Heydər Əliyev Azərbaycan rəssamlarını milli mədəniyyətin aparıcı qüvvəsi hesab edir

0

Milli dövlətçilik dəyərlərinin əsasında sağlam düşüncəli mədəniyyət dayanır.Azərbaycanın zəngin mədəni irsi, tarix boyu formalaşmış incəsənət ənənələri uzun müddət regionun sərhədlərindən kənara çıxaraq dünya mədəniyyət xəritəsində özünəməxsus yer tutub. Lakin son illər Azərbaycan rəssamlığının beynəlxalq sərgilərdə nümayişi təkcə estetik zövqün dünyaya təqdim olunması deyil, eyni zamanda ölkənin strateji mədəni diplomatiyasının yeni mərhələsi kimi qiymətləndirilir. Bu mərhələnin mahiyyəti yalnız sənətin sərgilənməsi deyil, milli kimlik, siyasi suverenlik və yaradıcılıq enerjisinin qlobal platformalarda özünə yer açmasıdır. Sabahkı uğurların yeganə təminatı isə sağlam cəmiyyət quruculuğuna diqqəti artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə daha dərindən aşılamaqdan keçir. Bu baxımdan, ümummilli lider Heydər Əliyevin mədəniyyət siyasəti müasir Azərbaycan üçün yol göstərən strateji xətt olaraq qalır.

Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edir, milli-mənəvi dəyərlərin qorunması və inkişafı üçün mümkün olan bütün addımları atırdı. Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, onun qayğı və diqqətindən bəhrələnməsin. Musiqi, teatr, kino, heykəltaraşlıq, rəssamlıq, xalçaçılıq bütün sahələr bu günkü inkişaflarını böyük dərəcədə məhz Ulu Öndərin ideyalarına borcludur.

Heydər Əliyevin Azərbaycana rəhbərliyə qayıdışı ölkənin mədəni həyatında yeni bir mərhələnin əsasını qoydu. O, istər sovet dönəmində, istərsə də müstəqillik illərində mədəniyyət xadimlərinin toplantılarında, qurultay və konfranslarında iştirak edir, etdiyi nitqlərlə hər bir sahənin gələcək inkişaf proqramını müəyyənləşdirirdi. Onun çıxışlarında mədəniyyətin bütün istiqamətlərinə dərindən bələd olması açıq şəkildə hiss edilirdi.
Azərbaycanın musiqiçiləri, rəssamları, yazıçı və teatr xadimləri Heydər Əliyevin qayğısını hər zaman hiss edir, onun sayəsində yüksək dövlət mükafatlarına, SSRİ-nin nüfuzlu fəxri adlarına layiq görülürdülər. Ulu öndərin mədəniyyət siyasəti xalqına dərin məhəbbət və sədaqət üzərində qurulmuşdu.

Heydər Əliyevin təşəbbüsü ilə 1970–80-ci illərdə Bakıda və bölgələrdə tanınmış mədəniyyət, ədəbiyyat və elm xadimlərinin abidələri ucaldıldı. Nəriman Nərimanov, İmadəddin Nəsimi, Cəfər Cabbarlı, Hüseyn Cavid, Səttar Bəhlulzadə və digər şəxsiyyətlərin xatirəsini yaşadan bu abidələr milli kimliyin möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı.
Eyni zamanda bu illərdə ölkədə tarix diyarşünaslıq muzeyləri, klassik sənətkarların ev-muzeyləri yaradıldı, repressiya qurbanlarının irsi bərpa olundu. 1976-cı ildə Şuşanın sosial-iqtisadi inkişafı ilə bağlı qərardan sonra şəhərdə Xan qızı Natəvanın abidəsinin ucaldılması isə Qarabağ mədəniyyətinə göstərilən diqqətin bariz nümunəsi idi.Heydər Əliyev Azərbaycan rəssamlarını milli mədəniyyətin aparıcı qüvvəsi hesab edir, sənətkarların yaradıcılıq mühitinin yaxşılaşdırılmasını vacib sayırdı.

Rəssamlar üçün yeni emalatxanaların tikilməsi, “Rəssamlar evi”nin genişləndirilməsi, daha sonra isə həmin emalatxanaların rəssamların özünə mülkiyyət kimi verilməsi onun humanist siyasətinin nəticəsi idi.Ulu öndərin uzun illər arzu etdiyi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 2000-ci ildə yaradılması milli təsviri sənətin inkişafında dönüş mərhələsi oldu. Bu müəssisə bu gün də gənc istedadların formalaşdığı əsas yaradıcılıq mərkəzidir.

Heydər Əliyevin mədəniyyətə münasibətini böyük rəssam Səttar Bəhlulzadənin 85 illik yubileyində dediyi sözlər daha aydın ifadə edir:
“Səttar Bəhlulzadənin yaradıcılığı bizim üçün mənəviyyat mənbəyidir. Bu, xalqımızın rəssamlıq məktəbinin yüksək professional səviyyəsinin göstəricisidir.”
Bu gün ölkəmizdə mədəniyyət siyasətinin davam etdirilməsi Prezident İlham Əliyevin fəaliyyətinin mühüm istiqamətlərindən biridir.

Ulu öndərin ideyalarına əsaslanan inkişaf strategiyası teatr, kino, rəssamlıq, kitabxana və muzey işi sahəsində yeni proqramların həyata keçirilməsi ilə daha da gücləndirilib.Yeni mədəniyyət obyektlərinin inşası, mövcudlarının bərpası, Bakı teatrlarının tam yenilənməsi, Azərbaycanın “İslam Mədəniyyətinin Paytaxtı” seçilməsi, eləcə də mədəniyyətlərarası dialoq forumlarının təşkili Azərbaycan mədəniyyətinin dünyaya inteqrasiyasını sürətləndirib.Heydər Əliyev Fondunun, xüsusilə Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsləri milli mənəvi dəyərlərin təbliği və muğam sənətinin inkişafında müstəsna rol oynayır. Fondun layihələri Azərbaycanı mədəniyyətlərarası dialoq və tolerantlıq məkanına çevirir.

Prezident İlham Əliyevin rəssamlıq və təsviri sənət sahəsinə göstərdiyi diqqət həm infrastrukturun yenilənməsində, həm də yaradıcı insanların sosial-mədəni fəallığının artırılmasında özünü göstərir.Yeni sərgi mərkəzləri, müasir muzeylər, genişləndirilmiş akademik baza gənc istedadlara daha geniş imkanlar açır. Rəssamlara dövlət mükafatlarının təqdim edilməsi, onların əsərlərinə yaradılan sərgi şəraiti, Prezidentin sərgilərin açılışında iştirakı incəsənətə verilən dəyərin real ifadəsidir.

2020-ci ildə Ermənistanın işğalından azad olunan Azərbaycan ərazilərində genişmiqyaslı quruculuq işləri ilə paralel olaraq mədəni irsin bərpası və yaradıcı sənətlərin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. 2020-ci il Zəfəri bölgədə təkcə siyasi və hərbi deyil, həm də mədəni dirçəliş dövrünün başlanğıcı oldu.İşğal dövründə Qarabağ bölgəsində muzeylər dağıdılmış,sərgi salonları məhv edilmiş,minlərlə sənət nümunəsi talan olunmuş,yaradıcılıq məktəbləri fəaliyyətini itirmişdir.Bu vəziyyət mədəniyyətşünaslıq baxımından “mədəni ekosistemin çökməsi” kimi qiymətləndirilir.

Ekosistemin çökməsi yalnız maddi irsin yox olması ilə deyil, həm də yaradıcı nəsillər arasında davamlılığın pozulması ilə müşayiət olunur. Rəssamlıq sahəsində bu, özünü sənətkarların regiondan uzaqlaşması və sənət məktəblərinin tamamilə sıradan çıxması ilə göstərmişdir.

Xüsusilə Qarabağın azad edilməsindən sonra bölgədə mədəniyyətin bərpası rəssamlıq üçün yeni bir mərhələnin başlanğıcı oldu. Sanki rənglər illərlə susmuş torpağın ruhunu yenidən oyatdı. Rəssamlar viran olmuş şəhərlərin ağrı və qürur dolu tarixini kətana köçürərək xalqa mənəvi dönüş yaşatdılar.Azad olunan bölgələrdə açılan sərgilər, bərpa edilən qalereyalar və yeni muzeylər “Mədəniyyətin qayıdış manifesti” kimi səslənir. Bu məkanlar yalnız sənət deyil, həm də milli ruhun yenidən dirçəliş ünvanıdır.
Azərbaycan rəssamlığının əsərlərinin beynəlxalq sərgilərdə nümayişi ölkənin mədəni diplomatiyasının yeni mərhələsidir. Rəssamlıq sərgiləri bəzən bir ölkənin tarixini, dünyagörüşünü və emosional yaddaşını bir neçə tablonun içində daha səlis və dolğun ifadə edə bilir. Azərbaycan rəssamlarının əsərləri Parisdən Dubaya, Berlindən Tokiyoya qədər sərgi zallarında nümayiş olunarkən, əslində ölkənin çox qatlı mədəni palitrası da həmin divarlara hopur. Bu prosesdə həm klassik ənənələri yaşadan ustadların, həm də modern estetikaya üstünlük verən gənc rəssamların iştirakı Azərbaycanın müasir inkişaf modelini də göstərir,kökdən gələn qüdrət və müasirliklə gələcəyə yönələn dinamikası.Sərgilərdə nümayiş olunan hər bir əsər Azərbaycanın sülh çağırışlarını, tolerantlıq mühitini, mədəni müxtəlifliyə hörmətini və tarixə bağlılığını dünyaya çatdırır

Xəzərin mavisi, Qarabağın yaşıllığı, Bakının qızılı işığı artıq dünya incəsənət məkanında tanınır.Son illərdə işğaldan azad olunan torpaqlarda həyatın yenidən canlanması Azərbaycan rəssamlığında yeni bir mərhələ yaratdı. Qarabağın bərpası, Şuşanın yenidən doğuluşu və mədəniyyət paytaxtına çevrilməsi rəssamların mövzu dairəsini daha da genişləndirib. Bu mövzuda çəkilən əsərlərin dünya sərgilərində nümayişi isə Azərbaycanın haqq səsinin sənət vasitəsilə çatdırılmasına xidmət edir. Tablolarda əks olunan dağıntılar, qayıdış, zəfər və yenilənmə motivləri beynəlxalq auditoriyaya həm tarixi həqiqətləri, həm də xalqın yenilməz ruhunu çatdırır.Azərbaycan sənətçiləri artıq yalnız ənənəvi xalça naxışlarından və miniatür estetikasından ibarət kimliklə deyil, həm də modernizm, abstraksiya, konseptual sənət və rəqəmsal incəsənət sahələrində öz sözünü deyirlər. Bu isə mədəni diplomatiyanın mahiyyətini daha da zənginləşdirir.Bu gün Azərbaycan sənətinin yanında görünməz bir cümlə dayanır:
“Bu ölkədə sənət var və bu sənətə dəyər verən bir dövlət var.”. Azərbaycan rəssamlığının beynəlxalq sərgilərdə nümayişi ölkənin mədəni diplomatiyasında yeni nəfəs, yeni baxış və yeni gücdür. Bu yalnız incəsənət hadisəsi deyil Azərbaycanın dünyaya verdiyi mesajdır.Biz yaratmaqla yaşayırıq, yaratmaqla güclənirik və yaratmaqla dünyaya açılırıq.Bu proses təkcə bu gün üçün deyil, gələcək nəsillər üçün də böyük mədəni sərmayədir. Çünki sənət sərhəd tanımır və Azərbaycan rəssamlığı da bu sərhədsiz meydanda öz parlaq yolunu inamla davam etdirir və etdirəcək.

Mədəni irsi qorumaq, gələcək nəsillərə ötürmək isə hər birimizin borcudur. Çünki xalq öz mədəniyyəti, ədəbiyyatı və elmi ilə yaşayır, tanınır.

AMİDTV.AZ

Əkbərov İlqar Azərbaycan Rəssamlar ittifaqının üzvü, Azərbaycan Milli Konservatoriyasının nəzdində Respublika İncəsənət Gimnaziyasının “Təsviri və tətbiqi sənət “müəllimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir