Azərbaycan aşıq sənətinin könüllərdə yuva salmış səsidir Aşıq Zülfiyyə
Azərbaycan aşıq sənətinin könüllərdə yuva salmış səsidir Aşıq Zülfiyyə… Onun sazının telində daim bir ucalıq, bir təmizlik, bir qadın zərifliyi ilə bərabər qartal qanadlı bir vüqar da duyulur. Bu gün isə bu səsin, bu nəfəsin, bu qeyrət dolu sənət yolunun sahibinin Aşıq Zülfiyyənin doğum günüdür. Biz onu kollektivimiz adından səmimi qəlbdən təbrik edərkən, əslində təkcə bir sənətkarı deyil, bütöv bir mədəni irsi, bir xalq yaddaşını təbrik etmiş oluruq.
Zülfiyyə xanımın sazı da özü kimi halaldır. Onun oxuduğu hər layla, hər qoşma, hər uca dağlara səslənən hayqırtı insanı öz kökünə, öz yaddaşına qaytarır. Bəzən o saz telinə toxunur, sanki dağlar nəfəsini tutub dinləyir, bəzən misraları günəşli bir may səhəri kimi insanın içini isidir, bəzən də bir Qarabağ yurd yerinin həsrətini, bir anaların göz yaşını, bir kəndin sükutunu sözlərə yükləyib könüllərə daşıyır.
Onun sənət yolunda əyilməzlik var ,çünki, sazın yükü yüngül deyil. Xalqın dərdini çiyinlərində daşıyan hər aşıq bir ömür boyu yalnız söz demir, həm də tarix danışır. Aşıq Zülfiyyə də bu tarix yazan sənətkarların siyahısında öz parlaq imzasını qoyub. O, təkcə səhnədə yox, həm də xalqın qəlbində yaşayan bir sənət məktəbidir.
Bu gün Aşıq Zülfiyyəni təbrik edərkən, onun qadın ürəyindən doğan mərdliyi, səhnədəki alovlu duruşunu, xalq sənətinə olan sədaqətini, sazın qeyrətini qoruyan mübarizliyini də təbrik edirik. Çünki ,onun varlığı Azərbaycan aşıq sənətinin bu gününü və sabahını yaşadan dirilik səsi, qüdrət nəfəsidir.
Arzu edirik ki, Aşıq Zülfiyyənin sazı heç vaxt sükuta qərq olmasın. Onun misraları nəslimizdən-nəslimizə keçib yenə də könüllərdə əbədi yaşasın. Allah ona sağlamlıq, yeni yaradıcılıq uğurları və xalqımızın qəlbində daim ucalıq bəxş etsin.
Doğum gününüz mübarək, Zülfiyyə xanım!
Sazınızın nuru daim könülləri işıqlandırsın!
AMİDTV.AZ
Aygün Məmmədova Azərbaycan Jurnalistlər Birliyinin üzvü