Azərbaycan qadınının güclü potensialını və  Qarabağ həqiqətlərini, eyni zamanda Qalib Sərkərdənin ədalətli siyasətini dünya ictimaiyyətinə çatdıran Fəridə Hicran Talıb qızı Vəliyeva

0

Fəridə Hicran kimdir? Bu sadə sualın arxasında Qarabağın  30 illik  ağrı – acısını yaşayan   bir alimin həyat hekayəsi dayanır.

Azərbaycan qadınının güclü potensialını və  Qarabağ həqiqətlərini, eyni zamanda Qalib Sərkərdənin ədalətli siyasətini dünya ictimaiyyətinə çatdıran Fəridə Hicran Talıb qızı Vəliyeva məhz Qarabağda anadan olmuşdur.

Azərbaycanın qədim,  qürurlu bir diyarı olan Qarabağ, təkcə daşları və çinarları ilə deyil, yetirdiyi övladları ilə də tarix yazır. Qarabağın toy otağı sayılan Ağdam rayonunun Seyidli oymağında dünyaya göz açan Fəridə Hicran Talıb qızı Vəliyeva bu coğrafiyanın qeyrətini, elmə və sözə sevgisini canında daşıyan görkəmli şəxsiyyətlərdəndir. Apardığımız araşdırmalardan  onun köklərinin dərinliyini  , anası Rəna müəllimənin  Şuşa xanlarından olan Hüseynqulu xanın və Bülqeys xanımın nəticəsi, həmçinin  Ağdamda pristav işləmiş Cərkəz bəyin qızı,İldırım xanın qardaşı qızı  olaraq  tapdıq.  Bu böyük nəslin gen daşıyıcısı olmaq, Fəridə Hicrana da həm xan zərifliyini, həm də döyüşkən bir ruhu miras qoymuşdur.

      
Fəridə Hicranın həyatı elm və vətənpərvərlik cəbhələrində daim parallel inkişaf edib. Hələ erkən yaşlarından Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA- da) aspiranturaya qəbul olaraq, 1992-ci ildə “Azərbaycan şifahi xalq ədəbiyyatında yuxu və onun rəmzləri” mövzusunda dissertasiya müdafiə edərək fəlsəfə doktoru adını qazanıb. Uzun illər AMEA-da böyük elmi işçi kimi fəaliyyət göstərən Fəridə xanım 2023-cü ildə  elmi məsləhətçisi olan  Akademik Rafael Hüseynovun rəhbərliyi ilə  “XIII-XV əsrlər türkdilli poeziyada folklor ənənələri və eşqin təqdimi prinsipləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru
kimi elmi zirvəni fəth edib. O, on bir elmi monoqrafiyanın və dünyanın nüfuzlu beynəlxalq jurnallarında işıq üzü görmüş üç yüzdən çox elmi məqalənin müəllifidir.

     
Lakin onun adı təkcə elm kürsülərində çəkilmir. Birinci Qarabağ döyüşlərində haqqın səsini dünya ictimaiyyətinə catdırmaq məqsədi ilə öz  xidməti müxbir vəzifəsini  ən qaynar nöqtələrdə icra edərkən , yaralanmış və hazırda şərəfli bir adın  Qarabağ Qazisi adının daşıyıcısıdır.

O, qələmini də hərbi xidməti kimi müqəddəs bilir. Fəridə Hicran Vəliyeva təkcə alim deyil, həm də publisist yazıçı, dramaturq və şairə kimi Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yerə sahibdir.  Müəllif altmışdan çox bədii əsəri ilə zəngin bir yaradıcılıq irsi qoyub.

Xüsusilə 2022-ci il onun fəaliyyətində daha məhsuldar bir dövr olub. Cənab Prezidentin qərarına əməl edərək, dahi şairə Xurşidbanu Natəvan haqqında yazdığı və ingilis dilinə təcümə etdirdiyi  poemasını Albaniyanın nüfuzlu jurnalında dərcinə, eyni zamanda pyesinin Niderland Krallığında Holland dilində tamaşaya qoyulmasına nail olub. “Xurşidbanu bəyim Natəvan” poeması əsasında çəkilən sənədli film dövlət televiziyasında nümayiş olunub. Onun “Xurşidbanu bəyimin
səcərəsi və Natəvan məfkurəsi” kitabı üç dilə tərcümə olunaraq nəşrə verilib.

Fəridə xanımın ictimai-siyasi fəaliyyətinin ən önəmli səhifələrindən biri də “Miqrasiya Proseslərinin Tədqiqi” İctimai Birliyinin sədri eyni zamanda  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü kimi gördüyü işlərdir.

Onun 44 günlük Vətən Müharibəsi ilə bağlı beynəlxalq səviyyədə apardığı mübarizə xüsusilə diqqətəlayiqdir. O, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin xətti  ilə Hollandiyanın Den Haag şəhərində görüşlər keçirib, iki televiziya kanalında Qarabağ həqiqətlərini və Qalib Sərkərdənin ədalətli siyasətini dünya ictimaiyyətinə çatdırıb.

Qələm əhlindən, elm adamından gözlənilən ən yüksək fədakarlıqla, qəlbindəki Qarabağ yaraları ilə Hollandiyanın Den Haag şəhərinə yollanan Fəridə Hicran beynəlxalq hüququn və ədalətin simvolu sayılan bu məkanda QHT-lərə Dövlət Dəstəyi Agentliyinin xətti ilə həyata keçirdiyi layihə çərçivəsində, Azərbaycan həqiqətlərinin qaranlıqdan işığa çıxmasına nail oldu. O, təkbaşına bir ordunun işini gördü, yerli telekanallara çıxdı, tribunlardan səsləndi və ən əsası – “Qalib Sərkərdənin ədalətli siyasətini” və azad edilmiş torpaqların reallıqlarını dünya ictimaiyyətinə çatdırdı. Onun səsi cəbhə xəttindən gələn bir etiraf kimi, təsirli və inandırıcı idi.

Lakin onun Haaqa səfərini əbədiləşdirən bir məqam var: Fəridə Hicran hələ 2018 ci ildə Haaqa Ədalət Məhkəməsinə Qarabağ yaraları ilə gedən ilk Azərbaycanlı xanım olaraq tanındı. Bu, sadəcə bir səyahət deyil,  Bir Qarabağ qazisinin öz yurdunun haqqını tələb etmək üçün apardığı mənəvi bir yürüş idi. O,sinəsindəki döyüş nişanələrilə yanaşı, qələminin ucu ilə yaratdığı, üç dildə nəşr etdirdiyi sənədli oçerklərdən ibarət “Qarabağda Talan Var” kitabını da özü ilə apardı.

Fəridə Hicran, müharibənin fiziki dağıntıları ilə yanaşı, tarixi və mədəni soyqırımını da sənədləşdirən bu kitabını Haaqa Ədalət Məhkəməsinin kitabxanasına təqdim etdi.  Bu addım, təkcə bir ədəbi töhfə deyil, həm də beynəlxalq hüquq müstəvisində Azərbaycanın iddialarının rəsmi sübutu kimi qəbul edilməlidir.

Bu, bir xanımın, bir alimin və bir Qazinin şəxsi mübarizəsi idi. O, Qalib Azərbaycanın səsini Qərbə daşıyarkən, sübut etdi ki, ədalət qılıncdan öncə sözlə, inamla və israrla qazanılır. Fəridə Hicran Vəliyeva Haaqada, o uzaq, soyuq tribunalarda Qarabağdan gələn isti nəfəs oldu, beynəlxalq ictimaiyyətin vicdanını bir daha silkələdi. Onun cəsarəti və fədakarlığı bu gün gənc nəsil üçün bir örnəkdir: Qalibiyyət təkcə döyüşdə deyil, beynəlxalq fikir cəbhəsində də daim müdafiə edilməli olan müqəddəs dəyərdi. O, üç dildə nəşr etdirdiyi sənədli oçerklərdən ibarət “Qarabağda Talan Var” kitabını Dünyanın Beynəlxalq Məhkəməsi olan Haqaa Ədalət Məhkəmənin kitabxanasına təqdim edən öncüllərdəndir. ABŞ, Almaniya, İsveç, Norveç, Niderland, Belçika kimi ölkələrdə
“Qalib Ölkə, Qalib Sərkərdə və Qalib Xalq” mövzusunda konfranslar keçirməklə Azərbaycanın haqq səsini dünyaya çatdırmaqdan bu gün də yorulmur.

Elmdə, ədəbiyyatda və beynəlxalq tribunada bu fədakar fəaliyyətinə görə Fəridə Hicran Vəliyeva Prezidentin imzası ilə “Tərəqqi medalı” (2021) daxil olmaqla, “Qızıl Qələm”, “Media mükafatı laureatı”, “Xan qızı Natəvan mükafatı” və “İlin işgüzar xanımı” kimi çoxsaylı yüksək mükafatlara layiq görülüb.

Fəridə Hicran Vəliyeva həm Vətən Qazisi, həm Dədə Qorqud yurdunun söz bəzəyən alimi, həm də beynəlxalq arenada Qarabağın haqq səsini ucaldan bir qadın kimi öz xalqının və dövlətinin iftixarıdır.

Qarabağ, min illik yaddaşın ağrısı və qələbə müjdəsi daşıyan müqəddəs bir diyardır. Bu torpaqların qeyrətini canında daşıyan övladları isə əllərində silahla döyüşdükdən sonra, indi də sözün və həqiqətin zirehi ilə mübarizə aparırlar. Onlardan biri də, Birinci Qarabağ müharibəsinin yaralı qazisi, Filologiya Elmləri doktoru Fəridə Hicran Vəliyeva Vətən Müharibəsi bitdikdən sonra, döyüş meydanında susan topların səsini beynəlxalq tribunalara daşıyan cəsur bir elçiyə çevrilib. O bu gün də susmur, Fəridə Hicranın  özünün tez -tez təkrar etdiyi kimi, Qalib prezidentinin və ona  dayaq olan mübariz və vətənpərvər vitse prezidentinin haqq səsini və Azərbaycan gerçəkliklərini dünyaya catdırmaq ücün yaşayır .

Onun həyat yolu hər kəsə Vətənə, elmə və sözə sevginin tükənməz gücünü sübut edir. Bu vətənpərvərlik ruhu, böyük bir nəsllərdən eyni zamanda Ali baş komandanın siyasətindən ilhamlanaraq, tariximizin unudulmaz izlərinə, çağdaş Azərbaycanın azadlığına inamın güzgüsü olaraq yaranmışdır. Tarixin səhifələri bəzən kəskin, bəzən isə ədalətli qəhrəmanlıq hekayələri ilə dolu olur.

Lakin çox az millətin Sərkərdəsinə , döyüş meydanında Qalibiyyət qazanmaqla yanaşı, bu Qalibiyyəti möhkəm təməllərə – Ədalətə söykəmək nəsib olur. 44 günlük Vətən Müharibəsi ilə Azərbaycan yalnız işğala son qoymadı, həm də dünyaya siyasətin və sərkərdəliyin ən ali nümunəsini göstərdi.

Bu gün bəhs etdiyimiz Qalib Sərkərdənin məfkurəsi nə qılıncın gücünə, nə də tək intiqam hissinə əsaslanır. Onun siyasəti qədim bir müdrikliyin çağdaş təcəssümüdür: Ədalət olmadan Qalibiyyət yaşamaz, Qalibiyyət olmadan isə Ədalət bərpa edilməz.

Bəli, Fəridə Hicran Vəliyeva kimi övladları sübut etdi ki, qələm mərmidən, həqiqət isə yalandan güclüdür. Qalib Sərkərdənin ədalətli siyasətini dünyaya çatdırmaqda xidmətləri olan Fəridə xanım kimi ziyallılarımız  bu həqiqətin sarsılmaz carçısı olduğu üçün bu gün Haaqanın soyuq dəhlizlərindən Niderlandın efirlərinə, ordan da hər bir Azərbaycanlının evinə yayılan səs – sadəcə bir qazinin, bir alimin səsi deyil. Bu səs, otuz illik nisgilin, bütöv bir xalqın Qayıdış arzusu və bərpasına yönəlmiş ədalətin tərənnümüdür. O, xəncərin ucuna sığmayan böyük bir dastan yazır, elə bir dastan ki, onun hər səhifəsi Vətən sevgisi, Elmə inam və Ədalətə sadiqlikdən ibarətdir.Qarabağ işığı artıq yanır. O işığı dünyaya daşımaq isə, hər bir Azərbaycanlının borcu və şərəfidir!

Fəridə Hicran xanım sizə bu şərəfli yolunuzda , dövlətimizin keşiyində mərdlik və cəsarətli addımlarınızla ,haqq səsimizi beynəlxalq kürsülərdə çatdırmaqda müstəsna xidmətlərinizə görə təşəkkür edib, gələcək fəaliyyətlərinizdə uğurlar, nailiyyətlər arzulayırıq.

AMİDTV.AZ

Aygün Məmmədova Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir