Bütün bu uğurların, möhtəşəm nailiyyətlərin kökündə ulu öndər Heydər Əliyev dühası, onun düzgün müəyyənləşdirdiyi müdrik siyasəti dayanır

Təkrarsız siyasətçi, xalqının və dövlətinin qürur mənbəyi, müasir Azərbaycanın qurucusu və memarı Heydər Əlirza oğlu Əliyev. Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü aydın təfəkkürə, geniş dünyagörüşünə, yüksək intellektə, dəmir məntiqə malik olan bu müdrik insanın şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır.Bu gün bütün sahələrdə yenilənən, sürətli intibah yolunda olan, qarşıya qoyduğu hədəflərə inamla yetişən müstəqil ölkəmizin uğurlarından danışarkən təbii ki, keçilən yola, zamanında görülən işlərə, aparılan islahatlara nəzər salmaq lazımdır. Danılmaz həqiqətdir ki, bütün bu uğurların, möhtəşəm nailiyyətlərin kökündə ulu öndər Heydər Əliyev dühası, onun düzgün müəyyənləşdirdiyi müdrik siyasəti dayanır.1960-cı illərin sonu – 1980-ci illərin əvvəli Azərbaycan bədii mədəniyyətinin, bütün incəsənət növlərinin inkişafında yüksəliş dövrü olub. Bu dövrü sözün tam və əsl mənasında Azərbaycan incəsənətinin intibahı adlandırmaq olar. Məhz bu illərdə memarlıq və şəhərsalma, monumental incəsənət, təsviri sənət, musiqi, teatr və kino sahəsində milli bədii məktəblər təşəkkül tapıb, mühüm incəsənət əsərləri yaradılıb, bütün bu sahələri əhatə edən milli bədii təhsil sistemi bərqərar olub, Azərbaycan incəsənətinin parlaq nailiyyətləri dünyanın bir çox ölkələrində yüksək peşəkar səviyyədə təmsil olunub.Xalqımız öz mədəniyyəti, incəsənəti, milli-mənəvi dəyərləri ilə dünyada tanınmışdır. Milli-mənəvi dəyərlərimizin kökləri çox-çox qədim zamanlara gedib çıxır. XX əsrdə isə xalqımızın mədəni həyatında yeni dövr başlanmışdır. Bu, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan bir dövrdür.
Ulu Öndər yaxşı bilirdi ki, milli dövlətçilik dəyərlərinin əsasını sağlam düşüncəli mədəniyyət təşkil edir. Sabahkı uğurlara yeganə təminat isə sağlam cəmiyyət quruculuğuna diqqət artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşılamaqdır. Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Elə ona görə də mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün mümkün olan hər şeyi edirdi. Azərbaycan mədəniyyətinin görkəmli xadimləri heç zaman Heydər Əliyev dövründə olduğu qədər tanınmamışlar. Heydər Əliyev mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, onların daim qayğısını çəkirdi. Belə sənətkarları sadalamaqla qurtaran deyil. 1971-1975-ci illər Azərbaycan iqtisadiyyatının dönüş mərhələsi kimi qiymətləndirilir. Bu illər ərzində sənaye məhsulu nəzərdə tutulmuş 43-46% əvəzinə 50% artmış, orta illik artım 1966-1970-ci illərlə müqayisədə 29% yüksəlmiş, sənayedə müsbət struktur dəyişikliyi aparılmışdır. Bu işlər sonrakı 1976-1982-ci illər ərzində də uğurla davam etdirilmişdir. Neftayırma və neft emalı zavodlarının tikintisinə, kimya və metallurgiya sənayesi və digər sahələrdə böyük həcmdə tikinti-yenidənqurma işlərinə başlanılmışdır.
Sosial-iqtisadi göstəricilərin respublika üzrə ildən-ilə yüksəlməsinin əsas səbəbi iqtisadiyyatın ən vacib sahələrindən biri olan tikinti kompleksinə dövlət tərəfindən ciddi qayğı və diqqətin artırılması ilə əlaqədar idi. Heydər Əliyevin təşəbbüsü ilə aparılan islahatlar tikinti materialları sənayesinin inkişafı, sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni kadrların hazırlanması kimi istiqamətlərdə ciddi irəliləyişlər əldə etməyə imkan vermişdir.
Tikinti kompleksində görülən işlərin Ulu öndərin daim diqqət mərkəzində olması bu sahədə çalışan rəhbər işçilərin, eləcə də əmək kollektivlərinin məsuliyyətini də artırmışdır. Nəticədə tikintinin əsas göstəriciləri əvvəlki illərə nisbətən dəfələrlə artmış, tikilən mühüm obyektlərin vaxtında və yüksək keyfiyyətlə istifadəyə verilməsi təmin edilmişdir. Onların sırasında Kür su kəmərini, “Neftçilər” və “Nizami” metro stansiyalarını, Yeni Bakı Neftayırma zavodunun emal kompleksini, Bakı Məişət Kondisionerləri zavodunu, Qaradağ rayonunda nəhəng Dərin Özüllər Zavodunu və bir çox digərlərini misal gətirmək olar.Respublikada mənzil tikintisi və şəhərsalma məsələlərinə qayğı və diqqətlə yanaşan Heydər Əliyev əhalinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq və urbanizasiya prosesini məqsədyönlü şəkildə inkişaf etdirmək üçün əvvəlki illərdə şəhərsalma ilə bağlı görülən tədbirlərin həyata keçirilməsində buraxılmış nöqsanları ciddi tənqid edirdi. Onun sözlərinə görə, həyata keçirilən tədbirlər kompleksi şəhərsalma və əhalinin yerləşdirilməsi məsələlərinin həllindəki ciddi nöqsanları aradan qaldırmaq üçün çox vacibdir. O, yeni yaşayış kvartallarının salınmasının, köhnə şəhərlərin bərpa olunaraq yenidən qurulmasının, abad kənd və qəsəbələrin salınmasının şəhər və kənd əhalisinin həyat şəraitinin bir birinə yaxınlaşmasına kömək edəcəyinə inanırdı və bu məqsədlərə doğru qətiyyətlə irəliləyirdi.Heydər Əliyev yeni tikilən binalarda milli memarlıq formalarına geniş yer verməyi, binaların interyer və eksteryerlərində milli naxışlardan səmərəli istifadə etməyi tövsiyə etmişdir ki, bu da Ulu öndərin milli mədəniyyətimizə dərin məhəbbətini göstərən amillərdəndir. Dahi rəhbər mənzil tikintisində Şərq üslubuna, milli mədəniyyətimizə sadiq qalmağa üstünlük verir və bunu hamıya xatırladırdı. Onun daim vurğuladığı məsələlərdən biri memarların, layihəçilərin öz işlərində Azərbaycan memarlığının binalara Şərq koloriti verən ünsürlərindən geniş istifadə etməsi ilə bağlı olmuşdur. O bildirirdi ki, inşa edilən ansambllar və ayrı-ayrı tikililər Bakının sabahıdır və bunlar gələcək nəsillərimizi də sevindirməlidir.Heydər Əliyev Mərkəzi xalqımızın Ümumilli lideri, Müstəqil Azərbaycan Respublikasının qurucusu Heydər Əlirza oğlu Əliyevin siyasi irsini, həyat və fəaliyyətini öyrənmək, araşdırmaq, gələcək nəsillərə aşılamaq, onun memarı olduğu dövlətçilik ənənələrini yaşatmaq, inkişaf etdirmək və cəmiyyətimizin bütün sahələrində tətbiq olunmasına dəstək verməkdir.Ümummilli lider həmişə İçərişəhərə, Şirvanşahlar sarayına və burada yerləşən digər tarixi abidələrə xüsusi məhəbbət bəsləyirdi və hər zaman öz diqqətini və qayğısını əsirgəmirdi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə İçərişəhər 1977-ci ildə tarix-memarlıq qoruğu elan edilmişdir.
2000-ci ilin sonunda Bakıda baş vermiş güclü zəlzələnin nəticələri əsas tutularaq 2003-cü ildə İçərişəhər UNESCO-nun təhlükədə olan dünya irsi abidələrinin sırasına daxil edilmişdir. UNESCO-nun Dünya İrsi Komitəsi İçərişəhərin qorunması, idarə edilməsi və inkişaf istiqamətləri üzrə öz tövsiyələrini Azərbaycan hökumətinə təqdim etdi. Yaranmış vəziyyətdə təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə elə həmin il ulu öndər Heydər Əliyev “Bakı şəhərində “İçərişəhər” Tarix-Memarlıq Qoruğunun mühafizəsi və bərpası ilə bağlı bəzi tədbirlər haqqında” sərəncam imzaladı. Eyni zamanda, İçərişəhərin uzunmüddətli qorunması, konservasiyası və bərpası ilə bağlı konsepsiyanın və fəaliyyət proqramının hazırlanması, habelə qoruğun idarə olunmasının beynəlxalq standartların tələblərinə uyğun qurulması barədə tapşırıq verdi. Bu sərəncam İçərişəhəri sözün əsl mənasında, məhv olmaqdan xilas etdi və bundan sonrakı dövlət siyasətində proqram xarakterli sənəd kimi istiqamətverici rol oynadı.
Ulu öndərin siyasi kursunu davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ötən illər ərzində İçərişəhərin unikal memarlıq-şəhərsalma kompleksi kimi mövqeyinin möhkəmlənməsi və tarixi simasının bərpası istiqamətində çox mühüm addımlar atdı. Abidələrdə bərpa və konservasiya işlərinin aparılması əsas prioritet kimi qalmaqdadır. Son illər ərzində onlarla tarixi və memarlıq abidəsi tərəfimizdən bərpa edilmiş, bu abidələrin gələcək nəsillərə olduğu kimi çatdırılması üçün zəruri tədbirlər görülmüşdür. Bu memarlıq abidələri əsasən karvansaralar, hamamlar, məscidlər və yaşayış binalarıdır. Bu abidələrin ən əhəmiyyətlisi isə əlbəttə ki, şəhərimizin simvolu sayılan möhtəşəm Qız qalasıdır. Avropanın aparıcı bərpaçı şirkətləri ilə əməkdaşlıq çərçivəsində Qız qalasının ölçmə, elmi-tədqiqat, layihələndirmə və konservasiya işləri bir neçə ilə yaxındır ki, tamamlanmışdır. Beş ildən artıq davam etmiş bu işlər nəticəsində abidənin zahiri görünüşünə heç bir xələl gətirilmədən onun dayanıqlığı, uzunmüddətli qorunması və konservasiyası təmin edilmişdir.Heydər Əliyev o illərdə gələcəkdə Azərbaycanın iqtisadi müstəqilliyini təmin etmək məqsədi ilə iqtisadiyyatın bütün sahələrində olduğu kimi, memarlıq və inşaat sahəsində də qurucu, yaradıcı gənc kadrların hazırlanmasının vacibliyini ön plana çəkirdi. İnşaata, memarlığa, ümumiyyətlə quruculuq işlərinə çox böyük əhəmiyyət verən Heydər Əliyev Cənubi Qafqazda ilk İnşaat İnstitutunun yaranması təşəbbüsü ilə Sovet İttifaqı rəhbərliyinə müraciət etdi, nüfuzu və iradəsi ilə bu qərarın verilməsinə nail oldu. Məhz onun təşəbbüsü ilə 1975-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Azərbaycan Politexnik İnstitutunun memarlıq, inşaat, hidromeliorasiya və nəqliyyat fakültələrinin bazasında Azərbaycan İnşaat Mühəndisləri İnstitutu (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) təsis edildi. Bu dahi şəxsiyyətin uzaqgörənliyi, öz millətinə böyük sevgisinin təzahürü, onun gələcəyinə hesablanmış uğurlu düşüncəsinin nəticəsi idi.Bu diqqət və qayğı ali təhsilə verilən böyük önəmlə yanaşı, həm də memarlığa olan məhəbbətin, quruculuq işlərinə böyük həvəsin təcəssümü idi. Məlumdur ki, dövlətimizin banisi ali təhsilini məhz memarlıq fakültəsində başlamışdır, onun rəssamlığa, layihələndirməyə, qurub-yaratmağa böyük həvəsi olmuşdur. Ali təhsilini tarix fakültəsində tamamlayan Heydər Əliyev memarlığa, inşaata olan həvəsini heç vaxt itirmədi, professional memar kimi ölkədə gedən irimiqyaslı tikinti-quruculuq, abadlıq işlərinə rəhbərlik etməklə Azərbaycanın həyatında intibah mərhələsinin əsasını qoydu. Ölkənin gələcəyini, müstəqilliyini düşünərək böyük çətinliklər hesabına respublikamızda strateji əhəmiyyətli bir sıra sənaye və istehsal müəssisələrinin inşasına nail oldu. Memarlıq və inşaat sahəsinin sürətli inkişafı o dövrdə təkcə paytaxtın deyil, əyalətlərin, kəndlərin də simasını dəyişdi. Bakıda və respublikanın başqa şəhərlərində memarların yüksək ustalığından xəbər verən ictimai və yaşayış binaları, bağlar, parklar, memarlıq ansamblları meydana gəldi.
Həmin dövrdə respublikanın bütün şəhərlərinin baş planlarının layihələşdirilməsi ilə bağlı işlər aparıldı. 2005-ci ilədək olan dövrdə Bakının inkişafının “Bakıdövlətşəhərlayihə” İnstitutunun kollektivi tərəfindən hazırlanmış baş planı bu cür layihələr arasında xüsusi yer tuturdu. Heydər Əliyev Bakının Baş planının işlənib hazırlanmasını diqqətlə izləyir, bu planla bağlı ən mühüm problemlərin müzakirəsində şəxsən iştirak edir, şəhərin infrastrukturunun inkişafına xüsusi diqqət yetirirdi.Ulu öndərin uzaqgörən siyasi kursunun mübariz davamçısı İlham Əliyev də təhsili dövlət siyasətinin əsas prioritetlərindən biri hesab edir. O, ümummilli liderimizin ideyalarını ləyaqətlə davam etdirərək təhsilimizin inkişafına, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmlənməsinə böyük diqqət yetirir. Dövlət başçısının həmişə səsləndirdiyi və artıq şüara çevrilən “Biz neft kapitalını insan kapitalına çevirməliyik” fikri onun təhsilə verdiyi ən böyük önəmin, qiymətin göstəricisidirbu gün əminliklə deyə bilərik ki, onun ölməz ideyaları xalqımızın mütərəqqi inkişaf yoluna parlaq işıq saçır, hər bir azərbaycanlını vahid məram və məqsədlər ətrafında birləşdirir. Həm də onunla təsəlli tapırıq ki, böyük öndərin Prezident İlham Əliyev kimi, müasir dünya siyasətinin incəliklərini dərindən bilən, xalqının və dövlətinin maraqlarını daim uca tutan, siyasətində hər bir vətəndaşın mənafeyini nəzərə alan, bir sözlə, hər vədini əməli işi ilə doğruldan layiqli siyasi davamçısı var. Ölkəyə rəhbərlik etdiyi 13 ilə yaxın müddətdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar cənab İlham Əliyevin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, reallığa adekvat olduğunu göstərmiş, onun ictimai rəydə alternativsiz rəhbər kimi qəbul edilməsini şərtləndirmişdir.Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr haqlı olaraq nəhəng tikinti və quruculuq illəri kimi xarakterizə olunur. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında respublikamızda həyata keçirilən köklü islahatlar, baş verən iqtisadi sıçrayış tikinti, quruculuq, abadlıq sahəsində də özünü aydın şəkildə göstərir. Belə ki, paytaxt Bakı ilə yanaşı, bölgələrimizin də siması əsaslı şəkildə dəyişib, müxtəlif təyinatlı tikinti obyektlərinin miqyası və əhatə dairəsi genişlənib, yeni-yeni yaşayış binaları, park və xiyabanlar salınaraq əhalinin istifadəsinə verilib. Dövlət başçısının xüsusi qayğısı sayəsində bu gün Bakı dünyanın ən yaraşıqlı paytaxt şəhərlərindən birinə çevrilib. Son illərin möhtəşəm, nadir memarlıq nümunələrindən sayılan Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı Kompleksi, əsaslı şəkildə yenidən qurulan Dənizkənarı Milli Park, Alov qüllələri, Heydər Məscidi, yeni yaşayış massivləri, çoxsaylı mehmanxana kompleksləri, doğma Bakımızın hüsnünə əlavə yaraşıq gətirir. Heç şübhəsiz, bütün bunlar Azərbaycanın yüksək inkişaf və tərəqqisinin əyani təcəssümüdür.Dövlət başçısı hazırda Bakı şəhərində 300-dən çox yeni hündürmərtəbəli binanın tikildiyini olduqca müsbət göstərici olduğunu diqqətə çatdıraraq dedi ki, bunun hesabına minlərlə yeni iş yeri yaradılır. Son zamanlar qəbul edilmiş qərarların, dövlət investisiyalarının tikinti kompleksinin canlanmasında müstəsna əhəmiyyəti danılmazdır. İndi dövlət dəstəyi hesabına paytaxtda mühüm tikinti layihələri icra olunur. Bu baxımdan sosial mənzillərin inşası sahəsində həyata keçirilən tədbirlər diqqəti cəlb edir. Məlum olduğu kimi, ötən il Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə Yasamal rayonu ərazisində təməli qoyulmuş şəhərcikdə tikinti işləri sürətlə davam etdirilir. Yaxın vaxtlarda isə ikinci layihənin icrasına start veriləcək. Paytaxtın ərazisində tikintisi davam etdirilən “Ağ Şəhər” layihəsi öz möhtəşəmliyi, unikallığı ilə seçilir. Artıq layihənin ilk mərhələsi başa çatdırılıb.Prezident İlham Əliyevin dövlətçilik təcrübəsində siyasi varislik ənənələrinin davamı, üstəlik, mütərəqqi inkişaf meyillərinin gücləndirilməsi ideyası üstünlük təşkil edir. Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illər ərzində dəfələrlə öz təsdiqini tapmış bu siyasi kursun davamlılığının təmin olunması Azərbaycanın dövlətçilik əsaslarının daha da möhkəmləndirilməsinə, müstəqilliyimizin əbədiliyinə, dövlətin hərtərəfli yüksəlişinə ən etibarlı təminatdır. Ölkənin elm və təhsil ictimaiyyəti ürəkdən inanır ki, Azərbaycan Prezidenti İlham Əliyev respublikamızı davamlı iqtisadi inkişaf və yüksəlişə aparan strateji siyasi kursu bundan sonra da uğurla davam etdirəcək.Müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin xalqımıza verdiyi ən dəyərli nemətdir, onu qorumaq hamımızın borcudur. Müstəqilliyimiz əbədidir və sarsılmazdır biz xoşbəxt xalqıq ki ,Ali baş komandan kimi dahi liderimiz var!
AMİDTV.AZ
Allahverdiyeva Svetlana İsmayıl qızı Şərq ölkələri Beynəlxalq Akademiyasının müxbir üzvü, Beynəlxalq Eko energetika Akademiyasının professoru, Memarlıq İttifaqının üzvü,Memarlıq İttifaqının üzvü, Memarlıq üzrə fəlsəfə doktoru, AZMİU-nun “Memarlıq konistruksiyaları və abidələrin bərpası “kafedrasının dosenti