Vətən sevgisinin, qəhrəmanlığın və fədakarlığın simvoluna çevrilən Kəşfiyyatçısı Şəhid Xudiyev Samir Səməd oğlu
Azərbaycan torpaqlarının müdafiəsi uğrunda canından keçən igidlərdən biri də komando kəşfiyyatçısı, şəhid Xudiyev Samir Səməd oğludur. O, qısa ömrünə böyük şərəf, vətən sevgisi və qəhrəmanlıq sığdıraraq adını Azərbaycanın müasir hərb tarixinə yazdırdı. Samir Xudiyev xidmət etdiyi müddətdə göstərdiyi cəsarət, peşəkarlıq və döyüş ruhu ilə həm döyüş yoldaşlarının, həm də komandirlərinin hörmətini qazandı.
Samir Xudiyev 18 iyul 2003-cü ildə Füzuli rayonundan olan ailədə, Bakı şəhərində dünyaya göz açıb. Uşaqlıq illərindən vətənpərvər ruhda böyüyən Samir təhsilinə 2009-cu ildə E. Maharramov adına 137 saylı orta məktəbdə başlayıb. Məktəb illərində intizamı, çevikliyi və hərb sahəsinə olan xüsusi marağı ilə seçilib. Onun ən böyük arzularından biri Vətənə xidmət etmək, Azərbaycan Ordusunun sıralarında layiqli əsgər olmaq idi.
2020-ci ildə orta məktəbi başa vurduqdan sonra Samir öz arzusunun ardınca gedərək hərbi xidmət yolunu seçdi. 2021-ci ilin iyul ayının 28-də həqiqi hərbi xidmətə yollanan Samir qısa müddət ərzində özünü bacarıqlı və hazırlıqlı hərbçi kimi təsdiqlədi. Xidmətə başladığı ilk günlərdən ona verilən tapşırıqları dəqiq və məsuliyyətlə yerinə yetirməsi komandirlərin diqqətini çəkirdi.
Samir Xudiyev hərbi xidmətini Laçın rayonunda yerləşən 157 saylı hərbi hissədə artilleriya kəşfiyyatçısı kimi davam etdirib. Döyüş şəraitində xidmət edən Samir dəfələrlə təhlükəli əməliyyatlarda iştirak edib. Laçının Qara göl ətrafında gedən döyüşlər zamanı minaatan atəşi altında qalmasına baxmayaraq, mövqeyini tərk etməyərək sona qədər mübarizə aparıb. Həmin döyüşlərdə göstərdiyi şücaət onun qorxmaz və iradəli bir hərbçi olduğunu sübut edib.
Döyüş zamanı yanında olan zabitlər və silah yoldaşları Samirin daim irəli atılan, tapşırıqdan çəkinməyən əsgər olduğunu bildirirdilər. O, hərbi xidmət dövründə bir sıra kəşfiyyat əməliyyatlarında iştirak edib və verilən bütün tapşırıqları yüksək dəqiqliklə yerinə yetirib. Samirin çevikliyi, soyuqqanlı davranışı və döyüş hazırlığı onu seçilən hərbçilərdən birinə çevirib.
Şəhid Samir Xudiyev xidmət etdiyi müddətdə müxtəlif yarış və təlimlərdə də uğur qazanıb. Minaatandan istifadə üzrə keçirilən yarışda iştirak edən Samir 160 nəfər arasında birinci yerə layiq görülüb. Bu uğuruna görə Quru Qoşunları Komandanlığı tərəfindən xüsusi təşəkkür alıb və ona 5 günlük məzuniyyət hədiyyə olunub. Onun peşəkar hazırlığı və hərbi bacarığı yüksək rütbəli zabitlər tərəfindən dəfələrlə təqdir olunurdu.
Samirin hərbi xidmət yolu sonradan Laçın rayonunun Yeni Komando Hərbi Hissəsində davam edib. O, burada komando hazırlığı keçərək daha məsuliyyətli tapşırıqlarda iştirak edib. Döyüş yoldaşlarının xatirələrinə görə Samir hər zaman yüksək ruhlu, vətəninə bağlı və mübariz bir insan idi. Onun əsas məqsədi torpaqlarımızın təhlükəsizliyi və dövlətimizin müdafiəsi idi.
2022-ci ilin avqust ayında Laçın istiqamətində baş verən döyüş əməliyyatları zamanı Samir Xudiyev yenidən ön cəbhədə idi. Avqustun 4-də axşam saatlarından başlayan əməliyyatlarda iştirak edən Samir səhərə qədər davam edən ağır döyüşlərdə böyük qəhrəmanlıq göstərib. 5 avqust 2022-ci ildə Laçın rayonunun Sarıbaba yüksəkliyi istiqamətində gedən döyüş zamanı düşmən postuna hücum edən zaman qəhrəmancasına şəhid olub.
Şəhidlik zirvəsinə ucalan Samir Xudiyev Vətən uğrunda canından keçərək Azərbaycan xalqının yaddaşında əbədi yaşamağa başladı. Onun göstərdiyi şücaət dövlət tərəfindən də yüksək qiymətləndirildi. Ölümündən sonra Samir Xudiyev “Vətən uğrunda” medalı və “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni ilə təltif olundu.
Bu gün şəhid Samir Xudiyevin adı onu tanıyanların qəlbində böyük ehtiramla çəkilir. O, gənc yaşında Vətən sevgisinin, qəhrəmanlığın və fədakarlığın simvoluna çevrilib. Azərbaycanın azadlığı və təhlükəsizliyi uğrunda canından keçən bütün şəhidlər kimi Samir Xudiyev də xalqımızın qüruru, gələcək nəsillərin örnəyi olaraq yaşayacaq.
AMİDTV.AZ
Sona Qubeysqızı Jurnalistlər Birliyinin üzvü,AMİDTV.AZ saytının” Qəhrəmanlar ” redaksiyasının müxbiri


6