Görkəmli xalq artistimiz, böyük sənətkarımız Rasim Əhməd oğlu Balayevin (08.08.1948-29.03.2026) vəfatına elegiya.

“Deməli, ayrılırıq… Mən onun işıqlı xatirəsinə çevriləcəyəm… Yalnız xatirə…
(İlyas Əfəndiyev, “Sən həmişə mənimləsən”)

Nə yazacağımı bilmirəm… Çünki, düşünürəm ki, yazacağım heç bir söz, heç bir cümlə kədərimin böyüklüyünü ifadə edə biləcək gücdə deyil. Görkəmli yazıçımız Elçinin vəfatına yazdığım elegiyada belə bir fikir ifadə etmişdim ki, bir ölkənin, bir cəmiyyətin vaxtına və bəxtinə elə şəxsiyyətlər düşür ki, o insanlar hansı yaşda vəfat etsələr belə, onların gedişi vaxtsız və ağır olur. Çünki, belə də olmalıdır. Şəxsiyyət ömrü öz ölkəsinin, cəmiyyətinin nəsillərdən-nəsillərə inkişafı və tərəqqisi üçün gərək heç zaman bitməsin, tükənməsin, yaşasın, yaşadılsın. Əvvəlki elegiyanı təkrar etmək niyyətində deyiləm, sadəcə olaraq, kədərimi ifadə etmək üçün bir zamanlar yazdığım köhnə sətirlərə sığınıram, onlardan imdad diləyirəm, sanki kömək üçün yalvarıram. Eyni yalvarışı bu gün vəfat edən böyük sənətkarımıza bütün onu sevənlər adından etmək istəyirəm. Lakin bir nəticə verməyəcəyini bildiyim üçün susmağa və gücümü dilimə yox, qəlbimə, daxilimə verməyə məcbur oluram.
Nə qədər bu işi görməyə onu tanıyanların, həyatında izi olanların daha çox layiq olduğunu düşünsəm də, ağlım kəsəndən bəri şəxsiyyəti və sənətini örnək alaraq böyüdüyüm üçün görkəmli xalq artistimiz, böyük sənətkarımız Rasim Balayev haqqında vida yazısını yazmaq qərarına gəldim. Ona görə ki, Rasim müəllim Azərbaycan xalqının min illərdən süzülüb gələn bənzərsiz mədəniyyətini əvəzsiz şəkildə öz sənəti, filmlərdə oynadığı rolları və ziyalı şəxsiyyəti ilə həm dünyaya, həm də elə özümüzə tanıdan sənətkarımız olub. Azərbaycan xalqının kiçicik bir nümayəndəsi kimi bu böyük sənət dəryasını son mənzilə bu yazı ilə yola salmağı özümə borc bildim.

Rasim Balayevin xalq qəhrəmanlarımız olan Beyrəki, Babəki, dahi şairimiz Nəsimini, Hüseyn Cavidi ustalıqla canlandırdığı o qızıl dövrdən sonra bütün Azərbaycan bu şəxsiyyətlərə daha çox bağlandı, özü kimi, öz ailəsindən biri kimi tanıdı, sevdi. Elə Rasim Balayevin özü də xalqın nəzərində oynadığı bu rollardan az sevilmədi. Bizə öz tariximizi, keçmişimizi, igidlərimizi tanıdan və sevdirən biri kimi böyük sənətkarımızın özü də öz dövrünün Babəkliyini, Beyrəkliyini, Nəsimiliyini, Cavidliyini etdi. Bütün bunlar ona görədir ki, qəfildən əbədiyyətə yola düşməsi xəbəri gələndə bütün kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə tək mövzu, tək gündəm Rasim müəllim oldu. Bu gündəmin içərisində olan heç kəs onun haqqında mənfi xarakterli bir kəlmə də kəsmədi. Kəsə də bilməzdi. Xalqımızın nəzərində sanki Nəsiminin dərisi bir də soyuldu, Babək bir də edam edildi, Cavid bir də repressiya olundu. İçi mən qarışıq hər kəs sanki öz ailəsindən birini itiribmiş kimi qəm dəryasına qərq oldu. Bir də Rasim müəllim kimi dəyərli şəxsiyyətin aramızda ola bilməyəcəyi, filmlərdə rol alıb verilişlərdə öz gözəl və pafoslu nitqiylə çıxış edə bilməyəcəyi gerçəyini qəbul etmək o an sanki dünyanın ən çətin sınağına bərabər oldu. Təbii ki, bunu qəbul edə bilməzdik, etmədik də. Rasim Balayev şəxsiyyətinin, irsinin əbədiyyəti bir aksiom qədər qətidir, sözlərlə ifadə olunmayacaq qədər fövqəladə mövqedədir. Yurdumuzun dörd bir tərəfindən hər kəsin bu ağır itkiyə böyük kədərlə qarşılıq verməsi isə onu göstərir ki, Rasim Balayev həqiqətən də, bizdən biri olub, biz olub. Rasim Balayev öz şəxsiyyəti və sənəti ilə həm əfsanələşib, həm də Azərbaycan xalqının nəzərində aliləşib.
Əvvəl də bildirdiyim kimi, Rasim Balayevlə görüşmək səadəti mənə nəsib olmasa da, ağlım kəsib ətraf-aləmi qavramağa çalışdığım vaxtdan bəri Rasim Balayev şəxsiyyəti ilə mən də qiyabi tanış olmuşam. Uşaq yaşlarımda onu hamımızın gözündə ucaldan “Nəsimi” və “Babək” filmləri ilə yanaşı, son dövrlərdə çəkilən “Cavid ömrü” filmindəki usta aktyorluğu məni hər zaman valeh edərdi. Rasim Balayevin sənət pəncərəsindən baxdığım Hüseyn Cavid şəxsiyyəti o zaman mənə daha aydın və canlı görünür, xüsusi bir cazibə ilə məni özünə çəkirdi. Hansı ki, ancaq bunu öz əsərləri ilə Hüseyn Cavid bu qədər bacara bilərdi.
Təbii ki, sənətkarın sənətinin nə qədər böyük olması həm də onun təzadlı rollar oynamasında özünü göstərir. Yalnız müsbət rolu bəlkə də, hamı oynaya bilər. Ancaq həm müsbət, həm mənfi rolda oynaya bilmək ancaq böyük sənətkarlara yaraşan cəsarət və məharət örnəyidir. Hansı ki, Qaçaq Nəbiyə həsr olunmuş “Qanlı zəmi” filmində görkəmli sənətkarımız Şahmar Ələkbərovla birgə Rasim Balayev də bunu bacarmışdı. Hətta o qədər bacarmışdı ki, film baxıldıqdan sonra Rasim müəllim Azərbaycan SSR Dövlət mükafatına da layiq görülmüşdü. O filmdə Rasim müəllimin rolu Səlim bəyin dilindən səslənən “Düz deyirsən, Nəbi, kişinin qoluna qandalı da gərək kişi vursun” cümləsi çətin və şərəfli kişilik məfhumunu izah etməkdə əvəzsiz idi.
İndi isə həm o kişilik məfhumunu bizlərə çatdıran, həm də öz həyatında, yaradıcılığında yaşayan və yaşadan böyük insan bizləri cismani də olsa, əbədi tərk etdi. Bu gün günorta saatlarında hər vaxt olduğu kimi günün əsas xəbərlərini öyrənmək üçün xəbər saytlarından birinə daxil olmuşdum. Sayt yüklənəndə ilk səhifəsi sanki dəhşətli bir ildırım, ağır bir sillə kimi qarşıma çıxdı: “Rasim Balayev vəfat etdi.” Bu söz elə bir ildırım, elə bir sillə idi ki, sanki üzümdən, gözümdən yox, bütün bədənimdən keçdi. Həm canımı, həm də ruhumu titrətdi, silkələdi, qəlbimi sərin sulardan odlu quyulara atdı. Böyük şairimiz Ramiz Rövşənin şeirində dediyi kimi, ay işığı düşdü göydən, canımdan, qanımdan keçdi. Gözümün içindən keçdi, özümün içindən keçdi.

Son olaraq bir nüansı oxucularıma çatdırmaq istəyirəm ki, bu bəd xəbər təkcə məni öz bədliyinə, ağırlığına, verdiyi qəm-kədərə görə sarsıtmadı. Həm də ona görə sarsıldım ki, hələ dünən axşam, hər şeydən xəbərsiz Rasim müəllimin dəyərli sənətkarımız Məlahət xanım Abbasova ilə oynadığı, keçmişimizin məşhur teletamaşası olan “Sən həmişə mənimləsən”i izləmişdim. Bu pyesin adına özümdən asılı olmayaraq yazılarımda çox yer vermişəm. Vaxtilə görkəmli yazıçılarımız İlyas və Elçin Əfəndiyevlərin, indi isə Rasim müəllim Balayevin itkisi ilə bağlı bu pyesin adını çəkmək çox çətindir. Son səhnə isə bütün teletamaşanın özü qədər təsirlidir. Həsənzadə (Rasim Balayev) Nargilə (Məlahət Abbasova) ilə vidalaşıb ölkə xaricinə gedir və Nargiləni anası Nəzakətə (Səfurə İbrahimova) və onu sevən gənc Rəşidə (Əhməd Salahov) əmanət etdiyini söyləyir. Bu teletamaşaya baxdığım axşamın səhəri isə əfsuslar olsun ki, həmin Həsənzadə həmişəlik getdi və öz Nargiləsini – tamaşada da deyildiyi və elegiyanın epiqrafında da yazdığım kimi “işıqlı xatirə”sini qədirbilən xalqımıza əmanət qoyub getdi…
Rasim Balayev vəfat etmədi, xalqımızın qəlbində əbədiyyət qazandı.
Məqaləmin sonunda bu ağır itki ilə bağlı yazdığım “Kinomuzun Nəsimisi” şeirini təqdim etməzdən əvvəl son olaraq Rasim müəllimə bu sözlərlə vida etmək istərdim:
SƏN HƏMİŞƏ BİZİMLƏSƏN, BÖYÜK SƏNƏTKAR!
Allah rəhmət eləsin! Amin!

KİNOMUZUN NƏSİMİSİ

Vüqarımız, fəxrimizdi,
Çox vaxtsız oldu itkisi.
O bizim keçmişimizdi,
Kinomuzun Nəsimisi.

Sona qədər layiq idi,
Xalqımızın hörmətinə.
Axı nə yazaq ki, indi,
Layiq olsun sənətinə?!

Babək ilə, Beyrək ilə,
Həkk olundu tarixlərə.
Baş əyirik biz ruhunun,
Qarşısında dəfələrlə.

Çıxmaz bir an yadımızdan,
O, əbədi şəxsiyyətdir.
Ondan bizə geri qalan,
Mirası böyük sənətdir.

Rasim müəllim həmişə,
Bizimlədir, yaşayacaq.
Ölməz adını qəlbimiz,
Qürur ilə daşıyacaq.

YENİNEWSTV24.AZ

                                                                         SEVİNDİK NƏSİBOĞLU

Milli Aviasiya Akademiyasının İqtisadiyyat və Hüquq fakültəsinin hüquqşünaslıq ixtisasının 1-ci kurs tələbəsi, AJB və AYB üzvü
29.03.2026

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir