Həyatını təhsilin tərəqqisinə həsr edən Laləzər Cəfərovanın şərəfli ömür yolu

0

Tarixin sınaqlarından keçən hər bir millətin, gələcəyə atdığı hər bir qəti addımın bünövrəsində möhtəşəm bir qüvvə dayanır, Təhsil. Bu, sadəcə bir bilik ötürmə prosesi deyil, həm də milli mənəviyyatın, vətənpərvərlik ruhunun və tərəqqi eşqinin nəsildən-nəslə ötürülən müqəddəs bir çırağıdır.
Bu gün Azərbaycan təhsili özünün yeni yüksəliş dövrünü yaşayır. Keçilən bu uğurlu yol göstərir ki, gələcəyimiz məhz indi məktəblərimizdə yetişən ağıllı, savadlı, dünyagörüşlü və vətənpərvər kadrlarla təmin ediləcək. Çünki İnsan İnkişafı ölkənin ən qiymətli sərvəti olaraq qalır və bu sərvətin açarı təhsilin işıqlı yoludur.
Bu yolda həyatını təhsilin tərəqqisinə həsr edən Laləzər Cəfərovanın şərəfli ömür yolu, gələcək nəsillərə işıq saçır.Laləzər Kazım qızı Cəfərova adı, Azərbaycanda məktəbəqədər təhsilin inkişafı və təkmilləşdirilməsi ilə sıx bağlı olan, şərəfli bir ömür yolunun, gərgin əməyin və tükənməz intellektin təcəssümüdür.23 sentyabr 1955-ci ildə İsmayıllının füsunkar təbiətli Basqal kəndində göz açan Laləzər Kazım qızı Cəfərovanın həyat yolu, əslində, Azərbaycanın məktəbəqədər təhsil sisteminin ən əlamətdar inkişaf mərhələləri ilə sıx bağlıdır. Bu gün – 23 sentyabrda 70 illik yubileyini qeyd edən görkəmli alim və pedaqoqun ömrü, sanki, gələcəyə atılan hər addımın təməli olan uşaqlıq dövrünün keyfiyyətli təhsili naminə həsr olunmuş bir epopeyadır.
Laləzər xanımın təhsilə olan bağlılığı hələ erkən yaşlarından özünü göstərmişdir. Biləcəridəki dəmiryolu orta məktəbini bitirdikdən sonra yolunu Bakı məktəbəqədər pedaqoji texnikumundan salan gənc Laləzər, hər iki təhsil ocağını fərqlənmə diplomu ilə bitirərək, yüksək əzmini və istedadını sübut etmişdir. Təhsil ocaqlarında qazanılan bu uğurlar, onun gələcək elmi və pedaqoji fəaliyyətinin möhkəm bünövrəsini təşkil etmişdir.
1978-ci ildə o, Azərbaycan Dövlət Pedaqoji Universitetini (ADPU) məktəbəqədər pedaqogika və psixologiya ixtisası üzrə yenə də fərqlənmə ilə bitirmişdir. Təhsilini başa vuran kimi Biləcəridəki 234 nömrəli uşaq bağçasında tərbiyəçi kimi işə başlayan Laləzər Cəfərova, nə az, nə çox, tam 11 il körpələrin dünyasına işıq tutmuş, onların ilkin şəxsiyyət kimi formalaşmasında əvəzsiz rol oynamışdır. Bu illər, yəqin ki, onun nəzəri biliklərini praktik təcrübə ilə zənginləşdirən ən qiymətli dövr olmuşdur.
1990-cı ildən etibarən Laləzər xanımın fəaliyyəti Təhsil İnstitutu (əvvəlki ETPEİ, TPİ) ilə ayrılmaz şəkildə bağlanmışdır. Burada o, sıravi elmi işçidən şöbə müdiri vəzifəsinədək yüksələrək, təhsil elminin inkişafına mühüm töhfələr vermişdir. 1998-ci ildə uğurla müdafiə etdiyi “Məktəbəhazırlıq qruplarında uşaqların ictimai həyat hadisələri ilə tanışlığı üzrə işin sistemi” mövzulu dissertasiyası ona pedaqoji elmlər namizədi alimlik dərəcəsini qazandırmışdır.
Onun elmi yorulmazlığı 2006-cı ildə dosent elmi adını alması ilə taclanmışdır. Bir elmi rəhbər olaraq, dissertantların yetişdirilməsindəki uğuru və ondan artıq iddiaçının rəsmi opponentliyini etməsi, Laləzər Cəfərovanın Azərbaycan elmindəki nüfuzundan xəbər verir. Hal-hazırda doktorluq dissertasiyasını tamamlaması da, onun elmə olan bitib-tükənməyən sevgisinin və yüksək potensialının bariz nümunəsidir.
Laləzər xanımın fəaliyyətinin əsas zirvəsi, məktəbəqədər təhsil sisteminin müasirləşdirilməsi və normativ-hüquqi bazasının yaradılması sahəsindəki əvəzsiz xidmətləridir. O, sadəcə bir elmi işçi yox, həm də islahatçı və kurikulum yaradıcısı kimi tanınır.
Təhsil Nazirliyi Elmi-Metodik Şurasının elmi katibi kimi illərlə apardığı gərgin iş, “Məktəbəqədər təhsil” haqqında Azərbaycan Respublikasının Qanununun hazırlanmasında bilavasitə iştirakı, eləcə də “Məktəbəqədər təhsil kurikulumu” və digər mühüm sənədlərin hazırlanması üzrə işçi qrupunun rəhbəri kimi fəaliyyəti, onun sistemin formalaşmasında müstəsna rolunu təsdiqləyir.
Onun elmi və metodik irsi nəhəngdir: 210 elmi əsər, o cümlədən 100-dən artıq metodik vəsait, məktəbəhazırlıq qruplarının dərs vəsaitlərinin həmmüəllifi və elmi redaktoru olması – bütün bunlar gələcək nəsillərin düzgün tərbiyəsi üçün qoyulmuş möhkəm bir bünövrədir. BP şirkətinin dəstəyi ilə hazırlanan “Ömrün uğurlu bünövrəsi” və “Məktəb psixoloqunun stolüstü kitabı” kimi dəyərli vəsaitlər də bu zəngin yaradıcılığın məhsuludur.
Laləzər xanımın fəaliyyəti dövlət səviyyəsində layiqincə qiymətləndirilmişdir. Dəfələrlə fəxri fərman və diplomlarla təltif olunmaqla yanaşı, o, 2012-ci ildə ”Qabaqcıl təhsil işçisi” döş nişanına, 2018-ci ildə isə Azərbaycan təhsilinin ən yüksək mükafatlarından biri olan “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.
Lakin onun ən böyük mükafatı – elm və təhsil sahəsindəki uğurları ilə bərabər, onun qayğıkeş ana və nənə olması, həyatın təkcə elmdən deyil, həm də böyük bir ailə sevgisindən ibarət olduğunu sübut edir.
Sentyabrın 23-də Təhsil İnstitutunda Məktəbəqədər təhsilin proqramları şöbəsinin müdiri Laləzər Cəfərovanın 70 illik yubileyi münasibətilə keçirilən tədbir, onun çoxşaxəli fəaliyyətinə və Azərbaycan təhsilinə verdiyi əvəzsiz töhfələrə verilən ən ali qiymət oldu. Yetkin yaşının ən parlaq çağında olan alim, pedaqoq və ictimai xadim Laləzər Cəfərova, özünün müdrikliyi, dərin elmi biliyi və tükənməz enerjisi ilə hələ uzun illər Azərbaycan təhsilinin inkişafına yeni-yeni yollar açacağına əminik.
Laləzər xanım Cəfərova – həqiqətən də, ömrünü elmə, təhsilə və Vətəninin gələcəyinə həsr edən, işıqlı, zəhmətkeş və nümunəvi bir ziyalıdır. Onun həyat yolu gənc nəsil üçün əsl fədakarlıq və uğur dərsliyidir.
Müəllim adı, göründüyü kimi sadə bir peşə tərifindən çox, bir filosofun müdrikliyini, bir sənətkarın həssaslığını və bir ananın şəfqətini özündə cəmləşdirən, cəmiyyətin mənəvi ucalığına xidmət edən bir statusdur. Onlar bizə təkcə hərfləri öyrətmir, həm də həyatın ən çətin düsturlarını həll etməyi, məğlubiyyətlərdən dərs çıxarmağı və ən əsası – layiqli vətəndaş olmağı öyrədirlər. Məhz buna görə də Ulu Öndər Heydər Əliyevin “Mən dünyada müəllimdən şərəfli ad tanımıram” kəlamı müəllim əməyinin cəmiyyətdəki əvəzsizliyini ifadə edən ən uca etirafdır.
Bu şərəfli gündə – Beynəlxalq Müəllimlər Günü münasibətilə, Laləzər Kazım qızı Cəfərovanın timsalında hər bir Azərbaycan müəllimini, pedaqoji zəhməti ilə millətimizin gələcəyini toxuyan bütün təhsil işçilərini, sonsuz ehtiram və səmimiyyətlə təbrik edirik! Sizin müqəddəs missiyanız qarşısında baş əyir, dərin minnətdarlığımızı bildiririk. Arzu edirik ki, əlləriniz heç vaxt yorulmasın, ürəklərinizdəki o istilik və hərarət daim gənc nəsillərə işıq saçsın.

PS : Göstərdiyi köməkliyə görə Araşdırmacı Jurnalist Sahilə Abdullayevaya xüsusi təşəkkürümüzü bildiririk

AMİDTV.AZ

Aygün Məmmədov Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir