Zemfira Qafarova sənətin içində doğulan, elmlə kamilləşən və milli musiqi tarixində silinməz iz qoyan ziyallıdır.
Azərbaycan musiqişünaslığının inkişafında bir çox dahi şəxsiyyətlər xidmət göstərmişdir.Dahi musiqişünaslar Qara Qarayev,Afrasiyab Bədəlbəyli,Rəşid Behbudov,Niyazi və s yalnız musiqi haqqında yazmır, həm də onun tarixini, etnoqrafik xüsusiyyətlərini, milli motivlərini və mətnlə melodiyanı bir-birinə bağlayan incə təhlilləri elmi əsaslarla təqdim edirdilər. Hər bir not onların həyat hekayəsini, hər bir ritm isə xalqın qəlb sədasını daşıyırdı.Onlar yalnız nota və not sistemləri ilə işləməmiş, həm də xalq musiqisinin ruhunu, iç üzünü və incə harmoniyalarını dərk edərək, onu sənət tariximizdə əbədi iz qoyacaq şəkildə sənədləşdirmişlər.
Belə şəxsiyyətlərdən biri də XX əsrin əvvəllərində xalq musiqisinin elmi əsaslarını araşdıran alimlərdən biri də Zemfira xanım Qafarovadır. Azərbaycan musiqi elminin zərif, lakin, sarsılmaz səsi olan Zemfira Həsən qızı Qafarova milli musiqişünaslıq məktəbinin formalaşmasında mühüm rol oynamış görkəmli alim, pedaqoq və ictimai xadimdir. Musiqişünas alimin adı elmi obyektivliklə bədii duyumun vəhdətində çəkilir. Çünki, o, musiqini yalnız araşdırmır onu yaşayır, duyur və gələcək nəsillərə sevdirir.Bəzən taleyin özü insanı sənətə doğru aparır. Elə ömürlər var ki, onların başlanğıcı da, davamı da, zirvəsi də incəsənətin işığında formalaşır.
1942-ci ilin noyabrında Bakı şəhərində dünyaya gələn Zemfira xanım sənət ocağında böyümüşdür. Xalq rəssamları Həsən Haqverdiyev və Güllü Mustafayeva kimi yaradıcı valideynlərin övladı olmaq onun ruhuna estetik həssaslıq, gözəlliyi duymaq bacarığı və sənətə sonsuz sevgi bəxş etmişdir.Rənglərin harmoniyası ilə böyüyən bu qız zamanla səslərin harmoniyasını seçdi. Musiqi onun üçün yalnız eşidilən səs deyil, düşünülən fikir, yaşanan hiss və ifadə olunan milli kimlik idi.Zemfira xanım musiqinin nəzəri qatlarını araşdıraraq onun fəlsəfi və estetik mahiyyətini üzə çıxarmağa qərar verdi.
1957–1961-ci illərdə A.Zeynallı adına Bakı Musiqi Texnikumunda nəzəriyyə təhsili alaraq fərqlənmə diplomu ilə məzun olması onun məqsədyönlü xarakterinin göstəricisi idi. Musiqişünas diplomunu əla qiymətlərlə alması onun elmi potensialının ilk parlaq göstəricisi idi.
Onun tələbəlik illəri yalnız auditoriya dərsləri ilə məhdudlaşmadı. O, musiqini bir mədəniyyət fenomeni kimi dərk etməyə çalışır, Azərbaycan musiqisinin inkişaf mərhələlərini sistemli şəkildə araşdırırdı. Ardınca Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında ali təhsil alması isə onun elmi taleyini müəyyənləşdirdi.
1966-cı ildən etibarən Azərbaycan Milli Konservatoriyasında pedaqoji fəaliyyətə başlayan Zemfira Qafarova illər keçdikcə müəllimlikdən professorluğa, pedaqoqdan elmi məktəb yaradan şəxsiyyətə çevrildi. Onun auditoriyası yalnız dərs otağı deyildi fikir və təhlil məkanı idi. Burada musiqi tarixinin faktları ilə yanaşı, analitik düşüncə və estetik dəyərləndirmə bacarığı formalaşırdı.1981-1991 ci illərdə dekan vəzifəsinə təyin olunmuşdur.
Zemfira Qafarovanın elmi yaradıcılığında xüsusi yer tutan istiqamət dahi bəstəkar Üzeyir Hacıbəyov irsinin araşdırılmasıdır. Bu istiqamət onun elmi portretinin əsas xəttini, düşüncə üfüqlərinin mərkəzini təşkil edir.
Üzeyir Hacıbəyov Azərbaycan professional musiqisinin banisi, milli operanın yaradıcısı və musiqi mədəniyyətimizin ideoloji sütunudur. Belə bir şəxsiyyətin irsini araşdırmaq yalnız faktların toplanması deyil, dərin analitik düşüncə, estetik baxış və milli məsuliyyət tələb edir.
Zemfira Qafarova bu məsuliyyəti öz elmi taleyinə çevirərək “Üzeyir Hacıbəylinin ‘Koroğlu’ operası” mövzusunda Daşkənddə dissertasiya müdafiə etmiş və sonradan bu mövzunu daha geniş monoqrafik səviyyədə işləyərək musiqişünaslıq elminə dəyərli töhfə vermişdir.Onun “Üzeyir Hacıbəylinin ‘Koroğlu’ operası” mövzusunda müdafiə etdiyi dissertasiya Azərbaycan musiqişünaslığında mühüm mərhələdir.
O, “Koroğlu”nu yalnız opera kimi deyil, milli qəhrəmanlıq ideyasının musiqi-estetik təcəssümü kimi təhlil edir. Onun araşdırmalarında hər motiv, hər orkestr fakturası, hər dramatik xətt elmi arqumentlərlə izah olunur. Musiqi burada yalnız sənət nümunəsi deyil milli ruhun ifadəsidir.Zemfira Qafarova bu operanı yalnız partituranın təhlili prizmasından deyil, onun ideoloji və estetik məzmunu baxımından araşdırmışdır.
Onun elmi yanaşmasında “Koroğlu” operası milli qəhrəmanlıq ideyasının musiqi dili ilə ifadəsi kimi təqdim olunur. O, operanın dramaturji quruluşunu, tematik inkişaf xəttini, orkestr fakturasını və leytmotiv sistemini sistemli şəkildə təhlil edir.
Zemfira xanımın tədqiqatlarında uvertüranın qəhrəmanlıq ruhu, xalq melodik elementlərinin simfonik inkişafı və obrazların musiqi xarakteristikası xüsusi diqqətlə araşdırılır. O, sübut edir ki, Üzeyir Hacıbəyov milli musiqi intonasiyalarını klassik Avropa forma prinsipləri ilə sintez edərək yeni estetik model yaratmışdır.
Bu araşdırmalar sayəsində Üzeyir Hacıbəyov irsi yalnız tarixdə qalmır, müasir elmi düşüncədə yaşayır və inkişaf edir. Zemfira Qafarova isə bu irsin elmi salnaməçisi, milli musiqi yaddaşının qoruyucularından biri kimi Azərbaycan mədəniyyət tarixində öz layiqli yerini tutur.Dissertasiya sonradan dərs vəsaiti kimi də nəşr edilərək gənc musiqişünasların formalaşmasında mühüm rol oynadı.
Zemfira Qafarovanın elmi fəaliyyəti yalnız bir tədqiqatla məhdudlaşmır. O, müxtəlif toplularda, yerli və xarici mətbuatda müntəzəm məqalələrlə çıxış edərək Azərbaycan musiqisinin estetik və tarixi problemlərini işıqlandırmışdır. Onun yazılarında faktla duyğu, analitik təhlillə bədii düşüncə vəhdət təşkil edir. Hər məqalə musiqi sənətinə elmi baxışın, eyni zamanda sənətə dərin məhəbbətin ifadəsidir.
Uzun illər Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası-da pedaqoji fəaliyyət göstərən alim burada musiqi tarixi və nəzəriyyəsi üzrə mühazirələr oxumuş, “Xarici musiqi tarixinə dair mühazirələr” adlı dərs vəsaiti ilə tədris prosesini zənginləşdirmişdir. Onun dərslərində musiqi hadisələri yalnız xronoloji ardıcıllıqla deyil, ideya-estetik inkişaf kontekstində təqdim olunur.
1973-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqı-nın üzvü olan Zemfira Qafarova 2007-ci ildən idarə heyətinin üzvü, 2012-ci ildən isə katibi kimi milli musiqi siyasətinin formalaşmasında yaxından iştirak edir. O, konfrans və simpoziumlarda məruzələrlə çıxış edərək, bəstəkar yaradıcılığının aktual problemlərini gündəmə gətirir.2012-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının “İncəsənət” bölməsinin sədri kimi fəaliyyət göstərməsi onun elmi-metodik sahədə də nüfuzunu təsdiqləmişdir.
Zemfira Qafarova bir sıra görkəmli sənətkarların yaradıcılığına həsr olunmuş monoqrafiyaların müəllifidir. Ramiz Mustafayev, Tofiq Bakıxanov, Şəfiqə Axundova, Hacı Xanməmmədov kimi bəstəkarların yaradıcılıq portretlərini elmi dərinliklə təqdim etmişdir.Onun qələmində monoqrafiya janrı sadəcə elmi araşdırma deyil sənətkar taleyinin, yaradıcılıq axtarışlarının və dövrün estetik nəfəsinin sözlə çəkilmiş portretidir. O, bəstəkarın həyatını xronoloji faktlarla deyil, musiqinin daxili məntiqi və ideya-estetik dərinliyi ilə təqdim edir.
Zemfira xanımın araşdırmaları göstərir ki, hər bir bəstəkar yalnız fərdi yaradıcılıq dünyasının sahibi deyil, həm də milli musiqi düşüncəsinin daşıyıcısıdır. Onun monoqrafiyalarında sənətkarın üslubu, janr seçimi, melodik dili və harmonik təfəkkürü sistemli elmi analizlə yanaşı, bədii publisist üslubda işıqlandırılır.
Ramiz Mustafayevə həsr olunan monoqrafiyada müəllif bəstəkarın yaradıcılığını emosional zənginlik və səhnə dramaturgiyasının vəhdəti kimi dəyərləndirir. Zemfira xanım Mustafayevin operalarında və vokal əsərlərində melodiyanın psixoloji funksiyasını təhlil edir, obrazların musiqi vasitəsilə necə formalaşdığını elmi arqumentlərlə əsaslandırır.
Zemfira Qafarova göstərir ki, Ramiz Mustafayev milli musiqi intonasiyalarını səhnə əsərlərində dramaturji inkişaf xəttinə uyğun şəkildə işləyərək Azərbaycan opera ənənəsinə yeni nəfəs gətirmişdir. Onun lirizmi yalnız romantik hiss deyil, musiqi dramaturgiyasının aparıcı qüvvəsidir.
Tofiq Bakıxanovun yaradıcılığına dair araşdırmalarda Zemfira xanım simfonik forma ilə milli lad düşüncəsinin sintezini ön plana çəkir. O, bəstəkarın orkestr əsərlərində struktur dəqiqliyi, tematik inkişafın məntiqi ardıcıllığını və muğam elementlərinin simfonik transformasiyasını elmi təhlil edir.
Onun fikrincə, Bakıxanovun musiqisində Şərq melodik düşüncəsi Qərb kompozisiya prinsipləri ilə vəhdət təşkil edərək yeni estetik model yaradır. Bu yanaşma Azərbaycan simfonizminin inkişaf istiqamətlərini müəyyənləşdirməyə imkan verir.
Şəfiqə Axundovanın yaradıcılığı Zemfira Qafarovanın tədqiqatlarında xüsusi həssaslıqla təqdim olunur. İlk qadın opera bəstəkarı kimi Axundovanın sənət yolu yalnız musiqi hadisəsi deyil, həm də mədəni-tarixi fenomendir.
Müəllif onun operalarında melodik axıcılığı, vokal partiyaların ifadə imkanlarını və obrazların psixoloji dərinliyini sistemli şəkildə təhlil edir. O sübut edir ki, Şəfiqə Axundovanın yaradıcılığı Azərbaycan musiqisində qadın bəstəkar imzasının möhkəmlənməsində mühüm mərhələdir.
Hacı Xanməmmədovun yaradıcılığına həsr olunan araşdırmalarda Zemfira Qafarova milli çalğı aləti olan tarın professional səhnədəki mövqeyini elmi əsaslarla izah edir. O, Xanməmmədovun konsert və orkestr əsərlərində tarın texniki imkanlarının genişləndirilməsini, alətin tembr zənginliyinin simfonik kontekstdə necə təqdim olunduğunu təhlil edir.
Bu yanaşma milli instrumental ifaçılığın inkişaf mərhələlərini anlamaq üçün mühüm elmi baza yaradır.
Zemfira Qafarovanın monoqrafiyalarının əsas üstünlüyü analitik dəqiqliklə bədii üslubun vəhdətidir. O, faktı yalnız sənəd kimi deyil, estetik dəyər kimi təqdim edir. Onun qələmində hər bəstəkar bir dövrün musiqi simasına çevrilir,hər əsər isə milli düşüncənin səsə çevrilmiş forması kimi şərh olunur.
Bu əsərlər Azərbaycan musiqişünaslığında elmi portret janrının kamil nümunələri sayılır. Onlar yalnız bəstəkarların yaradıcılığını deyil, bütöv bir mədəniyyət tarixini əks etdirir.
Zemfira Qafarova uzun illərdir Azərbaycan Bəstəkarlar İttifaqında məsul vəzifələrdə çalışır, milli musiqi siyasətinin formalaşmasına töhfə verir. O, elmi fəaliyyəti ictimai məsuliyyətlə uzlaşdıran nadir ziyalılardandır.Onun fəaliyyəti yalnız kabinet divarları arasında qalan idarəçilik deyil; bu fəaliyyət milli musiqi siyasətinin ideya əsaslarını formalaşdıran, yaradıcılıq prosesini yönləndirən, sənətkarla cəmiyyət arasında körpü salan mənəvi missiyadır.
Zemfira Qafarovanın ictimai fəaliyyəti ilə elmi yaradıcılığı bir-birini tamamlayan iki qanad kimidir. O, musiqişünas-alim kimi sənətin mahiyyətini araşdırır, bəstəkar irsinin estetik və fəlsəfi qatlarını üzə çıxarır, təşkilatçı və ictimai xadim kimi isə bu dəyərlərin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi üçün real platformalar yaradır. Bu baxımdan onun fəaliyyəti təkcə fərdi uğur deyil, milli mədəniyyət strategiyasının mühüm tərkib hissəsidir.
Milli musiqi siyasətinin formalaşması yalnız inzibati qərarlarla deyil, dərin elmi təhlillə, tarixi irsə həssas münasibətlə və müasir çağırışların düzgün dəyərləndirilməsi ilə mümkündür. Zemfira Qafarova bu üç istiqaməti vəhdətdə düşünən ziyalıdır. Klassik irsin qorunmasını prioritet saymaqla yanaşı, çağdaş bəstəkar yaradıcılığının inkişafına da geniş meydan açılmasını vacib hesab edir. Professorun təşəbbüsləri, elmi konfranslardakı çıxışları, musiqi layihələrinin təşkilində iştirakı milli musiqi həyatının dinamik inkişafına xidmət edir.
Zemfira Qafarova üçün musiqi yalnız sənət deyil milli kimliyin ifadəsidir. O, Azərbaycan bəstəkarlıq məktəbinin formalaşma mərhələlərini dərindən araşdıraraq göstərir ki, hər bir əsər zamanın ruhunu, xalqın mənəvi yaddaşını və estetik zövqünü özündə daşıyır. Bu baxımdan onun fəaliyyəti həm elmi-tədqiqat, həm də mədəni missiya xarakteri daşıyır. O, sənətkarların yaradıcılığını sadəcə təhlil etmir, onların ideya dünyasını, estetik mövqeyini və milli düşüncə sistemini də işıqlandırır.
Azərbaycan Bəstəkarlar İttifaqında çalışdığı illər ərzində Zemfira Qafarova gənc bəstəkar və musiqişünasların formalaşmasına da xüsusi diqqət yetirmişdir. O, yeni nəslin milli ənənələrə bağlı, eyni zamanda dünyəvi musiqi proseslərinə açıq düşüncə ilə yetişməsini vacib sayır. Bu, onun ictimai məsuliyyət hissinin bariz nümunəsidir. Çünki əsl ziyalı yalnız öz yaradıcılığı ilə deyil, yetişdirdiyi nəsillə də tarixə iz salır.
Onun fəaliyyəti göstərir ki, elmlə ictimai məsuliyyət arasında sərhəd yoxdur. Əksinə, bu iki sahə bir-birini tamamlayaraq daha böyük mənəvi dəyər yaradır. Zemfira Qafarova elmi araşdırmalarında necə prinsipial və dəqiqdirsə, ictimai fəaliyyətində də bir o qədər məsuliyyətli və məqsədyönlüdür. O, musiqi siyasətinin formalaşmasında milli maraqları, mədəni irsin qorunmasını və sənətin inkişaf perspektivlərini əsas meyar kimi götürür.
Prezident təqaüdçüsü və Əməkdar incəsənət xadimi kimi aldığı yüksək qiymət onun mədəniyyət qarşısındakı xidmətlərinin dövlət səviyyəsində təsdiqidir.Zemfira Qafarovanın ömrü Azərbaycan musiqi elminin inkişaf tarixinin ayrılmaz hissəsidir. O, sənətin içində doğulmuş, elmin zirvəsində kamilləşmiş, pedaqoji fəaliyyəti ilə bütöv bir musiqişünaslıq nəslinin formalaşmasına təsir göstərmişdir.Zemfira xanımın fəaliyyəti sübut edir ki, musiqişünaslıq yalnız elmi terminologiya deyil milli yaddaşın qorunması, estetik düşüncənin inkişafı və mədəni kimliyin dərinləşdirilməsidir.Zemfira xanımın tələbələri xarici ölkələrdə də uğurlu fəaliyyət göstərirlər.Ən yaxşı musiqişünaslar Lalə xanım, Ceyran Mahmudova və s bu gün də uğurla musiqimizin keşiyində dayanan mütəxəssislərdir.
Zemfira xanımın dərslərində milli musiqi irsi yalnız tarix kimi öyrədilmirdi, tələbələrə operaların, simfoniyaların və instrumental əsərlərin ideya-estetik və dramaturji aspektləri də təhlil olunurdu. Bu isə Alim Zemfira xanımın Azərbaycan musiqi təhsilində yeni bir tədris modelinin əsasını qoydu.Yaradıcı uşaqlarin musiqi estetikasını zənginləşdirmək məqsədi ilə musiqi laktasiyaları təşkil edib.Tez tez Mədəniyyət mərkəzlərində , orta məktəblərdə, universitetlərdə , televiziya və radio verilişlərində iştirak edib musiqisi zövqümüzün qorunması məqsədilə sərasər maraqlı çıxışlar edib. Azərbaycan Bəstəkarlar İttifaqında katib kimi fəaliyyətini davam etdirərək milli musiqi siyasətinin formalaşmasına birbaşa təsir göstərdi. O, yeni layihələrin təşkili, konfrans və simpoziumların keçirilməsi, bəstəkar və gənc musiqişünasların dəstəklənməsi ilə musiqi həyatının canlanmasına, estetik zövqünün formalaşmasına xidmət etdi.
Eyni zamanda 2013 cü ildən bu günə qədər İctimai Televeziyada şüra üzvü , Teatr Cəmiyyətinin üzvü kimi elmi-metodik şuralar və mədəniyyət qurumlarında çıxışları ilə milli musiqi irsinin qorunması və təbliğini geniş auditoriyaya çatdırdı.Zemfira Qafarova həm klassik Azərbaycan musiqisinin, həm də çağdaş bəstəkar yaradıcılığının elmi salnaməsini yazmaqla milli musiqi yaddaşını qorudu. O, tələbələrinə milli irsin estetik və ideoloji qatlarını aşılamaqla, gələcək nəsil musiqişünasların formalaşmasına böyük töhfə verdi.
Onun fəaliyyəti göstərir ki, musiqişünas-alim yalnız elmi araşdırma ilə kifayətlənməyib, həm də milli mədəniyyətin strateji inkişafında aktiv iştirak etməyi bacaran ziyalıdır.
Azərbaycan musiqişünaslıq elminin görkəmli nümayəndəsi Zemfira Qafarovanın yaradıcılığına nəzər saldıqda aydın olur ki, onun elmi təfəkkürü yalnız akademik axtarışların məhsulu deyil. Bu düşüncə ailə mühitindən, mənəvi köklərdən, sənət və fəlsəfə ilə yoğrulmuş bir ocaqdan qaynaqlanır. Qafarovlar ailəsi sanki mədəniyyətin müxtəlif sahələrində öz sözünü demiş yaradıcı fərdlərin toplandığı bir sənət məbədidir.
Zemfira xanımın filosof Telman Hacıyevə həsr etdiyi kitab xüsusi əhəmiyyət daşıyır. Bu əsər sadəcə xatirə kitabı deyil, bir intellektual ömrün elmi-bədii portretidir. Müəllif burada Telman Hacıyevin fəlsəfi düşüncəsini, həyat və zaman haqqında mülahizələrini, milli-mənəvi dəyərlərə münasibətini sistemli və dərin təhlillə təqdim edir. Kitabda qardaş obrazı həm ailə bağlarının istiliyi, həm də elmi düşüncənin ciddiliyi ilə canlanır. Zemfira Qafarovanın qələmində fəlsəfə quru terminlər toplusu deyil, mənəvi kamilliyə aparan yol kimi təqdim olunur.
Ailənin digər parlaq siması mərhum Əli Haqverdiyev – sənətin iki fərqli sahəsində özünü təsdiqləmiş nadir istedada malik idi. O, həm rəssam, həm də vokal-opera sənətinin mahir ifaçısı kimi tanınırdı.Operada 30 dan çox obrazlar yatmışdır.Onun səsində səhnənin dramatizmi, emosional dərinlik və obrazlı ifadə gücü duyulurdu. Rənglərlə danışan fırçası isə insan ruhunun incə qatlarını açmağa qadir idi. Faciəvi şəkildə həyatını itirməsi yalnız ailə üçün deyil, Azərbaycan sənəti üçün də ağır itki idi. Lakin onun yaradıcılığı, səsləndirdiyi ariyalar, çəkdiyi tablolar mənəvi yaddaşda yaşayır. Zemfira xanımın yazılarında bu itki ağrılı bir xatirə olmaqla yanaşı, yarımçıq qalmış sənət missiyasının simvolu kimi təqdim edilir.
Qafarovlar ailəsinin daha bir fəxarətli siması Rəna İsmayılova Azərbaycan musiqi tarixində ilk arqan ifaçılarından biri kimi xüsusi yer tutur. Orqan kimi monumental və çoxsəslilik imkanları ilə zəngin bir alətin milli musiqi mühitinə daxil olması, onun repertuarının formalaşması və Azərbaycan bəstəkarlarının bu alət üçün yazdıqları əsərlərin səsləndirilməsi Əməkdar artist Rəna İsmayılovanın cəsarətli və yenilikçi fəaliyyəti ilə bağlıdır. O, Azərbaycan bəstəkarlarının orqan üçün yazılmış əsərlərinin ilk ifaçısı kimi bu sahədə öncül rol oynamışdır. Onun ifaları təkcə texniki ustalıq deyil, həm də dərin musiqi duyumu və estetik zövqün təzahürü idi. Bu fəaliyyət milli bəstəkarlıq məktəbinin yeni janr imkanlarını üzə çıxarmış, orqan musiqisini Azərbaycan mədəniyyət məkanında möhkəmləndirmişdir.
Belə bir ailə mühitində formalaşan Zemfira Qafarovanın elmi yaradıcılığı təbii olaraq daha geniş mənəvi ölçülərə malikdir. O, musiqini yalnız notların düzülüşü kimi deyil, insan taleyinin, zamanın və cəmiyyətin ifadə forması kimi şərh edir. Onun elmi-publisistik məqalələrində sənətkar portretləri canlıdır, faktlar isə duyğudan və estetik baxışdan məhrum deyil. Hər yazısında həm alim dəqiqliyi, həm də qəlb həssaslığı duyulur.
Zemfira Qafarovanın yaradıcılığı ailə yaddaşı ilə milli mədəniyyətin qovuşduğu nöqtədə dayanır. Fəlsəfə, musiqi, təsviri sənət və ifaçılıq bu ailənin taleyində bir-birini tamamlayaraq bütöv bir mədəniyyət panoraması yaradır. Bu panorama Azərbaycan ziyalılığının ən gözəl ənənələrini yaşadır: elmə sədaqət, sənətə məhəbbət və mənəvi dəyərlərə bağlılıq.
Beləliklə, Zemfira Qafarovanın qələmindən doğan hər sətir yalnız bir alim düşüncəsinin məhsulu deyil, həm də sənətkar ailəsinin mənəvi irsinin davamıdır. Onun yaradıcılığı göstərir ki, həqiqi mədəniyyət fərdi istedadla yanaşı, ailəvi dəyərlərin, milli yaddaşın və mənəvi köklərin vəhdətindən doğur. Və bu vəhdət Azərbaycan mədəniyyətinin zəngin xəzinəsinə çevrilərək zamanın sınağından üzüağ çıxır.
Zemfira Qafarova adı Azərbaycan musiqi tarixində yalnız bir alim kimi deyil, sənətə sədaqətli bir ziyalı ömrünün simvolu kimi yaşayır və yaşayacaqdır.Zemfira xanımın ömrü və fəaliyyəti göstərir ki, sənət və elm bir-birini tamamladıqda cəmiyyət üçün əvəzsiz dəyər yaradır.
Biz isə bu dəyərin davamlılığını, elmin və musiqinin harmoniyasında yeni uğurlarını, gələcək elmi və ictimai təşəbbüslərində parlaq nailiyyətlərini ürəkdən arzulayırıq. Zemfira xanımın qələmindən çıxacaq hər yeni tədqiqat, hər yeni monoqrafiya Azərbaycan musiqi tarixinin zənginliyini və xalqımızın mədəniyyətinin qüdrətini bir daha dünyaya nümayiş etdirəcək, gələcək nəsillərə ilham verəcəkdir.
Belə bir ömür və yaradıcılıq yolu, şübhəsiz ki, milli musiqi irsimizin əbədiliyinə xidmət edən parlaq bir fənər olaraq daim işıq saçacaqdır.
AMİDTV.AZ
Aygün Məmmədova Azərbaycan Jurnalistlər Birliyinin üzvü,AMİDTV.AZ saytının təsisçisi.













