Təbiətin bütün səssiz fəryadlarının mühafizəçisi ,zəhərdən həyat çıxaran alim Təvəkkül İsgəndərov
Elm dünyası bəzən soyuq rəqəmlər və quru faktlar toplusu kimi görünə bilər. Lakin elə insanlar var ki, öz varlıqları ilə həmin rəqəmlərə can, həmin faktlara ruh verirlər. Təvəkkül İsgəndərov məhz belə bir simadır. Onun ömrü, sanki Azərbaycan herpetologiya elminin hər an çətinliklə alınmış, lakin təmiz bir nəfəsidir.
Bu gün biz sadəcə bir alimin bioqrafiyasından, yaxud rəsmi vəzifələrindən danışmırıq. Biz, hər bir elmi ideyası, əsərləri, ixtirası ilə təbiətin gələcəyinə zəmanət verən bir ustadın elmi yolundan bəhs edirik. Təvəkkül müəllim elmə olan sonsuz sevgisini həm laboratoriyada, auditoriyada, həm də təbiətdə böyük bir sədaqətlə yaşadır. Fədakarlıq hekayəsi Azərbaycan torpağının bərəkətli guşələrindən biri olan Kürdəmirin Qaraqocalı kəndində 11.04.1953-cü ildə dünyaya göz açan AR ETN Zoologiya İnstitutunun “Quru onurğalıları” laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycanın zəhərli ilanlar faunasının öyrənilməsi ilə məşğul olan serpentoloq alim Təvəkkül İsgəndərovun öz torpağında başlanan bir ömür yolu var. Gənclik illərində heyvanlar aləminə ilk toxunuşlar, biologiyaya olan sönməz maraq gələcək böyük elmi zəfərlərin kökü idi.Təvəkkül müəllimin fəaliyyətinin ən parlaq səhifəsi, şübhəsiz ki, Azərbaycanın zəhərli ilanlar faunasının həm elmi, həm də praktik istiqamətdə dərindən öyrənilməsi, ilan zəhəri istehsalı məqsədilə gürzələrin süni şəraitdə saxlanması texnologiyasının təkmilləşdirilməsidir. Onun apardığı elmi-təcrübi tədqiqat nəticələrinin tətbiqi sayəsində Azərbaycan keçmiş SSRİ-də qiymətli tibbi xammal olan ilan zəhərinin ən qabaqcıl istehsalçısı olmuşdur. Bu, adi bir texnoloji inkişaf yox, alimin təbiətə meydan oxuyaraq qazandığı zəfər idi.
Amma, Təvəkkül İsgəndərovun həyat yolu Kürdəmirin Qaraqocallı kəndinin tozlu yollarından qalxaraq, 1969-1974-ci illərdə Bakı Dövlət Universitetinin Biologiya fakültəsində ali təhsillə, ardınca 1974-1980- ci illərdə Azərbaycan SSR EA Zoologiya və Moskvada SSRİ EA Heyvanların Təkamül Morfologiyası və Ekologiyası institutlarında elmi fəaliyyətlə davam etdi. 1978-ci ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetində öz elmi fəaliyyətinin bəhrəsi olaraq “Bəzi sürünən növlərinin ilkin embrioqenezində morfoloji dəyişkənlik və onun adaptiv əhəmiyyəti” mövzusunda namizədlik dissertasiyasını müdafiə etdi.
Təvəkkül müəllim Azərbaycan SSR EA Zoologiya institutunda elmi yaradıcılığını sürünənlər faunasının elmi və praktik istiqamətlərdə tədqiqinə həsr etməklə öz missiyasını yeni zirvələrə doğru davam etdirməkdə idi. O, bu yolda ən təhlükəli istiqaməti – Azərbaycanın zəhərli ilanlar faunasının biologiyasının, ekologiyasının və praktik əhəmiyyətinin daha dərindən öyrənilməsini seçdi. Ölkə üçün iqtisadi əhəmiyyəti olan ilan zəhəri istehsalının texnoloji təkmilləşdirilməsinə, bu ilan növlərinin bioekoloji xüsusiyyərlərinin, daha vacib olan süni şəraitdə saxlanması və yetişdirilməsi problemlərinin həlli vacib məsələlər idi. Onun elmi fəaliyyətinin növbəti uğuru kimi gürzə ilanı yumurtalarının süni inkubasiyası metodunun və inkubasiya üçün aparatın (Herpeinkubator) ixtira edilməsi oldu.
Həyat yolunu seçməkdə ona can yandıran, böyük alim Qara Mustafayev oldu. Moskvadan gələn elmi qrupla işləmək təklifi gənc Təvəkkülü çətin dil baryeri ilə üz-üzə qoyanda, qohumunun dediyi bir cümlə sanki taleyin qızıl açarı oldu: “Dil çətinliyi müvəqqətidir, çalışsan bu çətinliyi həll edə və alim olmaq məqsədinə nail ola bilərsən.” Bu, sadəcə bir məsləhət deyil, gənc bir ruhu qorxu sərhədlərindən çıxarıb, Moskva elmi mühitinə aparan, mümkün olmayanı mümkün etməyə ilham verən bir yol göstəricisi idi. İlanların soyuq, təhlükəli dünyasında alim təkcə faktlar tapmadı, həm də fədakarlığın və sədaqətin ən incə naxışlarını toxudu.
Təvəkkül İsgəndərovun elmi axtarışlarının növbəti zirvələri keçən əsrin 80-ci illərindən başlayır. Namizədlik işini yenicə müdafiə etmiş, elmin yeni zirvələrini fəth etməyə, doktorluq dissetasiyasını işləməyə hazırlaşan gənc alim Azərbaycanda fəaliyyət göstərən, lakin durğunluq və tənəzzül dövrünü yaşayan İlan Zəhəri İstehsal Edən Herpetoloji Laboratoriyaya dəvət edilir. Bu laboratoriyada ovlanmış gürzə ilanları qısa müddətdə məhv olur, zəhər istehsalı dayanmaq təhlükəsi ilə üzləşirdi. Bütün çətinliklərə baxmayaraq, Təvəkkül müəllim o işə elə bir can yanğısı, elə bir yurdsevərlik və yaradıcılıq eşqi ilə yanaşdı ki, bu, laboratoriyanın soyuq divarlarını isitməyə qadir oldu.O, elmdə qəlibləşmiş qaydaları yıxaraq, qeyri-adi təcrübi yeniliklər tətbiq etdi,Süni şəraitdə saxlama üsulunun təkmilləşdirilməsi, İlanların ömür müddətini artıran yeni yaşayış mühiti təmin etmiş oldu.Vitaminləşmiş yemlənmə və ultrabənövşəyi şüalandırma,sanki ilanlar üçün sağlamlıq proqramı yaradıldı.Nəticə, heyrətamiz idi. T. İsgəndərovun rəhbərliyi və fədakarlığı sayəsində ilanların istehsal şəraitində yaşama müddəti 10-12 aydan 24 aya kimi uzandı. İllik zəhər istehsalı ovlanma sayını artırmadan 2,5 kq-dan 3,5 kq-a yüksəldi. Bu, sadəcə rəqəm deyil, Azərbaycan elminin beynəlxalq miqyasda atdığı bir addım, zəhərdən dərman yaratmaq sənətində qazanılan bir zəfər idi.1994-cü ildə kombinatın fəaliyyətini dayandırmasından sonra Təvəkkül İsgəndərovun ömründə yeni bir cəbhə açıldı,Vətən Cəbhəsi. Ehtiyatda olan zabit kimi Milli Ordunun çağırışına cavab verdi. Bir neçə il əvvəl zəhərli gürzələrin həyatını xilas edən alim, indi tabur komandirinin müavini kimi Türk zabitləri ilə birlikdə Azərbaycanın ilk nizami qoşun hissələrinin hazırlanmasında iştirak edirdi. Bu, bir insanın elmə olan sədaqətinin Vətənə olan sədaqəti ilə necə qaynayıb-qarışdığının ən bariz göstəricisidir. Soyuq laboratoriya masası arxasından isti döyüş hazırlığı meydanına hər yerdə eyni qətiyyət, eyni məsuliyyət.Ordudan tərxis olunduqdan sonra da elmdən soyumadı. 2000-ci ildə Səhiyyə Nazirliyi nəzdində “Zootoksinlər” İstehsal, Elmi Araşdırma Mərkəzinin yaradılmasına təşəbbüs göstərdi. Maliyyə problemləri bu Mərkəzin fəaliyyətinə imkan vermədi böyük ideyaların maddi sərhədlərə dirənməsi təəssüf hissi yaşadır,lakin bu, onu yolundan döndərmədi.
Zamanın ağır sınaqları bəzən böyük ideyaları, hətta bütün bir elmi mərkəzi belə susdura bilər. “Zootoksinlər” Mərkəzi maliyyə kasadlığı ucbatından fəaliyyətini dayandırsa da, elmə könül vermiş bir fədaisi Təvəkkül İsgəndərovu susdura bilmədi. O, böyük bir təşəbbüsün boğulmasına şahid olsa da, inamı sarsılmadı. Alim 2009-cu ildən etibarən AMEA Zoologiya İnstitutunun qapılarını özünə yeni bir sığınacaq etdi, tədqiqatlarını burada, sakit, lakin dərin bir axınla davam etdirdi.Əgər Herpetoloji Kombinat onun ilk böyük mübarizəsi idisə, Zoologiya İnstitutundakı fəaliyyəti artıq yetkin bir ustanın sükut içində yaratdığı əbədi irsə bənzəyirdi.
Təvəkkül müəllim 2009-cu ildən bəri AMEA Zoologiya İnstitutunda elmi işini davam etdirir. Onun fəaliyyəti təkcə məqalələrlə bitmir, 100-ə yaxın elmi əsər, kitab, monoqrafiya, ən əsası isə gürzə yumurtalarının süni inkubasiyasına aid iki ixtira onun elmi xəzinəsinin qiymətli daşlarıdır. Təvəkkül İsgəndərovun elmi irsi – 82 çap olunmuş əsər, onlardan 51-i xaricdə, 19-u isə beynəlxalq bazalarda referatlaşdırılan jurnallarda dərc edilmiş məqalələrdir. Bu, sadəcə bir biblioqrafik siyahı deyil, bir alimin beynəlxalq elm dünyasına səs salan, illərlə sədaqətlə toplanmış bilik xəzinəsidir.
Həqiqi alimin əməyi laboratoriya divarlarından kənara çıxmalıdır. Təvəkkül müəllim 2011-2017-ci illərdə LDU və BDU-da pedaqoji fəaliyyətlə, hazırda isə AMEA (indi AR ETN) Zoologiya İnstitutunda elmi yaradıcılıqla məşğul olur. Nəhayət ki, hazırda çoxdan hazır olan biologiya elmləri doktoru dissertasiyasının müdafiəsi keçirilir. Onun yetişdirdiyi magistr və fəlsəfə doktorları onun elmi missiyasının davamçılarıdır. Ustaddan tələbələrinə ötürdüyü biliklərin zənciri Azərbaycanda herpetologiya elminin nəfəs alması deməkdir.
Təvəkkül müəllimin elmi fəaliyyəti sadəcə kabinet, laboratoriya işindən ibarət deyil. Onun elmi yaradıcılığı, yazdığı elmi əsərləri təbiətə, heyvanat aləminə olan sonsuz diqqətinin, tədqiqatlarının yazılı abidəsidir. Təvəkkül müəllimin çətin istehsal şəraitində saxlanan gürzə ilanlarının həyatını uzatmaq, insanlara şəfa verən dərmanların hazırlanması üçün vacib xammal olan ilan zəhərinin yeni istifadə yollarını aramqda bu gün də xidmətini əsirgəmir, yaradıcılığını fədakarlıqla davam etdirir.
Təvəkkül İsgəndərovun adı Azərbaycan elminin təbiətə və Vətənə sadiq alimlərinin cərgəsində qızıl hərflərlə yazılmağa layiqdir. O, zəhərdən dərman yaratdı, elmə gənc kadrlar yetişdirdi, ən əsası isə sübut etdi ki, can yanğısı və yurdsevərlik eşqi ilə mümkün olmayanı mümkün etmək hər zaman mümkündür.
Bu gün Təvəkkül İsgəndərov AR ETN Zoologiya institutunda öz bilik və bacarıqlarını, təcrübəsini, elm eşqini elm yoluna qədəm qoyan gənc nəsillərə ötürür. Onun ömür yolu atasızlığın acısı ilə başlayan, çətinliklərlə yoğrulan, amma böyük zəfərlərlə taclanan bir yoldur. Onun son illərdəki fəaliyyətində isə Vətən eşqi, yurdsevərlik ruhu daha qabarıq şəkildə özünü göstərir. “Qarabağın amfibilər və reptililər faunasının növ müxtılifliyi” kimi məqalələr, işğaldan azad olunmuş ərazilərin fauna bərpası imkanları haqqında tədqiqatlar alimin hər daşı, hər canlısı əziz olan doğma torpağa olan qırılmaz bağını nümayiş etdirir. O, bu müqəddəs torpaqların ekoloji yarasını sarımağa çalışan öncül elmi cəbhənin döyüşçüsüdür.
Təvəkkül müəllimin yalnız elmi deyil, ictimai fəaliyyəti də geniş bir mənzərəni əhatə edir. Bu mənzərənin mərkəzində isə təsisçisi olduğu “Bioloji Müxtəliflik Mərkəzi İctimai Birliyi” kimi Qeyri-Hökumət təşkilatı durur. “Bioloji Müxtəliflik Mərkəzi” ictimai birliyi flora və faunanın qorunmasına, əhalinin ekoloji maarifləndirilməsinə xidmət edir Təvəkkül müəllim, təkcə ilanların deyil, həm də təbiətin bütün səssiz fəryadlarının mühafizəçisidir.
Xatırladaq ki,Təvəkkül müəllim apardığı morfoloji, molekulyar-genetik tədqiqatlara əsaslanaraq Azərbaycanın zəhərli ilanlar faunasının yeni taksonomik spektrini vermis və sübut etmişdir ki, Azərbaycanda yayılmış 26 növ ilanlardan isə yalnız 4 növü zəhərli və insan üçün təhlükəlidir. Bunlar Azərbaycanın bütün isti və quraq ərazilərində yayılan Levantin gürzəsi, Talış zonasında yayılan Qafqaz qalxansifəti, Naxçıvanda yayılan Radde dağ gürzəsi, Böyük və Kiçik Qafqazın, Talışın (Lerik) və Naxçıvanın yaylaqlarında yayılan Renardi yaylaq gürzəsidir.
Təvəkkül müəllim ”İlanlar və zəhərli sancmalar haqqında” broşurunda qeyd edir ki, Azərbaycanda yayılmış zəhərsiz ilanlara gəlincə, onlar 1 növ kor ilan, 1 növ yatağan ilan, 3 növ su ilanları, 17 növ təlxələr olmaqla 22 növdən ibarətdir. Bu ilanlar zəhərli sancmalar edə bilmədikləri üçün insan üçün təhlükəsizdirlər! Lakin, çox adamlar onları zəhərli gürzə sanaraq rast gəldikdə öldürürlər. Mütəxəssisin sözlərinə görə, ilanlardan qorunmaq üçün ilanlar yaşayan ərazilərdə diqqətli və sayıq olmaq və rast gəldikdə üstünə getməmək, 2 m məsafədə dayanmaq, ətrafı nəzarətdə saxlamaq, ilanın uzaqlaşmasına imkan vermək lazımdır. Unutmaq olmaz ki, biz “pisdir” desək də, ilanlar təbiət və təbiətdəki tarazlığı saxlamaq üçün ekosistemin vacib ünsürüdür! Təvəkkül müəllim ilan sancmalarına qarşı qoruyucu proflaktik tədbir kimi məsləhət görür ki, ilan yaşayan ərazilərdə gəzərkən “…uzunboğaz çəkmə geyinin, açıq ərazilərdə gecələyərkən ehtiyatlı olun, yatağınızı, çəkmələrinizi əvvəlcədən yoxlayın, əlinizi qapalı yerlərə, tərəvəz tağı və kol diblərinə salmayın və sair. İlanla rastlaşan zaman özünüzü itirməyin, sakit durun, ilanı hirsləndirməyin, vurmağa və öldürməyə çalışmayın!”
Azərbaycan, xüsusilə də Qarabağ və ətraf bölgələri, unikal coğrafi mövqeyi sayəsində Qafqaz regionunun ən zəngin biomüxtəliyə malik təbii guşələrindəndir. Burada nadir və endemik heyvan, quş və bitki növləri məskunlaşır. Qartalların qanad çaldığı nadir növlər olan bəbirin, dağ keçilərinin gəzişdiyi sıldırım qayalıqlar, qədim meşəliklərdə məskunlaşan ayılar, cüyürlər, isti düzənliklərin sakinləri olan ilan və digər vəhşi fauna nümunələri bu torpaqların əsl sahibləridir.
Təvəkkül İsgəndərovun sözləri ilə desək, işğaldan azad olunmuş ərazilərimizin minalanması nəticəsində baş verən hadisələr təkcə insanlara deyil, həm də bütövlükdə təbiətə qarşı yönəlmiş amansız bir terror aktıdır. Bu, Qafqazın biomüxtəlifliyinə görə zəngin xəzinəsi olan Azərbaycan faunasına vurulan sağalmaz yaradır. Düşmənin bu laqeyd, qeyri-insani münasibəti yalnız qınanılmalı deyil, həm də beynəlxalq səviyyədə ən sərt şəkildə pislənməlidir. Bioloji Müxtəliflik Mərkəzi İctimai Birlik olaraq 2023-cü ildə beynəlxalq bəyəannamə ilə çıxış edərək dünya ictimaiətini işğalçıların Qarabağ ərazilərində flora və faunaya qarşı törətdikləri qəddar terror faktlarını pisləməyə çağırmışdır.
Lakin illər boyu davam edən işğal və onun acı mirası olan mina terroru bu zənginliyi hər an məhv etməkdədir. Təvəkkül İsgəndərovun da diqqət çəkdiyi kimi, minalanmış ərazilərdə qida axtaran, öz təbii həyatını yaşayan vəhşi heyvanlar – ayılar, canavarlar, tülkülər, quşlar, ilanlar bu “gözəgörünməz düşmənlə” qarşılaşaraq məhv olur, şikəst qalır. Həyatla ölüm arasındakı incə xətt burada bir neçə qram partlayıcı ilə cızılmışdır.Bu, təbiətin vəhşi, lakin məsum sakinlərinin sükut içində fəryadıdır. İnsanlar tərəfindən qoyulan tələlərdə məhv olan hər bir can, təkcə fərdi itki deyil, bütöv bir ekosistemin tarazlığına vurulan zərbədir.
Minalar, sadəcə, heyvanları öldürmür; onlar torpağı, su mənbələrini çirkləndirir, bitki örtüyünün bərpasını illərlə ləngidir. Minanın partlaması nəticəsində torpağın üst qatı dağılır, bitkilərin kök sisteminə zərər dəyir və bununla da bioloji bərpa prosesi iflic olur. Bu, ekosistemə qarşı yönəlmiş, beynəlxalq konvensiyaları kobud şəkildə pozan bir ekoloji soyqırımdır.
Düşmənin bu addımları təkcə humanitar yox, həm də ekoloji dəyərlərə qarşı yönəlmiş qəddar bir münasibətin göstəricisidir. Təbiətə qarşı bu cür laqeydlik və düşmənçilik, bir xalqın öz torpağına və onun biomüxtəlifliyinə qarşı olan nifrətini əks etdirir.
Təvəkkül İsgəndərovun müraciətləri və həqiqətlərin ictimailəşdirilməsi dünya ictimaiyyətinə və beynəlxalq heyvan mühafizəsi təşkilatlarına ünvanlanmış vacib bir çağırışdır. Təbiət və heyvanlar aləminin mühafizəsi ilə məşğul olan hər kəs bu terror aktına biganə qalmamalıdır. Çünki laqeydlik, bu cür amansız əməllərin gələcəkdə də təkrarlanmasına “yaşıl işıq” yandırmaq deməkdir.
Bu, sadəcə Azərbaycanın problemi deyil, bu, bütövlükdə Cənubi Qafqazın, dünyanın təbii irsinin mühafizəsi problemidir. Vəhşi faunanın məhv edilməsi, onların yaşayış mühitinin minalarla çirklənməsi bütün bəşəriyyətin gələcəyi üçün ciddi təhlükədir.
Təvəkkül İsgəndərov təkcə elmi laboratoriyaların alimi deyil. O, daha çox təbiətin bütün səssiz fəryadlarının mühafizəçisi missiyasını daşıyan bir şəxsiyyətdir. 2004-cü ildə təsis etdiyi “Bioloji Müxtəliflik Mərkəzi” ictimai birliyi bunun ən bariz nümunəsidir. Bu birlik vasitəsilə xalqımızı maarifləndirmə işlərinin aparılmasına şərait yaradan
Bu Mərkəz onun şəxsi fədakarlığı ilə çiçəklənən bir ekoloji hərəkatın qərargahı oldu. O, flora və faunanın qorunmasına, ətraf mühitin sağlamlaşdırılmasına, əhalinin ekoloji maarifləndirilməsinə xidmət edir.
Təvəkkül müəllim elm adamının yalnız laboratoriyada deyil, həm də ictimaiyyət önündə olmasının vacibliyini sübut etdi. O, ilanları təhlükəli canlı kimi görən cəmiyyətə onların təbiətdəki vacib rolunu izah edir, gürzədən ehtiyatlanmağı, lakin ona nifrət etməməyi öyrədir. Bu, bir növ insan və təbiət arasında sülh elçiliyi idi.
Təvəkkül İsgəndərovun bu gün Zoologiya İnstitutunda davam edən yorulmaz fəaliyyəti, onun həyat yolunun son və ən əsas dərsidir. O, çətinliklərdən keçib, maliyyə maneələrinə rəğmən elmdən əl çəkməyən, təbiətə olan sevgisini nəticəyə çevirən bir alimin portretidir.
Onun hər bir elmi əsəri və yetişdirdiyi hər bir tələbəsinin yetişməsi (iki fəlsəfə doktorunun yetişməsindəki xidməti) Azərbaycanda herpetologiya elminin nəfəs alması deməkdir. Təvəkkül müəllim yalnız zəhərin sirrini öyrənmədi, o, həm də yurdsevərlik eşqinin, sədaqətin və tükənməz inamın yaşama müddətini sonsuzluğa uzatdı.
Bu gün biz sadəcə bir alimin biblioqrafiyasından, yaxud rəsmi vəzifələrindən danışmırıq. Biz, hər bir ixtirası ilə təbiətin gələcəyinə zəmanət verən, hər bir monoqrafiyası ilə sükutu dindirən bir ustadın -elmi yolundan bəhs edirik. Təvəkkül müəllim elmə olan sonsuz sevgisini həm laboratoriyada, həm də auditoriyada böyük bir sədaqətlə yaşatdı.
Təvəkkül İsgəndərovun əməyi sadəcə bir yaradıcı elmi işçi’ titulundan ibarət deyil. Onun ilanlar, sürünənlər və ekologiya mövzusunda yazılmış hər bir elmi əsəri Azərbaycanın herpetologiya elminə qiymətli töhvələrdir. Bu əsərlər gənc nəsillər üçün sadəcə məlumat mənbəyi deyil, həm də təbiətin sirlərinə açılan bir pəncərədir. Təvəkkül İsgəndərovun elmi yolu – zəhərli ilanları haqqında ekomorfoloji tədqiqatlardan tutmuş, molekulyar-genetik araşdırmalara qədər çox aspektli elmi fəaliyyəti əhatə edən geniş bir mənzərədir.
Bu ustad-alim yalnız zəhərli ilanların sirrini öyrənmədi, o, həm də yurdsevərlik eşqinin, sədaqətin və tükənməz inamın yaşama müddətini sonsuzluğa uzatdı. Onun hər bir əsəri, hər bir ixtirası və hər bir tələbəsi – Azərbaycanın elm salnaməsində qızıl hərflərlə yazılmış, heç zaman sönməyəcək bir nurdur.
Böyük alimin əməyinin ən gözəl meyvəsi isə onun tələbələridir. Təvəkkül müəllimin bir neçə nəfər magistrin, iki fəlsəfə doktorunun yetişməsindəki xidməti onun pedaqoji cəbhədəki zəfəridir. Ustadın hər bir tələbəsi – onun elmi yolunun davamçısı, gələcəyə atılmış sarsılmaz bir körpüdür.
Təvəkkül müəllim gənc alimlərə sadəcə biologiya fənnini öyrətmədi, həm də onlara elmə qarşı təmənnasız sədaqəti, məqsədə çatmaq üçün tükənməz inamı və ən əsası, öz yurduna olan dərin sevgini aşıladı. Bu gün Azərbaycan herpetologiya elmi, məhz onun yetişdirdiyi kadrların, onun yazdığı əsərlərin sayəsində yeni bir mərhələdə nəfəs almağa davam edir.
Təvəkkül İsgəndərovun ömrü, həqiqətən də, bir örnəkdir. O, illərin çətinliklərinə, maneəyə çevrilən bürokratiyaya və maddi məhdudiyyətlərə boyun əymədi. O, yalnız herpentologiya elminin sirrini öyrənmədi, o, həm də yurdsevərlik eşqinin, sədaqətin və tükənməz inamın yaşama müddətini sonsuzluğa uzatdı.
İlanların incə, lakin təhlükəli dünyasına özünü həsr edən bu ustad-alim, həyatın ən böyük həqiqətini ortaya qoydu: Həqiqi irs titulda deyil, ürəkdən gələn əməldə, yetişdirdiyin nəsildə və əbədiyyətə qovuşdurduğun bilikdədir. Onun bu qızıl irsi Azərbaycan elminin qürur mənbəyidir. O, sübut etdi ki, elm, vətənin həm mənəvi, həm də iqtisadi inkişaf yoludur. Zəhərdən həyat çıxaran alim, ölkənin həm səhiyyə, həm də bioloji inkişafında dönüş nöqtəsi yaratdı. Bu uğurlar iqtisadi inkişafımızın görünməz, lakin həyati əhəmiyyətli sütunlarıdır.
Biz bu böyük alimə, təbiətin sirlərinə sədaqətli olan bu ustadımıza uzun ömür, tükənməz ilham və gələcək fəaliyyətlərində daha da böyük nailiyyətlər arzulayırıq! Qoy onun yurdsevərlik eşqinin işığı gənc nəslin yolunu işıqlandırsın, Vətənə olan sevgisi isə onun yeni-yeni elmi zəfərlər qazanmasına ruh versin. Sonsuz elmi sədaqətiniz və Vətənə olan misilsiz sevginiz üçün təşəkkürlər, Təvəkkül müəllim!
AMİDTV.AZ
Aygün Məmmədova Azərbaycan Jurnalistlər Birliyinin üzvü








