Qəlblərdə iz qoyan müəllim ürəyi
Bütün peşələrin fövqündə dayanan, illər keçsə belə qəlblərdə və xatirələrdə yaşayan bir peşə var ki, bu da müəllimlikdir. Deyirlər, hər kəsin taleyində hansısa bir müəllimin xüsusi yeri var. Tahirə müəllim də bir çox şagirdinin qəlbində o izi buraxan müəllimlərdəndir.
1942-ci ildə Ağstafa rayonunda anadan olan nənəm, Məmmədova Tahirə Məhəmməd qızı 1960-cı ildə orta məktəbi bitirərək M.F.Axundov adına Xarici Dillər İnstitutuna (Azərbaycan Dillər Universiteti) daxil olur. 1966-cı ildə Ağstafa rayonundakı 24 nömrəli dəmiryol tam orta ümumtəhsil məktəbinə təyinat almaqla,müəllimlik peşəsinə ilk addımını atır.
O, uşaqlıq illərindən əziyyətin, çətinliyin nə olduğunu çox yaxşı bilirdi. Lakin kimsənin əziyyət çəkməsinə ürəyi dözmürdü. Ömrünün sonlarına kimi bacardığı qədər ətrafındakı bütün insanlara yardım əlini uzadıb. Kin, nifrət kimi duyğular onun qəlbində zərrə qədər də yer almayıb.
Həyatın çətinliklərini yalnız uşaqlıq illərində deyil, ömrünün qalan fəsillərində də çəkibdir.
Həsən bəy Zərdabi dediyi kimi, “Əgər məndən soruşsalar ki, ən şərəfli sənət hansıdır, mən o zaman iftixarla belə deyərdim: Müəllimlik!”
Hər peşədə olduğu kimi, müəllimlik peşəsinin də adına ləkə salan insanlar, təəssüf ki, yox deyildir. Nənəm ömrü boyu rüşvətə yaxın durmayıb, o, daima öz işinə sonsuz sevgi ilə yanaşırdı. Tahirə müəllim öz şagirdləri ilə yanaşı ətrafındakı insanların da güvəndiyi, məsləhət almaq və ya dərdləşmək üçün üz tutduğu insan olub.
Ağstafa rayonunda kimdən soruşulsa, haqqında ancaq xoş sözlər eşidilər. Necə deyərlər, uşaqla uşaq, böyüklə böyük idi…
Övladlarının və nəvələrinin həm də həyat müəllimi olub. Kiçikdən-böyüyə – hamıya hörmətlə yanaşmağı, pislik edənə yaxşılıqla cavab verməyi, nə olursa-olsun güclü dayanmağı, canlı olan hər şeyə sevgi və qayğı bəsləməyi və daha saysız-hesabsız bir çox şeyi öyrədib bizə.
2026-cı il, fevral ayının 2-si dünyasını dəyişdi. 3 qız övlad yetişdirən insanın məkanı cənnətdir, deyirlər. Nənəm 5 qız övlad böyüdüb.
Aramızda olmasa belə, onun varlığını həyatımızın hər anında hiss edirik. Onun ani gedişi sarsıtdı bizi və mən ömrümdə ilk dəfə nənəsi olanları qısqandım. Artıq mənə “nənən qurban” deyən biri yoxdur. Belə bir deyim də var ki, uşaqlıq nənən dünyadan köçəndə bitir. Bu, həqiqətən də belədir. Ən çox nazımızı çəkən, verdiyimiz hər qərarda, tutduğumuz hər işdə bizi dəstəkləyən, bütün ailəni başına yığıb baba ocağını isti və mehriban saxlayan, sonsuz sevgi bəxş edən varlıq nənədir.
Gündəlik həyatın qaça-qaçında bəzən nəyin daha vacib və lazım olduğunu unuda bilirik. Lakin həyat gözlənilməyən, ani hadisələrlə doludur. Məhz buna görə də, sevdiklərimizin, əzizlərimizin qədrini onlar həyatda ikən bilmək lazımdır.
Axı keçmiş illərin əziz insanlarını geri qaytarmaq olmur!..
AMİDTV.AZ
Laləzər Osmanova