Müasir dövrün söz tribunasında öz yerini tutan Elmira Həsənqızının ömür yolu

0

Bəzən bir insanın taleyi təkcə onun şəxsi həyat yolu ilə deyil, əsrlərdən süzülüb gələn bir soy yaddaşı, tarixi məsuliyyət və mənəvi irs üzərində qurulur. Elmira Həsənqızının həyat və yaradıcılığı məhz belə talelərdəndir — keçmişin sarsılmaz dayaqları üzərində yüksələn, müasir dövrün söz tribunasında öz yerini tutan bir ziyalının ömür kitabıdır.
Elmira Həsənqızı Əliyarovlar nəslinin zəngin tarixi köklərindən güc alır. Babası Əliyarov Qədir əslən Naxçıvanlı olmuş, sonradan Bakıya köçmüş, Qarabağlı Şuşalı xanımla ailə qurmuşdur. Bu nəsil yalnız ailə deyil, həm də dövlətçilik tariximizin bir parçasıdır. Nəsil şəcərəsi Şah İsmayıl Xətainin qoşununda minbaşı olmuş Nəsrulla bəyə, ondan isə Qarabağın fatehi kimi tanınan Həzralı bəyə qədər uzanır. Rəvayətlərə və ailə yaddaşına görə, Şah İsmayıl Xətai Qarabağı fəth etdikdən sonra Ağdam torpaqlarının böyük bir hissəsini məhz bu nəsilə bağışlamışdır. Bu torpaqların izi bu gün də Ağdam kəndlərindəki məscid qəbirüstü abidələrdə qorunub saxlanılır.Nənəsi Xurşud xanım Şuşalı olmuş, xan qızı nəslindən gəlmişdir. 1905-ci il erməni-müsəlman qarşıdurmasının canlı şahidi olan bu müdrik qadın Şuşanın talanını, insanların ah-naləsini ömrünün sonuna qədər titrək səslə xatırlayardı. Şuşadakı ailə evləri uzun illər ayaqda qalsa da, təəssüf ki, tarix öz sahiblərini gözləyən yadigarların üzərinə uzun sükut salmışdır. Elmira Həsənqızının uşaqlığının bir hissəsinin Şuşada keçməsi bu şəhəri onun üçün yalnız coğrafiya deyil, ruh məkanı etmişdir.Atası Əliyarov Həsən Qədiroğlu su təsərrüfatı və meliorasiya sahəsində nadir mütəxəssislərdən olmuşdur. Ağcabədi və Ağdam rayonlarında kəhriz quyularının qazılması, suvarma sistemlərinin qurulması, su təsərrüfatı idarələrinin rəhbərliyi kimi məsul vəzifələrdə çalışmış, rayonda sayılıb-seçilən ziyalı kimi tanınmışdır. Atasının iş mühiti — geniş həyətlər, uca ağaclar, qonaq evindəki canlılıq Elmira xanımın yaddaşında saf və işıqlı uşaqlıq xatirələri kimi qalmışdır.Anası Qaratel xanım Ağcabədili idi. Yeddi övladın tərbiyəsi, təhsili və mənəvi formalaşması məhz onun çiyinlərində olmuşdur. Bu ailənin ağrılı taleyində itkilər də az olmamışdır. 3 qardaş bir bacı vəfat etmişdir— qardaşlarından biri, Əliyarov Rasim Qarabağ müharibəsində şəhid olmuşdur.30 iyul 1956-cı ildə isti bir yay günündə dünyaya göz açan Elmira Həsənqızı ailənin sevimli övladlarından olmuşdur. İlk təhsilini Ağcabədi şəhərində 2 nömrəli səkkizillik məktəbdə, orta təhsilini isə 11 nömrəli tam orta məktəbdə fərqlənmə diplomu ilə başa vurmuşdur. Tarix müəllimi Arzuman bəyin ona “Tarixin atası” deyə müraciət etməsi bu sahəyə olan dərin marağın təsdiqi idi.1974-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olunması onun həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Beş illik tələbəlik dövründə elmi konfranslarda fəal iştirak etdi, yazdığı elmi işlər yüksək qiymətləndirildi. Elmi rəhbəri professor Ruhulla Orucovun məktəbi onun elmi düşüncə tərzinin formalaşmasında mühüm rol oynadı. Jurnalistika və müəllimlik missiyası,yaradıcılıq sevgisi Elmira Həsənqızını heç vaxt tərk etmədi. Ailə qurduqdan sonra Gürcüstanın Marneuli rayonuna köçməsi onu doğma Bakıdan ayırsa da, sözə olan bağlılığını azalda bilmədi. 1994-cı ildə ailəsi ilə yenidən Bakıya qayıdaraq 252 nömrəli tam orta məktəbdə tarix və ictimai fənləri tədris etdi.2001-ci ildən etibarən isə həyatının ən məhsuldar dövrlərindən biri başladı. Təsis etdiyi “Dünya Press” qəzetinin baş redaktoru kimi 2001–2022-ci illərdə Azərbaycan mətbuatında özünəməxsus mövqe qazandı. Milli Məclisdə akkreditasiyadan keçərək bütün iclaslarda iştirak etdi, qəbul olunan qanunları, dövlət siyasətinin mahiyyətini operativ şəkildə oxucuya çatdırdı. Qəzet səhifələrində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dövlətçilik fəaliyyətinə, beynəlxalq arenadakı çıxışlarına geniş yer verildi.
Ailə və mənəvi dəyərlərlərə sadiq həyat yoldaşı Yaşar Vəliyev da yazıçı-jurnalistdir, uzun illər Mədəniyyət Nazirliyində və “Mədəni həyat” jurnalında Baş redaktor vəzifəsində çalışmışdır. Yaşar Vəliyevin 2005 ci ildə “Tərəqqi” medalı ilə təltif olunması ,ziyalı missiyasının dövlət səviyyəsində qiymətləndirilməsi idi. İki oğul anası,6 nəvəsi olan Elmira Həsənqızı vətənə layiqli övladlar yetişdirməyi həyatının ən böyük uğuru hesab edir.Elmira xanım övladlarina gözəl ana zəhmətkeş qadın, gözəl ailə başçısı,gəlinlərinə gözəl ana ,nəvələrinə isə gözəl nənədir.Mədəniyyətcə zəngin dostluğa sadiq, hərtərəfli qabiliyyət sahibidir.
Elmira Həsənqızının ömür yolu — Şah İsmayıl Xətai dövründən süzülüb gələn tarixi yaddaşın, Qarabağ ağrısının, elmə və sözə sədaqətin, qadın zəkasının və vətəndaş mövqeyinin harmoniyasıdır. O, təkcə jurnalist və müəllim deyil, həm də milli yaddaşı yaşadan, yazıçı publisistdir.Bu həyat hekayəsi bir daha sübut edir ki, tarix yalnız kitab səhifələrində deyil belə talelərdə yaşayır.Elmira Həsənqizinin yaradıcılığının əsas özəlliklərindən biri onun yazılarında bədii təfəkkürlə publisistik kəskinliyin vəhdətidir. O, hadisələri quru informasiyalarla deyil, obrazlı dillə, mənalı detallarla təqdim edir. Bu xüsusiyyət oxucunu mətndə saxlayır, düşündürür və emosional bağ yaradır.
Bir çox mətbu orqanlarda,jurnallarda, ensiklopediyalarda (“20 il Azərbaycan yazıçılarınin enisklopedik jurnalında, “Borçalı”qəzetində,, “Məhsəti “jurnalında ki, Azərbaycan gəncləri”qəzetində,”Vətənin keşiyində” və s qazet maraqlı yazılarla çıxış edib.Turkiyədə çapdan çıxan şerləri,yazıları özü haqqında maraqlı məqalələr işıq üzü görmüşdür. “İnam” şerinə mahnı bəstələnmişdir.
Onun yazılarında qadın taleyi, ana obrazı, Vətən anlayışı, mənəvi aşınma, zamanın insan üzərində izi tez-tez müraciət olunan mövzulardandır. Bu mövzular sırf şəxsi baxış bucağından deyil, ictimai-fəlsəfi kontekstdə işlənir. Müəllifin hər cümləsində bir müşahidə, hər fikrində bir həyat dərsi hiss olunur.Bəzən bir əsər tarix dərsi deyil, tarixin öz səsidir. Yazıçı-publisist Elmira Həsənqizinin “İşğaldan Zəfərə” kitabı məhz bu mənada müasir Azərbaycan publisistikasında xüsusi çəkisi olan əsərlərdən biridir. Bu kitab illərlə içimizdə susan ağrının, səbrlə daşınan ümidin və nəhayət, qazanılan tarixi ədalətin sözlə ifadəsidir.
“İşğaldan Zəfərə” kitabı işğal illərinin təkcə siyasi və hərbi mənzərəsini deyil, insan talelərinin parçalanmış səhnələrini təqdim edir. Müəllif burada quru faktların arxasına sığınmır. O, işğalı evindən didərgin düşmüş uşağın baxışlarında, ana laylasının yarımçıq qalan səsində, torpağa həsrət qalmış yaşlının susqunluğunda göstərir. Elmira Həsənqizinin qələmi ağrını nümayiş etdirmək üçün deyil, unutmamaq və unutdurmamaq üçün yazır.
Kitabda publisistik təhlil bədii düşüncə ilə iç-içədir. Bu vəhdət oxucunu həm düşünməyə, həm də hiss etməyə vadar edir. Müəllif faktı duyğu ilə, statistik rəqəmi insan taleyi ilə tamamlayır.
Əsərin əsas üstünlüklərindən biri ondadır ki, “İşğaldan Zəfərə” yalnız keçmişin təsviri ilə kifayətlənmir. Kitab Zəfərə aparan mənəvi və tarixi yolun xəritəsini cızır. Burada xalqın səbrinin necə dirənişə çevrildiyi, milli iradənin hansı mərhələlərdən keçərək tarixi Qələbəyə yetişdiyi ardıcıl və məntiqi şəkildə təqdim olunur.
Elmira Həsənqizi Zəfəri təkcə hərbi uğur kimi deyil, milli ruhun dirçəlişi, tarixi ədalətin bərpası kimi qiymətləndirir. Bu baxımdan kitabda Prezident, Ali Baş Komandan obrazı, Azərbaycan əsgərinin iradəsi və şəhidlik anlayışı yüksək mənəvi-estetik çalarlarla işlənmişdir. Lakin bu, pafoslu ritorika deyil,bu, dərin inamdan doğan sözlərdir
“İşğaldan Zəfərə” kitabında Vətən anlayışı coğrafi məkan kimi yox, canlı mənəvi varlıq kimi təqdim olunur. “Torpaq burada danışır, dağlar şahidlik edir, dağıdılmış kəndlər səssiz fəryadla oxucuya baxır”. Bu yanaşma Elmira Həsənqizinin yaradıcılığına xas olan bədii publisistikanın ən parlaq nümunələrindəndir.
Kitab həm də gənc nəsil üçün mühüm maarifləndirici mənbədir. Bu əsər təkcə bir dövrün xronikası deyil, 44 günlük Zəfər salnaməmizin sözlə yazılmış yaddaşıdır. Müəllif burada işğal ağrısından Zəfər sevincinə aparan tarixi yolu ardıcıl, analitik və bədii təfəkkürün vəhdətində oxucuya təqdim edir.

ŞƏHİDİN VAR, AZƏRBAYCAN
Şaha qalx, ey Xəzər, –
Şəhidim var.
Əs, coş, tüğyan eylə ey külək, –
Şəhidim var.
Başı qarlı uca dağlar, mətin dayan, –
Şəhidim var.
Dəli kim bir nərə çək, Kür, Arazım, –
Şəhidim var.
Əsir torpaqlar uğrunda candan keçən
Şəhidim var.
Hər birisi bir əfsanə,
Şəhidim var.
Poladım var, İlqarım var,
Xudayarım, Eldənizim,
Muradım, Əkbərim, Samidim var.
Qara bağlayan analar
“Vətən sağ olsun” – deyərlər,
Hər daş, qaya, düzüm üçün
Onlar qurban olsun deyərlər.
Füzulidə, Zəngilanda, Şuşada
Tarix yazan, dastan qoşan
Şəhidim var.
Neçə də igid idiniz,
Səs saldınız siz hər yana.
Baxmadınız dağa-daşa. Sıldırım qayalar yardımiz,
Sinə gərdiz bu savaşa.
Şuşanı yağılardan aldınız,
Cıdır düzündə xəyala daldınız.
“Qarabağ Azərbaycandır” – deyə
İrəli şığıyan dəmir yumruqlu,
Qolu zorlu Şəhidim var.
Ay analar, ay atalar,
Qəm çəkməyin, dərd etməyin,
Deməyin ki, şəhidim var!
Deyin ki, Azərbaycan – Şəhidin var!
(21.11.2020)
Kitabda 44 gün ərzində yaşanan hadisələr sadəcə faktların sıralanması ilə kifayətlənmir; bu Zəfər xalqın iradəsinin, ordunun gücünün və Ali Baş Komandanın uzaqgörən, qətiyyətli və uğurlu siyasətinin məntiqi nəticəsi kimi dərin təhlil olunur. Elmira Həsənqizi bu tarixi Qələbəni siyasi iradə, milli birlik və mənəvi dirəniş kontekstində təqdim edərək oxucuya Zəfərin arxasında dayanan ideoloji əsasları aydın şəkildə çatdırır.
“İşğaldan Zəfərə” kitabı həm elmi-publisistik dəyəri, həm də bədii ifadə gücü ilə seçilir. Burada Azərbaycan əsgərinin qəhrəmanlığı, xalq-ordu-lider birliyi və dövlətçilik düşüncəsinin gücü sözün işığında canlandırılır. Müəllifin qələmi 44 günlük müharibəni yalnız tarixi hadisə kimi deyil, milli şüurun dirçəlişi kimi təqdim edir.
Bu baxımdan “İşğaldan Zəfərə” Elmira Həsənqizinin yaradıcılığında təkcə mühüm bir kitab deyil, Zəfər ruhunun sözlə yaşadıldığı, gələcək nəsillərə ötürülən mənəvi sənəddir. Bu əsər oxucuya tarixi unutdurmamaqla yanaşı, qazanılmış Qələbənin məsuliyyətini də xatırladır.O, oxucunu tarixi faktlarla silahlandırmaqla yanaşı, milli məsuliyyət hissi aşılayır. Müəllif oxucuya sual verir: “Bu Zəfəri necə qoruyacağıq?” – və cavabı da mətnin ruhunda verir: yaddaşla, birliklə, sözə sədaqətlə.Azərbaycanın müasir tarixi böyük siyasi uzaqgörənlik və qətiyyət nümunələri ilə zəngindir. “Bu tarixdə Ali Baş Komandanımızın liderliyi, ölkənin milli maraqlarını hər zaman qorumaq, dövlətçiliyi gücləndirmək və xalqın birliyini təmin etmək baxımından əvəzolunmazdır. ” “Biz – vətən övladları, ziyalılar, ictimai xadimlər – bu siyasəti hər zaman dəstəkləyir, ona sadiq qalırıq.
Möhtərəm Prezidentimiz Heydər Əliyevin siyasətini uğurla davam etdirmək, onun qoyduğu strateji istiqaməti gerçəkləşdirmək ölkəmizi regionda və dünyada etibarlı, nüfuzlu dövlətlər sırasında ön sıralara çıxarmağa xidmət etmişdir. Ali Baş Komandanın rəhbərliyi ilə aparılan məqsədyönlü siyasət yalnız siyasi uğurlar deyil, həm də milli qürur, dövlətin gücü və xalqın birlik ruhu deməkdir.
Biz sizinlə qürur duyuruq. Çünki bu siyasət nəticəsində Azərbaycan yalnız döyüş meydanında deyil, diplomatiya və iqtisadi sahədə də mövqeyini gücləndirib. Hər bir uğur, hər bir strateji addım ölkənin gələcəyini daha işıqlı edir və xalqın rifahına xidmət edir.
Ali Baş Komandan, sizin uzaqgörən siyasətiniz bizim üçün yalnız rəhbərlik nümunəsi deyil, həm də vətənpərvərlik dərsi, milli məsuliyyət və dövlətçilik məktəbidir. Bu siyasəti dəstəkləmək, onun ideyalarını qorumaq və gələcək nəsillərə ötürmək hər birimizin müqəddəs borcudur.
Beləliklə, Azərbaycan bugünkü mövqeyini qətiyyətli siyasət, milli həmrəylik və uzaqgörən rəhbərlik sayəsində əldə etmişdir”. Bu yol göstərir ki, yalnız birlikdə hərəkət edən xalq, uğurlu lider və prinsipial siyasət xalqı Zəfərə aparır. Biz də bu Zəfəri sözlə, əməl ilə və qəlbimizdə daşıyırıq, Ali Baş Komandanımıza sadiqliyimizi ifadə edirik.
Elmira Həsənqizi yaradıcılığında milli dəyərlərə bağlılıq xüsusi yer tutur. O, qloballaşan dünyada milli sözün, milli düşüncənin qorunmasının tərəfdarıdır. Onun publisistik mövqeyi sübut edir ki, müasir olmaq milli olmaqdan keçə bilər və keçməlidir.Elmira Həsənqizinin “Qızıl qələm”, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Məhsəti adına mükafatlara, eləcə də Mədəniyyət Həmkarları İttifaqının mükafatlarına layiq görülməsi təsadüfi deyil. Bu təltiflər onun yaradıcılığının estetik dəyərindən daha çox, ictimai çəkisinin göstəricisidir. Çünki bu mükafatların hər biri söz qarşısında vicdanlı olmağın, milli düşüncəyə xidmətin simvoludur.
Onun qələmi heç vaxt konjonkturanın, ucuz populyarlığın ardınca getməyib. Elmira Həsənqizi yazılarında cəmiyyətin ağrı nöqtələrinə toxunmağı, susulan həqiqətləri deməyi, mənəvi aşınmaya qarşı söz sipəri qurmağı bacarıb.
Elmira Həsənqizinin müəllifi olduğu “Duyğuların işığında”, “Fənayənin fəryadı”, “Məhəbbət əfsanəsi”, “Yüksələn dövlətimiz”, “Müdriklik zirvəsi”, “Paklıq rəmzi”, “Gerçəkləşən ideyalar” kitabları onun yaradıcılıq diapazonunun genişliyini aydın şəkildə göstərir.“Fənayənin fəryadı”nda insanın varlıqla mübarizəsi, “Duyğuların işığında”da qəlbin sükutlu harayı, “Yüksələn dövlətimiz” və “Gerçəkləşən ideyalar”da isə müasir Azərbaycanın siyasi və ideoloji inkişaf xətti analitik və publisistik dəqiqliklə işlənir. Bu kitablar oxucunu yalnız oxumağa yox, düşünməyə və mövqe tutmağa çağırır.
Elmira Həsənqizi YAP-ın fəal üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür . Azərbaycan Yazıçılar Birliyinin fəal nümayəndələri kimi Yaşar Vəliyev və Elmira Həsənqizi ictimai-siyasi proseslərdə də aktiv mövqe nümayiş etdirirlər. Bu baxımdan Azərbaycan Yazıçılar Birliyi tərəfindən Prezident təqaüdunə layiq görülmüşdürlər.Onun III çağırış Milli Məclisə deputatlığa namizədliyi isə bu mövqenin sözlə yox, əməli fəaliyyətlə təsdiqi idi.
O, cəmiyyətlə dövlət arasında söz körpüsü olmağı bacaran ziyalı modelini təmsil edir. Yazılarında dövlətçilik ideyası pafoslu ritorika ilə deyil, məsuliyyətli düşüncə və analitik baxışla təqdim olunur. Elmira Həsənqizi üçün dövlət anlayışı yalnız siyasi struktur deyil, xalqın taleyi və gələcəyi deməkdir.
Elmira Həsənqizinin yaradıcılığı bir daha sübut edir ki, söz hələ də ən güclü silahdır – əgər o, ləyaqətlə daşınırsa. Onun qələmi duyğuları işıqlandırır, ideyaları gerçəkləşdirir, tarixi yaddaşı diri saxlayır.
Bu gün Elmira Həsənqizi adı Azərbaycan mətbuatında şərəfli sözün, pak niyyətin, milli məsuliyyətin sinonimi kimi səslənir. O, yazdıqları ilə zamanın içində öz izini qoyan, sözlə ömür yaşayan qələm sahibidir.
O, jurnalistikanı yalnız peşə kimi deyil, mənəvi xidmət sahəsi kimi qəbul edir. Bu yanaşma onun həm müəllif, həm də redaktor kimi fəaliyyətində özünü açıq şəkildə göstərir. Gənc qələm sahiblərinə dəstək, yeni imzaların üzə çıxarılması, söz adamlarına diqqət və hörmət onun fəaliyyətinin mühüm istiqamətlərindəndir.Elmira Həsənqizinin yaradıcılığı təsdiqləyir ki, söz doğru əllərdə olduqda güclü silaha çevrilir. Onun qələmi “Duyğuların işığında” bəşəri ideyaları işıqlandırır, siyasi mövzularda isə Vətənimizin bütövlüyü uğrunda düşünən, narahat olan, mövqe sərgiləyən ziyalı məsuliyyətini daşıyır. Bu yazılar təkcə bu gün üçün deyil, sabahın yaddaşı üçün yazılan mətnlərdir.
Biz bu kəsərli qələmin, bu prinsipial sözün davamlı olmasını arzulayırıq. Çünki Elmira Həsənqizinin publisistikası susqunluğa qarşı səs, biganəliyə qarşı mövqedir. O, hər yazısı ilə oxucunu yalnız məlumatlandırmır, həm də düşündürür, seçim qarşısında qoyur, milli məsuliyyət hissini oyadır.
Həyat yolu keşməkeşli olsa da, bu keşməkeşlər onun sözünü zəiflətməyib, əksinə, möhkəmləndirib. Çünki sınaqlardan keçən qələm daha dürüst, daha işıqlı olur. Bu səbəbdən də onun gələcəyi söz qədər aydın, niyyət qədər saf görünür.
“Mən Azərbaycanlıyam”müsabiqəsində Bakı Şəhəri üzrə birinci yeri tutmuş, Təhsil Nazirliyinin birinci dərəcəli diplomuna layiq görülmüşdür.
Qoy qələminiz daim kəsərli, sözünüz həqiqətli, yolunuz işıqlı olsun, Elmira Həsənqizi. Yaradıcılığınızda qazandığınız uğurlar bundan sonra da sizə və oxucularınıza işıq tutsun, milli düşüncəmizə xidmət etsin. Sözünüz yaşadıqca, yaddaş da yaşayacaq.

AMİDTV.AZ

Aygün Məmmədova Azərbaycan Jurnalistlər Birliyinin üzvü, AMİDTV.AZ saytının təsisçisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir