Rəfayət Əlimirzəyevanın həyat yolu,milli mənəvi dəyərlərinin inkişafına xidmət edən mənalı bir ömürdür
Azərbaycan elmi-pedaqoji mühitində öz zəhməti, elmi axtarışları və müəllimlik fəaliyyəti ilə seçilən ziyalılardan biri də, filologiya üzrə fəlsəfə doktoru, pedaqoq və publisist Rəfayət Əlimirzəyevadır. O, təkcə pedaqoji fəaliyyəti ilə deyil, həm də ədəbiyyatşünaslıq sahəsində apardığı araşdırmalar, redaktə etdiyi və müəllifi olduğu kitablarla Azərbaycan maarifçilik düşüncəsinin yaşadılmasına xidmət edən ziyalılardandır.
Rəfayət Əlimirzəyeva 20 iyun 1960-cı ildə tanınmış ziyalı ailəsində dünyaya göz açmışdır. Rəfayət xanım respublikamızda elm və mədəniyyət sahəsində tanınan Əlimirzəyevlər nəslinin nümayəndəsidir. Bu ailənin nümayəndələri arasında tanınmış alimlər və ziyalılar Əşrəf Əlimirzəyev, Xəlil Əlimirzəyev və xüsusilə professor Xalid Əlimirzəyev kimi şəxsiyyətlər vardır. Xatırladaq ki,bu nəslin nümayəndələri cəmiyyət qarşısında vətəndaşlıq və ziyalı məsuliyyətini dərindən dərk edən insanlardır. Onların fəaliyyəti göstərir ki, elm yalnız akademik mühitdə deyil, həm də cəmiyyətin mənəvi inkişafında mühüm rol oynayır. Onlar öz bilik və təcrübələrini gənc nəslə ötürməklə milli maarifçilik ənənəsini yaşadırlar.
Əlimirzəyevlər nəslinin görkəmli nümayəndələrindən biri Xalid Əlimirzəyevdir. O, yarım əsrdən artıq pedaqoji fəaliyyət göstərmiş, Azərbaycan elmində görkəmli ədəbiyyatşünas,tənqidçi, həm də yazıçı kimi nüfuz qazanmış ziyalılardandır. Onun elmi-nəzəri araşdırmaları və ədəbi yaradıcılığı tədqiqatçılar tərəfindən yüksək qiymətləndirilmişdir. Professor Xalid Əlimirzəyev yalnız alim kimi deyil, həm də maarifçi ziyalı kimi tanınmışdır.Onun fəaliyyəti Azərbaycan ziyalısının klassik obrazını xatırladır: elmə sədaqət, gənc nəslin tərbiyəsinə diqqət və milli-mənəvi dəyərlərə bağlılıq. Onun yetirmələri və davamçıları bu gün də cəmiyyətin müxtəlif sahələrində fəaliyyət göstərərək bu ənənəni davam etdirirlər.
Bu nəslin digər nümayəndələri Əşrəf və Xəlil Əlimirzəyevlər,onların övladları Fərhad və Orxan Əlimirzəyevlər də elmi və
ictimai fəaliyyətləri ilə seçilən ziyalılar olmuşlar. Onların fəaliyyəti bir daha göstərir ki, Əlimirzəyevlər ailəsində elmə və təhsilə bağlılıq təsadüfi deyil, köklü bir ənənənin nəticəsidir.
Tarix boyu Azərbaycan cəmiyyətində ziyalı nəsillər milli düşüncənin formalaşmasında mühüm rol oynamışdır. Belə nəsillər elm və mədəniyyətin inkişafına töhfə verməklə yanaşı, həm də cəmiyyətin mənəvi dayağına çevrilmişdir.
Əlimirzəyevlər nəsli də məhz belə ailələrdəndir. Onların fəaliyyəti göstərir ki, ziyalılıq yalnız fərdi uğur deyil, həm də ictimai məsuliyyətdir. Bu nəsil elmə və təhsilə xidmət etməklə Azərbaycan maarifçilik ənənəsinin davamına töhfə vermişdir.Əlimirzəyevlər ailəsinin həyat yolu Azərbaycan ziyalısının məsuliyyətli və şərəfli missiyasını parlaq şəkildə əks etdirən nümunələrdən biridir.
Belə bir mühitdə böyüyən Rəfayət xanımın , eləcə də bacısı Zöhrə xanımın dünyagörüşünün formalaşmasında ailə ənənəsinin rolu böyük olmuşdur. Zöhrə Əlimirzəyeva da elm sahəsində çalışır,tibb üzrə fəlsəfə doktoru,dosentdir,hemotologiya elminə dair 4 monoqrafiya,6 metodik vəsaitin,50 yə yaxın məqalənin müəllifidir.Müxtəlif ölkələrdə keçirilmiş konfrans və elmi formlarda içtirak edərək Azərbaycan tibb elminin təmsilçisi kimi maraqlı məruzələrlə çıxışlar etmişdir.Bir müddət ET Hemotologiya və Transfiziologiya İnstitutunun direktoru olmuş,hazırda baş həkim və Hemotologiya şöbəsinin elmi rəhbəridir. Xalid Əlimirzəyevin qızları eyni intelkektual mühitdə,eyni elmi və mənəvi dəyərlər əsasında böyümüşlər. Ziyalı və yaradıcı ailədə böyüyən övladlar elmi daxili ehtiyac,həyat yolu kimi qəbul edirlər. Ailənin zəngin kitabxanası , ədəbiyyat və elm haqqında söhbətlər, müzakirələr onların uşaqlıq illərinin ayrılmaz hissəsinə çevrilmiş,öz potensiallarına inam yaratmış,gələcəklərini qurmaq üçün güc vermişdir. Elmin müxtəlif sahələrinə üz tutmaqları isə ailədən gələn elmi ənənənin yalnız bir sahə ilə məhdudlaşmadığını göstərir.Əsas olan elmi düşüncə tərzinin,araşdırma qabiliyyətinin formalaşması və davam etdirilməsidir. Rəfayət xanımın qəlbində elmə marağın, sözə, ədəbiyyata sevginin kök salması da təbii idi.
Onun ilk təhsil addımları 1967-ci ildə Bakı şəhərindəki 31 saylı orta məktəbdə atılmışdır. Daha sonra 1970-ci ildən 247 saylı məktəbdə təhsilini davam etdirən Rəfayət Əlimirzəyeva məktəb illərində çalışqanlığı və biliyə həvəsi ilə seçilən şagirdlərdən biri olmuşdur. Bu məktəblər Rəfayət xanım üçün sadəcə savad qapısı deyil, həm də həyat yolunun istiqamətini müəyyənləşdirən, onun intellektual və mənəvi inkişafının əsasını qoyan mühüm bir mərhələ olmuşdur.
Məktəbin ilk illərindən etibarən o, çalışqanlığı, məsuliyyətli davranışı və biliyə olan sonsuz marağı və həvəsi ilə seçilirdi. Bu maraq təsadüfi deyildi.Çünki Rəfayət xanım ziyalı ailəsində böyüyür, ev mühitində daim kitabların, elmi müzakirələrin və ədəbi söhbətlərin şahidi olurdu. Belə bir mühit onun düşüncə tərzinin formalaşmasına və söz sənətinə marağının artmasına güclü təsir göstərirdi.
Məktəb illərində qazandığı biliklər, müəllimlərinin ona aşıladığı intellektual maraq və mütaliə vərdişləri gənc Rəfayətin gələcək həyat yolunun müəyyənləşməsində mühüm rol oynadı. O, məktəbdə oxuduğu illərdə artıq ədəbiyyata böyük sevgi bəsləyir, müxtəlif bədii əsərləri mütaliə edir, oxuduqları haqqında düşünür, fikirlərini atası və müəllimləri ilə bölüşürdü. Bu illər onun dünyagörüşünün genişlənməsi, sözə və düşüncəyə bağlılığının möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edirdi.1977-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirərək artıq həyat yolunun mühüm mərhələsinə qədəm qoyur.
Rəfayət xanım orta məktəbi bitirərkən əvvəlcə şərqşünaslıq sahəsinə üz tutmaq istəmişdi. Lakin atası onun filologiya sahəsində daha böyük uğurlar qazanacağına inanırdı. Atanın bu inamı və tövsiyəsi gənc Rəfayətin həyat yolunu dəyişir. Beləliklə, 1977-ci ildə o, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinə daxil olur. Bu sadəcə peşə seçimi deyildi, həm də bir ziyalı ailəsinin elm və ədəbiyyat ənənəsinin davamı idi.Filologiya fakültəsi həmin dövrdə Azərbaycan humanitar elminin mühüm mərkəzlərindən biri hesab olunurdu. Burada Azərbaycan ədəbiyyatının, dilçiliyinin və ədəbi tənqidinin görkəmli nümayəndələri çalışır, tələbələrə zəngin elmi ənənələr əsasında dərs deyirdilər. Belə bir mühitdə təhsil almaq,Mir Cəlal Paşayev ,Muxtar Hüseynov,Əlövsət Abdullayev,Firudin Hüseynov,Tofiq Hacıyev Ağamusa Axundov, Əliyar Səfərli,Fərhad Zeynalov,Cəlal Abdullayev,Təhsin Mütəllimov kimi görkəmli alimlərin və ustad pedaqoqların tələbəsi olmaq gənc Rəfayət xanım üçün böyük məsuliyyət idi. Universitet auditoriyalarında səslənən elmi mühazirələr, ədəbiyyatın müxtəlif problemləri ətrafında aparılan müzakirələr onun dünyagörüşünü daha da zənginləşdirir, ədəbiyyata və elmi araşdırmalara olan marağını dərinləşdirirdi.
Tələbəlik illəri Rəfayət xanım üçün yalnız bilik əldə etmək dövrü deyildi. Bu illər həm də düşüncə formalaşdıran, gənc insanın mənəvi dünyasını zənginləşdirən mühüm həyat məktəbi idi. O, filologiya fakültəsində oxuduğu müddətdə Azərbaycan və dünya ədəbiyyatının klassik nümunələrini dərindən öyrənir, ədəbi prosesin müxtəlif mərhələləri ilə yaxından tanış olurdu.
Universit illəri Rəfayət xanımın intellektual inkişafına güclü təsir göstərdi. O, burada yalnız filoloji biliklərə yiyələnmədi, eyni zamanda tədqiqatçı düşüncəsinin əsaslarını da mənimsədi. Ədəbiyyata elmi yanaşma,analitik təhlil və mənbələrə diqqət kimi keyfiyyətlər məhz bu illərdə formalaşmağa başladı.1982-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirən Rəfayət Əlimirzəyeva əmək fəaliyyətinə mətbuat sahəsində başlamışdır. Azərbaycan mətbuatı cəmiyyətin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayan təsirli tribunadır. Gənc filoloq bu mühitə daxil olaraq sözün gücünü və məsuliyyətini daha dərindən dərk etməyə başladı.
1982–1994-cü illər ərzində o, respublikanın nüfuzlu nəşrlərindən olan “Azərbaycan müəllimi” və “Savalan” qəzetlərinin redaksiyalarında müxbir kimi çalışdı. Bu illər onun publisistik yaradıcılığının formalaşdığı dövr oldu. Redaksiya mühiti, gündəlik jurnalist fəaliyyəti, müxtəlif mövzularda yazılar hazırlamaq prosesi gənc müəllifin sözə münasibətini daha da məsuliyyətli və düşünülmüş etdi.
Müxbir kimi fəaliyyəti Rəfayət xanıma cəmiyyətin müxtəlif sahələri ilə yaxından tanış olmaq imkanı verdi. O, təhsil ocaqlarında, mədəniyyət müəssisələrində, ictimai mühitdə baş verən hadisələri izləyir, insanlarla görüşür, onların düşüncələrini, problemlərini və arzularını qələmə alırdı. Bu ünsiyyət və müşahidələr onun publisistik düşüncəsini zənginləşdirir, həyat hadisələrinə daha geniş və obyektiv baxış formalaşdırırdı.
Mətbuat sahəsində çalışdığı illər Rəfayət Əlimirzəyevanın yaradıcılıq potensialının inkişafında mühüm rol oynadı. O, sözün yalnız informasiya vasitəsi olmadığını, eyni zamanda ictimai düşüncəyə təsir edən, insanları düşündürən və maarifləndirən güclü bir vasitə olduğunu dərk etdi. Məhz bu dövrdə onun yazılarında cəmiyyətə faydalı olmaq, maarifçilik ideyalarını təbliğ etmək, elmə və təhsilə diqqəti artırmaq kimi məramlar ön plana çıxmağa başladı.
Bu baxımdan Rəfayət Əlimirzəyevanın mətbuat sahəsindəki fəaliyyəti ,eyni zamanda onun gələcək elmi və pedaqoji fəaliyyətinə hazırlıq mərhələsi idi. Çünki mətbuat mühiti ona insanlarla ünsiyyət qurmağı, fikri aydın və təsirli ifadə etməyi, cəmiyyətin aktual problemlərinə həssas yanaşmağı öyrətdi.
1994-cü ildən etibarən o, pedaqoji fəaliyyətə başlayaraq Bakı şəhərinin Yasamal rayonunda yerləşən Şəfiqə Əfəndizadə adına 13 saylı tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi çalışır.Bu məktəbdə o, uzun illərdir ki, tanınmış pedaqoq, “Əməkdar müəllim”, “Qızıl qələm” mükafatı laureatı Yaqut Sadıqovanın rəhbərlik etdiyi pedaqoji kollektivdə fəaliyyət göstərir. Artıq üç onillikdən çoxdur ki, Rəfayət müəllimə gənc nəslin tərbiyəsi və təlimi ilə məşğuldur.
Rəfayət Əlimirzəyevanın şagirdləri onun haqqında danışarkən ilk növbədə dərslərin maraqlı və düşündürücü keçdiyini qeyd edirlər. Onun dərslərində ədəbiyyat sadəcə mətnlərin öyrənilməsi deyil, həyatın, mənəviyyatın və insanlıq dəyərlərinin dərkinə çevrilir.
Şagirdlərinin sözləri ilə desək, onlar müəllimələrinin dərslərini səbirsizliklə gözləyir, dərsin necə başladığını və necə bitdiyini hiss etmirlər. Çünki bu dərslərdə sözün sehri, düşüncənin azadlığı və müəllimin səmimi münasibəti vardır.
Rəfayət müəllimə şagirdlərinə yalnız doğma dilimizi və ədəbiyyatı öyrətmir. Həm də onları vətənpərvər, məsuliyyətli, müstəqil düşünən və yaradıcı gənclər kimi yetişdirməyə çalışır.Rəfayət Əlimirzəyeva ümumtəhsil müəssisəsində pedaqoji fəaliyyəti dövründə , 2001–2004-cü illərdə, həmçinin Bakı Qızlar Universitetində “Uşaq ədəbiyyatı” fənnindən mühazirələr oxumuş, tələbələrə seminarlar aparmışdır.Universitet auditoriyalarında keçirilən bu mühazirələr sadəcə nəzəri biliklərin təqdimatı ilə məhdudlaşmırdı. Rəfayət xanımın dərsləri eyni zamanda ədəbiyyatın mənəvi-estetik dəyərlərini gənc nəslə aşılamaq, onların bədii təfəkkürünü inkişaf etdirmək məqsədi daşıyırdı.
“Uşaq ədəbiyyatı” fənninin tədrisi zamanı Rəfayət Əlimirzəyeva Azərbaycan və dünya uşaq ədəbiyyatının ən yaxşı nümunələrinə müraciət edir, klassik və müasir müəlliflərin yaradıcılığını elmi-nəzəri baxımdan təhlil edirdi. Onun mühazirələrində ədəbiyyatın tərbiyəvi rolu, bədii obrazların uşaqların mənəvi inkişafına təsiri, uşaq psixologiyası ilə bədii yaradıcılıq arasındakı əlaqələr kimi məsələlər geniş şəkildə müzakirə olunurdu.
Seminar məşğələləri isə tələbələrin fəal iştirakı ilə keçirilirdi. Bu məşğələlərdə tələbələr bədii mətnləri təhlil edir, müxtəlif ədəbi problemlər ətrafında fikir mübadiləsi aparır, müstəqil elmi düşünmə vərdişlərini inkişaf etdirirdilər. Rəfayət xanım seminarları elə təşkil edirdi ki, hər bir tələbə ədəbi mətnə fərdi yanaşma nümayiş etdirə, öz mülahizələrini sərbəst şəkildə ifadə edə bilsin.
Onun ali məktəbdə fəaliyyəti tələbələr tərəfindən böyük rəğbətlə qarşılanırdı. Çünki ,Rəfayət xanım dərslərində yalnız müəllim kimi deyil, həm də ədəbiyyatı sevdirən, düşünməyə sövq edən bir ziyalı kimi çıxış edirdi. O, tələbələrə kitabın və sözün gücünü hiss etdirməyə, ədəbiyyata yaradıcı yanaşmağa çalışırdı.
2004-cü ildən o eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının dissertantı olmuşdur. Uzun illərin gərgin elmi axtarışları, mənbələr üzərində aparılan araşdırmalar və ədəbi materialların sistemli təhlili nəticəsində Rəfayət Əlimirzəyeva “Nəriman Nərimanovun yaradıcılığında maarifçi ziyalı obrazları” mövzusunda elmi tədqiqat işi hazırladı. Bu mövzuda ilk tədqiqat işi olan dissertasiyada o, Nərimanovun bədii əsərlərində və publisistikasında maarifçi ziyalı tipinin formalaşmasını, həmin obrazların ideya-estetik mahiyyətini və Azərbaycan maarifçilik düşüncəsinin inkişafındakı rolunu elmi-nəzəri baxımdan təhlil etmişdir.
Tədqiqatın əsas məziyyətlərindən biri Nərimanov yaradıcılığının müasir ədəbiyyatşünaslıq prinsipləri əsasında yenidən dəyərləndirilməsi idi. Müəllif bu əsərlərdə maarifçilik ideyalarının yalnız bədii motiv kimi deyil, həm də ictimai düşüncənin inkişafına xidmət edən mühüm ideoloji istiqamət kimi təzahür etdiyini əsaslandırmışdır. Nərimanovun əsərlərində təsvir olunan ziyalı obrazlarının milli oyanış, maarifçilik və ictimai məsuliyyət ideyalarının daşıyıcısı olduğu elmi şəkildə göstərilmişdir.
Rəfayət Əlimirzəyeva 2011-ci ildə dissertasiya işini uğurla müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Bu müdafiə onun elmi fəaliyyətinin mühüm nailiyyətlərindən biri olmaqla yanaşı, Azərbaycan ədəbiyyatşünaslığında aparılan tədqiqatlar sırasında özünəməxsus yer tutmuşdur.
Onun elmi rəhbəri tanınmış ədəbiyyatşünas, tənqidçi və publisist Teymur Əhmədov olmuşdur. Professor Teymur Əhmədov bu tədqiqatı yüksək qiymətləndirərək qeyd etmişdir ki, müəllif Nərimanov yaradıcılığını müasir ədəbiyyatşünaslıq baxımından yeni aspektdə təhlil etmiş və maarifçi realizmin ideya prinsiplərini geniş şəkildə araşdırmışdır.
Bu tədqiqat Azərbaycan ədəbiyyatşünaslığında nərimanovşünaslıq istiqamətinin inkişafına töhfə kimi qiymətləndirilir.
Rəfayət Əlimirzəyeva bir sıra kitabların və elmi məqalələrin müəllifidir. Rəfayət Əlimirzəyevanın elmi fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığının araşdırılmasıdır. Bu baxımdan onun 2008-ci ildə nəşr olunan “Mir Cəlalın ədəbi-tənqidi görüşləri (XX əsr Azərbaycan ədəbiyyatı məsələləri)” adlı kitabı xüsusi əhəmiyyət daşıyır. Bu əsərdə müəllif görkəmli yazıçı və ədəbiyyatşünas Mir Cəlal Paşayevin ədəbi-tənqidi irsini elmi baxımdan təhlil etmiş, onun Azərbaycan ədəbiyyatşünaslığında tutduğu mövqeyi və elmi-nəzəri baxışlarını sistemli şəkildə araşdırmışdır. Kitabda Mir Cəlalın XX əsr Azərbaycan ədəbiyyatı ilə bağlı irəli sürdüyü fikirlər, ədəbi prosesə münasibəti və tənqidi düşüncəsi geniş şəkildə şərh olunur. Müəllif bu tədqiqat vasitəsilə Mir Cəlalın yalnız bədii yaradıcılığını deyil, həm də onun ədəbiyyatşünas alim kimi fəaliyyətini diqqət mərkəzinə gətirmişdir.
Alimin elmi yaradıcılığında mühüm yer tutan digər əsər isə “N.Nərimanovun yaradıcılığında maarifçi ziyalı obrazları” adlı kitabdır. Bu əsər onun uzun illər apardığı elmi tədqiqatların nəticəsi olaraq meydana gəlmiş və Azərbaycan ədəbiyyatşünaslığında xüsusi maraq doğurmuşdur. Kitabda Azərbaycan ictimai-siyasi və ədəbi fikir tarixində mühüm yer tutan görkəmli dövlət və ictimai xadim, yazıçı Nəriman Nərimanovun bədii əsərlərində maarifçi ziyalı obrazlarının ideya-bədii xüsusiyyətləri geniş şəkildə araşdırılmışdır. Müəllif bu əsərdə Nərimanov yaradıcılığında maarifçilik ideyalarının təcəssümünü, ziyalı tipinin formalaşmasını və həmin obrazların Azərbaycan cəmiyyətinin inkişafı ilə bağlı ideyaları necə əks etdirdiyini elmi-nəzəri baxımdan təhlil etmişdir.
Rəfayət Əlimirzəyevanın yaradıcılığında xüsusi yer tutan əsərlərdən biri də 2022-ci ildə işıq üzü görən “Zirvəyə doğru” kitabıdır. Bu əsər görkəmli alim, professor Xalid Əlimirzəyevin 90 illik yubileyinə həsr olunmuşdur. Kitabda professor Xalid Əlimirzəyevin həyat və yaradıcılıq yolu, onun elmi və pedaqoji fəaliyyəti, Azərbaycan elminə və mədəniyyətinə verdiyi töhfələr geniş şəkildə işıqlandırılmışdır. Müəllif bu əsərdə yalnız bir alim obrazını təqdim etməklə kifayətlənmir, eyni zamanda bir ziyalı nəslinin mənəvi dünyasını, elmi düşüncə ənənələrini və ailə mühitində formalaşan maarifçilik ruhunu da oxucuya çatdırır.
Rəfayət Əlimirzəyeva yalnız müəllif kimi deyil, həm də redaktor və ön söz müəllifi kimi bir sıra kitabların ərsəyə gəlməsində mühüm rol oynamışdır. O, professor Xalid Əlimirzəyevin bədii əsərlərindən ibarət “Bələdçi” və “Qarabağ harayı və ya ruhların üsyanı” kitablarının redaktoru olmuşdur. Bu nəşrlər Azərbaycan ədəbiyyatının müasir problemlərini, milli düşüncə və vətənpərvərlik ideyalarını əks etdirən mühüm əsərlər kimi diqqət çəkir.
Bundan əlavə, o, Qarabağ mövzusuna həsr olunmuş bir sıra kitabların redaktəsində də iştirak etmişdir. Firəngiz Şahkərəm qızının Qarabağ müharibəsinə və şəhidlərə həsr olunmuş “Şəhidlərin zəfəri, zəfərin şahidləri” və “Böyük qayıdış” kitabları onun redaktorluğu ilə çap olunmuşdur. Bu əsərlərdə Vətən müharibəsinin qəhrəmanlıq salnaməsi, şəhidlərin xatirəsi və Azərbaycan xalqının mübarizə ruhu bədii-publisistik dillə əks etdirilmişdir.
Rəfayət Əlimirzəyeva müxtəlif sahələrə həsr olunmuş elmi və publisistik nəşrlərin də redaktoru olmuşdur. Riyaziyyatçı alim professor Rövşən Bəndəliyevin elmi-pedaqoji fəaliyyətinə həsr olunmuş “Riyaziyyatçı alim” kitabı, həmçinin həkim-şair Sevil Sadıxovanın “Sənsiz Sənlə bitməyən söhbət” adlı şeirlər toplusu onun redaktəsi ilə işıq üzü görmüşdür. Bundan başqa, ədəbiyyatşünas alim Nizaməddin Şəmsizadənin “İdeal və həqiqət mücahidi” monoqrafiyasının redaktoru və ön söz müəllifi kimi də çıxış etmişdir.
Rəfayət Əlimirzəyeva həm də qayğıkeş ana və sevgisi ilə nəvələrinə dünya boyda sevinc bəxş edən nənədir. Onun həyat yoldaşı Maarif Abbasov uzun illər hüquq-mühafizə orqanlarında çalışmış, daha sonra Azərbaycan Respublikası Auditorlar Palatasında məsul vəzifədə fəaliyyət göstərmişdir. O ,Birinci Qarabağ müharibəsinin veteranı olmuşdur. 2020-ci ildə dünyasını dəyişmiş Maarif Abbasovun şəxsiyyətini tamamlayan ən mühüm cəhətlərdən biri də ailəyə, övladlara göstərilən diqqət və qayğı olmuşdur. Gözəl ailə başçısı kimi onun və Rəfayət xanımın həyatında ailə dəyərləri hər zaman önəmli yer tutmuşdur.
Filologiya üzrə fəlsəfə doktoru Rəfayət Əlimirzəyeva elmi və pedaqoji fəaliyyəti ilə yanaşı, həm də böyük bir ailənin qayğısını çəkərək dörd övladını, Sevinc, Kamran, Gülər və Aytəni böyütmüş,onları vətənə, xalqa və cəmiyyətə layiqli vətəndaşlar kimi yetişdirmişdir. Onun övladlarına verdiyi tərbiyə yalnız ailə qayğısı ilə məhdudlaşmamış, eyni zamanda onlara vətənə sevgi, elmə hörmət və zəhmətə bağlılıq kimi dəyərlər aşılanmışdır.
Bu ailədə böyüyən övladlar müxtəlif sahələrdə fəaliyyət göstərərək cəmiyyətə xidmət etməyi özlərinə həyat yolu seçmişlər. Onların hər biri qazandıqları bilik və peşə bacarıqları ilə Azərbaycan cəmiyyətinin inkişafına töhfə verməyə çalışır.Övladlarından biri, Kamran Abbasov da ailə ənənəsini davam etdirərək iqtisadiyyat sahəsində elmi araşdırmalar aparır .O,İqtisad üzrə fəlsəfə doktorudur. Butün bunlar Rəfayət xanımın
ailə tərbiyəsinin, onun mənəvi dünyasının və həyat prinsiplərinin bariz nəticəsi kimi qiymətləndirilə bilər.
Rəfayət Əlimirzəyevanın həyatında xüsusi yer tutan digər bir mənəvi sevinc isə nəvələridir. O, Rail, Nuray, Mehri, Suada, Zakir, Mətin, Camal, Cahan, Arif və Humay adlı nəvələrin sevimli nənəsidir. Bu böyük ailə onun həyatına sevinc, ümid və mənəvi zənginlik gətirən ən dəyərli sərvətlərdən biridir.
Nəvələri ilə keçirdiyi anlar onun üçün sadəcə ailə münasibətlərinin ifadəsi deyil, həm də nəsillər arasında mənəvi bağın davamıdır. O, öz həyat təcrübəsini, bilik və müdrikliyini nəvələrinə ötürərək ailə ənənələrinin yaşamasına töhfə verir. Beləliklə, Rəfayət xanımın ailəsi yalnız qohumluq münasibətlərinin deyil, həm də mənəvi dəyərlərin qorunduğu və nəsildən-nəslə ötürüldüyü bir ocaqdır. Rəfayət Əlimirzəyevanın həyat yoluna nəzər saldıqda aydın görünür ki, onun qazandığı uğurların arxasında möhkəm ailə bağları, qarşılıqlı hörmət və sevgi dayanır. Böyük bir ailənin anası və nənəsi olmaq onun həyatına xüsusi mənəvi dəyər qatmışdır.
Rəfayət Əlimirzəyevanın həyat yolu Azərbaycan ziyalı ənənəsinin parlaq nümunələrindən biridir. O, müəllimlik, elmi tədqiqat və publisistika fəaliyyətini birləşdirərək həm maarifçi ideyaların, həm də milli ədəbiyyatın təbliğinə xidmət edir. Atasından aldığı mənəvi irs və elmi ənənəni davam etdirərək, yeni nəslin maariflənməsi və milli dəyərlər ruhunda formalaşmasına töhfə verir.Bu yolda ona uğurlar arzulayırıq.
Belə ziyalıların fəaliyyəti Azərbaycan cəmiyyətində elmə, təhsilə və milli mədəniyyətə bağlılığın davamlılığını təmin edən mühüm amillərdən biridir.Onun ömrü sözün, elmin və müəllimlik missiyasının işığında keçən bir ömürdür. Bu ömür Azərbaycan təhsilinin, ədəbiyyatşünaslığının və milli mənəvi dəyərlərinin inkişafına xidmət edən mənalı bir ömürdür. Və bütün fəaliyyəti ilə gələcək nəsillərə misilsiz örnəkdir.
AMİDTV.AZ
Aygün Məmmədova Azərbaycan Jurnalistlər Birliyinin üzvü,AMİDTV.AZ saytının təsisçisi.





















