Təranə Əbülfəz qızı Yusifovanın həyatı bir dirijor çubuğunun ritmində keçən, milli musiqi irsinə sonsuz sevgi ilə yoğrulmuş, həm sənət, həm də təhsil sahəsində misilsiz uğurlarla zəngin bir ömür nəğməsidir.

Musiqi – ruhun dili, zamanın aynasıdır. Bu dilin ən möhtəşəm ifadə formalarından biri də kollektiv bir nəfəslə səslənən, yüzlərlə ürəyin döyüntüsünü bir ritmə çevirən xor sənətidir. Azərbaycan musiqi mədəniyyəti tarixən muğamın təkrar olunmazlığı ilə zəngin olsa da, xor sənəti onun ictimai, kollektiv ruhunu, milli həmrəylik ideyasını təcəssüm etdirən nadir incidir. Bu sənətin Azərbaycanda kök salmasında, inkişaf etməsində və dünya səviyyəsinə yüksəlməsində əvəzsiz xidmətləri olan böyük fədailər dayanıb. Onlar yalnız bəstəkar və ya dirijor deyil, həm də xalqının səsini, tarixini və taleyini çoxsəsli harmoniyaya köçürən mənəvi memarlarıdır.Azərbaycan peşəkar musiqisinin banisi Üzeyir Hacıbəyovun adı xor sənətinin inkişafından ayrı təsəvvür oluna bilməz. O, hələ XX əsrin əvvəllərində, xalq sənətində əsasən tək səsli – unison ifaçılığın hakim olduğu bir dövrdə, milli musiqimizin lad və intonasiya xüsusiyyətlərinə uyğunlaşdırılmış, Avropa tipli çoxsəsli xor mədəniyyətinin təməlini qoydu. 1922-ci ildə Bakı Musiqi Akademiyasında xorla oxuma fənnini tədrisə daxil etməsi, daha sonra 1926-cı ildə ilk çoxsəsli Azərbaycan Dövlət xor kollektivini yaratması bu sənətə olan inamının və fədakarlığının bariz nümunəsidir. Hacıbəyov xalq mahnılarını, operalarından hissələri xor üçün işləyərək milli repertuarın əsasını yaratdı. O, xor sənətini sadəcə bədii ifa yox, həm də ictimai şüurun, vətənpərvərlik ruhunun təbliğ vasitəsi kimi görürdü.Üzeyir Hacıbəyovun silahdaşı və davamçısı Müslüm Maqomayev də xor mədəniyyətinin inkişafında böyük rol oynamışdır. O, hələ 1905-1906-cı illərdə Lənkəranda həvəskar musiqiçilərdən ibarət xor təşkil etməklə bu sənətin ictimai əhəmiyyətini dərk etdiyini göstərmişdir.Daha sonrakı dövrlərdə isə Azərbaycan xor sənəti böyük bəstəkar və dirijorların çiyinlərində yüksəldi. Onların arasında Fikrət Əmirov, Qara Qarayev, Cahangir Cahangirov,Ramiz Mustafayev ,Əfzər Cavanşirov, Hacı Xanməmmədov,Nazim Əliverdi, Niyazi kimi korifeylərin adlarını xüsusi vurğulamaq lazımdır. Onların yaratdığı kantata, oratoriya və a kapella xor əsərləri milli xor musiqisini janr və forma baxımından zənginləşdirdi.Xor sənətinin unudulmaz fədailərindən biri də bəstəkar və dirijor Cahangir Cahangirovdur. Onun adı, xüsusən də, Azərbaycan Dövlət Xor Kapellasının (ADXK) inkişafı ilə sıx bağlıdır. “Füzuli” kantatası, “Azad” operasından “Çahargah” xoru kimi əsərləri, eləcə də xalq mahnılarının xor üçün möhtəşəm işləmələri Azərbaycan xor repertuarının qızıl fondunu təşkil edir. Cahangirovun əsərlərində xor, sadəcə səs kollektivi deyil, epik bir hekayəçi, dərin hisslərin carçısıdır. Onun rəhbərliyi altında ADXK milli və klassik musiqinin incilərini dünyaya çatdırdı . Xor sənətinin arxasında görünməz, lakin əvəzsiz bir qüvvə – dirijorlar dayanır. Onlar bəstəkarın notlarını canlı səsə çevirən, hər bir müğənninin nəfəsini kollektiv bir ruhla birləşdirən incə sənətkarlardır. Xüsusilə Azərbaycan Dövlət Xor Kapellasının uzun illər bədii rəhbəri və baş dirijoru olmuş görkəmli xormestrlərin, Nicat Məlikov, Hidayət Novruzov və s sənətkarların fəaliyyəti təqdirəlayiqdir. Bu insanlar xor kollektivinin peşəkarlığını inkişaf etdirməklə yanaşı, həm də gənc ifaçı nəslinin yetişməsində böyük rol oynamışlar. Onların hərəkətləri ilə xor kollektivi nəfəs alır, hər bir nota emosional dərinlik gətirir. Bu gün Azərbaycan xor sənəti zəngin ənənələrini qoruyaraq inkişaf etməkdə dir. Bakı Musiqi Akademiyasının Xor Dirijorluğu ixtisası və peşəkar kollektivlər, xüsusən də Azərbaycan Dövlət Xor Kapellası, bu sənəti yaşadan və gələcəyə daşıyan əsas mərkəzlərdir. Azərbaycan xor sənətinin fədailərin irsi, nə qədər ki, musiqimiz var, o qədər də yaşayacaq və yeni nəslə ilham verəcəkdir.. Azərbaycan musiqi mədəniyyətinin inkişafında və xüsusən də xor sənətinin təbliğində Təranə Yusifovanın adı xüsusi fədakarlıq və professionalizm simvolu kimi qeyd olunur.Azərbaycanın zəngin musiqi xəzinəsində elə sənətkarlar var ki, onların adı sənətin ən nəcib, ən fədakar qolu ilə – xor ifaçılığı ilə eyniləşir. Prezident mükafatçısı , Əməkdar müəllim, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Respublika və Beynəlxalq müsabiqələr laureatı,dosent
1968-ci il dekabrın 5-də Sumqayıt şəhərində başlayan bu nəğmə, Təranə xanımı Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) Xor dirijoru şöbəsinə gətirib çıxardı. Bu təhsil illəri, onun mürəkkəb xor partituralarını canlandıran, yüzlərlə səsi vahid ahəngə gətirən sənətkar kimliyinin təməli oldu. 33 illik zəngin stajı Təranə Yusifovanın bu sənətə nə qədər sadiq və əzmlə bağlı olduğunun ən bariz nümunəsidir.Təranə Yusifovanın fəaliyyəti təkcə dirijor çubuğunun zərif hərəkətləri deyil, həm də gənc musiqiçilər nəsli üçün ilham qaynağıdır. O, respublika və beynəlxalq müsabiqələr laureatı kimi diplom və təşəkkürnamələrlə təltif olunmuş, bununla da Azərbaycan mədəniyyətinin fəxri simasına çevrilmişdir.
Cahangir Cahangirov adına xor kollektivi ilə başladılan silsilə solo konsert proqramlarının davamlı həyata keçirilməsi planı Təranə Yusifovanın Azərbaycan xor sənətinin gələcəyinə yönəlmiş böyük ambisiyalarından xəbər verir. Təranə Yusifova bu gün həm ustad sənətkar, həm də xor sənətinin gələcəyini yetişdirən bir müəllim kimi Azərbaycanın musiqi dünyasında öz parlaq imzasını artmaqdadır. Ustad bəstəkar Cahangir Cahangirov Azərbaycan xor sənətinin memarı, Təranə Yusifova isə bu möhtəşəm irsin qoruyucusu və davamçısıdır. Prezident mükafatçısı,Əməkdar müəllim kimi fədakar sənətkarın fəaliyyəti, bəstəkarın əmanət etdiyi nəğmələri zamanın tozundan xilas edib, onlara yeni nəfəs bəxş edən bir ömür missiyasıdır.
Təranə Yusifovanın rəhbərlik etdiyi Beynəlxalq Muğam Mərkəzinin tərkibindəki Cahangir Cahangirov adına Xor kollektivi, əslində, sadəcə bir musiqi ansamblı deyil, böyük bir mədəniyyət ocağıdır. Bu, Cahangirovun ruhunun yaşadığı, onun “Füzuli Kantatası”, “Arazın o tayında” kimi ölməz əsərlərinin hər notunun ehtiramla canlandırıldığı müqəddəs bir məkandır. Yusifova bir dirijor kimi, bəstəkarın xor partituralarındakı milli koloritlə, dərin lirizmi və epik gücü öz zərif, lakin qətiyyətli çubuğu ilə xora aşılamağı bacarır.
Təranə xanım Cahangirov irsinin qoruyucusu olmaqla, həm də onun gələcəyə ötürülməsinin təminatçısıdır. Onun rəhbərliyi altında Şam kamera xoru, Harmoniya uşaq vokal ansamblı, müəllimlərdən ibarət “Nur” xor kollektivi,eyni zamanda Milli Konservatoriyasında tələbə xor kollektivi mütəmadi olaraq bəstəkara həsr olunmuş, onun xatirəsinə ucaldılan konsertlərdə çıxış edir. Bu çıxışlar sadəcə repertuarın ifası deyil, hər dəfə Cahangirovun sənətinə yenidən qayıdış, ona bir ehtiram andıdır.
Lakin onun fəaliyyəti təkcə bir kollektivlə məhdudlaşmır. “Şuşam” kamera xoru, ADMİU-nun “Xəzər” xoru və digər gənc ansamblları ilə ölkənin hər yerində, ən möhtəşəm səhnələrindən tutmuş, Beynəlxalq Muğam Mərkəzinə qədər, Azərbaycan musiqisinin ən nəfis nümunələrini təqdim etməsi onu Azərbaycan musiqi mədəniyyətinin fəxri simasına çevirir. Onun yorulmaz əməyi sayəsində bu xorlar milli ruhun ən böyük tribunasına çevrilmişdir.
Xormestrlər Azərbaycan musiqi mədəniyyətinin sütunları olan dahi bəstəkarların və sənətkarların yubileylərinə həsr olunmuş konsertlərdə fəal iştirak edir. Ulu Öndər Heydər Əliyevin, Fikrət Əmirovun, Cəfər Cabbarlının, Məhəmməd Füzulinin, Üzeyir Hacıbəylinin (140 illik yubiley), Rəşid Behbudovun, Cahangir Cahangirovun və Nəbi Xəzrinin xatirəsinə həsr olunan gecələr bu sənətkarlara və onların irsinə olan dərin ehtiramın ifadəsidir.
Təranə Yusifovanın yaradıcılığı Vətən sevgisinin ən səmimi təzahürlərində özünü göstərir. Onun rəhbərlik etdiyi kollektivlərin “Zəfər Günü”, “Şuşa ili” çərçivəsindəki, eləcə də şəhidlərimizin xatirəsinə həsr olunmuş tədbirlərdəki çıxışları xor sənətinin bir təbliğ vasitəsi olaraq nə qədər güclü olduğunu sübut edir. O, xor kollektivlərini dövlətçilik ənənələrinin, milli kimliyin və qəhrəmanlığın səsli rəmzinə çevirə bilmişdir.
Ömrünün 33 ilini bu sənətə həsr etmiş Xalq artisti Təranə Yusifova bu gün həm də pedaqoq kimi yüzlərlə gənc musiqiçiyə dərs verir, onlara Cahangirovun və Üzeyir Hacıbəylinin sənət əxlaqını, musiqinin ecazkar dilini öyrədir. Bu, həm də bir zəncirin davam etməsi, irsin bitib-tükənməməsi üçün atılan ən vacib addımdır.
Təranə Yusifova Azərbaycan xor sənətinin beynəlxalq aləmdə tanıdılmasına böyük töhfələr verir. Gürcüstanda “Beynəlxalq Xor” festivalında, Rusiya və Qazaxıstanda keçirilən mədəni forumlarda və konsertlərdə Cahangir Cahangirov adına Xorun çıxışları Azərbaycan musiqisinin səsini dünyaya çatdırır. Hətta Fransa Milli Günü münasibətilə Fransa himninin ifası kimi incə mədəni jestlər, sənətin dialoq qurmaq qabiliyyətini nümayiş etdirir.
Sənətkarın fəaliyyəti təkcə konsert salonları ilə məhdudlaşmır. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, Beynəlxalq Muğam Mərkəzi, İçərişəhər Şirvanşahlar Saray Kompleksi, Gənc Tamaşaçılar Teatrı, “Mədəniyyət” kanalı və hətta idman tədbirləri (“2022 İBSA JUDO WORLD CHAMPIONSHIPS Triumph of spirit”) kimi müxtəlif məkan və platformalarda çıxışlar onun sənətinin cəmiyyətin bütün sahələrinə inteqrasiya olunduğunu göstərir.O, nəğmələri qoruyan, xoru yaşadan və Vətən ruhunu hər bir notda nəfəs etdirən ustad sənətkardır. Ona görə də bu gün Təranə Yusifova həm böyük Cahangirovun irsinin vicdanlı qoruyucusu, həm də Azərbaycanın sənət dünyasının ən uca zirvələrindən biridir. Onun hər çıxışı, hər konserti Azərbaycan mədəniyyətinin qürurverici bir səhifəsidir. Xor sənətinin Beynəlxalq arenalarda parıltısı bəşəriyyətin ən kollektiv, ən səmimi ifadə formalarından biridir. Bu, fərdi səslərin birləşib bir nəfəsə, bir ruha çevrildiyi möcüzədir. Azərbaycanın zəngin musiqi xəzinəsində xor sənəti, muğamın təkliyinə cavab olaraq, milli mənəviyyatın, həmrəyliyin və çoxsəsli mədəniyyətin carçısı kimi yüksəlmişdir. Bu gün Azərbaycanın xor kollektivləri tək Vətən səhnəsində deyil, beynəlxalq arenalarda da səs salaraq, ölkəmizin mədəniyyət pasportunu dünyaya təqdim edir, hər çıxışları ilə musiqi diplomatiyasının incə nümunəsini yaradırlar.
Azərbaycan xor sənətinin təməli dahi Üzeyir Hacıbəyov tərəfindən qoyulmuş, milli intonasiyalar Avropa tipli çoxsəsliliklə birləşdirilmişdir. Bu unikal sintez beynəlxalq dinləyicilər üçün hər zaman cəlbedici olmuşdur. Azərbaycan Dövlət Xor Kapellası kimi flaqman kollektivlərimiz uzun illərdir ki, ölkəmizin ən möhtəşəm mədəni elçisi funksiyasını yerinə yetirir.Beynəlxalq müsabiqələr isə Azərbaycan xor kollektivlərinin peşəkarlıq səviyyəsinin sınaq meydanıdır. Gürcüstanın Qori şəhərində keçirilən Beynəlxalq Xor Festivalı kimi tədbirlərdəki uğurlu çıxışlar kollektivlərimizin təcrübə mübadiləsi aparmasına və beynəlxalq tərəfdaşlıqlar qurmasına şərait yaratdı
Qafqazın inci şəhərində səslərin qələbəsi sayılan “Word harmony”də Xormestrlərimizin zəfər nidası Batumidə Qara dənizin nəfəsi ilə yuyulan, subtropik iqlimin cazibəsi ilə bəzənmiş, Gürcüstanın qonaqpərvər mirvarisi. Bu şəhər yalnız tərəddüdsüz dəniz mənzərəsi ilə deyil, həm də sənətin, mədəniyyətin beşiği olması ilə tanınır. Məhz bu mistik məkanda, sənətsevərlərin nəfəslərini tutaraq izlədiyi “Word harmony” Beynəlxalq Müsabiqəsi baş tutdu. Və o səhnədə, qəlbimizdən gələn səslərin ən nəcib memarları – Xormestrlərimiz özlərinin sənət möhürünü vurdular, Batuminin dəniz küləyinə uğurun şirin nəğməsini qoşdular.
“Word harmony” müsabiqəsi qlobal sənət meydanı idi. Burada hər bir nota tələbkarlıqla yanaşılır, hər bir pauza hörmətlə qarşılanırdı. Xormestrlərimiz o səhnəyə illərlə yığılmış təcrübənin məsuliyyətini, Vətənə sənət qələbəsi gətirmək arzusunu daşıyaraq çıxdılar. Onlar, tək-tək fərdlərin uğuru yox, xor kollektivinin ruhunu tərənnüm edən bir qələbənin müəllifi oldular.
Batumi səhnəsində səslənən hər bir əsər – istər milli xüsusiyyətlərlə zəngin, istərsə də dünya xor irsinin incisi olsun – Xormestrlərimizin hər detal üzərindəki incə işinin nəticəsi idi. Onların idarəçiliyi altında səslər bir-birinə qarışaraq, dərinlik, təmizlik və emosional doyğunluqla dolu bir səs okeanı yaratdı. Dinləyicilər, notların sadəcə ifa edilmədiyini, yaşandığını hiss etdilər. Müsabiqənin münsiflər heyəti, bu sənətkarlığı, səsin intizamını və musiqi duyğusunun saflığını yüksək qiymətləndirdi.. Bu müsabiqələrdə bizim kollektivlərin həm milli, həm də Qərbi Avropa bəstəkarlarının əsərlərini yüksək səviyyədə ifa etməsi, onların geniş repertuara və çoxşaxəli ifaçılıq imkanlarına malik olduğunu sübut etdi.Son illərdə uşaq və gənclər xor kollektivlərimizin onlayn formatda da olsa, Böyük Britaniya, Rusiya və Almaniyada keçirilən beynəlxalq müsabiqələrdə I və II dərəcəli diplomlara, laureat adlarına layiq görülməsi, xor sənətinin Azərbaycanda peşəkar təhsilin ən erkən mərhələlərində nə dərəcədə keyfiyyətli inkişaf etdiyini göstərir. Bu kiçik zəfərlər gələcəyin böyük uğurlarının, milli məktəbin qüdrətinin toxumlarıdır.Xor sənətinin beynəlxalq arenadakı ən böyük nailiyyəti qazanılan diplom və mükafatlardan daha çox, qəlblər arasında qurulan körpüdür. Azərbaycan xoru öz səsi ilə fərqli dilləri, mədəniyyətləri və tarixi keçmişləri bir araya gətirir. Beynəlxalq auditoriya Qarabağ dərdi ilə yazılmış oratoriyaları, vətənpərvərlik ruhlu kantataları dinləyərkən, Azərbaycanın milli ruhu və mübarizəsi ilə təmasda olur.Hər bir xarici qastrol, hər bir festival çıxışı – sülh, dostluq və mədəni əməkdaşlığın təntənəsidir. Xor musiqisi – siyasətin sərhədlərini aşan, insanın daxili dünyasına birbaşa müraciət edən universal bir dildir. Təranə xanım İncəsənət Gimnaziyasında “Harmoniya”Qrupu və xor kollektivi məhz bu universal dili ustalıqla istifadə edərək, ölkəmizin multikultural dəyərlərini, sənətə olan sonsuz sevgisini və yüksək peşəkarlığını dünya miqyasında nümayiş etdirirlər. Bu yolda müstəsna xidmətləri olan Təranə Yusifovaya gələcək fəaliyyətlərində uğurlar, nailiyyətlər, arzulayırıq. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərin əsasını sonsuz sevgi, yüksək peşəkarlıq,bol səbr dayanır. Biz inanırıq ki,sizin kimi sənət fədailəri yaşadıqca , yaratdıqca Azərbaycan mədəniyyəti çox yüksək zirvələri fəth edəcək…
PS : Göstərdiyi köməkliyə görə Araşdırmacı Jurnalist Sahilə Abdullayevaya xüsusi təşəkkürümüzü bildiririk
AMİDTV.AZ
Aygün Məmmədova Azərbaycan Jurnalistlər Birliyinin üzvü






















