Dünyanın bütün peşə sahiblərini həyata hazırlayan,millətin mənəvi sərvətini formalaşdıran bir qəhrəman,fədakarlığın və dərin bir sevginin təcəssümü,qəlblərdə əbədi həyat quran müəllimdir.

0

Müəllim – zülməti yaran nur, cəhaləti elmin qılıncıyla yox edən, elmi üstün olan, qəlbiylə insanlara yaxınlaşan, böyük örnək, insanlara elm öyrətməklə həyatını şam kimi əridən, qəlblərdə əbədi həyat quran şəxsiyyətdir. O, bar verən ağac kimi başıaşağı, gülməsi ilə cəmiyyətə təbəssüm , millətin, xalqın yükünü çiynində daşıyan müəllimdir. İdeallığa doğru gedən, ancaq yerişini dəyişməyən, heç bir qarşılıq gözləmədən könül saraylarını inşa edən, ciddiyyəti  ilə qəlbinə hakim edən, ancaq təkəbbürdən uzaq, peşəsini sevən, sevməyi sevən, nifrətə nifrət edən bir ana, atadır.
Müəllim, bir fidanı əkib, onun böyüyüb çiçəklənməsi üçün gecəsini gündüzünə qatan bir bağban kimidir. O, sinif otağını elə bir dünyaya çevirir ki, hər bir şagird öz potensialını kəşf edir, ən uzaq xəyallarına çatmağın yollarını öyrənir. Bu müqəddəs zəhmət sayəsində cəmiyyət savadlı, düşünən, tənqidi yanaşma bacarığına malik fərdlər qazanır. Müəllim ideyaları canlandıran bir katalizator rolunu oynayır, sabahın alimlərini, həkimlərini, mühəndislərini, sənətkarlarını yetişdirərək cəmiyyətin tərəqqisinə birbaşa dəstək verir. Məhz müəllimin səyi ilə formalaşan bu intellektual zəmin, bir millətin gələcəyini və dünya arenasında yerini müəyyən edir.Müəllim insan memarı, ümid qəhrəmanı, məhəbbət dolu bir qəlb, ismətliylə bir örnəkdir. Elə bir örnək ki uşaqlıqdan qocalığa qədər hər birimizin təfəkküründə saf, təmiz, əxlaqlı mehriban bir qəhrəmana çevrilərək bütün həyatımız boyu əməllərimizdə yanımızda olan bir örnəkdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fəaliyyətində təhsil sahəsi, xüsusilə də müəllimə verilən dəyər xüsusi yer tuturdu. Onun hər bir çıxışında, hər bir qərarında müəllimə olan dərin ehtiram və bu peşənin müqəddəsliyinə olan inam aydın görünürdü. Ulu Öndər təhsili gələcəyin təməli, müəllimi isə bu təməli atan memar kimi görürdü. O, təkcə yeni məktəblər tikdirmədi, təhsil proqramlarını inkişaf etdirmədi, həm də müəllimə olan hörməti hər bir Azərbaycanlının qəlbinə yeritdi.
Ulu öndər deyirdi: “Mən dünyada müəllimdən yüksək ad tanımıram. Biz hamımız həyatımızda əldə etdiyimiz nailiyyətlərə, bütün varlığımıza görə müəllimə borcluyuq”.
Heydər Əliyev müəllimi sadəcə bilik ötürən bir şəxs kimi deyil, millətin mənəvi sərvətini formalaşdıran bir qəhrəman kimi qiymətləndirirdi. O, hər fürsətdə müəllimlərlə görüşür, onların problemlərini dinləyir, fədakarlıqlarını yüksək qiymətləndirirdi. Bu rəğbət təkcə sözdə deyil, həm də əməli addımlarda öz əksini tapırdı. Müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması, onların əməyinin stimullaşdırılması üçün vacib qərarlar qəbul edilirdi. Bu yanaşma, bir cəmiyyətin gələcəyini düşünən bir liderin uzaqgörənliyinin bariz nümunəsi idi.
Ulu öndər “Təhsil millətin gələcəyidir” deyərək, bu sahəyə verdiyi önəmi bir daha vurğulayırdı. O, bilirdi ki, savadlı və vətənpərvər gənclər yetişdirmədən, müasir və inkişaf etmiş bir dövlət qurmaq mümkün deyil. Məhz bu məqsədlə, müəllimə olan münasibəti dəyişdirdi, cəmiyyətdə onun nüfuzunu bərpa etdi. Hər bir valideynin övladını müəllimə etibar etməsi, hər bir gəncin müəllimə hörmətlə yanaşması, bu sevgi və rəğbətin nəticəsi idi.
Bu gün də ulu öndərin təhsilə və müəllimə olan münasibəti bizə bir örnəkdir. Onun qoyduğu ənənələr yaşayır və inkişaf edir. Müəllimə olan dəyər, onun şəxsiyyətinə olan hörmət, təhsil sistemimizin əsas sütunlarından biridir. Heydər Əliyev bu sevgini hər bir Azərbaycanlının ürəyinə hopdurdu və bu, bizim ən böyük sərvətlərimizdən biridir.Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təməlini qoyduğu güclü dövlətçilik siyasəti, bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin ən vacib istiqamətlərindən biri də təhsil sahəsinə göstərilən diqqət və qayğıdır. İlham Əliyev, atası kimi, təhsilin bir millətin gələcəyi üçün strateji əhəmiyyət daşıdığını dərindən anlayır və müəllimə olan hörməti dövlət siyasətinin ən vacib elementlərindən birinə çevirib.
İlham Əliyevin rəhbərliyi altında təhsilə ayrılan büdcə hər il artır, bu da təhsil sisteminin müasirləşdirilməsi və inkişafı üçün geniş imkanlar yaradır. Ölkənin hər yerində, o cümlədən ən ucqar kəndlərdə belə yeni məktəblər tikilir, köhnə təhsil ocaqları əsaslı təmir edilir və ən son texnoloji avadanlıqlarla təchiz olunur. Bu addımlar tələbələrin daha yaxşı şəraitdə təhsil almasını təmin etməklə yanaşı, müəllimlərin də iş şəraitini xeyli yaxşılaşdırır.
Prezident İlham Əliyev üçün müəllim fədakar bir peşənin daşıyıcısıdır və onların əməyi daim yüksək qiymətləndirilir.
İlham Əliyev təhsilə olan qayğısını dəfələrlə həm sözlə, həm də əməllə sübut edib. O, müəllimləri təkcə bilik verən şəxslər kimi deyil, həm də vətənpərvər, bilikli və savadlı gənclər yetişdirən liderlər kimi görür. Müəllim sadəcə bir peşənin adı deyil, o, bir missiyanın, fədakarlığın və dərin bir sevginin təcəssümüdür. O, gələcək nəsillərin həyatında silinməz izlər qoyur, onların düşüncə tərzini formalaşdırır və dünyaya baxışını dəyişir.Sənətin sirri, sevgini və hörməti qazanmış müəllimlərin möcüzəsi də elə buradadır. Onlar sadəcə bilik ötürücüsü deyil, onlar bir toxum əkən bağbandır, o toxumdan cücərən fidanı əlində tutub, onu işıqlı gələcəyə doğru yönəldəndir. Azərbaycanın parlaq gələcəyinin, uğurlu inkişafının açarı da məhz bu müəllimlərin əlindədir. Çünki bilirlər ki, hər şeyin təməli təhsildir.
Müəllimlik sənəti çox zaman çətinliklərlə dolu bir yoldur. Lakin bu yolda fərqlənən, şagirdlərin hörmət və sevgisini qazanan müəllimlər sadəcə dərslərini keçməklə kifayətlənmirlər. Onlar sinif otağını dar bir məkandan geniş bir dünyaya çevirirlər. Məktəbə sevgi, kitaba maraq, öyrənməyə həvəs aşılayırlar. Onların hər bir kəlməsi şagirdin qəlbində bir nur yandırır, hər addımı gələcəyə doğru atılan bir addım olur. Bu müəllimlər dərk edirlər ki, bir millətin gələcəyi hər bir şagirdin zehnində, qəlbində formalaşır. Yüksək təhsil isə bu gələcəyin ən etibarlı təməlidir.
Uğurlu inkişaf dedikdə yalnız iqtisadi göstəricilər, müasir binalar, yollar yada düşməməlidir. Əsl inkişaf intellektual inkişafdır. Bu isə yalnız keyfiyyətli təhsillə mümkündür. Elmlə, biliklə  hörmətlə böyümüş bir nəsil cəmiyyəti irəliyə apara bilər. Bir cəmiyyət o zaman çiçəklənir ki, elm adamları, ixtiraçılar, sənətkarlar, həkimlər və digər mütəxəssislər yetişdirir. Bütün bunların isə əsasında yenə də müəllim dayanır. O, gələcəyin memarıdır. Onun əkdiyi hər toxum, şagirdlərə aşıladığı hər bilik cəmiyyətin gələcəyini şəkilləndirir.
Azərbaycanın uğurlu gələcəyi üçün güclü kadrlar yetişdirməyin təməlində dəyərli müəllimlər durur. Bu müəllimlər şagirdlərə sadəcə bilik vermirlər, onlara dəyərlər aşlayırlar, onları vətənpərvər, dürüst, ədalətli, çalışqan və cəsarətli bir insan kimi yetişdirirlər. Onlar üçün hər bir şagird bir fərd, bir şəxsiyyətdir və hər birinin potensialını ortaya çıxarmağa çalışırlar. Bu, sadəcə bir peşə deyil, bu bir missiyadır. Müəllim öz missiyasını dərk etdiyi zaman cəmiyyət də onun qarşısında borclu qalmaz.
Müəllimlik sənəti, sadəcə dərsliklərdəki bilikləri ötürməklə məhdudlaşmır, o, həm də mənəvi dəyərləri, məsuliyyəti və insanlığı öyrədən bir mənəviyyat məktəbidir.
Ölkəmizdə təhsilin inkişafında, onun maddi-texniki bazasının möhkəmlənməsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri var. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramları və digər layihələri bu sahənin inkişafında mühüm rol oynayıb.
Ağıl və elm kimi dünyaya məxsus olan açarın milyonlarla insanlara əxzində, məhz müəllim qüdrəti, müəllim əməyi əvəzsiz və sonsuzdur. Odur ki, bəşəriyyət formalaşdığı bir zamandan müəllimə olan münasibət fərqli məcrada özünü göstərə bilmişdir. Müəllim ustaddır, öyrədəndir, həyata vəsiqə verəndir. Bu cür məfhumları özündə cəmləşdirən peşə sahibinin peşə bayramının respublika səviyyəsində qeyd olunması ona olan qiymətin bir ölçüsüdür. Dünyanın bütün peşə sahiblərini həyata hazırlayan elə müəllimdir. Bu baxımdan, müəllimlik peşəsi heç bir peşə ilə müqayisəyə gəlməyən bir nümunədir. Dünyanın ən müdrik simaları, liderləri, böyük şəxsiyyətləri, beynəlxalq aləmin hegemon qüvvələri bu ad qarşısında adiləşir, öyrənməyə və nəyisə əxz etməyə çalışırlar. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var.
​Hər bir müəllim, şagirdinin qəlbində bir işıq yandırmaq, onun potensialını üzə çıxarmaq üçün yorulmadan çalışır. Sinif otağında keçirilən hər bir dərs, təkcə elmi biliklərin deyil, həm də həyat təcrübəsinin, düzgün qərar vermə bacarığının və məqsədyönlülüyün təməlini qoyur. Müəllim, bəzən valideyn, bəzən dost, bəzən isə ən etibarlı sirdaş olur. Onlar şagirdlərinin hər bir uğuruna sevinir, hər bir uğursuzluğunda dəstək olurlar.
Hər səhər məktəb qapısından içəri girəndə, sadəcə bir binaya daxil olmuruq, sanki zamana və məkana meydan oxuyan bir mənəviyyat ocağına addımlayırıq. Bu ocağın işığı müəllimlərin qəlbindən süzülüb, hər bir şagirdin gələcəyini aydınlatmaq üçün yandırılır. Müəllimlik nə peşə, nə də bir sənətdir; o, bir taleydir, bir missiyadır, bir yaşama sənətidir. Onlar sadəcə bilik ötürmürlər, eyni zamanda insanlığın ən gözəl dəyərlərini, mərhəməti, vicdanı, məsuliyyəti gələcək nəsillərin qəlbinə əkirlər.
Hər müəllimin hekayəsi fərqlidir, amma onların hamısını birləşdirən ortaq bir sevgi var: öyrənməyə olan ehtiras və bu ehtirası başqalarında alovlandırma arzusu. Onlar bəzən ən çətin yollardan keçir, ən qaranlıq otaqlarda belə işıq olmağa çalışırlar. Bir şagirdin gözündəki parıltı, bir uğurun sevinci, unudulmuş bir sualın cavabı onların ən böyük mükafatıdır. Müəllim, uşaqlar üçün bəzən ata, bəzən ana, bəzən isə ən yaxşı dost olur. Onların hər kəlməsi, hər baxışı bir dərsdir.
Bu gün sivil ölkələr sırasında Azərbaycanı nüfuzlu dövlət kimi görürüksə, demək, dövlətin güclü silahı olan elmi inkişafdadır. Ölkə rəhbərliyi tərəfindən atılan addımlar bu sahənin daha da inkişafına yönəlmişdir. İyirmi birinci yüzillik elm və informasiya əsri olduğundan, sürətli inkişafda Azərbaycan da təhsilini dünya səviyyəsində qurur. Təhsilin inkişafına göstərilən yüksək diqqət Azərbaycanın dünya miqyasında tanıdılmasına və layiqli yerinin təmin olunmasına xidmət edir. Təhsil sistemində əldə olunan yeniliklər Azərbaycan elminin dünyaya inteqrasiya sürətini artırıb.
Bəzən bir şagirdə çətin bir düsturu izah edən səbrlə saatlar sərf edəndir,bəzən bir tələbənin şəxsi problemini dinləyib ona mənəvi dəstək olandır müəllim. Onlar şagirdlərinin uğursuzluğunu öz uğursuzluğu, nailiyyətlərini isə öz nailiyyəti kimi qəbul edirlər. Onların əsas məqsədi, sadəcə tədris etmək yox, həm də gələcək nəsilləri cəmiyyətin layiqli və məsuliyyətli üzvləri kimi yetişdirməkdir.Onlar yeni texnologiyaların yaranması üçün proqramistləri, həyatları xilas etmək üçün həkimləri, iqtisadi inkişafı təmin etmək üçün iqtisadçıları yetişdirirlər. Hər bir sahənin mütəxəssisi bir müəllimin sinifindən keçərək formalaşıb.
İqtisadiyyatın inkişafı üçün  iqtisadçının, hər bir parlaq ideyanın arxasında, bəzən unudulan, lakin həyatın ən vacib memarları olan müəllimlər dayanır. Onlar sadəcə rəqəmləri, qrafikləri və nəzəriyyələri öyrətmir, həm də gələcəyin iqtisadi liderlərinin düşüncə tərzini formalaşdırır, onların dünyagörüşünü genişləndirirlər. Müəllim, qaranlıq bir otağa işıq salan bir bələdçidir, çətin və mürəkkəb iqtisadi anlayışların sirrini açan bir düymədir.
Nəinki iqtisadiyyat, mədəniyyət,elmi tədqiqatlar, tibb sahəsində, texnalogiyanın inkişafında, idman sahəsində, hüquqi maarifləndirilmə sahəsində müəllimlərimizin əməyi danılmazdır.
Müasir dövrdə elmi və texnoloji tərəqqi ildırım sürətilə irəliləyir. Süni intellekt, robototexnika, nanotexnologiyalar və bir çox digər sahələr həyatımızı kökündən dəyişir. Bu proseslərin hamısının təməlində isə bir fundamental qüvvə dayanır: müəllimlər. Onlar sadəcə bilik ötürücüsü deyil, onlar cəmiyyətin elmi-texniki inkişafının əsas bələdçisidir.
Müəllimlərin yetişdirdiyi hər bir istedadlı gənc alim, mühəndis, proqramçı və ya ixtiraçı gələcəkdə ölkənin elmi-texniki potensialını gücləndirir. Onlar yaratdıqları texnologiyalarla cəmiyyətin problemlərini həll edir, yeni iqtisadi sahələr yaradır və ölkənin rəqabət qabiliyyətini artırırlar. Bu uğurların hər birinin başlanğıc nöqtəsində isə bir müəllimin zəhməti və fədakarlığı dayanır.
Deməli, müəllimlik peşəsi sadəcə bir iş deyil, bu, gələcəyə bir investisiyadır. Cəmiyyət olaraq müəllimlərimizə verdiyimiz dəyər, əslində öz gələcəyimizə verdiyimiz dəyərdir. Çünki elmi-texniki tərəqqinin əsas bələdçisi, yeni texnologiyaların yaranmasına ruh verən qüvvə məhz müəllimlərdir.
Müəllimlərin əlləri ilə toxunulan hər həyat, bir toxum kimi torpağa əkilir və bu toxumlar gələcəyin ağaclarına çevrilir. Bu ağaclar elmlərin, sənətlərin, kəşflərin meyvələrini yetişdirir. Müəllimlər olmasa, cəmiyyətimiz, bəşəriyyətimiz bu qədər zəngin və inkişaf etmiş ola bilməzdi. Onlar cəmiyyətin təməl daşıdır, hər bir uğurun arxasında onların fədakar əməyi dayanır.Elmdə, texnologiyada, incəsənətdə, iqtisadiyyatda, tibbdə — əldə olunan uğurun arxasında görünməz bir qəhrəman ordusu dayanır. Elmi sahədə yeni bir kəşfin, texnologiyada bir ixtiranın, sənətdə unikal bir əsərin təməli məhz müəllimin öyrətdiyi biliklərlə qoyulur.Texnologiyanın sürətli inkişafı dünyanı kiçiltdi, məlumatı hər kəs üçün əlçatan etdi. Bu gün internetdə milyonlarla bilik mənbəyi var.  Rəqabət daha da gücləndiyindən, müəllimlərin üzərinə daha böyük vəzifə düşür. Onlar artıq sadəcə bilik ötürücüsü deyil, onlar şagirdləri məlumat selində boğulmamağa, doğru yolu tapmağa, tənqidi düşünməyə və ən əsası, yaratmağa öyrədən bələdçilərdir.
İnkişaf etmiş ölkələrdə uğurlu layihələrin həyata keçirilməsinin sirri məhz yüksək səviyyəli müəllimlərin yetişdirdiyi təşəbbüskar və bacarıqlı kadrlardır. Bu müəllimlər şagirdlərinə sadəcə fənni öyrətmir, onlara komandada işləmək, liderlik etmək, kreativ ideyalar ortaya qoymaq və uğursuzluqdan dərs çıxarmaq kimi həyat bacarıqları aşılayırlar. Onlar bilirlər ki, gələcəyin mühəndisi, alimi və ya sahibkarı olmaq üçün sadəcə bilik kifayət deyil, həm də problemləri həll etmək və yeniliklər yaratmaq qabiliyyəti vacibdir.
Bu gün müəllimin qarşısında duran əsas məqsəd, şagirdlərini qlobal rəqabətə hazır etməkdir. Bu, o deməkdir ki, onlar təkcə yerli deyil, beynəlxalq səviyyədə də rəqabətə davamlı kadrlar yetişdirməlidirlər. Bu məqsədə çatmaq üçün müəllimlər daim özlərini təkmilləşdirməli, ən son təhsil metodlarını öyrənməli və dərslərini real həyat layihələri ilə əlaqələndirməlidirlər. Məsələn, riyaziyyatı sadəcə düsturlar toplusu kimi deyil, robotların proqramlaşdırılması və ya süni intellekt layihələrinin təməli kimi təqdim etməlidirlər.
Unutmayaq ki, bir ölkənin gücü onun təhsil sisteminin gücü ilə ölçülür. Təhsil sisteminin ürəyi isə müəllimlərdir. Onların fədakarlığı, intellekti və yeniliklərə olan bağlılığı Azərbaycanın gələcəyini daha parlaq edəcək. Çünki onlar hər bir şagirdin potensialına inanır və onları gələcəyin memarı kimi yetişdirirlər.
Zamanın axarı dəyişir, dünya hər an yenilənir. Dünənin bilikləri bu günün tələblərinə cavab vermir, bu günün texnologiyaları sabahın qapılarını açır. Bu sürətli dəyişiklikdə gələcəyi formalaşdıran, yeni nəsillərə yol göstərən bir sima var: Müəllim. Əvvəllər sadəcə bilik məbədi olan sinif otaqları, indi bir ideya laboratoriyasına çevrilib. Bu yeni dövrün müəllimi, sadəcə dərs keçən deyil, o, bir səyyahdır, şagirdlərini gələcəyin bilinməyən sularında bələdçilik edir.
Müəllimlik sənəti bir dəfə qazanılan, ömür boyu dəyişməyən bir peşə deyil. O, bir ağac kimidir, kökləri dərində olsa da, budaqları daim göyə, günəşə doğru uzanır. Gələcəyin tələblərinə cavab verən müəllim də özünü daim yeniləməli, yeni bacarıqlara yiyələnməlidir.
Bu günün müəllimi sadəcə lövhə və təbaşir ustası olmamalıdır. O, rəqəmsal dünyanın sirrlərini bilən bir memar kimi, virtual sinif otaqları qurmalı, interaktiv tədris metodlarını dərslərinə inteqrasiya etməlidir. Süni intellektin və robototexnikanın əsrində, müəllim bu alətlərdən qorxmamalı, əksinə, onları tədrisin bir hissəsinə çevirməlidir. Təsəvvür edin, riyaziyyat dərsi sırf düsturlar yığını deyil, bir proqramlaşdırma layihəsi ilə əyani şəkildə öyrədilir. Bu, şagirdin beynində soyuq rəqəmləri deyil, isti maraq qığılcımını yandırır.
İnformasiya axını altında boğulan şagirdlərə doğru ilə yanlışı ayırmağı öyrədən müəllim, əslində gələcəyin düşünən, analiz edən və yaradan nəslini formalaşdırır. O, cavabları diktə etmir, əksinə, doğru sualları verməyi öyrədir.  Belə müəllimlər şagirdləri səhvlərindən dərs çıxarmağa, hər problemlə üzləşdikdə yeni həll yolları axtarmağa sövq edirlər.
Müasir iş dünyası monoton işçilər deyil, kreativ, təşəbbüskar və özgüvənli fərdlər tələb edir. Müəllim şagirdlərini standart qəliblərdən kənara çıxmağa, fərqli düşünməyə ruhlandırmalıdır. O, sinif otağını qorxu və cəza yeri deyil, ideyaların sərbəst axdığı, hər fərqli fikrin dəyər verildiyi bir sığınacaq etməlidir. Müəllim şagirdinin içindəki yaradıcılıq potensialını oyadan bir alov olmalıdır.

AMİDTV.AZ

Bağırova Sevinc Ağadin qızı
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC),
Baş müəllim, Filologiya üzrə fəlsəfə doktoru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir