Firuzə Məmmədli yaradıcılığı dərin düşüncələrinin, həssas hisslərinin və zəngin həyat təcrübələrinin ifadəsidir.

0

Yaradıcı şəxsiyyət, tarıma çəkilmiş simləri hərəkətə gətirən musiqiçi kimi, bəşər övladının hazır, köklənmiş emosional vəziyyətinə təsir edir, onlarda müəyyən duyğular oyadır. Mövcud həyatın güzgüsü olan sənətkar, onda olmayan daha kamil bir formanı canlandırır, əlçatmaz arzuları isə xəyallar aləmində gerçəkləşdirir. Bədii yaradıcılıq aktı, insanın daxili aləmi ilə xarici mühit və ideologiya arasındakı kritik bərabərsizlikdən doğur ki, bu da incəsənət nümunəsinin “narazılıqdan yaranıb, onu aradan qaldırmağa yönəldiyi” fikrini təsdiqləyir. Hər cür yaradıcılıq vasitəsilə insan bilavasitə özünü – öz düşüncə, hiss, arzu və ideallarını, bilvasitə isə cəmiyyəti – onun tələb, bacarıq və maraqlarını əks etdirir. Yaradıcılıq onu yaradanın şəxsiyyətini əks etdirirsə, yaradanın şəxsiyyəti də öz təkrarolunmazlığı ilə cəmiyyətin tələblərini və təbiətini açır.
Elmin və fəlsəfənin sözlə təcəssümü onları incəsənətin xüsusi sahəsi olan bədii ədəbiyyata yaxınlaşdırır. Bədii ədəbiyyatda, xüsusilə şeirdə sözlə yaradılan emosional vəziyyətdə xüsusi yer tutan estetik təsir, ideyanın daha kamil şəkildə dərkinə xidmət edən, sanki dekorativ bir rol oynayır. Belə ki, bədii ədəbiyyatdan, xüsusən də şeirdən alınan zövq nə gözdə, nə də qulaqdadır; o, daha dərində, hiss orqanlarımız xaricində formalaşır.
Bu yolda öz sözünü ustalıqla, sözün nurlu işığını ürəyində daşıyan bir şairə, ədəbiyyatımızın parlaq siması Firuzə Məmmədli demişdir. Onun qələmi sanki insanın iç səsini dinləyir, sonra o səsi zərif bir misraya çevirir. Hər sətirində bir həyat nəfəsi, bir duyğunun kölgəsi var. Firuzə Məmmədli üçün publisistika quru fikirlərdən ibarət yazı deyil, həyatın ağrılarını, sevincini və ümidini danışan canlı bir etirafdır. O, yazılarında insanı həm düşündürür, həm də isindirir. Oxucu onun sözlərində özünü, öz taleyini, bəzən də xalqının köhnə, amma heç vaxt solmayan yaddaşını tapır.
Firuzə Məmmədli təkcə şair kimi deyil, həm də ədəbiyyatşünas, tərcüməçi və publisist kimi geniş bir fəaliyyət sahəsinə malikdir. Onun yaradıcılığı dilin incəliklərini, ədəbiyyatın dərinliklərini və insan ruhunun zənginliyini əks etdirir.
Firuzə Məmmədli 1940-cı il yanvarın 10-da Xaçmaz rayonunun Canaxır kəndində dünyaya göz açıb. 1963-cü ildə Quba Tibb Texnikumunu, 1968-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili-ədəbiyyatı fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Təyinatla Naxçıvan şəhər Pedaqoji Texnikumunda və ADPU-nun Naxçıvan filialında müəllim işlədikdən sonra, 1970-ci ildə Bakıya qayıdaraq bitirdiyi institutun Azərbaycan dilçiliyi kafedrasında işə başlamışdır.
Elmi axtarışlara böyük önəm verən alim, 1980-ci ildə “Yusif Vəzir Çəmənzəminlinin tarixi romanlarının dil və üslub xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 1990-cı ildən Müasir Azərbaycan dili kafedrasında çalışmış, hazırda həmin kafedranın təqaüddə olan dosentidir. Firuzə Məmmədlinin “Bədii dilin estetik mənbələri”, “Azərbaycanın şimal-şərq bölgəsinin etnolinvistik vahidləri” kimi monoqrafiyaları, çoxsaylı elmi və publisistik məqalələri dilçi alim və ədəbiyyatşünas kimi onun respublika elmi ictimaiyyətinə yaxşı tanış olmasına səbəb olmuş, tələbə və magistrantların müraciət etdiyi əsas mənbələrdən birinə çevrilmişdir. O, onlarla magistrantın elmi rəhbəri olmuş, 50 il dərs deməklə minlərlə tələbələrin yaddaşına elm və ədəbiyyatın nurunu səpmişdir.
Firuzə Məmmədli ədəbi fəaliyyətə 1963-cü ildə Xaçmaz rayonunun “Dostluq” qəzetində çıxan “Ay həkim” adlı şeiri ilə başlamışdır. Onun “Gümüşü damla” (1973) adlı ilk kitabı “Gənclik” nəşriyyatı tərəfindən çap edilmişdir. Sonrakı illərdə nəşr olunan “Yoluma bahar düşüb”, “Sənin ömrün”, “Yetkinlik”, “Bir qarış ucalıq”, “Məni mənlə bölən dünya”, “Aşacağam zaman adlı sədləri”, “Nə yaxşı yaxamda söz medalım var” və on cildlik “Seçilmiş əsərləri” (2002–2019) oxucular tərəfindən böyük maraqla qarşılanmışdır.
1973-cü ildə “Gənclik” nəşriyyatında çap olunan ilk kitabı, zərifliyi və saflığı ilə yadda qalan “Gümüşü damla” adlandı. Bu ad, sanki şairənin bütün poetik taleyinin müjdəsi idi: saf, təmiz, amma eyni zamanda dərin bir iz buraxan… O damla, insanın iç dünyasına düşən ilk işıq, ilk toxunuş idi.
Bu “Gümüşü damla”dan sonra şeirlər, ardıcıl bir ömrün bədii salnaməsi kimi bir-birini əvəzlədi. Hər kitab, illərin dolaylarında Firuzə Məmmədlinin keçdiyi bir fəsli, daddığı bir duyğunu ifadə edirdi. Oxucu sanki bu əsərlərlə birgə bir ömür yolu səyahətinə çıxırdı.
“Yoluma bahar düşüb” – bu adın özündə bir təravət, bir ümid, həyata yenidən başlamaq arzusu gizlənir. Bu, şairin yolunda çiçəklənən, ruhunu isidən və onu irəli səsləyən bir inamın bəyanatı idi. Həyatın hər bir çətinliyindən sonra gələn yeni başlanğıcın poetik təcəssümü idi.
Sonra gələn “Sənin ömrün” və “Yetkinlik” artıq sadəcə fərdi hisslərin deyil, həm də həyatın fəlsəfi dərinliyinin, özünüdərkin poetik ifadəsi idi. Bu kitablarda şairə, ömrün nə demək olduğunu, yetkinliyin yalnız yaşla deyil, həm də ruhun təcrübəsi ilə ölçüldüyünü misralara köçürür. Burada insanın mənəvi ucalığı, həyatın sirlərini dərk etməsi arzusu ön plana çıxır.
Şairənin iç dünyasındakı ziddiyyətləri, daxili axtarışları və mənəvi mübarizəsini əks etdirən əsərlər sırasında “Bir qarış ucalıq” və “Məni mənlə bölən dünya” xüsusi yer tutur. “Bir qarış ucalıq” – bu, təmkinli bir təvazökarlıqla deyilmiş, amma ən böyük mənəvi zirvəyə çatmaq arzusunun metaforasıdır. “Məni mənlə bölən dünya” isə yaradıcı insanın öz daxilində apardığı çəkişmənin, şəxsi mənliklə ictimai tələblər arasındakı gərginliyin bədii etirafıdır.
Lakin Firuzə Məmmədli yaradıcılığında heç vaxt ruh düşkünlüyünə yer yoxdur. O, hər zaman irəliyə baxır, həyatın sədlərini aşmaq əzmindədir: “Aşacağam zaman adlı sədləri”. Bu misra, onun yorulmaz ruhunun, zamanla mübarizə aparmaq əzminin, hər an yenilənmək və yaşamaq istəyinin simvoludur. Şairənin qələmi, zamanın axarından qorxmayan, əksinə, onu aşan bir gücə malikdir.
Və nəhayət, şairənin yaradıcılığının əsasını təşkil edən, onun bütün elmi və poetik fəaliyyətini ümumiləşdirən bir etiraf: “Nə yaxşı yaxamda söz medalım var”. Bu, sözə olan sadiqliyin, sözün müqəddəsliyini dərk etməyin və ömrünü ona həsr etməyin ən böyük mükafatıdır. Firuzə Məmmədli üçün söz, nəinki bir ifadə vasitəsi, həm də bir zərgər dəqiqliyi ilə işlədiyi, qürur duyduğu bir medaldır. Bu medal onun fəaliyyətinin ən ali təltifidir – heç bir fani mükafatla müqayisə olunmayacaq dərəcədə qəlbə yaxın və mənəvi cəhətdən dəyərlidir.
Bütün bu bədii xəzinə 2002–2019-cu illər ərzində nəşr olunan on cildlik “Seçilmiş əsərləri”ndə özünün ən kamil təcəssümünü tapmışdır. Bu külliyyat, Firuzə Məmmədli yaradıcılığının yalnız bir hissəsi deyil, bütöv bir ədəbi məktəb, gələcək nəsillərə qoyulmuş bir mənəvi mirasdır. Bu cildlər, “Gümüşü damla”dan başlayan yolun nə qədər zəngin və dərin olduğunu bir daha sübut edir.
Firuzə Məmmədli öz sözləri ilə təkcə Azərbaycan ədəbiyyatının deyil, bütöv insanlığın mənəvi xəzinəsinin bir parçasına çevrilmişdir. Onun hər bir əsəri, oxucunu düşünməyə, hiss etməyə və ömrün ritmlərini duymağa səsləyən bir dəvətdir.
Şairə 45 kitabın, 130-a yaxın məqalənin və elmi tədqiqat əsərləri, o cümlədən 5 monoqrafiyanın müəllifi olaraq Azərbaycan ədəbiyyatında dərin iz qoymuşdur. O, yalnız öz sözləri ilə deyil, həm də tərcüməçilik fəaliyyəti ilə mədəniyyətlər arasında körpü qurmuşdur. Rus, özbək, tacik, türk və fars dillərindən bir çox ədəbi nümunələri dilimizə çevirmiş, özbək uşaq hekayələrini “Dost əlini uzatsa” (1990) kitabında dərc etdirmişdir. Onun şeirləri ingilis, rus, özbək, türkmən, gürcü, ukrayn, polyak, fransız, türk və fars dillərinə tərcümə olunaraq beynəlxalq səviyyədə tanınmışdır.
Firuzə Məmmədli həm də fəal ictimaiyyətçi kimi tanınır. O, hələ tələbəlik illərindən (1965-ci il) “Vahid Azərbaycan” uğrunda mübarizəyə qoşulmuş, bu yolda 1969-cu ildə repressiya və təqiblərə məruz qalmışdır. 1995-ci ildən Azərbaycan Yazıçılar Birliyinin Həmkarlar Komitəsinin sədri vəzifəsini icra edir, 30 il ərzində həmkarlarının zəhmətini bölüşərək kollektivin dayağı olmuşdur.
Onun ədəbiyyata olan misilsiz xidmətləri müxtəlif mükafat və ordenlərlə qiymətləndirilmişdir. Firuzə Məmmədli beynəlxalq festivallarda iştirak edərək “Əlişir Nəvai” (1992), “Qızıl kəlmə” (2017) və “Nəsimi” (2019) mükafatlarına layiq görülmüşdür. Həmçinin “Tərəqqi” (2012) və I dərəcəli “Əmək” (2019) ordenləri ilə təltif olunmuşdur.
Firuzə Məmmədlinin yaradıcılığı, dərin düşüncələrinin, həssas hisslərinin və zəngin həyat təcrübələrinin ifadəsidir. O, şeirlərində insanın daxili aləmini, sevgi və ayrılığı, azadlıq və vətənpərvərliyi, həyatın çətinliklərini ustalıqla əks etdirir. Hər bir şeir, hər bir yazı, oxucuların qəlbində dərin izlər buraxır, onları düşünməyə, nəzakətli, vətənpərvər, dilinə, milliyyətinə, sözünə sadiq olmağa səsləyir. Onun misraları təkcə bədii ifadə deyil, həm də bir çağırışdır: insanları düşünməyə, hiss etməyə və yaşamağa dəvət edən bir qüvvədir.
Bu il 85 illik yubileyi qeyd olunan Firuzə Məmmədlinin 70 illik şeir, 50 illik müəllimlik və 30 illik həmkarlar komitəsində fəaliyyəti – bu, yalnız illərin sayı deyil, bir ömrün dərin mənasıdır. Onun sözləri – “Hər gün ümidimdən durnalar köçür…”, “Nə yaxşı yaxamda söz medalım var” – həyat və yaradıcılıq fəlsəfəsini əks etdirir.
Firuzə Məmmədli müasir Azərbaycan ədəbiyyatının parlaq ulduzu olaraq, yaradıcılığı ilə oxucuların qəlbində silinməz izlər buraxmışdır. Onun ədəbi irsi, zamanın sınağından keçərək, ədəbiyyatımızın “gümüşü damlası” olaraq əbədi yaşayacaq.
Azərbaycan ədəbiyyatının inkişafında misilsiz xidmətlərinizə görə Sizə dərin təşəkkürümüzü bildirir, gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar və bol nailiyyətlər arzulayırıq!

AMİDTV.AZ

Aygün Məmmədova Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir