Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən, güzgü rolunu oynayan Milli Mətbuatın yaranmasının 150 ili tamam olur
Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən, güzgü rolunu oynayan Milli Mətbuatın yaranmasının 150 ili tamam olur.Milli mətbuatın əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən nəşr olunan “Əkinçi” qəzeti ilə qoyuldu. İlk nömrəsi 22 iyul 1875-ci ildə işıq üzü görən “Əkinçi” qəzetinin cəmi 56 sayı çap olundu. Zərdabinin böyük əzmkarlıqla ərsəyə gətirdiyi bu qəzet ayda iki dəfə, 300-400 tirajla nəşr edilirdi. “Əkinçi”nin əsas qayəsi xalqı maarifləndirmək, cəhalətlə mübarizə aparmaq, haqqı və ədaləti sözlə müdafiə etmək idi. Qəzetin dili xalqın anlayacağı dildə – sadə və səlis Azərbaycan türkcəsində idi və bu, onun ən böyük uğurlarından sayılırdı. Maarifçilik missiyasını daşıyan “Əkinçi” qadın təhsili və hüquqları mövzusunda da cəsarətlə çıxış edərək, bu sahədə ilk təşəbbüsləri ilə yadda qaldı.

“Əkinçi” qısa müddətdə həm ziyalılar, həm də sadə insanlar arasında böyük nüfuz qazandı. Dövrün görkəmli ziyalıları – Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqaları – ilk milli qəzetin ətrafında birləşərək ona məqalələr yazırdılar. Lakin iki il sonra Çar Rusiyasının senzura təzyiqi ilə qəzetin nəşri dayandırıldı. 1877-ci ildə “Əkinçi” bağlandıqdan sonra bir müddət Azərbaycan dilində yeni qəzet çıxarmaq mümkün olmadı və ictimai məsələlər daha çox rusdilli nəşrlərdə əksini tapdı. Buna baxmayaraq, “Əkinçi”nin cəsur addımı Azərbaycan mətbuatının sonrakı inkişafına güclü təkan verdi – mətbuat söz meydanında ilk səngərini yaratmış oldu.
“Əkinçi”dən sonra milli mətbuatımızın məşəlini əlində tutan yeni ziyalılar meydana çıxdı. 1879-cu ildə Səid Ünsizadə “Ziya” qəzetini nəşr etməklə “Əkinçi”nin bağlanması ilə yaranmış boşluğu doldurmağa çalışdı. Sonrakı illərdə görkəmli aydınların yaratdığı “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “İrşad” kimi qəzetlər və “Füyuzat” adlı jurnal milli mətbuatın ənənəsini davam etdirdi. Bu nəşrlərin hamısında əsas hədəf maarifçilik, cəhalət və ədalətsizliklə mübarizə idi. Xalqı savadlandırmaq, milli şüuru oyatmaq missiyası mətbuatımızın ilk onilliklərinə damğasını vurdu.
C.Məmmədquluzadənin açdığı bu satirik mətbuat cığırı sonrakı illərdə “Zənbur”, “Məzəli” kimi digər məzhəkə jurnallarında da davam etdirildi.
Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə ilə yanaşı Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə kimi ziyalılar da milli mətbuatımızın inkişafında müstəsna rol oynayıblar. Məsələn, Bəkir Çobanzadə və Üzeyir bəy Hacıbəyov kimi gənc qələm sahibləri də mətbuat səhifələrində xalqın sözünü deyərək sonrakı nəsillərə örnək oldular. Rəsulzadənin 1915-ci ildə təsis etdiyi “Açıq Söz” qəzeti və 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı kimi nəşr edilən “Azərbaycan” qəzeti milli məfkurənin formalaşmasında mühüm pay sahibidir. Rəsulzadənin məşhur “Mətbuat millətin müştərək səsidir” kəlamı da sözün gücünə verdiyi önəmin bariz ifadəsidir. Bu kimi görkəmli mətbuat xadimləri sayəsində Azərbaycan mətbuatı maarifçi və vətənpərvər ənənələr üzərində yüksəldi.1991-ci ildə dövlət müstəqilliyinin bərpası ilə Azərbaycan mətbuatı da tarixində yeni bir mərhələyə daxil oldu. İlk illərdə siyasi və iqtisadi çətinliklər mətbuata təsirsiz ötüşməsə də, 1998-ci ildə senzuranın ləğvi ilə Azərbaycanda söz və mətbuat azadlığının əsası rəsmən qoyuldu. Ümummilli lider Heydər Əliyevin 6 avqust 1998-ci il tarixli fərmanı ilə bütün mətbu nəşrlər üzərində dövlət senzurasına son verildi. Ardınca 1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında” qanun qəbul edilərək media sahəsi müasir tələblərə uyğun hüquqi bazaya qovuşdu. Bu addımlar mətbuatın sürətli inkişafına güclü təkan verdi, media qurumlarının sərbəst və peşəkar fəaliyyətinə yol açdı.
Ölkəmizdə söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Azərbaycanın artan iqtisadi imkanları mətbuatın inkişafı yolundakı çətinliklərin aradan qaldırılmasına, onun aktual problemlərinin həllinə şərait yaradır. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi, 2009-cu il aprelin 3-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə atılan mühüm addımlardandır. Milli mətbuatımızın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və bu sahədə çalışanlara göstərilən qayğının tərkib hissəsidir.Təsadüfi deyil ki, 2010-cu il dekabrın 1-dən 20-dək “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi 2010-cu ildə “Jurnalistlərin dostu” mükafatı qalibinin müəyyənləşdirilməsi ilə bağlı KİV və jurnalist təşkilatları arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə “Jurnalistlərin dostu” mükafatına layiq görülüb.

Hal hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir.2020-ci ilin sentyabrın 27-də başladılan 44 günlük Vətən müharibəsində Azərbaycan döyüş meydanında olduğu kimi, informasiya savaşında da qələbə qazanıb. Mütəmadi olaraq ölkəmizə qarşı qara kampaniya aparan dairələr bu müddət ərzində də öz çirkin əməllərindən əl çəkmədilər. Amma buna baxmayaraq, informasiya müharibəsində də üstünlük öz tarixi torpaqlarını işğaldan azad edən, haqq və ədalət uğrunda mübarizə aparan Azərbaycan tərəfində oldu.
Bununla belə Azərbaycan mətbuatının iki nümayəndəsi erməni terrorunun qurbanı olub. Vətən müharibəsi başa çatdıqdan sonra işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi 2021-ci ilin iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu həlak olub, dörd nəfər isə yaralanıb.
Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlunu “3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
Azərbaycan cəmiyyəti milli mətbuatının 150 illik yubileyini böyük coşqu və qürur hissi ilə qarşılayır. Prezident İlham Əliyevin 25 aprel 2025-ci il tarixli sərəncamı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyi ölkə miqyasında geniş qeyd olunur. Bu sərəncam əsasında Prezident Administrasiyası Medianın İnkişafı Agentliyi və Mətbuat Şurası silsilə yubiley tədbirlərinin keçirilməsini təmin edir,Dövlət başçısının imzaladığı qərarla yubiley münasibətilə xüsusi “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” adlı yubiley medalı təsis edilib. Bu medal mətbuatın inkişafında xüsusi xidmətləri olan jurnalistlərə, media işçilərinə, eləcə də media ilə əməkdaşlıqda fərqlənən şəxslərə təqdim olunur. Jurnalistlərin peşə bayramı – 22 İyul Milli Mətbuat Günü ərəfəsində bir qrup media nümayəndəsi dövlət təltifləri və fəxri adlarla mükafatlandırılıb. Eyni zamanda, mətbuat işçilərinin sosial müdafiəsi diqqətdə saxlanılır: son illərdə ölkə rəhbərliyinin təşəbbüsü ilə jurnalistlər üçün xüsusi yaşayış binaları tikilərək istifadəyə verilib, onlarla media əməkdaşına mənzillər hədiyyə olunub. Bu kimi addımlar dövlətin mətbuata verdiyi dəyərin və qayğının göstəricisidir.
AMİDTV.AZ kollektivi adından bizdə bütün həmkarlarımızi təbrik edib, gələcək fəaliyyətlərinizdə uğurlar arzulayıram.
AMİDTV.AZ
Aygün Məmmədova Azərbaycan Jurnalistlər Birliyinin üzvü