Zəhra Allahverdiyevanın elmi-mədəni fəaliyyətinin parlaq nümunələri
Azərbaycan ədəbiyyatşünaslıq elminin mühüm istiqamətlərindən biri olan nizamişünaslıq sahəsində aparılan tədqiqatlar milli ədəbi düşüncənin dərin qatlarını üzə çıxarmaqla yanaşı, klassik irsin müasir elmi metodlarla yenidən dərk olunmasına xidmət edir. Bu sahədə ardıcıl və sistemli elmi fəaliyyəti ilə seçilən alimlərdən biri də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat Institutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Abas qızı Allahverdiyevаdır.
1956-cı il 15 oktyabr tarixində Azərbaycan Respublikasının Neftçala rayonunda anadan olan Zəhra Allahverdiyeva ali təhsilini Bakı Dövlət Universitetinin Filologiya fakültəsində almışdır. O, klassik ədəbiyyata, xüsusilə Nizami Gəncəvi irsinin elmi tədqiqinə tələbəlik illərindən xüsusi maraq göstərmiş, bu maraq sonralar onun elmi yolunu müəyyənləşdirmişdir. Hələ tələbə ikən 1978-ci ildən etibarən AMEA-nın Şərqşünaslıq İnstitutunda əmək fəaliyyətinə başlamış, Həmid Araslı, Məmmədağa Sultanov, Əkrəm Cəfər, Aida İmanquliyeva, Ziya Bünyadov və başqa bir çox korifey alimlərin çalışdığı zəngin ədəbi-elmi mühit onun gələcək yaradıcılıq yolunu müəyyənləşdirmişdir. İlk dəfə Cənubi Azərbaycanın görkəmli azadlıq şairəsi Pərvin Etisaminin Nizami Gəncəvinin “Sirlər xəzinəsi” əsərinin təsirilə yazdığı “Qoca qarının şikayəti” adlı mənzuməsini fars dilindən Azərbaycan dilinə poetik çevirmiş, klassik irsdən tərcümə və özünün lirik yaradcılğı ilə Respublika mətbuatında çıxışlar etməyə başlamışdır.
1981-ci ilin avqust ayında Azərbaycan Respublikasının rəhbəri Heydər Əliyevin təşəbbüsü və himayədarlığı ilə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda ilk dəfə olaraq, ayrıca Nizamişünaslıq şöbəsi yaradıldı və Zəhra Allahverdiyeva 1981-ci ilin oktyabr ayında öz ştatı ilə Şərqşünaslıq İnstitutundan Nizami adına Ədəbiyyat İnstitutunun “Nizamişünaslıq” şöbəsinə köçürüldü. Həmin dövrdə şöbəyə dünya şöhrətli şərqşünas, professor, əməkdar elm xadimi Rüstəm Əliyev rəhbərlik edirdi.
Heydər Əliyevin xüsusi tapşırığı ilə Respublikada, o cümlədən Nizamişünaslıq şöbəsində Nizami Gəncəvi “Xəmsə”sinin yenidən nəşri, şairin əsərlərinin Azərbaycan və rus dillərində filoloji tərcümələri üzərində mühüm işlər gedirdi. Bütün bu işlərin ərsəyə gəlməsində Zəhra Allahverdiyevanın xüsusi rolu olmuşdur.
Alim 1991-ci ildə “Azərbaycanda nizamişünaslığın təşəkkülü və inkişafı” (XX əsrin 40-cı illəri) mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək, 10.01.03 – Azərbaycan ədəbiyyatı nizamişünaslıq ixtisası üzrə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Bu tədqiqat işi Azərbaycan nizamişünaslığının formalaşma mərhələlərinin elmi əsaslarla sistemləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dissertasiyada Azərbaycan nizamişünaslığının mərhələləri, Nizami irsinin tədqiqində aparıcı alimlərin fəaliyyəti, metodoloji yanaşmalar və elmi ənənələrin təşəkkülü hərtərəfli şəkildə araşdırılmışdır.
Azərbaycan ədəbi düşüncəsinin zirvələrindən biri olan Nizami Gəncəvi təkcə böyük şair deyil, həm də əsrlər boyu elmi təfəkkürü öz orbitində saxlayan mənəvi mərkəzdir. Onun “Xəmsə”si yalnız poetik sözün möcüzəsi yox, həm də fəlsəfə, etik düşüncə, dil və estetik sistemdir. Bu böyük irsin elmi şəkildə öyrənilməsi zərurəti isə zamanla nizamişünaslıq adlı müstəqil bir elmi istiqamətin formalaşmasına gətirib çıxarmışdır.
Böyük sənətkarların taleyi yalnız yazdıqları ilə bitmir. Onların əsl ömrü əsərlərinə qayıdan oxucuların, tədqiqatçıların, alimlərin düşüncəsində davam edir. Nizami Gəncəvi də belə sənətkarlardandır. Onun poeziyası əsrlər boyu yalnız oxunmamış, həm də düşünülmüş, şərh edilmiş, elmi təhlilin obyektinə çevrilmişdir. Məhz bu uzun və məsuliyyətli yolun nəticəsi kimi Azərbaycan ədəbiyyatşünaslığında nizamişünaslıq adlı müstəqil elmi istiqamət formalaşmışdır.
Bu istiqamətin tarixini, metodoloji əsaslarını və inkişaf mərhələlərini elmi ardıcıllıqla araşdıran alimlər sırasında filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Abas qızı Allahverdiyeva xüsusi yer tutur.Uzun müddət Nizami Gəncəvi haqqında deyilən sözlər daha çox poetik heyranlıq və fəlsəfi ehtiram xarakteri daşımışdır. Orta əsr mənbələrində Nizami müdrik, hikmət sahibi, ustad şair kimi təqdim edilir. Lakin bu yanaşmalar sistemli elmi təhlildən daha çox şərh və təsvir səciyyəsi daşıyırdı.
XX əsrdə, xüsusilə də 1940-cı illərdə vəziyyət dəyişdi. Nizami irsi artıq yalnız bədii-estetik hadisə kimi deyil, elmi məsuliyyət tələb edən mədəniyyət faktı kimi dərk olunmağa başladı. Bu dövr Azərbaycan nizamişünaslığının təşəkkül mərhələsi kimi tarixə düşdü.
Zəhra Allahverdiyevanın “Azərbaycanda nizamişünaslığın təşəkkülü və inkişafı (XX əsrin 40-cı illəri)” mövzusunda apardığı tədqiqat bu mərhələnin elmi mənzərəsini aydın şəkildə ortaya qoyur. Alim nizamişünaslığın formalaşmasını təsadüfi proses kimi deyil, tarixi zərurət və elmi ehtiyacın nəticəsi kimi təqdim edir.
Zəhra Allahverdiyevanın elmi irsi zəngin və çoxşaxəlidir. Onun klassik irsimizin tədqiqinə həsr olunmuş 6 monoqrafik əsəri və 200 -dən artıq elmi məqaləsi çapdan çıxmışdır. Bu əsərlərin 40-ı xarici ölkələrdə və beynəlxalq elmi bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda dərc olunmuşdur. Alimin monoqrafiyaları klassik Azərbaycan poeziyasının poetik dili, üslub xüsusiyyətləri və mətn mədəniyyətinin öyrənilməsi baxımından dəyərli mənbələr hesab olunur.
Xüsusilə aşağıdakı monoqrafiyalar elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir:
“Azərbaycanda nizamişünaslığın təşəkkülü və inkişafı” (2007)
“Orta əsrlər ‘Xəmsə’ poetik üslubunda türk sözləri” (2012)
“Məhsəti Gəncəvinin rübailəri” (2016)
“Klassik Azərbaycan ədəbiyyatına dair tədqiqlər (2017)
“Низами Гянджеви: История изучения и литературное влияние великого Азербайджанского поэта” (2019)
“Nizami Gəncəvinin dövrü və mühiti”. “Nizami Gəncəvi: həyatı və yaradıcılığı” -kollektiv monoqrafiya (2021).
“Nizami Gəncəvinin “Xəmsə” ənənəsi və Xacu Kirmani” ( 2025)
Alim son dövrlərdə AMEA-nın hazırladığı çoxcildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin II və III cildlərində yer alan “Məhsəti Gəncəvi” və “Həmdullah Həmdi” oçerklərinin müəllifidir.
Bu əsərlərdə müəllif klassiklərin həyatı və mühitini öyrənməklə yanaşı, onların yaradıcılığı üzərində də qiymətli tədqiqatlar aparmışdır. O, bədii mətnlərin dil qatlarını filoloji dəqiqliklə təhlil etmiş, xüsusən “Xəmsə” mətnlərində türk sözlərinin poetik sistemdəki yerini və funksiyasını elmi əsaslarla izah etmişdir. Məhsəti Gəncəvinin rübailərinə həsr olunmuş monoqrafiya isə qadın klassik şairənin poetik irsinin sistemli şəkildə tədqiqinə həsr olunmuş nadir araşdırmalardandır.
Orta əsr Şərq poeziyası yalnız obrazların və məcazların harmoniyası deyil, eyni zamanda dillərin, mədəniyyətlərin və düşüncə tərzlərinin qovuşduğu zəngin bir söz məkanıdır. Bu məkanın ən möhtəşəm abidələrindən biri olan “Xəmsə” ənənəsi əsrlər boyu poeziyanın estetik ölçülərini müəyyənləşdirmiş, poetik düşüncənin dil xəritəsini formalaşdırmışdır. Məhz bu dil xəritəsində türk sözlərinin yeri, funksiyası və poetik enerjisi Zəhra Allahverdiyevanın “Orta əsrlər ‘Xəmsə’ poetik üslubunda türk sözləri” adlı monoqrafiyasında elmi məsuliyyət və bədii duyumla araşdırılır.
Monoqrafiyanın əsas ideyası sadə, lakin dərin elmi həqiqətə söykənir, poeziyada söz yalnız məna daşıyıcısı deyil, həm də estetik enerjidir. Zəhra Allahverdiyeva göstərir ki, orta əsrlər “Xəmsə” poetik üslubunda türk sözləri yalnız leksik vahid kimi yox, poetik ritmi, obrazlılığı və milli yaddaşı yaşadan elementlər kimi çıxış edir.
Alim türk sözlərinin “Xəmsə” ənənəsində təsadüfi deyil, məqsədyönlü şəkildə işlədildiyini elmi faktlarla sübut edir. Bu sözlər poeziyada səs ahəngi yaradır, obrazı torpaqla, gündəlik həyatla, milli düşüncə ilə bağlayır.
Zəhra Allahverdiyevanın monoqrafiyasını fərqləndirən əsas cəhətlərdən biri filoloji dəqiqliklə bədii sezginin üzvi vəhdətidir. O, orta əsr mətnlərinə yalnız dilçilik obyekti kimi yanaşmır, bu mətnlər onun tədqiqatında canlı poeziya nümunəsi kimi nəfəs alır.
Monoqrafiyada türk sözlərinin semantik qatları, poetik funksiyaları və üslubi imkanları ardıcıl şəkildə təhlil edilir. Alim sübut edir ki, türk sözləri “Xəmsə” poetikasında:obrazı konkretləşdirir, emosional yükü artırır, poetik mətnə milli kolorit qatır.
Bu sözlər vasitəsilə gündəlik həyat, xalq düşüncəsi, adət-ənənələr poetik mətndə yaşadılır. Beləliklə, “Xəmsə” poetik üslubu yalnız saray poeziyası deyil, xalqın dil nəfəsini özündə saxlayan geniş mədəni məkana çevrilir.
Monoqrafiya nizamişünaslıq üçün də mühüm elmi əhəmiyyət daşıyır. Nizami Gəncəvinin poetik dilində türk sözlərinin yeri və funksiyası bu tədqiqatda sistemli şəkildə ortaya qoyulur. Alim sübut edir ki, Nizaminin dil dünyası çoxdilli poetik məkandır və bu çoxdillilik onun poeziyasının estetik gücünü artıran əsas amillərdəndir.
Bu yanaşma Nizami irsinin milli mənsubiyyətinin elmi əsaslarla izahına yeni baxış bucağı gətirir. “Orta əsrlər ‘Xəmsə’ poetik üslubunda türk sözləri” monoqrafiyası təkcə filoloji tədqiqat deyil, sözlə tarix arasında qurulan elmi körpüdür. Bu körpü oxucunu orta əsr poeziyasının sətirləri arasından milli yaddaşın dərin qatlarına aparır.
Zəhra Allahverdiyevanın bu əsəri sübut edir ki, poeziyanın dili yalnız estetik zövq üçün deyil, həm də tarixi həqiqətin qorunması üçün mühüm vasitədir.
Klassik Şərq poeziyasında rübai janrı sözün ən sıx, ən məsuliyyətli formalarından biridir. Burada artıq artıq sözə yer yoxdur, fikir, hiss və fəlsəfə dörd misraya sığmalı, oxucunun yaddaşında iz qoymalıdır. Bu çətin və incə poetik sahədə qadın şair kimi parlayan Məhsəti Gəncəvi isə yalnız ədəbiyyat tariximizin deyil, bütövlükdə Şərq poeziyasının nadir hadisələrindəndir. Onun rübailərinin elmi baxımdan sistemli, dərin və obyektiv tədqiqi isə uzun illər ədəbiyyatşünaslığın diqqət mərkəzində olmuşdur.
Bu boşluğu sanballı elmi yanaşma ilə dolduran əsərlərdən biri Zəhra Allahverdiyevanın “Məhsəti Gəncəvinin rübailəri” adlı monoqrafiyasıdır. 2016-cı ildə çapdan çıxmış bu tədqiqat həm filoloji dəqiqliyi, həm də bədii-estetik duyumu ilə seçilir.
Zəhra Allahverdiyeva monoqrafiyada Məhsəti Gəncəvinin rübailərinə yalnız janr xüsusiyyəti kimi yanaşmır; bu rübailəri qadın düşüncəsinin, qadın estetik baxışının və mənəvi azadlığının poetik ifadəsi kimi təqdim edir. Alimin yanaşmasına görə, Məhsətinin rübailərində sevgi, həyat, zaman, azadlıq və insan taleyi sadə, lakin dərin fəlsəfi qatlarda ifadə olunur.
Monoqrafiyada göstərilir ki, Məhsəti Gəncəvi rübai janrını yalnız klassik qəliblər daxilində deyil, fərdi düşüncə və hisslərlə zənginləşdirərək yeni estetik səviyyəyə yüksəltmişdir. Bu baxımdan onun rübailəri təkcə poeziya nümunəsi deyil, həm də dövrün ictimai-mənəvi portretidir.
Zəhra Allahverdiyevanın tədqiqat üslubunun əsas üstünlüklərindən biri elmi təhlillə poetik nəfəsin vəhdətidir. O, rübailəri mexaniki şəkildə şərh etmir, əksinə, hər misranın daxili ritmini, məna qatlarını və emosional yükünü açmağa çalışır.Monoqrafiyanın diqqətçəkən cəhətlərindən biri Məhsəti Gəncəvinin poeziyasında qadın səsinin elmi əsaslarla ön plana çıxarılmasıdır. Zəhra Allahverdiyeva sübut edir ki, Məhsətinin rübailərində qadın hissiyyatı zəiflik deyil, əksinə, poetik güc mənbəyidir.
Bu rübailərdə sevgi itaət deyil, seçimdir, kədər susqunluq deyil, düşüncədir,həyat isə taleyə boyun əymək deyil, onu anlamaq cəhdidir. Alim bu xüsusiyyətləri elmi arqumentlərlə əsaslandıraraq, Məhsəti Gəncəvini klassik poeziyada qadın fərdiyyətinin daşıyıcısı kimi təqdim edir.Zəhra Allahverdiyevanın yanaşması Məhsəti Gəncəvini yalnız “ilk qadın şair” etiketi ilə deyil, yüksək poetik düşüncə sahibi olan klassik sənətkar kimi dəyərləndirməyə imkan yaradır.
Zəhra Allahverdiyeva uzun illərdir AMEA Nizami adına Ədəbiyyat İnstitutunda aparıcı elmi işçi kimi fəaliyyət göstərir. Bununla yanaşı, 2011–2012-ci illərdə Azərbaycan İctimai-Siyasi Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuş, gənc filoloqların hazırlanmasına töhfə vermişdir.
Alimin elmi fəaliyyətinin mühüm istiqamətlərindən biri də elmi-mədəni layihələrdə iştirakıdır.Elm yalnız kitab səhifələrində, arxiv qovluqlarında və akademik məqalələrdə yaşadıqda tam mənasını tapmır. Elm, əslində, mədəni yaddaşa çevrildiyi, cəmiyyətlə ünsiyyətə girdiyi anda canlı olur. Klassik irsin yalnız tədqiqi deyil, həm də geniş ictimaiyyətə doğru və estetik formada çatdırılması müasir alim qarşısında duran mühüm vəzifələrdəndir. Bu baxımdan filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Abas qızı Allahverdiyevanın elmi fəaliyyəti akademik mühitlə mədəni məkan arasında qurulan mühüm bir körpü təsiri bağışlayır.
Zəhra Allahverdiyeva klassik Azərbaycan ədəbiyyatının tədqiqatçısı kimi yalnız mətnlərin filoloji təhlili ilə kifayətlənmir. O, elmi biliklərin mədəni layihələr vasitəsilə cəmiyyətə çatdırılmasını zəruri hesab edən alimlər sırasındadır. Bu yanaşma onun elmi-mədəni layihələrdə fəal iştirakında aydın şəkildə özünü göstərir.Böyük şəxsiyyətlərin irsi təkcə yazdıqları ilə deyil, gəldikləri köklərlə də ölçülür. Zamanın sınağından çıxmış dühaların həyat yolu nəsil yaddaşı, mənəvi mühit və tarixi şəraitin vəhdətində formalaşır. Məhz bu baxımdan dosent Zəhra Allahverdiyevanın VII “Fizika və lirika” konfransında səsləndirdiyi “Nizami Gəncəvinin nəsil şəcərəsi və həyatı” mövzusundakı məruzə klassik irsin yeni elmi müstəvidə təqdimatı kimi diqqət çəkdi.
“Nizami Gəncəvi irsi və təbiət” mövzusuna həsr olunmuş VII “Fizika və lirika” konfransı elmi təfəkkürlə poetik düşüncənin sintezini özündə ehtiva edən mühüm elmi-mədəni platforma kimi seçildi. Bu mühitdə təqdim olunan məruzələr təkcə faktoloji məlumatlarla deyil, həm də fəlsəfi-estetik yanaşmalarla yadda qaldı. Zəhra Allahverdiyevanın çıxışı isə məhz elmin dəqiqliyini bədii düşüncənin ahəngi ilə birləşdirən nümunəvi təqdimatlardan biri oldu.
Məruzədə Nizami Gəncəvinin nəsil şəcərəsi yalnız genealogiya faktı kimi deyil, böyük mütəfəkkirin formalaşmasında rol oynayan mənəvi və sosial mühitin açarı kimi təqdim olundu. Dosent Zəhra Allahverdiyeva tarixi mənbələrə əsaslanaraq Nizaminin ailə köklərinin Gəncə mühitində necə zəngin intellektual və mənəvi atmosfer yaratdığını elmi əsaslarla şərh etdi.bir çox şərqşünas-alimlər XI-XII əsrlərdə Azərbaycan Atabəylər dövlətinin mərkəz şəhəri olan Gəncə əhalisinin türklərdən ibarət olduğunu mənbələr əsasında təsdiq ediblər. İran alimi Barat Zəncani Gəncə əhalisinin dilinin türk dili, Nizaminin isə türkcə şeirlər yazdığını bildirib.“Nizami Gəncəvinin yaşadığı dövrdə Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslanın hakimiyyəti illərində Atabəylərin istər Gəncə, istərsə də Naxçıvan saraylarında fəaliyyət göstərən əyanların əksəriyyəti xalqa daha yaxın olan türk əsilli savadlı şəxslərdən seçilirdi”, – deyə qeyd edən Z.Allahverdiyeva Nizami Gəncəvinin babası Zəki Müəyyəddinin əslən Oğuz türklərinin Boz ox qolundan çıxmış adlı-sanlı türk bəyzadələr nəslindən olduğunu vurğulayıb. Əlavə edib ki, o, Gəncədə din xadimi və Səlcuqlar sarayına yaxın şəxs olub.Nizami Gəncəvinin anası ilə bağlı günümüzə qədər gəlib çıxmış faktlardan bəhs edib. Bildirib ki, dahi şairin anası Azərbaycanda əsil-nəcabətli, zadəgan nəslindən olan, Gəncədə dünyaya göz açmış türk qızı idi.Nizaminin qardaşı da şair idi Qivami Mütərrizi ləqəbi ilə yazırdı. Lakin mürəkkəb şeir texnikasını məharətlə mənimsəmiş olan bu adam başqa bir yolla getmiş və saray şairi şöhrətini intixab etmişdi”.Dərbənd hakiminin ona töhfə göndərdiyi qıpçaq-türk gözəli Afaqla ailə qurduğunu, bu izdivacdan iki oğlunun dünyaya gəldiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Nizaminin bir oğlu dünyadan çox erkən köçüb. Digər oğlunun adının Məhəmməd olduğu şairin əsərlərindən bəllidir. Məhəmməd ağıllı, fərasətli, atasına dayaq olan bir övlad, həm də öz dövrünün ziyalı bir şəxsiyyəti olub.
Zəhra Allahverdiyeva Nizaminin həyat yolunu “təbiətlə düşünən, insanla danışan, kainatla ahəng axtaran müdrikin yolu” kimi xarakterizə edərək faktlarla bədii təfəkkür arasında incə tarazlıq yaratdı.
Zəhra Allahverdiyevanın məruzəsi akademik auditoriya ilə yanaşı, geniş ictimaiyyət üçün də anlaşılan və cəlbedici üslubu ilə seçildi. Bu, elmi bilginin cəmiyyətə açıq və canlı təqdimatının uğurlu nümunəsi idi.
Alimin fikrincə, Nizami, Məhsəti kimi klassiklərin irsi yalnız akademik auditoriya üçün deyil, milli yaddaşın bütövlüyü üçün yaşadılmalıdır. Bu isə elmin sənət, kino, sənədli yaradıcılıq və ictimai təqdimatlarla qovuşmasını tələb edir.
Zəhra Allahverdiyevanın elmi-mədəni fəaliyyətinin parlaq nümunələrindən biri Azərbaycan Respublikası Prezidentinin qərarına əsasən, Məhsəti Gəncəvinin 900 illik yubileyinə həsr olunmuş “Sirli bənövşə” sənədli-bədii filmində elmi məsləhətçi kimi iştirakıdır. Bu layihə klassik poeziyanın yalnız tarix dərsi kimi deyil, estetik və mənəvi hadisə kimi təqdim olunmasına xidmət etmişdir.
Filmdə Məhsəti Gəncəvinin poetik dünyası, qadın düşüncəsi və rübai fəlsəfəsi elmi dəqiqliklə, lakin bədii ifadə vasitələri ilə tamaşaçıya çatdırılır. Zəhra Allahverdiyevanın elmi məsləhətçiliyi filmin məzmununda tarixi və ədəbi faktların düzgünlüyünü təmin etməklə yanaşı, poetik ruhun qorunmasına da xidmət etmişdir.
Bu, alimin elmi məsuliyyətlə bədii duyum arasında qurduğu harmoniyanın bariz nümunəsidir.
Zəhra Allahverdiyevanın elmi-mədəni layihələrdə iştirakı göstərir ki, o, alimin cəmiyyətdəki rolunu yalnız tədqiqatçı funksiyası ilə məhdudlaşdırmır. Onun üçün alim həm də milli yaddaşın daşıyıcısı, klassik irsin tərcüməçisi və mədəni vasitəçidir. Bu fəaliyyət klassik irsin sadələşdirilmədən,təhrif olunmadan,lakin anlaşılan və təsirli formada ictimaiyyətə təqdim edilməsinə imkan yaradır.
Beləliklə, elmi bilik akademik sərhədləri aşaraq mədəniyyət hadisəsinə çevrilir.
Elmi-mədəni layihələrdə iştirak Zəhra Allahverdiyevanın elmi nüfuzunu daha geniş müstəvidə tanıdır. O, elmi faktları sadəcə qoruyan deyil, onları cəmiyyətlə bölüşən alim obrazı yaradır. Bu obraz müasir Azərbaycan elminin ictimai etibarının formalaşmasında mühüm rol oynayır.
Alimin fəaliyyəti sübut edir ki, klassik irs yalnız keçmişin yadigarı deyil – o, müasir mədəniyyətin canlı hissəsinə çevrilə bilər və çevrilməlidir. Bu layihə klassik irsin geniş auditoriyaya elmi və estetik formada təqdim olunmasında mühüm rol oynamışdır.“Sirli bənövşə”nin mühüm uğurlarından biri Məhsəti Gəncəvinin qadın poeziyası tarixindəki yerini estetik və ləyaqətli şəkildə təqdim etməsidir. Film Məhsətini mifləşdirilmiş obraz kimi deyil, düşünən, hiss edən, sözlə öz azadlığını ifadə edən sənətkar kimi göstərir.
Bu yanaşma Zəhra Allahverdiyevanın elmi mövqeyi ilə səsləşir. Onun tədqiqatlarında Məhsəti Gəncəvi klassik poeziyada qadın fərdiyyətinin daşıyıcısı kimi təqdim olunur. Film də bu elmi mövqeni ekran dilinə uğurla köçürür.
Elmi nailiyyətlərinə görə Zəhra Allahverdiyeva Azərbaycan Respublikası “Avropa Nəşr Mətbuat Evi”nin “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” Qızıl medalı və diplomu ilə təltif edilmişdir. Elm hər zaman yalnız bilik toplamaq deyil, həm də məsuliyyət daşımaqdır. Xüsusilə milli mədəni irsi araşdıran alim üçün bu məsuliyyət daha dərin məna kəsb edir. Klassik söz xəzinəsinin qorunması, tarixi yaddaşın elmi əsaslarla bərpası və milli dəyərlərin gələcək nəsillərə ötürülməsi vətənpərvərliyin elmdə təzahür edən ən yüksək formalarındandır. Məhz bu mənada filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Abas qızı Allahverdiyevanın “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” Qızıl medalı və diplomu ilə təltif olunması onun elmi fəaliyyətinin ictimai və mənəvi dəyərinin təsdiqidir.
Vətənpərvərlik – elmi mövqedən doğan dəyər.
Zəhra Allahverdiyevanın elmi yaradıcılığında vətənpərvərlik şüar və emosional ifadə kimi deyil, elmi mövqe kimi formalaşır. Onun tədqiqatlarının mərkəzində Azərbaycan ədəbiyyatının klassik simaları – Nizami Gəncəvi, Məhsəti Gəncəvi kimi şəxsiyyətlər dayanır. Bu seçim təsadüfi deyil. Alim klassik irsi araşdırmaqla milli mədəniyyətin elmi əsaslarını möhkəmləndirir, onun dünya mədəniyyətindəki yerini faktlarla sübut edir.
Bu baxımdan “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” adına layiq görülməsi elmi fəaliyyətin məzmununa verilən obyektiv qiymətdir. Qızıl medal yalnız mükafat deyil, həm də rəmzdir. O, elmi vicdanın, metodoloji ardıcıllığın və milli dəyərlərə sədaqətin simvoludur. Zəhra Allahverdiyevanın bu mükafata layiq görülməsi onun illər boyu apardığı sistemli tədqiqatların, monoqrafiyaların, beynəlxalq elmi məqalələrin və mədəni layihələrdəki fəal iştirakının məntiqi nəticəsidir.
Alim Heydər Əliyevin 100 illik yubleyi münasibəti ilə “Qafqaz-Media” İctimai Birliyinin təsis etdiyi “Heydər Zirvəsi-100” diplom və medalı ilə təltif olunmuşdur (8 iyul, 2023). O, həmçinin Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının “Azərbaycanın Fəxri” mükafatı və Diplomu ilə təltif olunmuşdur (15 oktyabr,2023).
Zəhra Allahverdiyeva Nizami Gəncəvi irsinin tədqiqi və təbliğində səmərəli fəaliyyətinə görə, 5 mart 2024-cü ildə Uluslararası TÜRKSOY Təşkilatının “Nizami Gəncəvi Medalı” ilə təltif olunmuşdur.
Alimin fəaliyyəti sübut edir ki, vətənə xidmət yalnız siyasi və ya hərbi sahədə deyil, elmin sakit, lakin dərin təsir gücünə malik müstəvisində də mümkündür.
Zəhra Allahverdiyevanın tədqiqatları akademik dairələrlə məhdudlaşmır. Onun elmi fikirləri elmi-publisistik yazılar, mədəni layihələr və sənədli-bədii filmlər vasitəsilə geniş ictimaiyyətə çatdırılır. Bu, alimin elmi nüfuzunu ictimai dəyərə çevirən mühüm amildir.
Zəhra Allahverdiyevanın elmi yolu gənc tədqiqatçılar üçün nümunədir. Onun fəaliyyəti göstərir ki, elmi obyektivliklə milli mövqe bir-birinə zidd anlayışlar deyil. Əksinə, sağlam elmi metodologiya milli dəyərlərin daha dəqiq və əsaslı şəkildə təqdim olunmasına imkan yaradır.
Bu baxımdan Qızıl medal alimin keçdiyi yolun yekunu deyil, onun elmi missiyasının davamlılığını simvolizə edən bir mərhələdir.
Zəhra Abas qızı Allahverdiyevanın elmi fəaliyyəti Azərbaycan filologiyasının, xüsusilə nizamişünaslığın inkişafında mühüm mərhələ təşkil edir. Onun tədqiqatları klassik irsin dərin elmi təhlilinə, milli ədəbi yaddaşın qorunmasına və elmi ənənələrin davam etdirilməsinə xidmət edir. Alimin elmi irsi bu gün də Azərbaycan ədəbiyyatşünaslığında aktual və dəyərli mənbə kimi öz əhəmiyyətini qoruyur.Zəhra Allahverdiyevanın elmi fəaliyyəti klassik irsin səthi oxunuşu ilə kifayətlənməyən, onu dərin mətnaltı qatları, tarixi-mədəni konteksti və milli yaddaş prizmasından araşdıran sanballı tədqiqatlarla səciyyələnir. Onun araşdırmaları Azərbaycan ədəbiyyatının əbədi söz xəzinəsini zamanın sınağından çıxararaq gələcək nəsillərə etibarlı elmi körpü ilə çatdırır. Bu tədqiqatlar milli ədəbi yaddaşın qorunmasına, elmi ənənələrin davamlılığına və klassik irsin çağdaş elmi düşüncə ilə yenidən dərk olunmasına xidmət edir.
Alimin ortaya qoyduğu elmi irs bu gün də Azərbaycan ədəbiyyatşünaslığında aktual, istinad edilən və elmi diskussiyalar doğuran dəyərli mənbə kimi yaşayır. Onun əsərlərində klassik poeziya yalnız keçmişin mirası deyil, müasir elmi düşüncəni zənginləşdirən canlı bir mədəni fenomen kimi təqdim olunur. Bu yanaşma Zəhra Allahverdiyevanın tədqiqatlarını uzunömürlü və davamlı elmi əhəmiyyətə malik edir.
Bu mənalı və səmərəli elmi yolun davamında dosent Zəhra Allahverdiyevaya yeni yaradıcılıq uğurları, tükənməz elmi enerji və bol nailiyyətlər arzulayırıq. Qoy onun qələmindən süzülən hər bir elmi fikir milli ədəbiyyatımızın işıqlı sabahına xidmət etsin, klassik sözün hikməti isə onun tədqiqatlarında daim yaşasın!
AMİDTV.AZ
Aygun Məmmədova Azərbaycan Jurnalistlər Birliyinin üzvü, AMİDTV.AZ saytının təsisçisi







