Şərqşünaslıq yalnız tarix və faktlar toplusu deyil , həm də poeziyadır, fəlsəfədir, ruhdur

0

Bakı şəhərinin elmi mənzərəsində, elə məkanlar var ki, orada sükut danışır, yaddaş nəfəs alır, elm isə özünü yenidən yaradır.Belə məkanlardan biridə Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutudur.Bu institutun dəhlizlərində addımlayan alimlər sadəcə tədqiqatçı deyil ,onlar tarixlə dialoq quran insanlardır. Yaxın və Orta Şərq xalqlarının ictimai-siyasi həyatı, mədəni inkişafı və Azərbaycanla əlaqələri burada sükut içində, lakin dərin düşüncə ilə araşdırılır.
Bu institut sadəcə elmi tədqiqatların aparıldığı bir ünvan deyil, o, zamanın yaddaş kitabıdır səhifələri alimlərin zəhməti ilə yazılan, nəsillər arasında körpü salan bir kitabdır.
1958-ci ildə yaradılan bu elm ocağı tədqiqatların mərkəzi sistemində özünəməxsus yer tutaraq,təkcə elmi strukturun genişlənməsi deyil, həm də Azərbaycanın Şərq dünyası ilə intellektual bağlarının möhkəmlənməsi demək idi. Şərqşünaslıq yalnız tarix və faktlar toplusu deyil , həm də poeziyadır, fəlsəfədir, ruhdur. Bu institutda ərəb filologiyasından tutmuş türk və İran filologiyasına qədər müxtəlif istiqamətlər üzrə aparılan tədqiqatlar, əslində, mədəniyyətlərarası bir dialoq yaradır.
Burada tədqiq olunan orta əsr əlyazmaları, islamın tarixi, Azərbaycan-ərəb və Azərbaycan-fars əlaqələri, sadəcə akademik mövzular deyil həm də onlar bir xalqın yaddaşıdır.
Şərq anlayışı bəzən coğrafi məkan kimi qəbul edilir. Halbuki Şərq düşüncədir, fəlsəfədir, ruhdur. Bu ruhu anlamaq isə yalnız faktları toplamaqla mümkün deyil, həm də onu hiss etmək, onunla “danışmaq” lazımdır.
İnstitutun tarixində elə adlar var ki, onlar yalnız rəhbər deyil, həm də bir məktəb, bir istiqamət verici qüvvələr olmuşlar. İlk direktor Əbdülkərim Əlizadə ilə başlayan bu yol, sonralar Həmid Araslı, Ziya Bünyadov və Aida İmanquliyeva kimi görkəmli simalarla davam etmişdir.
Bu gün isə institutun sükanı arxasında duran Gövhər Baxşəliyeva ,bu zəngin elmi ənənəni müasir dövrün tələbləri ilə uzlaşdıraraq davam etdirir.
İnstitutun alimləri Yaxın və Orta Şərq ölkələrinin tarixini, ictimai-siyasi proseslərini, mədəni inkişafını və Azərbaycanla olan çoxəsrlik əlaqələrini araşdıraraq, əslində, bütöv bir sivilizasiyanın xəritəsini yenidən cızırlar.
Burada hər bir tədqiqat bir səyahətdir. Bəzən orta əsr ərəb mənbələrinə, bəzən fars poetikasına, bəzən isə türk dünyasının tarixi yaddaşına doğru uzanan bir səyahət…
İnstitutun strukturunda fəaliyyət göstərən müxtəlif şöbələr -ərəb, türk və İran filologiyası, din və ictimai fikir tarixi, mənbəşünaslıq və digər sahələr elmin müxtəlif istiqamətlərini bir araya gətirir. Bu müxtəliflik isə vahid məqsədə xidmət edir: Şərqi anlamaq və anlatmaq.
Şərqşünaslıq İnstitutunda böyük xidmətləri olan mütəfəkkir,alim Akademik Ziya Bünyadov təkcə bir alim deyil, həm də bir elmi istiqamətin simvoludur.Böyük tarixi olan əlyazmaların, unudulmuş mənbələrin, qaranlıq qalan hadisələrin arasında. Onu oyatmaq isə hər kəsin işi deyil. Bu, yalnız zamanın dilini anlayan, keçmişin nəfəsini duyan seçilmiş insanların missiyasıdır. Akademik Ziya Bünyadov məhz belə alimlərdən idi , tarixə baxmırdı, tarixlə danışırdı.
Ziya Bünyadovun həyat yolu sadəcə bir alim bioqrafiyası deyil, o, bir iradə məktəbidir. Onun elmi fəaliyyəti sübut edir ki, böyük nəticələr təsadüfən yaranmır onlar uzun illərin zəhməti, səbrli axtarışları və düşüncə dərinliyinin məhsuludur.
O, xüsusilə orta əsr Azərbaycan tarixi, islam dünyası və ərəb mənbələrinin tədqiqi sahəsində mühüm iz qoymuşdur. Onun araşdırmaları nəticəsində bir çox tarixi hadisələrə yeni baxış formalaşmış, qaranlıq qalan məqamlar aydınlaşdırılmışdır.
Ziya Bünyadovun ən böyük xidmətlərindən biri mənbəşünaslıq sahəsində gördüyü işlərdir.Alim ərəb dilində yazılmış orta əsr mənbələrini yalnız tərcümə etməmiş, onları dərindən təhlil edərək elmi ictimaiyyətə təqdim etmişdir.
Onun tərcümə etdiyi və şərh etdiyi əsərlər xüsusilə Şərq tarixçilərinin yazdıqları Azərbaycan tarixinin öyrənilməsi üçün əvəzsiz mənbələrə çevrilmişdir. Bu iş, sadəcə dil biliyi deyil, həm də tarixi düşüncə və analitik baxış tələb edirdi.
Ziya Bünyadov tarixə yalnız faktlar toplusu kimi yanaşmırdı. O, hadisələrin arxasında duran səbəbləri, proseslərin daxili məntiqini araşdırırdı. Bu yanaşma onun əsərlərini fərqləndirən əsas xüsusiyyətlərdən biri idi.
Onun tədqiqatları nəticəsində Azərbaycan tarixinin bir çox dövrləri daha sistemli və elmi əsaslarla izah olunmuşdur. O, tarixə milli baxışla yanaşaraq, Azərbaycanın keçmişini dünya tarixinin kontekstində təqdim etməyi bacarmışdır.
Ziya Bünyadov yalnız alim deyildi , həm də, cəmiyyət qarşısında məsuliyyət hiss edən bir ziyalı idi.Alimin fəaliyyəti göstərirdi ki, elm yalnız laboratoriyada və ya kitabxanada qapanıb qalmamalıdır,cəmiyyətə xidmət etməlidir.
Dahi mütəfəkkir, öz əsərləri ilə milli şüurun formalaşmasına, tarixi yaddaşın qorunmasına və gələcək nəsillərin maariflənməsinə xidmət etmişdir.
Ziya Bünyadovun elmi irsi bu gün də yaşayır. Onun əsərləri tədqiqatçılar üçün əsas mənbə olaraq qalır, onun qoyduğu elmi ənənə isə yeni nəsil alimlər tərəfindən davam etdirilir.
Xüsusilə Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu bu irsin yaşadıldığı əsas mərkəzlərdən biridir. Burada aparılan tədqiqatlar, nəşr olunan əsərlər və yetişən gənc alimlər onun elmi yolunun davamıdır. Onun mənbəşünaslıq sahəsində gördüyü işlər, ərəb mənbələrinin tərcüməsi və şərhi, Azərbaycan tarixinin yeni aspektdən işıqlandırılması bu institutun elmi xəttini müəyyənləşdirmişdir.
Bu tarixi ənənələri yaşadanlar, görkəmli alimlər bu elmi ənənənin formalaşmasında müstəsna rol oynamışlar.Tarixin elə məqamları olur ki, orada atılan bir addım gələcək onilliklərin istiqamətini müəyyən edir. Əbdülkərim Əlizadənin fəaliyyəti məhz belə başlanğıclardan biridir. Əbdülkərim bəy sadəcə bir alim kimi deyil, bir məktəbin banisi kimi meydana çıxdı. Onun yaratdığı elmi mühit, formalaşdırdığı metodoloji yanaşma və əsasını qoyduğu tədqiqat istiqamətləri Azərbaycan şərqşünaslığının gələcək inkişafının bünövrəsinə çevrildi.
Əlizadə üçün Şərq yalnız tədqiq obyektindən ibarət deyildi, Şərqi canlı bir mədəni orqanizm kimi görürdü nəfəs alan, dəyişən, amma ,köklərini əsrlərin dərinliyində qoruyan bir dünya.Əbdülkərim bəy əlyazmaları sadəcə oxumurdu, onları “dinləyirdi,hər sətirdə gizlənən mənanı üzə çıxarmaq üçün yalnız elmi bilik deyil, həm də daxili bir hissiyat tələb olunurdu. Bu hissiyat isə onda var idi.
Alimin fəaliyyəti ilə Azərbaycanda şərqşünaslıq elmi təsadüfi maraq sahəsindən çıxaraq sistemli, fundamental bir elmi istiqamətə çevrildi. Bu, bir başlanğıc idi ,lakin bu başlanğıc özündə böyük gələcəyin işartılarını daşıyırdı.
Elm yolu davam etdikcə, o, yalnız genişlənmir həm də dərinləşir. Həmid Araslının fəaliyyəti bu dərinləşmənin parlaq nümunəsidir. Həmid bəy, ədəbiyyata tarix kimi yox, həyat kimi yanaşırdı. Alim üçün klassik mətnlər sadəcə keçmişin yadigarı deyil, bu günlə danışan canlı mənbələr idi.
Araslı Nizami, Xaqani, Nəsimi kimi dahilərin yaradıcılığını yalnız tədqiq etmədi onları yenidən “danışdırdı”. Onun qələmi ilə bu böyük söz ustadlarının əsərləri yeni məna qatları qazandı. Sanki əsrlər öncə yazılmış misralar müasir dövrün düşüncəsi ilə yenidən nəfəs aldı.
Həmid Araslı, ədəbiyyatın yalnız estetik tərəfini deyil, onun sosial, fəlsəfi və mənəvi qatlarını da açıb göstərdi. Onun tədqiqatları bir daha sübut etdi ki, ədəbiyyat xalqın ruhudur və bu ruhu anlamaq üçün onu sevərək öyrənmək lazımdır.
Elm inkişaf etdikcə o, yeni üfüqlərə doğruyeni yol açılırdı. Aida İmanquliyevanın fəaliyyəti bu üfüqlərin genişlənməsinin simvoludur.Aidə xanım , Şərqi yalnız öz daxilində deyil, Qərb kontekstində də araşdıraraq mədəniyyətlərarası əlaqələrin incəliklərini ortaya qoydu.
Onun tədqiqatlarında ərəb ədəbiyyatı, xüsusilə də müasir ərəb düşüncəsi yeni baxış bucağından təhlil olunurdu.
İmanquliyeva üçün elm yalnız araşdırma deyildi həm də canlı dialoq idi. O, mədəniyyətlərin bir-birini anlamaq yolu ilə zənginləşdiyini göstərirdi.Aidə xanımın əsərlərində həm analitik dəqiqlik, həm də incə bir estetik duyum hiss olunur.
Əbdülkərim Əlizadə ilə başlanan bu yol, Həmid Araslı ilə dərinləşdi, Aida İmanquliyeva ilə isə yeni məna qazandı. Bu, sadəcə adların ardıcıllığı deyil bu, bir düşüncə tərzinin inkişaf mərhələləridir.
Bu yolun fəlsəfəsi sadə, amma dərin bir həqiqətə əsaslanır:elm təkcə bilik toplamaq deyil, onu nəsildən-nəslə ötürməkdir.
Hər bir alim özündən əvvəlkilərin qoyduğu təməl üzərində yüksəlir. Və hər biri öz növbəsində gələcək üçün yeni bir mərhələ yaradır. Bu ardıcıllıq pozulmadıqca elm yaşayır, inkişaf edir və cəmiyyətə xidmət edir.
Bu alimlərin fəaliyyəti nəticəsində Azərbaycan şərqşünaslıq elmi yalnız regional çərçivədə qalmadı ,beynəlxalq elmi mühitdə tanınan və qəbul olunan bir istiqamətə çevrildi. Onların əsərləri bu gün də tədqiqatçılar üçün əsas mənbə olaraq qalır.
Onların qoyduğu irs yalnız kitab səhifələrində deyil ,düşüncə tərzində, elmi yanaşmada, yeni nəsil alimlərin baxışlarında yaşayır.Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu yalnız bir elmi müəssisə deyil zamanın sirlərini açan bir açardır. Burada çalışan alimlər isə o ,açarı düzgün istiqamətdə çevirən insanlardır.Elm dünyasında elə məqamlar var ki, orada rəhbərlik sadəcə inzibati vəzifə deyil , tarix qarşısında məsuliyyət deməkdir. Çünki bəzi institutlar sadəcə tədqiqat aparmır, həm də zamanın yaddaşını qoruyur. Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu da məhz belə mərkəzlərdəndir.
Bu gün bu elm ocağında davam edən proseslər bir həqiqəti aydın göstərir: elm yalnız yazılmır həm də qorunur, yönləndirilir və yenidən yaradılır. Bu missiyanın mərkəzində duran isə İnstitutun rəhbəri Gövhər Baxşəliyevadır.
Onun fəaliyyəti təkcə elmi idarə etmə deyil, həm də bir ənənənin müasir dövrdə yaşadılmasıdır.Klassik vә müasir әrәb әdәbiyyatı, әrәb dilli Azәrbaycan әdәbiyyatı, müqayisәli әdәbiyyatşünaslıq, әdәbi әlaqәlәr vә mәnbәşünaslıq üzrә mütәxәssisdir. Onun әsәrlәri keçmiş sovet respublikalarında vә әrәb ölkәlәrindә elmi ictimaiyyәt tәrәfindәn böyük rәğbәtlә qarşılanmışdır. Gövhər Baxşəli qızı Baxşәliyeva dörd fundamental monoqrafiyanın – “Абд ас-Салам Уджейли. Очерки жизни и творчества” (1989), “Книга песен” Абу-л-Фараджа ал-Исфахани и классическая азербайджанская литература» (1998), “Современный сирийский рассказ” (2007), “Литературные взгляды Тауфика ал-Хакима” (2015)müəllifidir. Eləcə də on iki kitabın, o cümlәdәn orta әsrmәnbәlәrinin şәrhli filoloji tәrcümәlәrinin (“Абу-л-Фарадж ал-Исфахани. Книга несен” (1994), “İlahi eşq dastanları” (2001), “Абу-л-Фарадж ал-Исфахани. Рассказы о Кайсе ибн Мулаввахе попрозвищу Меджнун и арабоязычныхазербайджанских поэтах” (2006), “Ölmәzliyә aparan yol” (2009), “Cübran Xәlil Cübran. Qırılmış qanadlar” (2010) vә s müәllifidir. Müxtәlif illәrdә G.B.Baxşәliyevanın “Hamıdan ucadır alimin yeri” (2003) vә “Mәqalәlәr, mәruzәlәr, müsahibәlәr…” (2011) adlı 2-cildliyi çap edilmişdir. Daha sonra G.B.Baxşәliyevanın (Ə.S.Abbasovun tәrtibatı ilә)“İslam. Ensiklopedik lüğәt”i (2013), “Əsassız ermәni iddiaları vә tarixi faktlar”, ingiliscәdәn tәrcümә ( 2016) vә s. Kitabları nəşr edilmişdir. Saysız elmi mәqalә vә mәruzәlәri nüfuzlu yerli və xarici nәşrlәrdә dәrc olunmuşdur.Akademik Gövhər Baxşəli qızı Baxşәliyevanın rәhbәrliyi vә tәrtibçiliyi ilә bir sıra elmi kitablar işıq üzü görmüşdür. Şәrq filologiyası vә mәnbәşünaslıq sahәsindә bir çox әsәrlәrin elmi redaktorudur. Bir sıra elmi jurnalların redaktoru vә ya redaksiya heyәtinin üzvüdür. Xüsusilə, “Azәrbaycan şәrqşünaslığı” vә“Şәrq araşdırmaları” jurnallarının baş redaktoru, “Dövlət və Din” ictimai fikir toplusunun redaksiya heyәtinin üzvüdür.Yüksәk ixtisaslı şәrqşünas kadrların hazırlanmasında bilavasitә iştirak edәn Gövhәr Baxşәliyevanın elmi rәhbәrliyi ilә otuza yaxın namizәdlik dissertasiyası müdafiә olunmuşdur. 10.01.02 – “Türk xalqları әdәbiyyatı” vә 10.01.03 “Dünya әdәbiyyatı” ixtisasları üzrә Müdafiә Şurasının sәdridir. Uzun illәr Şәrqşünaslıq sahәsindә Respublikada aparılan elmi işlәrin koordinasiyası üzrә Problem Şurasının sәdri olmuşdur. Bundan əlavə, akademik Gövhәr Baxşәliyeva pedaqoji fәaliyyәtlә dә mәşğul olmuş, Bakı Dövlәt Universitetinin (ADU) Şәrqşünaslıq fakültәsindә әrәb әdәbiyyatı fәnnini tədris etmişdir. Ərəb dili və mədəniyyəti sahəsində elmi-pedaqoji fəaliyyət göstərərək bu sahədə yeni nəsil alimlərin yetişməsinə, Azərbaycanda şərqşünas elmi kadrların hazırlanmasına vəsilə olmuşdur.Filologiya elmləri doktoru Gövhər Baxşəliyeva Azərbaycanda ərəbşünaslıq məktəbinin inkişafı naminə ərəbşünaslıq sahəsində gənc tədqiqatçıların yetişməsi üçün bu sahəyə ərəb və Azərbaycan mədəniyyətləri arasındakı əlaqələrin öyrənilməsi kimi yeni yanaşma metodları gətirmiş və ərəb dili və ədəbiyyatı, tarixi, iqtisadiyyatı ilə bağlı tədqiqatların daha geniş miqyasda aparılmasına yol açmışdır. Bu sahədə onun gördüyü işlər gələcək tədqiqatçılar üçün dəyərli örnəkdir.

Şərqşünaslıq elmi yalnız akademik sərtlikdən ibarət deyil. O, eyni zamanda estetik duyum, poetik baxış və fəlsəfi düşüncə tələb edir. Bu institutda aparılan tədqiqatlar məhz bu üçlüyün harmoniyasına əsaslanır.Ərəb filologiyası şöbəsində sözün kökləri araşdırılırsa, İran filologiyasında poetik düşüncənin incəlikləri öyrənilir. Türk filologiyası isə dilin tarixini və inkişaf yolunu ortaya qoyur. Din və ictimai fikir tarixi şöbəsi isə insan düşüncəsinin ideoloji transformasiyalarını təhlil edir.Ərəb filologiyası şöbəsində sözlər sadəcə işarələr deyil onlar tarixdir, yaddaşdır, düşüncə sistemidir. Hər bir kök, hər bir morfoloji struktur əsrlərin içindən gələn bir səs kimi araşdırılır.Burada dil yalnız ünsiyyət vasitəsi deyil, həm də mədəniyyətin daşıyıcısıdır. Alimlər ərəb mətnlərini tədqiq edərkən əslində bir sivilizasiyanın düşüncə tərzini oxuyurlar. Sözlərin köklərinə enmək keçmişin düşüncə qatlarına enmək deməkdir.Bu müxtəlif istiqamətlər bir-birindən ayrı deyil onlar bir bütövün parçalarıdır. Və bu bütövün adı Şərqdir.İran filologiyası isə sözün poeziyaya çevrildiyi məkan kimidir. Burada dil yalnız struktur deyil, hissdir, musiqidir, obrazdır.Fars poeziyasında hər misra bir dünyanın qapısıdır. Burada sevgi, fəlsəfə, insan və kainat bir-birinə qarışır. Tədqiqatçılar bu incə dünyanı öyrənərkən yalnız mətnləri deyil, həm də insan ruhunun ən dərin qatlarını araşdırırlar.Bu şöbə sözün estetik gücünü, poetik təxəyyülün sərhədsizliyini üzə çıxarır. Çünki Şərq poeziyası düşüncənin ən zərif formasıdır.Türk filologiyası isə zamanın özünü danışdırır. Burada dilin tarixi izləri izlənilir, onun inkişaf mərhələləri araşdırılır, müxtəlif dövrlərin mədəni izləri üzə çıxarılır.Orxon-Yenisey yazılarından Osmanlı mətnlərinə qədər uzanan bu yol yalnız dilin deyil, həm də bir xalqın düşüncə tarixinin xəritəsidir. Hər bir söz, hər bir dəyişiklik bir dövrün sosial və mədəni mənzərəsini əks etdirir.Bu şöbədə dil sadəcə öyrənilmir yenidən kəşf edilir.Din və ictimai fikir tarixi şöbəsi isə insan düşüncəsinin ən dərin qatlarına enir. Burada ideyaların necə doğulduğu, necə dəyişdiyi və cəmiyyətə necə təsir etdiyi araşdırılır.İdeologiyalar, fəlsəfi sistemlər və dini baxışlar burada yalnız nəzəri anlayışlar kimi deyil, tarixi proseslərin canlı iştirakçıları kimi təhlil olunur. İnsan düşüncəsinin transformasiyası elmi bir xəritəyə çevrilir.Bütün bu müxtəlif istiqamətlər ilk baxışda ayrı görünə bilər. Lakin əslində onlar eyni həqiqətin müxtəlif üzləridir. Ərəb filologiyası sözün kökünü, İran filologiyası onun ruhunu, Türk filologiyası tarixini, din və ictimai fikir tarixi isə onun düşüncə gücünü öyrənir.Bu müxtəliflik parçalanma deyil bütövlükdür. Və bu bütövün adı Şərqdir.Şərq yalnız coğrafiya deyil. Şərq düşüncədir, yaddaşdır, mədəniyyətlər arasında qurulan görünməz körpüdür. Və bu körpünü elmlə möhkəmləndirənlər isə Şərqşünaslıq institutunun alimləridir.Bu elmi istiqamətlər bizə bir həqiqəti göstərir: dünya tək bir dildə danışmır, amma hər dil eyni həqiqətə aparır.Şərqşünaslıq elmi isə bu dillərin hamısını dinləməyi öyrədir. Çünki sözlərin içində yalnız dil deyil insanlıq yaşayır.Bu dövrlər ərzində İnstitut əməkdaşlarının yüzlərlə kitabı və minlərlə elmi məqaləsi nəşr olunmuşdur. Lakin bu rəqəmlər sadəcə statistik göstərici deyil. Onlar gecə-gündüz davam edən araşdırmaların, arxivlərdə keçən saatların, köhnə əlyazmalar üzərində aparılan incə işlərin nəticəsidir.Burada nəşr olunan əsərlər arasında orta əsr mənbələrinin tərcümələri, klassik ədəbiyyatın elmi təhlilləri və müasir elmi araşdırmalar xüsusi yer tutur. Bu əsərlər vasitəsilə tarix “danışmağa” başlayır.Yüzlərlə kitab və minlərlə məqalə… Bu ifadə ilk baxışda sadəcə hesablama kimi səslənir. Sanki elm rəqəmlərlə ölçülür, sanki bilik statistik cədvəllərə sığır. Amma əslində elm rəqəmlərin içində yox, onların arxasında gizlənən insan nəfəsində yaşayır.Hər elmi əsərin arxasında görünməyən bir dünya var. O dünya səs-küysüzdür. Orada nə alqış var, nə də gurultu. Orada yalnız səbr var, diqqət var, düşüncə var.Bir kitabın yaranması bəzən illərlə davam edən səssiz bir dialoqdur: alimlə mənbə arasında, sualla cavab arasında, keçmişlə bu gün arasında.Bir məqalə isə çox vaxt bir anlıq işıqlanmadır uzun düşüncələrin içindən qəfil doğulan bir aydınlıq. Amma o aydınlıq da asan yaranmır. O, yüzlərlə səhifənin, onlarla mənbənin, saysız qeydlərin içindən süzülüb gəlir.Bu institut yalnız milli çərçivədə fəaliyyət göstərmir. O, beynəlxalq elmi mühitlə aktiv əlaqələr quraraq Azərbaycan elmini dünya elmi məkanına inteqrasiya etdirir. Xarici universitetlər və tədqiqat mərkəzləri ilə əməkdaşlıq, keçirilən konfranslar və ortaq layihələr bu istiqamətdə mühüm rol oynayır.Şərqşünaslıq elmi öz təbiətinə görə sərhədsizdir. Çünki o, artıq mövcud sərhədləri öyrənmir onların yaranmasından çox əvvəlki mədəni qatları araşdırır.Bu səbəbdən institutun beynəlxalq universitetlərlə əlaqələri təkcə akademik maraq deyil, həm də elmi zərurətdir. Çünki bir mənbə yalnız bir ölkədə oxunanda yarımçıq qalır. O mənbə fərqli dillərdə, fərqli elmi məktəblərdə yenidən şərh olunduqda isə tam mənasını tapır.Beləliklə, elm coğrafiyanı tərk edir və zamanın özünə çevrilir.Beynəlxalq konfranslar sadəcə çıxışlar silsiləsi deyil. Onlar düşüncələrin görüşdüyü, bəzən toqquşduğu, amma həmişə yeni formaya düşdüyü məkanlardır.Bir alim ərəb mənbəsini şərh edir, digəri fars ədəbiyyatını başqa bir baxışla oxuyur, üçüncüsü türk tarixi üzərindən fərqli bir nəticə çıxarır. Eyni mətn, amma üç fərqli dünya və bu fərqlilik elmi zənginləşdirir.Beynəlxalq əməkdaşlıq təkcə alimlərin görüşməsi deyil. Bu, biliklərin ölkələr arasında axmasıdır. Bir universitetdə başlayan tədqiqat başqa bir ölkədə davam edir, üçüncüsündə isə tamamlanır.Bu axın nəticəsində:mənbələr daha geniş kontekstdə oxunur,elmi yanaşmalar zənginləşiryeni metodologiyalar formalaşır,ortaq layihələr yaranırŞərqşünaslıq İnstitutu bu axının mərkəz nöqtələrindən biridir bilikləri qəbul edən yox, həm də paylaşan bir elm mərkəzidir.Bu əlaqələr göstərir ki, elm sərhəd tanımır universal dildir.İnstitutun ən böyük uğurlarından biri də gənc alimlərin yetişdirilməsidir. Gənc tədqiqatçılar burada yalnız bilik əldə etmir, həm də elmi düşüncə tərzini mənimsəyirlər. Bu isə elmin davamlılığını təmin edən ən mühüm amildir.Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu bir həqiqəti sübut edir: elm yalnız keçmişi öyrənmək üçün deyil, gələcəyi qurmaq üçündür.Burada çalışan alimlər zamanın sirlərini açaraq, insanlığın ortaq yaddaşını qoruyurlar. Onların fəaliyyəti göstərir ki, tarix heç vaxt itməz əgər onu oxuyan, anlayan və gələcək nəsillərə ötürən insanlar varsa.Bu institut həmin insanların məkanıdır. Burada sükut danışır, tarix yazılır və elm yaşayır.

AMİDTV.AZ

Qocayeva Rəna Abdı qızı Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir