Zəfərin fərəh nöqtəsi və ya 4 gün, 4 il sonra 44 gün

0

Müasir Azərbaycan təqvimində dövlətimiz, xalqımız üçün tarixi baxımdan əlamətdar olan bir neçə xüsusi gün var. O günlər milli zəfərin, milli şərəf və qürurun fərəh nöqtəsi hesab edilir. Elə təqvimin bügünkü günü də xalqımız, dövlətimiz üçün olduqca xüsusi əhəmiyyət kəsb edir. Ümumiyyətlə, Aprel ayı Azərbaycan tarixi üçün xüsusi bir ay hesab edilir. Çünki 30 illik həsrətə son qoyan Zəfər gününə gedən yolun ilk addımları məhz bu ayda atıldı. Ona görə ki milli qürurumuzun bərpa olunması, ədalətin bərqərar edilməsi, torpaqlarımızın, ərazilərimizin bütövlüyünə nail olunması uğrunda gedən haqq savaşımızı elə aprel ayında siyasi masadan hərb meydanına gətirdik.

Düz on il bundan öncə, yəni 2016-cı il aprel ayının əvvəllərində

Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qaldı. Buna cavab olaraq ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Tarixin qızıl səhifələrinə Aprel döyüşləri kimi həkk olunan bu döyüşlər Azərbaycan Ordusunun möhtəşəm qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu.

Azərbaycan əsgərinin bu uğurunu təkcə torpaqlarımızın geri qaytarılması baxımından əhəmiyyətli hadisə kimi dəyərləndirmək yetərli deyil. Çünki aprel zərbəsi həm də mənfur düşmənlərimizdə uzun illər formalaşan “məğlubedilməzlik sindromu”nu darmadağın etdi. Beləliklə, keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi. Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. 320-dən artıq düşmən məhv edildi və 500-dən artıq erməni hərbi qulluqçusu yaralandı. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsinə yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı əldə edildi.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev aprel döyüşlərinin iştirakçısı olan hərbçilərlə görüşdə deyib: “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir”.

4 gün davam edən Aprel döyüşləri ilə 44 günlük Vətən müharibəsi arasında, həm də mistik bir bağlılıq var. Təsadüfdən və ya zərurətdən 2016-cı ildə cəmi 4 gün davam edən döyüşlərdə azad edilməsinə başladığımız torpaqlarımız 4 il sonra 44 gün ərzində düşmən tapdağından tam şəkildə təmizlənir. Belə ki, cəmi dörd il sonra – 2020-ci ilin noyabr ayının səkkizinci günü Aprel döyüşləri ilə başlanılan haqq savaşı nəticəsində Müzəffər Azərbaycan Ordusu işğal altında qalan dədə-baba yurdlarımızı geri qaytarmağa müvəffəq oldu. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etdi. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi.

Aprel döyüşləri və 44 günlük Vətən müharibəsi – Azərbaycanının əbədi qürur mənbəyi

Aprel döyüşləri və 44 günlük Vətən savaşı müasir müstəqil Azərbaycan tarixinin qəhərəmanlıq səhifələridir. Aprel döyüşləri əsgərlərimizin döyüş ruhunu, iradəsini və düşmən qarşısında sarsılmazlığını bir daha sübut etdi. 44 günlük Vətən müharibəsi isə Azərbaycanın haqq davasının zirvəsi oldu, xalqın milli birlik və əzmkarlığını bütün dünyaya nümayiş etdirdi. Hər iki döyüş xalqımızın torpaq sevgisini, şəhidlərimizin müqəddəs amal uğrunda canlarını fəda etdiyini göstərən parlaq örnəklərdir. Bu qəhrəmanlıq dastanları Azərbaycanın əbədi qürur mənbəyidir. Bundan yol alan Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi dövlətimizin hüquqi əsaslarını möhkəmləndirilməsi və ərazi bütövlüyümüzün tam bərpası ilə birbaşa əlaqəlidir. Aprel döyüşləri və 44 günlük Vətən müharibəsi göstərir ki, suverenliyimizin qorunması xalqımızın qanı və canı bahasına başa gəlmişdir.

Beləliklə, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi, əzmkarlığı, Azərbaycan Ordusunun şücaəti, qəhrəmanlığı, Xalq-İqtidar-Ordu birliyi nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam şəkildə təmin edilmişdir. Artıq həmvətənlərimiz işğaldan azad olmuş əzəli torpaqlarımıza toy-bayram əhvali-ruhiyyəsində qayıdır. Dövlət başçımızın dediyi kimi Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

AMİDTV.AZ

Nicat Dilqəmli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir