Xalqın arzularını reallığa çevirən “İlham Əliyev “düsturu

0

Azərbaycanın müasir tarixinə nəzər saldıqda, dövlətçilik salnaməmizin hər bir səhifəsində uzaqgörən bir zəkanın, polad iradənin və sarsılmaz vətən sevgisinin izlərini görürük. Bu uğurların mərkəzində isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən, elmi əsaslara söykənən və milli maraqlara xidmət edən strateji kurs dayanır. Bu kurs sadəcə bir idarəçilik modeli deyil, həm də xalqın arzularını reallığa çevirən “İlham Əliyev düsturu”dur. Prezident İlham Əliyevin fəaliyyətinin əsas fəlsəfəsi “Güclü dövlət, güclü ordu və xalqın rifahı” üçbucağı üzərində qurulub. O, hakimiyyətə gəldiyi ilk gündən bəyan etdi ki, iqtisadi müstəqillik ,siyasi müstəqilliyin təməlidir.
Bakı-Tbilisi-Ceyhan kəmərindən başlanan yol, bu gün Avropanın enerji xəritəsini dəyişən Cənub Qaz Dəhlizi ilə taclanıb. Bu, sadəcə neft-qaz satışı deyil, Azərbaycanın qlobal geosiyasi arenada əvəzolunmaz tərəfdaşa çevrilməsi prosesidir. “Qara qızılı insan kapitalına çevirək” devizi altında minlərlə gənc dünyanın ən nüfuzlu universitetlərində təhsil aldı. Bu, gələcəyin intellektual Azərbaycanını qurmaq üçün atılmış ən uzaqgörən addımlardan biridir.Azərbaycanın savadlı ,peşəsini sevən, vətənpərvər ruhda tərbiyə olunmuş gənclərinin güclü iradəsi sayəsində əldə olunan, şanlı qələbə,Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə həkk olunmuşdur.44 günlük Vətən Müharibəsi, sadəcə torpaqlarımızın azad edilməsi deyil, həm də xalqın sarsılmaz ruhunun və dövlətin qüdrətinin nümayişi idi. Bu möhtəşəm qələbənin əbədiləşdirilməsi üçün paytaxt Bakının ən görkəmli nöqtələrindən birində ucalan Zəfər Muzeyi, hər bir detalı ilə Ali Baş Komandan İlham Əliyevin strateji zəkasının, estetik baxışının və milli ideologiyasının uğurlu bir “memarlıq imzası”dır.​Elmi nöqteyi-nəzərdən Zəfər Muzeyi “Post-modern memorializm” üslubunun ən mükəmməl nümunələrindən biridir. Burada materialların seçimi (daşın möhkəmliyi və şüşənin incəliyi) keçmişlə gələcək arasında bir körpü rolunu oynayır.
“Bu muzey bizim qəhrəmanlığımızın, birliyimizin və sarsılmaz iradəmizin abidəsidir. O, gələcək nəsillərə kim olduğumuzu və nələrə qadir olduğumuzu xatırladacaq.”
Muzeyin memarlıq üslubunda Ali Baş Komandanın imzası kimi yalnız sənəd üzərindəki qələm deyil, həm də xəritələr üzərindəki hərbi düha və şəhərsalma mədəniyyətindəki estetik zövq nəzərdə tutulur. Bu bina, Azərbaycanın hərbi doktrinasının necə bir mədəniyyət və qürur abidəsinə çevrildiyinin sübutudur.Zəfər Muzeyi, Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında ucalan üçrəngli bayrağımızın paytaxtdakı əks-sədasıdır. Bu memarlıq nümunəsi, Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan hərbi qələbənin mənəvi və estetik zirvəsidir. O, tarixin yaddaşına vurulmuş elə bir möhürdür ki, zaman keçdikcə dəyəri daha da artacaq və Azərbaycanın sarsılmaz dövlətçilik rəmzi kimi qalacaqdır. Azərbaycanın çoxəsrlik tarixində elə məqamlar vardır ki, onlar sadəcə təqvim hadisəsi deyil, bütöv bir xalqın taleyinin yenidən yazılmasıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Qarabağ Zəfəri təkcə hərbi-siyasi qələbə deyil, həm də milli memarlıq irsimizin, mədəni genofondumuzun və elmi potensialımızın intibah dövrünün başlanğıcıdır.Otuz illik işğal dövrü memarlıq tariximiz üçün “qara boşluq” idi. Mənfur düşmən tərəfindən dağıdılan məscidlər, yerlə-yeksan edilən karvansaralar və saxtalaşdırılan alban abidələri təkcə fiziki tikililər deyil, bizim milli kimliyimizin nişanələri idi. Lakin bu gün Qarabağda aparılan bərpa işləri göstərir ki, Azərbaycan dövləti yalnız binaları deyil, tarixin genetik yaddaşını bərpa edir.Bu gün Azərbaycanın siyasi xətti yeni bir mərhələyə — Yenidənqurma və İntibah dövrünə qədəm qoyub. İşğaldan azad edilmiş torpaqlarda həyata keçirilən “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələri, beynəlxalq hava limanlarının inşası İlham Əliyevin gələcəyə baxışının nə qədər modern və yenilikçi olduğunu sübut edir. Qarabağ artıq dünyanın ən müasir texnologiyalarının tətbiq edildiyi yaşıl enerji zonasına çevrilir.Uzaqgörən siyasətin bariz nümunələrindən biri də milli təhlükəsizlik və ordu quruculuğu sahəsində atılan addımlardır. Müasir texnologiyalarla təchiz olunmuş, yüksək döyüş ruhuna malik Azərbaycan Ordusu dövlətin müstəqilliyinin və ərazi bütövlüyünün əsas dayağıdır. Prezidentin prinsipial mövqeyi və siyasi qətiyyəti nəticəsində Azərbaycan regionda söz sahibi olan güclü dövlətə çevrilib. Bu, təkcə hərbi gücün deyil, eyni zamanda diplomatik çevikliyin və siyasi uzaqgörənliyin nəticəsidir.
Xarici siyasətdə balanslaşdırılmış və çoxvektorlu strategiya Prezidentin siyasi düşüncə tərzinin mühüm göstəricisidir. Azərbaycan həm region ölkələri, həm də aparıcı beynəlxalq güclərlə qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında münasibətlər qurur. Enerji diplomatiyası, nəqliyyat və logistika layihələri ölkəmizi mühüm beynəlxalq tərəfdaşa çevirib. Bu siyasət Azərbaycanın geosiyasi mövqeyini möhkəmləndirməklə yanaşı, iqtisadi təhlükəsizliyini də təmin edir.
Prezidentin uzaqgörən siyasəti humanitar və mədəni sahələrdə də özünü aydın şəkildə göstərir. Milli-mənəvi dəyərlərin qorunması, təhsilin və elmin inkişafı, gənclərin potensialının üzə çıxarılması dövlət siyasətinin əsas prioritetləri sırasındadır. Bu, sağlam düşüncəli, vətənpərvər və müasir çağırışlara cavab verən cəmiyyətin formalaşmasına xidmət edir.Mədəniyyət və incəsənət mərkəzlərinin formalaşması isə bilavasitə Ali Baş Komandanın siyasi iradəsi və uzaqgörən siyasəti ilə sıx bağlıdır.
Ali Baş Komandanın rəhbərliyi altında əldə olunan tarixi Qələbə yalnız hərbi-siyasi nəticə deyil, həm də mədəni dirçəlişin başlanğıc nöqtəsi oldu. Uzun illər işğal altında qalmış ərazilərin azad olunması ilə həmin torpaqlar yenidən milli yaddaşa, mədəni irsə və yaradıcı həyatın ritminə qovuşdu. Bu ərazilərdə mədəniyyət ocaqlarının, teatr və konsert zallarının, muzeylərin, sənət məktəblərinin bərpası və yenidən qurulması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Bu yanaşma göstərir ki, Ali Baş Komandan üçün torpağın azad edilməsi son deyil, milli-mənəvi dəyərlərin həmin məkanda yenidən yaşadılmasıdır.
Publisistik baxımdan bu proses mədəniyyətin dövlət ideologiyasının ayrılmaz hissəsinə çevrildiyini sübut edir. Elmi aspektdən isə mədəniyyət mərkəzlərinin yaradılması sosial kapitalın güclənməsinə, cəmiyyətin psixoloji reabilitasiyasına və kollektiv yaddaşın bərpasına xidmət edən mühüm faktordur. Ali Baş Komandanın təşəbbüsü ilə həyata keçirilən layihələr mədəni mühitin yalnız paytaxtla məhdudlaşmadığını, regionlarda da incəsənətin dayanıqlı inkişafının hədəfləndiyini göstərir.
Mədəniyyət və incəsənət mərkəzlərinə çevrilmə prosesində beynəlxalq əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan mədəniyyətinin beynəlxalq festivallarda, sərgilərdə və yaradıcılıq platformalarında təqdim olunması ölkənin “yumşaq güc” strategiyasını gücləndirir. Bu strategiyanın arxasında Ali Baş Komandanın qlobal mədəni dialoqa açıq, lakin milli dəyərlərə sadiq siyasi baxışı dayanır. Beləliklə, mədəniyyət diplomatiyası Azərbaycanın beynəlxalq nüfuzunu möhkəmləndirən əsas alətlərdən birinə çevrilir.
Bədii baxımdan desək, azad olunmuş şəhərlər sanki yenidən nəfəs alır, daş-divarlar arasında musiqinin sədası, rənglərin ahəngi, sözün sehrli gücü dolaşır. Bu dirçəliş təkcə memarlıq layihələrinin deyil, milli ruhun bərpasının təcəssümüdür. Ali Baş Komandanın iradəsi ilə bu torpaqlar müharibənin izlərini silərək yaradıcılığın, estetik düşüncənin və mədəni həyatın məkanına çevrilib mədəniyyət və incəsənət mərkəzlərinə çevrilmə prosesində Ali Baş Komandanın rolu sistemli, strateji və çoxşaxəlidir. Bu rol yalnız idarəetmə funksiyası ilə məhdudlaşmır, o, milli kimliyin qorunması, tarixi yaddaşın dirçəldilməsi və gələcək nəsillərin mədəni inkişafı üçün möhkəm zəmin yaradır. Məhz bu siyasət Azərbaycanı təkcə siyasi və iqtisadi baxımdan deyil, həm də mədəni-estetik baxımdan regionun aparıcı mərkəzlərindən birinə çevirir.
AzMİU-nun “Memarlıq konstruksiyaları və abidələrin bərpası” kafedrasının elmi potensialı, Beynəlxalq Akademiyaların mütəxəssis rəyləri bu gün bu torpaqlarda tətbiq olunur. Bu bərpa prosesi sadəcə “təmir” deyil, hər bir daşın öz əzəli yerinə qaytarılması, memarlıq tariximizin elmi əsaslarla yenidən oxunmasıdır.
​Prezident İlham Əliyevin “Biz Qarabağı cənnətə çevirəcəyik” vədi bu gün Şərq ölkələri Beynəlxalq Akademiyasından tutmuş Beynəlxalq Eko-energetika Akademiyasına qədər geniş bir elmi mühitdə əks-səda doğurur. Otuz illik işğal dövründə dağıdılan, mənfur düşmən tərəfindən saxtalaşdırılan abidələrimiz bu gün öz həqiqi sahibinin nəfəsi ilə dirçəlir. Ali Baş Komandanın hər bir azad edilmiş rayona səfəri, orada təməlini qoyduğu hər bir bina memarlıq elmi üçün yeni bir məktəbin əsasını qoyur.
​Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “Memarlıq konstruksiyaları və abidələrin bərpası” kafedrasının və Memarlıq İttifaqının qarşısında bu gün tarixi bir missiya dayanır. Ali Baş Komandanın strateji baxışı sayəsində biz artıq sadəcə “qorumaq” deyil, “yenidən canlandırmaq” fəlsəfəsi ilə hərəkət edirik.Zəfərin memarlıq zirvəsi, şübhəsiz ki, Şuşadır. Ali Baş Komandanın Şuşanı “Azərbaycanın mədəniyyət paytaxtı” elan etməsi memarlıq elmi üçün yeni bir istiqamət açdı. Vaqif Poeziya Məqbərəsinin bərpası, Yuxarı Gövhər Ağa məscidinin yenidən fəaliyyətə başlaması, “Xarıbülbül” festivalının keçirildiyi məkanların estetik görünüşü bütün bunlar milli genofondumuzun dirçəlişidir. Şuşa bu gün yalnız qala divarları ilə deyil, həm də içində daşıdığı bədii-fəlsəfi dərinliklə Azərbaycanın “Memarlıq İntibahı”nın rəmzidir.
“Biz Qarabağı elə quracağıq ki, bütün dünya bura baxıb Azərbaycan xalqının həm qəhrəmanlığını, həm də yaradıcılıq eşqini görəcək.”Şuşa şəhərinin “Azərbaycanın mədəniyyət paytaxtı” elan edilməsi və buradakı bərpa işlərinin elmi əsaslarla aparılması dünya memarlıq irsinə verilən ən böyük töhfədir.
Ağdamın Baş Planı, Füzulinin modern siması və Zəngilanın “Ağıllı kənd” layihələri sübut edir ki, Azərbaycanın elmi potensialı hərbi qələbəni iqtisadi və intellektual zəfərlə taclandırır. Memarlar İttifaqının üzvləri və gənc mütəxəssislər bu gün Qarabağı bir “açıq səma altında laboratoriya” kimi görürlər, burada qədim memarlıq elementləri müasir konstruktiv həllərlə elə birləşir ki, nəticədə milli ruhlu, lakin futuristik bir mənzərə yaranır.”Ruhlar şəhəri”ndən “Ağıllı şəhər”ə keçid, memarlıq konstruksiyalarının müasir standartlarla milli ornamentlərin vəhdəti şəklində tətbiqi elmi publisistikanın ən parlaq mövzusudur.
​Beynəlxalq Eko-energetika Akademiyasının diqqət mərkəzində olan “Yaşıl Enerji” zonası konsepsiyası cənab Prezidentin uzaqgörən siyasətinin məhsuludur. İşğaldan azad edilmiş ərazilərin ekoloji bərpası, su resurslarının idarə olunması və bərpa olunan enerji mənbələrinin tətbiqi Azərbaycanın dünya miqyasında innovativ simasını formalaşdırır.
​”Bizim bərpa işlərimiz təkcə binaların ucaldılması deyil, tarixin yaddaşının qaytarılmasıdır.”
​ İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən hər bir layihə, elmi inkişaf dəqiqliklə bədii zövqün, keçmişin izi ilə gələcəyin texnologiyasının mükəmməl sintezidir. Bu, sadəcə bir bərpa prosesi deyil, Azərbaycanın sivilizasiya mərkəzi kimi öz əzəmətini dünyaya yenidən bəyan etməsidir.Ali Baş Komandanın yürütdüyü xarici siyasət Şərq ölkələri ilə Azərbaycan arasında yalnız hərbi-siyasi deyil, həm də elmi-mədəni körpülərin qurulmasına şərait yaratmışdır. Şərq ölkələri Beynəlxalq Akademiyasının fəaliyyəti məhz bu “Şərq-Qərb” qovşağı strategiyasının tərkib hissəsi kimi inkişaf edir.Beynəlxalq Eko-energetika Akademiyasının inkişafında Ali Baş Komandanın 2030-cu ilə qədərki sosial-iqtisadi inkişaf prioritetləri (təmiz ətraf mühit və yaşıl artım) həlledici rol oynayır.Azərbaycanın bərpa olunan enerji mərkəzinə çevrilməsi hədəfi və Xəzər dənizinin enerji potensialının elmi əsaslarla tətbiqi,Akademik layihələrin dövlət proqramları ilə sintezi əsas layihələrdir.Azərbaycanın COP29-a ev sahibliyi etməsi Ali Baş Komandanın ekoloji siyasətinin ən yüksək zirvəsidir. Bu hadisə Beynəlxalq Eko-energetika Akademiyasının apardığı tədqiqatların dünya miqyasında tanınmasına və qlobal elmi əməkdaşlıq şəbəkəsinə inteqrasiyasına birbaşa xidmət edir.Bu müqəddəs yolda atılan hər bir addım, bərpa olunan hər bir daş Ali Baş Komandanın öz xalqına və tarixinə olan sonsuz sevgisinin əbədi abidəsidir.İlham Əliyev dövrü Azərbaycanın dövlətçilik tarixində Qızıl Dövr kimi qalacaq. Çünki bu dövrün mayasında ulu öndər Heydər Əliyevin ideyaları, hərəkətverici qüvvəsində isə xalqın öz Liderinə olan sonsuz inamı dayanır.Azərbaycan Respublikasının prezidenti İlham Əliyev elə bu səbəbdən də 2025 ci il 22 dekabr tarixində sərəncam imzalayıb, 2026 cı ili “Memarlıq və Şəhərsalma” ili elan edib. 2026-cı ilin “Memarlıq və Şəhərsalma İli” elan edilməsi həm paytaxt Bakının, həm də regionların müasir standartlara uyğun inkişafına böyük təkan verəcək.Bu il ərzində ölkədə irimiqyaslı beynəlxalq memarlıq forumlarının və sərgilərinin keçirilməsi ehtimalı yüksəkdir. Bu da Azərbaycanın memarlıq irsinin dünyaya tanıdılmasına və xarici investisiyaların cəlb edilməsinə xidmət edəcək.Memarlıq və şəhərsalma yalnız binaların tikilməsi deyil, həm də insanların həyat keyfiyyətinin yüksəldilməsi, ekosistemin qorunması və estetik zövqün formalaşdırılması deməkdir.Dövlətçilik ənənələrinə sadiq, yeniliyə açıq, milli maraqlara əsaslanan bu siyasət Azərbaycanı işıqlı gələcəyə doğru aparan etibarlı yol xəritəsidir. Bu yol xalqın inamı, liderin iradəsi və tarixin çağırışı ilə birləşərək Azərbaycanın adını qalib və güclü dövlət kimi zamanın yaddaşına həkk edir və edəcək. Azərbaycan xalqı hər zaman İlhamlı gələcəyə doğru inamla irəlləyəcəkdir!

AMİDTV.AZ

Allahverdiyeva Svetlana İsmayıl qızı  Şərq ölkələri Beynəlxalq Akademiyasının müxbir üzvü, Beynəlxalq Eko energetika Akademiyasının professoru, Memarlıq İttifaqının üzvü,Memarlıq İttifaqının üzvü, Memarlıq üzrə fəlsəfə doktoru, AZMİU-nun “Memarlıq konistruksiyaları və abidələrin bərpası “kafedrasının dosenti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir