə tədqiqatlara cəlb olunmasında akademik Cəlal Əliyevin də müstəsna xidmətləri olub. Həmin siyasətin nəticələri bu gün Azərbaycan elminə dünya səviyyəsində nüfuz qazandırmaqdadır.
1993-cü ildə Azərbaycan xalqının çağırışı ilə yenidən hakimiyyətə gələn görkəmli dövlət xadimi Heydər Əliyev ilk olaraq alimlərlə görüşüb, onların fikrini və mövqeyini öyrənib. Dahi rəhbər tərəfindən sonrakı dövrdə atılmış ardıcıl addımlar ziyalıya, alimə və elmə hörməti geri qaytara, həmçinin Elmlər Akademiyası ətrafında gedən söz-söhbətlərə də son qoydu. Ulu öndər 1997-ci ildə Azərbaycan Elmlər Akademiyası rəhbərliyini və aparıcı alimlərin bir qrupunu qəbul edərək elm sahəsində islahatların aparılmasının vacibliyini təsdiqləmiş, Azərbaycanda elmin inkişaf strategiyasının əsas müddəalarını qəti olaraq müəyyənləşdirmişdi. Bu tədbirdə ümummilli liderin ortaya qoyduğu mövqe və cəmiyyətə verdiyi mesajlar elmimizin nüfuzunu yenidən artırıb, elmin ölkənin inkişafında rolu və mövqeyi möhkəmlənib.
Alimə, elm adamına qayğı göstərilməsi, alimlərin sosial müdafiəsi, onlar üçün layiqli həyat şəraitinin təmin olunması 1970-ci illərdə – ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk dördə olduğu kimi, müstəqillik illərində də ulu öndərin elm siyasətinin əsas prinsip və göstəricilərindən olmuşdur. Məhz ulu öndərin təşəbbüsü ilə 2002-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlərinə aylıq rütbə maaşlarının verilməsinə başlanılıb. Minnətdarlıq hissi ilə qeyd etmək lazımdır ki, ötən illər ərzində AMEA əməkdaşlarının vəzifə maaşları da dəfələrlə artırılıb, onların sosial müdafiəsi üzrə əhəmiyyətli layihələr həyata keçirilib.
1990-cı illərin əvvəlləri Azərbaycan tarixinin ən ağır və faciəli mərhələlərindən biri idi. Dövlət müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan həm siyasi böhran, həm iqtisadi çətinlik, həm də Ermənistanın hərbi təcavüzü ilə üz-üzə qalmışdı. Ölkədə xaos hökm sürür, bir çox sahələr kimi elm də dərin böhran yaşayırdı.
Həmin illərdə bəzi dairələr Azərbaycan Elmlər Akademiyasının fəaliyyətinin dayandırılmasını, onun artıq lazımsız bir quruma çevrildiyini iddia edirdilər. Maddi çətinliklər, maliyyə böhranı və qeyri-sabitlik səbəbindən elmi müəssisələrin bağlanması təhlükəsi yaranmışdı. Əgər bu baş versəydi, Azərbaycan öz intellektual dayaqlarını itirə bilərdi.
Lakin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev vəziyyəti tamamilə dəyişdi. O, Azərbaycan Elmlər Akademiyasını “xalqın milli sərvəti”, “müqəddəs elm məbədi” adlandıraraq onun qorunmasının dövlət üçün həyati əhəmiyyət daşıdığını bildirdi.
Bu, sadəcə siyasi qərar deyildi. Bu, milli düşüncənin xilası idi. Çünki akademiyanın qorunması Azərbaycan xalqının elmi yaddaşının, milli intellektual ənənələrinin və ziyalılıq məktəbinin qorunması demək idi. Heydər Əliyev anlayırdı ki, elm dağılan yerdə dövlətin mənəvi dayaqları da zəifləyir. Buna görə də Akademiyanın fəaliyyətinin davam etdirilməsi dövlət siyasətinin mühüm prioritetinə çevrildi.
2001-ci il 15 may tarixində imzalanan tarixi fərmanla Azərbaycan Elmlər Akademiyasına Milli Elmlər Akademiyası statusunun verilməsi ulu öndərin elm siyasətinin zirvə nöqtələrindən biri oldu. Bu qərar elmin dövlət səviyyəsində yüksək qiymətləndirildiyini nümayiş etdirirdi.
Milli Elmlər Akademiyası statusu təkcə formal dəyişiklik deyildi. Bu addım elmi tədqiqatların sistemləşdirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, yeni elmi istiqamətlərin inkişaf etdirilməsi və Azərbaycan elminin dünya miqyasında tanıdılması baxımından mühüm əhəmiyyət daşıyırdı.
Heydər Əliyev elmi yalnız keçmişi öyrənən sahə kimi deyil, gələcəyi quran qüvvə kimi qiymətləndirirdi. O, xüsusilə informasiya texnologiyaları, kosmik tədqiqatlar, energetika, biologiya, tibb və humanitar elmlərin inkişafına böyük önəm verirdi. Çünki o yaxşı bilirdi ki, güclü elmə malik olmayan dövlət müasir dünyanın çağırışlarına cavab verə bilməz.
Heydər Əliyevin alimlərə münasibətində dərin insani münasibət və mənəvi ehtiram hiss olunurdu. O, ziyalıları xalqın vicdanı hesab edir, onların cəmiyyətdəki rolunu yüksək qiymətləndirirdi.
Ulu Öndərin alimlərlə keçirdiyi görüşlər hər zaman xüsusi səmimiyyəti ilə yadda qalırdı. O, alimlərin fikirlərini diqqətlə dinləyir, onların problemləri ilə yaxından maraqlanır, təkliflərinə böyük həssaslıqla yanaşırdı.
Alimlərin fəxri adlarla təltif olunması, dövlət mükafatları ilə qiymətləndirilməsi, yubileylərinin keçirilməsi və sosial problemlərinin həlli məhz bu qayğının bariz nümunəsi idi. Çünki Heydər Əliyev anlayırdı ki, alimə verilən hörmət əslində xalqın mənəvi səviyyəsinin göstəricisidir.
O deyirdi ki, xalq öz ziyalısını qorumursa, öz gələcəyini qoruya bilməz. Bu fikir onun bütün siyasətində öz əksini tapırdı. Azərbaycan ziyalısı ilk dəfə məhz Heydər Əliyev dövründə dövlət tərəfindən sistemli şəkildə himayə olunmağa başladı.
Heydər Əliyev humanitar elmlərin inkişafına xüsusi diqqət yetirirdi. Tarix, dilçilik, ədəbiyyatşünaslıq, fəlsəfə və mədəniyyət, fizika, kimya ,tibb sahəsində aparılan tədqiqatlar onun daim diqqət mərkəzində idi.
Çünki Ulu Öndər bilirdi ki, tarixini bilməyən xalq gələcəyini qura bilməz. Milli yaddaşın qorunması üçün tarix elmi inkişaf etməli, milli-mənəvi dəyərlər araşdırılmalı və gələcək nəsillərə çatdırılmalıdır.
Onun təşəbbüsü ilə Azərbaycan tarixinin müxtəlif dövrləri yenidən araşdırıldı, repressiya qurbanlarının irsi öyrənildi, milli-mədəni irsin qorunması istiqamətində mühüm addımlar atıldı. Azərbaycan dilinin dövlət dili kimi inkişafı, latın qrafikasına keçid və milli ədəbiyyatın təbliği də bu böyük ideologiyanın tərkib hissəsi idi.
Heydər Əliyev yalnız mövcud alim nəslini deyil, gələcəyin ziyalılarını da düşünürdü. O, gənclərin elmə marağının artırılmasını dövlətin əsas vəzifələrindən biri hesab edirdi.
Gənc alimlərin xaricdə təhsil almaları, beynəlxalq elmi layihələrdə iştirak etmələri, yeni texnologiyalarla tanış olmaları üçün geniş imkanlar yaradıldı. Çünki ulu öndər anlayırdı ki, elm daim yenilənməli, inkişaf etməli və dünya ilə ayaqlaşmalıdır.
O, gənclərə müraciətlərində tez-tez bildirirdi ki, Azərbaycanın gələcəyi onların biliyindən, savadından və vətənpərvərliyindən asılıdır. Bu çağırış gənclərdə elmə, təhsilə və milli dəyərlərə bağlılıq hissini gücləndirirdi.
Heydər Əliyevin həyata keçirdiyi elm siyasəti nəticəsində Azərbaycan alimləri beynəlxalq elmi məkanlarda daha fəal iştirak etməyə başladılar. Xarici ölkələrlə əməkdaşlıq genişləndi, beynəlxalq konfranslar təşkil olundu, Azərbaycan alimlərinin əsərləri dünya elmi ictimaiyyətində tanınmağa başladı.
Bu siyasət Azərbaycan elminin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, ölkənin intellektual imicini də gücləndirdi. Azərbaycan artıq yalnız enerji resursları ilə deyil, həm də elmi potensialı ilə diqqət çəkən dövlətə çevrilirdi.
Bu gün müasir Azərbaycanın elm siyasətində ulu öndərin ideyaları yaşayır və inkişaf edir. Elmə dövlət qayğısı, innovasiya layihələrinin həyata keçirilməsi, rəqəmsal texnologiyaların inkişafı, gənc alimlərin dəstəklənməsi məhz Heydər Əliyev siyasətinin davamıdır.
Onun müəyyən etdiyi strateji kurs nəticəsində Azərbaycan elmi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu gün ölkəmizdə həyata keçirilən böyük layihələr — kosmik sənayenin inkişafı, rəqəmsal transformasiya, süni intellekt texnologiyalarının tətbiqi, innovasiya mərkəzlərinin yaradılması — hamısı vaxtilə Heydər Əliyevin təməlini qoyduğu inkişaf konsepsiyasının nəticəsidir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev elmin hüquqi bazasının təkmilləşdirilməsi istiqamətində ulu öndərin apardığı siyasəti davam və daha da inkişaf etdirdi. 2016-cı il iyunun 14-də Azərbaycanda elmin inkişafı istiqamətində yeni perspektivlər açan “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsində yeni dəyişikliklər edildi.
Prezident İlham Əliyevin 2010-cu və 2015-ci illərdə AMEA-da alimlər qarşısında dərin məzmunlu, proqram xarakterli çıxışları, elmin inkişaf perspektivləri ilə bağlı dəyərli tövsiyələri ulu öndərin müdrikliklə müəyyən etdiyi və həyata keçirdiyi elm siyasətinin davamı baxımından səciyyəvi olmuşdur.
Bu gün dördüncü sənaye inqilabı ilə ayaqlaşmaq, iqtisadiyyatın dayanıqlılığını təmin etmək, biliklərə və elektronlaşdırmaya əsaslanan cəmiyyətin formalaşdırılması və insan kapitalına investisiyaların qoyuluşu yaxın perspektiv üçün Azərbaycanın dövlətçilik, eləcə də elm və təhsil siyasətinin başlıca strateji istiqamətlərindəndir. Ölkə rəhbəri İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, bütün bunlar yüksəkixtisaslı insan resursları, yeni elmi yanaşmalar və çevik innovasiya fəallığı tələb edir və müasir dünyanın reallıqları Azərbaycan elmi qarşısında tamamilə yeni vəzifələr qoyur. Bu vəzifələrin səmərəli icrasını təmin etmək, o cümlədən pandemiyaya qarşı mübarizəyə, işğaldan azad edilmiş torpaqlarımızda tədqiqatların aparılması ilə “Böyük Qayıdış”a gərəkli töhfələr verilməsində Azərbaycan elminin iştirakını təmin etmək üçün Azərbaycan Milli Elmlər Akademiyasında proqramlar hazırlanıb və bu proqramların səmərəli icrası istiqamətində alimlərimiz səylə çalışırlar.
Məhz bu baxımdan Heydər Əliyevin elm siyasəti uzaqgörən strateji konsepsiyaya əsaslanırdı. O anlayırdı ki, XXI əsr texnologiya, innovasiya və bilik əsri olacaq. Dünyada rəqabət artıq yalnız iqtisadi resurslar uğrunda deyil, elmi nailiyyətlər uğrunda aparılacaq. Azərbaycan da bu böyük inkişaf yarışında öz layiqli yerini tutmalı idi. Bunun üçün isə ilk növbədə milli elmi potensial qorunmalı, alimlərə dövlət qayğısı göstərilməli idi
Heydər Əliyevin elmə münasibəti sadəcə dövlət rəhbərinin elm adamlarına diqqəti deyildi. Bu, bütöv bir millətin gələcəyinə yönəlmiş böyük strateji düşüncə idi. O, kitabı, biliyi, ziyalılığı və elmi dövlətçiliyin mənəvi sütunu hesab edirdi.
Onun siyasəti nəticəsində Azərbaycan alimi özünü cəmiyyətin dəyərli üzvü kimi hiss etdi, elm dövlətin diqqət mərkəzinə çevrildi, milli intellektual potensial qorundu və inkişaf etdirildi.
Bu gün Azərbaycan elminin qazandığı hər uğurun arxasında Heydər Əliyevin uzaqgörən siyasətinin işığı görünür. Çünki ulu öndərin yaratdığı elm siyasəti yalnız bir dövrün proqramı deyil, gələcəyə uzanan böyük inkişaf yoludur.
Heydər Əliyevin adı Azərbaycan tarixində yalnız qüdrətli dövlət xadimi kimi deyil, həm də elmin böyük himayədarı, alimlərin etibarlı dayağı və milli intellektual düşüncənin xilaskarı kimi əbədi yaşayacaqdır.

AMİDTV.AZ

Nazilə Soltanova Tarix üzrə fəlsəfə doktoru, dosent

Heydər Əliyevin mədəniyyət və incəsənət sahəsində həyata keçirdiyi siyasət

Ulu Öndər Heydər Əliyevin iqtisadiyyatın formalaşdırılması istiqamətində həyata keçirdiyi uğurlu siyasət

Heydər Əliyevin rəssamlıq və sənətşünaslığın inkişafında müstəsna xidmətləri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Ulu Öndər Heydər Əliyevin elmin məbədinə çevrilən dövlətçilik fəlsəfəsi

Heydər Əliyevin mədəniyyət və incəsənət sahəsində həyata keçirdiyi siyasət

Ulu Öndər Heydər Əliyevin iqtisadiyyatın formalaşdırılması istiqamətində həyata keçirdiyi uğurlu siyasət

Mersin’de Kahramanmaraşlılar Güç Birliği Mesajı Verdi

Milli Məclisin sədri Sahibə Qafarova Monqolustanın Baş prokuroru ilə görüşüb