Zəfər,gələcək nəsillərin ruhunda qürur və Vətənə sevgi toxumu əkən, millətin əbədi yaşayışının qarantıdır

0

27 Sentyabr 2020-ci il… Bu, sadəcə bir hərbi əməliyyatın başlanğıcı deyildi,bu, millətin 30 illik ruh sükutunun qətiyyətli bir hayqırtıya çevrildiyi tarixi bir an idi. Otuz il ərzində haqqın səsini beynəlxalq sükutda boğmağa çalışanlara, Müzəffər Ali Baş Komandanın iradəsi və Azərbaycan Ordusunun “Dəmir Yumruğu” cavab verdi. Qarabağ, Azərbaycanın yalnız coğrafi yaddaşı deyil, həm də milli qeyrətinin, mədəni kimliyinin özəyi idi. O gün Azərbaycan, beynəlxalq hüququn işləmədiyi yerdə, özünün ədalət qılıncı ilə haqq-ədaləti bərpa etdi.
Bu Qələbə, Azərbaycanın dünya sivilizasiyasına verdiyi ən böyük psixoloji və siyasi töhfə oldu: Ali Baş Komandan İlham Əliyev hər zaman bilirdi ki,Ədalətin bərqərarı qüvvə ilə deyil, uğurlu siyasət nəticəsində,qüvvətli ədalətlə mümkündür. Milli şüur, məğlubiyyətin və passiv sükutun yükündən qurtularaq, Qalib Ruhun qüruru ilə doldu.
Qələbənin ardınca başlayan “Böyük Qayıdış” strategiyası, Azərbaycanın modern sivilizasiyanın inkişafında rolunun vizual manifestinə çevrildi. Bu, sadəcə xarabalıqları bərpa etmək yox, gələcəyi sıfırdan, ən innovativ prinsiplərlə qurmaq deməkdir.
Cənab İlham Əliyevin rəhbərliyi ilə Ağdam, Füzuli, Cəbrayıl və Şuşa kimi şəhərlər “Ağıllı Şəhər” və “Ağıllı Kənd” konsepsiyaları əsasında yenidən doğulur. Bu, rəqəmsal idarəetmə, enerji səmərəliliyi və ekoloji davamlılıq prinsiplərini önə çəkərək, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti Azərbaycanı Qafqazın yaşıl və rəqəmsal inkişaf mərkəzi edib. Qarabağ ərazisi rəsmi olaraq Yaşıl Enerji Zonası elan edilib. Zəngin hidroenerji, külək və günəş potensialı ölkəmizi regional enerji təhlükəsizliyinə mühüm töhfə verən “Yaşıl Enerji Dəhlizi” layihəsinin mərkəzinə çevirir. Qələbənin  iqtisadi və geosiyasi tacı olan Zəngəzur Dəhlizi layihəsi, Azərbaycanın dünya sivilizasiyasının inkişafında rolunu regional səviyyədən qlobal müstəviyə daşıyır . Bu dəhliz, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı və Türkiyəni birləşdirir, eyni zamanda türk dünyasının vahid coğrafi, iqtisadi və mədəni məkanını bərpa edir.
Zəngəzur dəhlizi, orta dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) kritik hissəsinə çevrilərək, Asiya ilə Avropa arasındakı ticarəti əhəmiyyətli dərəcədə sürətləndirir və ucuzlaşdırır. Beynəlxalq proqnozlara görə, dəhliz gələcəkdə Avrasiya ticarət dövriyyəsinin böyük bir hissəsini öz üzərinə götürəcək, Azərbaycanı kontinentlərarası nəqliyyat qovşağı funksiyası ilə beynəlxalq iqtisadi proseslərin fəal iştirakçısına çevirəcək. Azərbaycan sükutu qətiyyətə çevirərək, yalnız öz ərazi bütövlüyünü bərpa etmədi, həm də regional sülhün və iqtisadi inkişafın yeni memarı oldu. “Böyük Qayıdış” və Zəngəzur Dəhlizi ilə ölkəmiz, Qafqazda sabitliyin, tərəqqinin və mədəniyyətlərarası əlaqələrin inkişafının simvoluna çevrilərək, dünya sivilizasiyasının dayanıqlı inkişafına misilsiz töhfə verir.
Vətən müharibəsi Azərbaycanın milli şüurunda köklü bir dəyişiklik yaratdı. Bu dəyişiklik, daxili bir intibahın, millətin öz gücünə və haqq-ədalətinə olan inamının bərpası idi. Zəfərin qazanılması ilə Azərbaycan, yalnız ərazi bütövlüyünü deyil, həm də beynəlxalq hüququn aliliyini öz qanı, canı bahasına bərpa etdiyini bütün dünyaya göstərdi. Bu, öz haqqını qətiyyətlə tələb edən və onu ədalətli yolla geri qaytaran müasir, güclü bir dövlət obrazı idi.
Azərbaycan, otuz il işləməyən beynəlxalq hüquq mexanizminin yerinə, güclü ordu və siyasi iradə ilə beynəlxalq qanunları bərpa edəcəyini nümayiş etdirdi. Bu, müasir dövrdə ədalətin bərpası modelinin formalaşmasına tövhədir.İşğaldan  azad edilmiş torpaqlar, yalnız coğrafi məkan deyil, həm də Azərbaycanın qədim sivilizasiya ocaqları idi. Qarabağın bərpası, Azərbaycana xas olan tolerantlıq, multikulturalizm və mədəniyyətlərarası dialoq ənənəsinin dirçəldilməsi deməkdir. Şuşanın, Ağdamın, Füzulinin yenidən qurulması müharibənin dağıntılarına qarşı sivilizasiyanın qələbəsi kimi dünya ictimaiyyətinə təqdim olunur.Zəfər həm də türk dünyasının birliyinin və qüdrətinin simvolu oldu. Azərbaycan, geosiyasi balansda, Türk Dövlətləri Təşkilatının güclənməsində və Orta Dəhliz kimi regional əməkdaşlıq layihələrində aparıcı rol oynamağa başladı. Bu, qlobal ticarət və mədəni əlaqələrin inkişafına mühüm təsir göstərir.
Azərbaycan, qədim İpək Yolu üzərində yerləşən, Şərqlə Qərbi birləşdirən bir mədəniyyət körpüsüdür. Nizami Gəncəvidən Nəsimiyə, Təbriz miniatür məktəbindən zəngin muğam sənətinə qədər Azərbaycan sivilizasiyaya unikal töhfələr verib.
Ancaq 27 Sentyabrdan sonra bu rol yeni bir məna kəsb edir. Azərbaycan indi yalnız zəngin mədəniyyət daşıyıcısı deyil, həm də ədalətin bərqərar edilməsi uğrunda mübarizənin simvoludur.
Bu Zəfər, Azərbaycana özünün gələcək inkişafında daha inamlı addımlar atmaq, regional təhlükəsizliyin təminatında daha fəal iştirak etmək və dünya sivilizasiyasının dialoq və inkişaf proseslərinə güclü bir səs gətirmək imkanı verdi. Millətin qətiyyətə çevrilən sükutu, Azərbaycanın qüdrətli və qürurlu bir dövlət kimi beynəlxalq arenada öz yerini möhkəmləndirdiyini bəyan etdi
8 Noyabr – Şuşanın azad edilməsi. Bu hadisə, Vətən müharibəsinin qrammatik və bədii yekunu, bu epopeyanın leksik tacı oldu. Şuşa, bizim mədəniyyətimizin, incəsənətimizin və dilimizin ən kövrək və eyni zamanda ən sıldırım qalası idi.
Əsgərlərimizin qayalardan dırmanaraq, şücaət və milli qeyrətin fövqəltəbii gücü ilə əlləriyalın o şəhəri fəth etməsi, Dədə Qorqud qəhrəmanlarının ruhunun geri qayıtdığının sübutu idi. Şuşada ucalan üçrəngli bayraq – 30 illik səhnələşdirilmiş “Nəqli Keçmiş Zaman” dramının qəti sonu idi. O səs, bütün dünyaya bəyan etdi:
“Qarabağ bizim oldu! Şuşa Fəth Edildi! (-dı!)”
Bu, sadəcə bir hərbi qələbə yox, həm də milli kimliyimizin özünüdərkinin, “Mən” demək qüdrətinin bərpası idi.
Zəfər Günü, Şəhidlərimizin müqəddəs haqqının və Qazilərimizin yenilməz ruhunun təcəssümüdür. İndi biz Quruculuq və Böyük Qayıdış epoxasına qədəm qoymuşuq. Bu, bizim Gələcək Zamanımızdır.
Biz, dilçi alimlər, əminik ki, yeni nəsil artıq Qarabağın tarixini təəssüflü “nəqli” formalarla yox, qətiyyətli “şühudi” formalarla öyrənəcək. Onlar biləcəklər ki, azad edilmiş bu torpaqlar onların atalarının Qəhrəmanlığı ilə qazanıldı. Bu, gələcək nəsillərin ruhunda qürur və Vətənə sevgi toxumu əkən, millətin əbədi yaşayışının qarantı olan Zəfərdir.
Beş il əvvəl, 8 Noyabr 2020-ci ildə Şuşanın azad edilməsi ilə Vətən Müharibəsi Zəfərlə taclandı. Bu tarix, sadəcə bir hərbi qələbənin yubileyi deyil, bu, Azərbaycan milli şüurunun yeni dövrə qədəm qoymasının, qətiyyətin zəfərə çevrilməsinin, otuz illik tarixi haqsızlığın ədalətlə əvəzlənməsinin beş illiyidir. Bu yubiley, qəlbi Vətən eşqi ilə döyünən hər bir Azərbaycan vətəndaşı üçün qürur, minnətdarlıq və gələcəyə inamın simvoludur.Şuşanın  dirçəlişi və mədəniyyət həyatının bərpası, Zəfərin ən parlaq və ən bədii təcəssümlərindən biridir.
Əgər Vətən Müharibəsi Zəfərimizin zirvəsi Şuşanın azad edilməsi idisə, bu Zəfərin ruhu və canı Şuşanın Mədəniyyət Paytaxtı kimi dirçəlməsində yaşayır. Şuşa, sadəcə bir qala şəhəri deyil, Azərbaycanın tarixi yaddaşının, muğamının, poeziyasının və musiqisinin müqəddəs məbədi idi. Beş illik Zəfər yolunda Şuşanın dirçəlişi, dağıntıların üstündə Yaradıcılıq Ruhunun qələbəsinin ən canlı sübutudur.
Şuşa, illər boyu səsi boğulmuş bir musiqi idi. Bu gün o, bərpa olunan abidələrin, yenidən qayıdan Bülbülün səsinin və Cıdır düzündəki atların tozanağının yaratdığı möhtəşəm bir Simfoniyaya çevrilib.
Artıq Xankəndi stadionu fərqli bir səsi, Azərbaycanın qətiyyətli səsini dinləyirdi. 2023-cü ilin sentyabrında keçirilən uğurlu antiterror tədbirləri ilə suverenliyin tam bərpasından sonra, Müzəffər Ali Baş Komandanın iştirakı ilə keçirilən bu parad, hərbi qələbənin son və ən yüksək diplomatik akkorduna  çevrildi.Bu ədalətin gecikən təntənəsi idi. Əgər bir zamanlar Xankəndidə illüziya parlayan bir “nöqtə” qoyulmuşdusa, Azərbaycan Ordusu o nöqtəni sildi, onun yerinə üçrəngli Bayrağın əbədi ucalmasını simvolizə edən bir nida işarəsi qoydu!
Şübhəsiz! Zəfər, Azərbaycanın xarici siyasətinin və beynəlxalq münasibətlər sistemindəki mövqeyinin əsaslı şəkildə dəyişməsinə səbəb olan Yeni Diplomatik Nəfəs gətirdi.
Otuz il ərzində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin (822, 853, 874, 884) kağız üzərində qalması, beynəlxalq sistemin çatışmazlıqlarını göstərirdi. Azərbaycan, bu qətnamələrin tələblərini hərbi güc və diplomatik iradənin vəhdəti ilə yerinə yetirərək, beynəlxalq hüququn aliliyinin praktik təsdiqini nümayiş etdirdi. Qələbənin diplomatik zirvələrindən biri, illərlə səmərəsiz fəaliyyət göstərən ATƏT-in Minsk Qrupunun faktiki olaraq ləğv edilməsi oldu. Azərbaycan bu addımla münaqişənin həlli məsələsini birdəfəlik bağladığını və regionda yeni geosiyasi reallıqların bərqərar olduğunu beynəlxalq ictimaiyyətə qəbul etdirdi.
Zəfər, Azərbaycanın Cənubi Qafqazda həlledici söz sahibi kimi mövqeyini dəyişməz etdi. Artıq Azərbaycan regional sülh müqavilələrinin, iqtisadi layihələrin və nəqliyyat marşrutlarının əsas təşəbbüskarı və memarı funksiyasını daşıyır. Bu, Ermənistanla sülh gündəliyinin irəli sürülməsində də Azərbaycanın mövqeyini gücləndirdi. Vətən  Müharibəsi, Azərbaycan-Türkiyə münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə yüksəlməsini rəsmiləşdirdi. Şuşa Bəyannaməsi, bu əlaqələrin geosiyasi gücə çevrilməsinin bəyanı oldu. Azərbaycan, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində inteqrasiyanın lokomotivi olaraq, türk dünyasının qlobal proseslərdəki rolunu artırdı
Azərbaycan post-müharibə dövründə balanslaşdırılmış və praqmatik xarici siyasətini davam etdirir. Ölkəmiz həm Rusiya və İran kimi qonşularla, həm də Avropa İttifaqı və Qərb dövlətləri ilə enerji və nəqliyyat layihələri üzərində əməkdaşlığı inkişaf etdirir. Lakin Qərbin bəzi siyasi dairələrinin qeyri-obyektiv mövqeyi fonunda, Azərbaycan Şərqə, xüsusilə də Asiya və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) üzvləri ilə əlaqələrə strateji prioritet verir. Qoşulmama Hərəkatına sədrliyin uğurla davam etdirilməsi də Azərbaycanın qlobal diplomatiyadakı çəkisini göstərir.
Qələbədən sonra Azərbaycanın əsas diplomatik çağırışı davamlı sülhün və etimadın qurulmasıdır.
Azərbaycan beynəlxalq platformalarda Ermənistana sülh sazişini imzalamaq, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması (Zəngəzur Dəhlizi) barədə çağırışlarını davamlı olaraq səsləndirir. Bu, ölkəmizin təcavüzkar deyil, sülhsevər, konstruktiv tərəf olduğunu nümayiş etdirir.
27 Sentyabrda Azərbaycanın sükutunun qətiyyətə çevrilməsi, yalnız cəbhədə deyil, həm də coğrafiyada və geosiyasətdə dəyişməz reallıq yaratdı. Otuz illik işğalın son nöqtəsi olan 10 Noyabr 2020-ci il Bəyanatı, hərbi zəfərin diplomatik imzası idi. Bu sənədin 9-cu bəndi, sadəcə bir cümlə yox, Qafqazın gələcəyini dəyişəcək “Əməkdaşlıq Kodu” idi: Kommunikasiyaların açılması.
Bu bəndin fiziki təcəssümü olan Zəngəzur Dəhlizi (TRIPP), indi müharibənin acı xatirələri ilə sülhün işıqlı vədi arasında uzanan bir “Taleyin Şah Damarı” kimi dayanır. O, təkcə metal və asfalt yox, həm də “güclü iradənin sülh vizyonuna çevrilməsinin” ən bariz memarlıq nümunəsidir.
TRIPP-in sülh müqaviləsinə ən fundamental töhfəsi, münaqişə zonasına Qazan-Qazan (Win-Win) iqtisadi məntiqini zorla yeritməsidir. Elmi iqtisadiyyat nəzəriyyəsində sübut olunub ki, dövlətlərarası münaqişənin dayanıqlı həlli qarşılıqlı iqtisadi inteqrasiya və asılılıqdan keçir.
Ermənistan üçün bu dəhliz, onilliklər boyu davam edən regional iqtisadi blokadadan çıxışa açılan yeganə pəncərədir.
Azərbaycan üçün Zəngəzur Dəhlizi Böyük Qayıdışın hərəkətverici qüvvəsi, Naxçıvana olan təbii və tarixi bağın bərpasıdır. Qlobal miqyasda isə bu, Orta Dəhlizi (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunu) Avropa bazarlarına çatdıran qısamüddətli, təhlükəsiz və səmərəli bir arteriyaya çevirir. Dəhliz, Azərbaycanı Avrasiyanın strateji qovşağı funksiyasında möhkəmləndirir, sülh müqaviləsini regiondan kənarda da maraqlı tərəflər üçün cəlbedici edir.
Zəngəzur Dəhlizi siyasi mahiyyətinə görə sülh müqaviləsinin İcra Planıdır.
Bu dəhliz, sadəcə yükləri deyil, həm də etimadı daşıyacaq. İnsanların və nəqliyyat vasitələrinin maneəsiz hərəkəti, illərlə düşmənçiliklə qidalanan psixoloji maneələri tədricən aradan qaldıracaq. Bu, “qonşuluq münasibətlərinin normallaşması” adlanan sosial elmi prosesin praktikada sınaqdan keçirilməsidir.
Sülh sazişinin imzalanması prosesi ləngidilsə də, TRIPP layihəsi üzrə infrastrukturun tikintisi dönməz bir proses olaraq qalır. Azərbaycanın öz ərazisindən keçən hissəni sürətlə tamamlamaq qətiyyəti, Ermənistana gec qalmaq təhlükəsini xatırladır. Dəhlizin reallaşması, Ermənistanın ya sülh yolu ilə inteqrasiya (və iqtisadi inkişaf) və ya təcrid vəziyyətində qalmaq arasında seçim etməsini zəruri edir. Bu, sülh müqaviləsinin qəbul edilməsi üçün güclü bir siyasi təzyiq və motivasiya yaradır.
Zəngəzur Dəhlizi (TRIPP) — kağız üzərindəki hüquqi sənədin canlı orqanizmidir. O, təkcə qatar relsi deyil, Qafqazın gələcək sülhünün qızıl dəmir yoludur.Azərbaycan diplomatiyası indi bölgənin əbədi sülh müqaviləsini imzalayan əlləri olaraq dayanır. Və bu dəhlizlər, bu yollar, bu bərpa layihələri… Bütün bunlar o böyük sükutun içindən doğan qətiyyətin, Zəfərin və əbədi yaşamaq haqqımızın danılmaz şahidləridir. Qoy bu qətiyyət, Zəfərimizin qızıl hərflərlə yazılmış ən böyük mirası olsun!
Yaşasın Azərbaycan! Zəfər ruhu əbədi olsun!

AMİDTV.AZ

İslam Vəliyev Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının dosenti,Əməkdar müəllim.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir