Təranə Əhmədova “Azərbaycanı bu gün müasir sivilizasiyaya cavab verən böyük elmi, milli təhsil sistemi və zəngin mədəniyyəti olan ölkəyə çevirən, xalqının xilaskarı , dövlətinin memarı Ulu Öndər Heydər Əliyev”

Milli dövlətçilik dəyərlərinin əsasını sağlam düşüncəli mədəniyyət təşkil edir. Sabahkı uğurlara yeganə təminat isə sağlam cəmiyyət quruculuğuna diqqət artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşılamaqdır.Xalqımız uzun əsrlərə söykənən adət-ənənələri, mənəvi dəyərləri ilə tanınaraq dünya xalqları arasında özünəməxsus yer alıb. Xatırladaq ki, daim dünya sivilizasiya xəzinəsinə öz töhfələrini verən Azərbaycan YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında ev sahibliyi edərkən də milli-mənəvi dəyərlərinə, tarixi-mədəni irsinə bağlılığı əsas yer tutub. Ulu öndər Heydər Əliyev daim gənclərimizi öz mənəvi dəyərlərinə bağlı ruhda tərbiyə edilməsini əsas tutaraq deyirdi ki, gələcəyimiz olan gənclər milli-mənəvi dəyərlərimizi unutmamalı, tariximizi, ana dilimizi bilməli və qorumalıdır.
Hər bir insan dünyaya gəldiyi andan öz adət-ənənələri ilə qarşılaşaraq bu ruhda tərbiyə alır, böyüyür. Sahib olduğumuz dəyərlər bizi saflaşdırır, getdikcə mənəviyyatımızı gözəlləşdirərək vətənpərvər bir gənc olaraq yetişməyimizdə mühüm rol oynayır. İllər keçdikcə adət-ənənələrimiz də müasirləşərək yeniliklərlə əvəz olunsa da xalqımız öz qədimliyini də qoruyub saxlayır. Lakin bununla yanaşı, hər dövrə uyğun mənəvi dəyərlər formalaşır. Burda bir məqamı da xüsusi qeyd etmək mütləqdir ki, adət-ənənələr, mənəvi dəyərlər daim insan münasibətlərində tənzimləyici və istiqamətverici rol oynayaraq hər bir insan tərəfindən gələn nəslə ötürücü vasitə olur.
Gənclərin adət-ənənələrə söykənərək milli ruhda tərbiyə almasında isə ilk növbədə, ailə cavabdehdir. Ailə milli-mənəvi dəyərlərin daşıyıcısıdır. Bu baxımdan ailə sağlam təməl üzərində qurulmalıdır ki, orada dünyaya gələn hər bir körpə mənəvi dəyərlərimizə, adət-ənənələrimizə bağlı biri kimi yetişsin. Ailədə hər kəsin bir-birinə qarşılıqlı məhəbbəti, səmimiyyəti, qarşılıqlı hörmət və ehtiramı, valideynlərin övladlarının parlaq gələcəyi naminə çalışmaları, övladın valideyni hörmətli tutması mənəviyyatı mızın əsasını təşkil edən amildir. Bir sözlə, mənəvi aləmimizin qorunmasında dədə-babalarımıza xas xüsusiyyətlərin ehtiram göstərilərək gözlənilməsi mühüm şərtlərdəndir. Bu yerdə bir sıra məqamlar da mövcuddur ki, mənəvi dəyərlərimizdə mütləq şəkildə öz sözünü deyir. Təbii ki, bura geyim tərzimiz, milli mətbəximiz, folklor nümunələrimiz və digərləri daxildir. Adət-ənənələrimizi özündə yaşadan geyim tərzimiz bu gün də bir sıra məqamlarda özünü göstərir. Bu isə xalqımızı gözəllik, mədəniyyət baxımından daha da nümunəvi edir. Həmçinin milli mətbəximiz də mənəvi aləmimizi saflaşdıran, gözəlləşdirən amillərdəndir. Əslində öz çeşid müxtəlifliyilə gələn qonaqları heyran edən mətbəximiz adət-ənənələri mizin yaşadılmasında mühüm rol oynayıb.
Sağlam ailədən cəmiyyətə addım atan gənci növbəti mərhələdə məktəb qarşılayır. Artıq təhsil ocaqları da bu mənada məsuliyyət daşıyır. Şagirdlərin vətənsevər, vətənpərvər, öz adət-ənənəsinə, mənəvi dəyərlərimizə bağlı ruhda tərbiyə alıb böyüməsində bir başa orta məktəblər də məsuliyyət daşıyır. Prezident İlham Əliyev dərs ilinin başlanması münasibətilə müraciətində bu istiqamətdə tövsiyələrini bildirərək demişdir: “Bizim gənclərimiz, uşaqlarımız vətənpərvərlik ruhunda, milli ruhda, milli dəyərlər – ənənəvi Azərbaycan dəyərləri əsasında tərbiyə almalıdırlar. Burada, əlbəttə ki, ailələrin rolu müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda, bütün məktəblərdə müəllimlər şagirdləri milli ruhda, ənənəvi dəyərlər ruhunda tərbiyə etməlidirlər”.
“Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Mən dünyada müəllimdən şərəfli ad tanımıram”,-deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifahının yaxşılaşdırılmasının qayğısına qalırdı.
Ulu Öndər 1998-ci ildə Azərbaycan müəllimlərinin XI Qurultayında bu barədə danışaraq deyirdi: “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda, qəhrəmanlıq göstərən insanlardır. Müəllimlik peşəsi heç də asan peşə deyil. Azərbaycan müəllimlərinin tam əksəriyyəti layiqli müəllimlərdir. Ölkəmizdə təhsilə qayğı və diqqət, onun inkişafının dəstəklənməsi Ümummilli Liderimiz Heydər Əliyevin dövlət quruculuğunun mühüm tərkib hissəsi olmuşdur. Onun təhsil siyasətinin fəlsəfəsi Azərbaycan təhsilini artıq öz sistemini yarada bilməklə bərabər, uğurlu nəticələrini qazanmış ölkələrin təhsil təcrübələri ilə zənginləşdirməkdən ibarət idi.
Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə təhsil müəssisələrinin zəngin şəbəkəsi yaranmasaydı, onların möhkəm maddi-texniki bazası qurulmasaydı, ölkədən kənarda yüksəkixtisaslı mütəxəssislər, xüsusən, milli hərbi kadrlar hazırlanmasaydı, elmi-tədqiqat institutlarında fundamental elmin inkişafı təmin olunmasaydı, Azərbaycan bu gün müasir sivilizasiyaya cavab verən böyük elmi, milli təhsil sistemi və zəngin mədəniyyəti olan ölkəyə çevrilə bilməzdi.
Bunu faktlar da sübuta yetirir. Belə ki, Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci mərhələsində – 1969-82-ci illərdə müxtəlif bölgələrdə 350 mindən çox şagird yeri olan 849 ümumtəhsil məktəbi tikilib istifadəyə verilib. Bu illərdə texniki-peşə təhsili məktəblərinin sayı 76-dan 184-ə, ali məktəblərin sayı 12-dən 17-yə çatdırılıb. Məhz həmin illərdə onlarla gənc SSRİ-nin məşhur ali məktəblərində təhsil almaq hüququ qazanıb. üstəlik, 1969-cu ildən başlayaraq, xaricə təhsil almağa göndərilən gənclərin sayı ildən-ilə artıb. Nəticədə həmin il 47 nəfər xaricdə təhsil almağa göndərilmişdisə, artıq 1975-ci ildə bu rəqəm 14 dəfə artaraq 700 nəfərə çatıb. Sonrakı illərdə hər il 1000-1400 nəfər zəruri ixtisaslar üzrə xaricə təhsil almağa göndərilib. Bu illərdə xaricdə təhsil alan ixtisaslı kadrların sayı 15 mindən artıq olub.
O illərdə fundamental elmi araşdırmalar nəticəsində 2280 elmi, elmi-texniki, xalq təsərrüfatı əhəmiyyətli nəticələr alınıb. Həmin illərdə xeyli elmi-tədqiqat institutları da yaradılıb.
Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Elə ona görə də mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün mümkün olan hər şeyi edirdi.Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər onlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı, Azərbaycan elmi inkişaf edə bilməzdi. Bunlar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazmdır və on illərlə əldə etdiyimiz nailiyyəti heç vaxt unutmamalıyıq”, – deyən ümummilli liderimiz Heydər Əliyev təhsil sahəsində olan boşluqların aradan qaldırılması üçün dərhal təlimatlar verdi. İlk olaraq isə O, hüquqi bazanın möhkəmləndirilməsi yönündə addımlar atdı. Ulu öndərin rəhbərliyi ilə hazırlanmış və ümumxalq səsverməsi – referendum yolu ilə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasında bu sahə üzrə çox mütərəqqi məsələlər təsbit olundu. Buna paralel olaraq, onbirillik icbari təhsilə keçidlə pulsuz ümumi orta təhsilə dövlət təminatı verildi. Bu, təhsilə, təhsilli insana dahi liderin qiyməti idi. Sonrakı prosesdə təhsil işçilərinin sosial vəziyyətini gücləndirməyə yönələn addımlar atıldı. 1997-ci ildə AMEA-ya ayrılan vəsait artırıldı, işçilərinin məvacibi 50 faiz, rütbə məvacibi iki dəfə qalxdı.
Bundan başqa “Dövlət dilinin tətbiqinin təkmilləşdirilməsi haqqında” 2001-ci ildə imzaladığı Fərman, 2002-ci ildə Prezident yanında Dövlət Dil Komissiyasının yaradılması Ulu öndər Heydər Əliyevin dövlət dilinə diqqətinin nəticəsi idi. Ölkədə bütün yazışma və nəşrlərin latın qrafikasına keçilməsi və həmin tarixin ölkəmizdə “Azərbaycan əlifbası və Azərbaycan dili günü” kimi qeyd edilməsi də Ulu öndərin adı ilə bağlıdır.ümummilli lider Heydər Əliyevin “Təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında” 1998-ci il Sərəncamı ilə təhsildə islahatların yeni mərhələsinə start verildi. Bir il sonra “Təhsil sahəsində İslahat Proqramı” qəbul edildi. Azərbaycan Avropa, Cənub-Şərqi Asiya regionları və YUNESKO-nun Avropa Şurası ilə birlikdə hazırladığı təhsil sənədləri, diplomlar və elmi dərəcələrin qarşılıqlı tanınması haqqında konvensiyalara qoşuldu.
Artıq təhsil sistemində ayrı-ayrı istiqamətlər üzrə 14 inkişaf proqramı təsdiq edilib. Məktəblilərin pulsuz dərsliklə təmin olunması siyasətinin bünövrəsi məhz o dövrdən qoyulub. Elə məktəb tikintisi ilə bağlı proses də bu dövrdə yenidən canlandı. Statistikaya nəzər salsaq, görərik ki, 1993-2002-ci illər ərzində ümumilikdə 137 yeni ümumtəhsil məktəbi üçün bina tikilib. Müstəqilliyini yenicə qazanan bir ölkədə bu, əslində, o qədər də asan olmayıb…
Həmin dövrdə tələbatın cəmi 10 faizini təşkil edən 137 məktəb əslində böyük işlərin başlanğıcı idi. “Məktəb tikintisinə dair Dövlət Proqramı” nın qəbul edilməsindən sonra məktəb tikintisi daha intensiv xarakter aldı. İndi bu istiqamətdə əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan fəaliyyət Onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda müxtəlif yeni müasir tipli məktəblərin tikintisi geniş vüsət alıb. Bir tərəfdən bu, təhsilə dövlət qayğısının göstəricisidirsə, digər tərəfdən şagirdlərin məktəbə, dərsə, biliyə olan münasibətini formalaşdırır. Hazırda Azərbaycanda 4 min 500-dən artıq məktəb var. Onların yarısı son 5-6 ildə tikilib. Dövlətin hər il ayırdığı investisiya hesabına bir çox köhnə məktəb binaları yeniləri ilə əvəzlənib, şagird sıxlığı olan məktəblərdə korpuslar tikilib, əhali sıxlığı müşahidə edilən ərazilərdə isə ikinci məktəb açılıb. Bu isə onu deməyə əsas verir ki, təhsil sahəsində əsası ümummilli liderimiz tərəfindən qoyulmuş islahatlar bu gün Ali baş Komandanımız İlham Əliyev layiqincə davam etdirir.İşğaldan azad edilmiş ərazilərdə təhsil sahəsinin inkişafı sürətlə davam edir. Bu proses ölkənin maarifçilik strategiyasının mühüm hissəsini təşkil edir.Bu yalnız şəhər məktəbləri ilə məhdudlaşmayacaq — kənd yerlərində də yeni məktəblərin tikintisi həyata keçiriləcək. Bu da bölgənin təhsil imkanlarını genişləndirərək gənc nəslin keyfiyyətli təhsil almasına töhfə verəcək.İlham Əliyevin müəllifi olduğu Böyük Qayıdış konsepsiyasında işğaldan azad olunmuş ərazilərdə təhsilin bütün pillələrinin inkişaf etdirilməsi və yeni təhsil infrastrukturunun qurulması xüsusi yer tutur. Biz artıq görülən işlərin nəticələrini müşahidə edirik.Biz növbəti illərdə və yaxın perspektivdə — yeni məktəbəqədər təhsil müəssisələrinin, orta ixtisas və peşə təhsil mərkəzlərinin, ali təhsil müəssisələrinin filiallarının və yeni ali təhsil ocaqlarının bu bölgələrdə yaradılmasının şahidi olacağıq. Görülən işlər deməyə əsas verir ki, işğaldan azad edilmiş ərazilərimiz dünyanın ən gözəl, ən inkişaf etmiş və ən güclü təhsil sisteminə malik bölgələrindən birinə çevriləcək. Bu gün sevindirici haldır ki,Qarabağ Universiteti tələbələrin ixtiyarına verilib, yüksək ixtisaslı kadrların yetişdirilməsi üçün qapılarını gələcək nəsillərin üzünə açıq elan edilib.3 tədris binasından ibarət olan Qarabağ Universiteti Əsas tədris binasında Pedaqoji, Mühəndislik, Humanitar və sosial elmlər, İqtisadiyyat və Turizm fakültələri, 2-ci tədris binasında İncəsənət fakültəsi, 3-cü tədris binasında isə Beynəlxalq dil mərkəzi fəaliyyət göstərir.
Tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsi üçün ilk tədris ilinin müvafiq ehtiyacları nəzərə alınmaqla universitetdə 6 (Fizika, Kimya, Mexatronika, Robototexnika, Kompüter və qrafiki dizayn, Kompüter və proqramlaşdırma) laboratoriya yaradılıb.
Müasir standartlara uyğun şəkildə dizayn edilmiş universitet kitabxanasının xidmətlərindən eyni vaxtda 200 tələbə istifadə edə bilər. Kitabxananın fondunda Azərbaycan, ingilis və rus dillərində 6 mindən çox dərslik və digər ədəbiyyat mövcuddur. Burada tələbələr “Elektron kitabxana” sisteminin geniş imkanlarından faydalana biləcəklər.Qarabağ Universitetində kadr hazırlığı 6 fakültədə – Pedaqoji, İncəsənət, Humanitar və sosial elmlər, İqtisadiyyat, Hüquq ,Mühəndislik və Turizm fakültələrində aparılıb.
Dəyərli prezidentimiz İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan xalqının xilaskarı oldu və dövlətinin memarı Ulu Öndər Heydər Əliyevin nəsihəti yerinə yetirildi.
Heydər Əliyev respublikamızın həyatının bütün sahələrində olduğu kimi, mədəniyyət, mədəni irsin qorunması sahəsində də böyük uğurlara imza atmışdır. Azərbaycan xalqının mədəni-tarixi dəyərlərinə, mədəni irsinə layiqli qiymət verilməsi, onun inkişafı üçün şəraitin yaradılması məhz Heydər Əliyevin adı ilə bağlıdır.
Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Musiqimiz də, teatrımız da, kino sənətimiz də, heykəltaraşlıq və rəssamlığımız da, xalça sənətimiz də bugünkü inkişafında ulu öndərin çox dəyərli ideyalarından bəhrələnib.
Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı.Heydər Əliyev bəstəkarların, kinematoqrafçıların, teatr xadimlərinin, rəssamların qurultaylarında, konfranslarında iştirak edir, dərin, məzmunlu nitqi iştirakçıların alqışları ilə qarşılanardı. Onun hər çıxışı mədəniyyətin bir sahəsinin gələcək inkişaf proqramına çevrilərdi. Hansı sahədən danışırdısa, elə hiss edirdin ki, bu sahənin mütəxəssisi, bilicisidir. Heydər Əliyev özü də incəsənət meyilli şəxsiyyət idi. Ulu öndərimiz bütün ömrünü, mübarizəsini, bir sözlə, fədakar fəaliyyətini Azərbaycanın siyasi, iqtisadi, mədəni həyatının inkişafına sərf etmiş, respublikamızın beynəlxalq aləmdə geniş miqyasda tanınması üçün əlindən gələni əsirgəməmişdir. Ümummilli liderimizin xüsusi diqqət yetirdiyi sahələrdən biri Azərbaycanın mədəniyyəti və incəsənəti olmuşdur.Heydər Əliyev mədəniyyət və incəsənətin bütün sahələrinə dərindən bələd olan nadir bir şəxsiyyət idi. Söhbət rəssamlıqdan gedirsə, ümummilli liderimiz sənətşünas, musiqi sahəsində musiqişünas, teatr aləmində teatrşünas, ədəbiyyatdan söhbət gedirsə, bir filoloq kimi mühakimə yürüdür, maraqlı fikirlər söyləyirdi.
Azərbaycan mədəniyyətinin görkəmli xadimləri heç zaman Heydər Əliyev dövründə olduğu qədər tanınmamışlar. Heydər Əliyev mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, onların daim qayğısını çəkirdi. Belə sənətkarları sadalamaqla qurtaran deyil. Azərbaycanın müqtədir sənətkarları sovet dövründə məhz Heydər Əliyevin qayğısı sayəsində SSRİ-nin Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri ad almışlar. Azərbaycana sovetlər dönəmində rəhbərlik etdiyi 14 il ərzində yüzilliklər boyu əldə edilməsi mümkün olmayan nailiyyətləri gerçəkləşdirməyi bacaran Heydər Əliyevə bütün bunları həyata keçirməyə onun Vətənə, xalqa, torpağa hədsiz məhəbbət və sədaqət hissi, qurub-yaratmaq amalı kömək etmişdir.
“Bizim ziyalıların, mədəniyyət xadimlərinin, elm xadimlərinin cəmiyyətdəki hörmətini qaldırmaq lazımdır. Çünki xalq həmişə öz ziyalıları, öz mədəni irsi, öz elmi ilə tanınır. Şübhəsiz ki, xalqın tarixində sərkərdələrin də, siyasətçilərin də, böyük rolu vardır. Ancaq xalq həmişə mədəniyyəti, elmi ilə tanınıb və keçmiş tariximiz də bunu sübut edir”,– deyən Heydər Əliyev 70-ci illərdə Azərbaycan paytaxtında və digər şəhər və rayonlarımızda tanınmış mədəniyyət, ədəbiyyat və elm xadimlərinin abidəsinin ucaldılmasına nail olurdu. Böyük öndərin həmin siyasətinin nəticəsi idi ki, o illərdə Nəriman Nərimanovun, İmadəddin Nəsiminin, Cəfər Cabbarlının, Hüseyn Cavidin, Mehdi Hüseynzadənin, Səttar Bəhlulzadənin və başqa görkəmli soydaşlarımızın abidəsi qoyulmuşdu. 1976-cı ildə Şuşanın sosial-iqtisadi inkişafı haqqında qərar qəbul ediləndən sonra bu şəhərdə Xan qızı Natəvanın abidəsi ucaldıldı. Bu illərdə Bakıda və başqa şəhərlərdə çoxlu sayda tarix-diyarşünaslıq muzeyləri, Səməd Vurğunun, Cəfər Cabbarlının, Üzeyir Hacıbəyovun, Bülbülün ev-muzeyləri yaradıldı. Məxsusi bir qərarla repressiya qurbanlarının – əvvəl Mikayıl Müşfiq və Hüseyn Cavidin ev-muzeyləri açıldı.
Sonradan Moskvada fəaliyyət göstərdiyi dövrdə də Heydər Əliyev doğma Azərbaycanını və millətini unutmamış, ölkəmizin inkişafı və çiçəklənməsi, əhalisinin rifah halının daha da yüksəlməsi üçün əlindən gələni əsirgəməmişdi. O dövrdə Azərbaycan mədəniyyətinin də inkişafı heç təsadüfü olmamışdır. Belə ki, keçmiş SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyərkən, Sovet İttifaqının mədəniyyət üzrə bütün müəssisə və təşkilatlarına rəhbərlik edərkən Heydər Əliyev Azərbaycanın ümumittifaq və ümumdünya mədəni məkanına cəlb olunmasına çalışır, ədəbiyyatımızı, incəsənətimizi geniş təbliğ edir, dünyanı Azərbaycana, Azərbaycanı dünyaya tanıdırdı. Heydər Əliyev bəstəkarların, kinematoqrafçıların, teatr xadimlərinin, rəssamların qurultaylarında, konfranslarında iştirak edir, dərin, məzmunlu nitqi iştirakçıların alqışları ilə qarşılanırdı. Onun hər çıxışı mədəniyyətin bir sahəsinin gələcək inkişaf proqramına çevrilirdi.Ulu öndərin hakimiyyəti illərində muzey və kitabxana işi, rəssamlıq, heykəltəraşlıq və memarlıq sənəti sürətlə inkişaf etmişdir. Bakıda ucaldılmış çox dəyərli heykəllər, inşa edilmiş müasir və klassik ənənələri birləşdirən əzəmətli binalar xalqımızın milli sərvətinə çevrilmişdir. Bakımız gözəlləşmiş, yeni görünüş almışdır. Elə regionlarımızda da mədəniyyətin inkişafı diqqətdən yayınmamışdır.
Azərbaycanın qədim şəhərsalma ənənələrini özündə ehtiva edən İçərişəhərin Şirvanşahlar Saray Kompleksi ilə birgə UNESCO-nun Maddi İrs Siyahısına daxil edilməsi böyük tarixi hadisə idi.
Ümummilli lider Heydər Əliyev deyirdi: Böyük iftixar hissi ilə deyə bilərəm ki, XX əsrdə Azərbaycan rəssamlıq məktəbi, Azərbaycan rəssamları dünya miqyasında görkəmli yer tutmuşlar. Bunu bütün dünya rəssamlarının işləri ilə tanış olan bir adam kimi, onlarla müqayisə edərək tam əsaslı deyə bilərəm. Biz bununla fəxr edirik. Bütün rəssamlarımızın əsərlərinə qayğı ilə yanaşmalıyıq və gözəl əsərlər yaratmalarına şərait təmin etməliyik Ümumiyyətlə Rəssamlar ümummilli liderimiz Heydər Əliyevi özlərinə daha yaxın hesab edirdilər. Görünür, Heydər Əliyevin Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil alması (1939-1941) bunu deməyə əsas verir. Ulu öndər rəssamların yaradıcılıq şəraitinin yaxşılaşdırılması barədə düşünürdü. Müdrik dövlət rəhbəri əllinci illərin sonlarında paytaxtın İnşaatçılar prospektində tikilən “Rəssamlar evi”ndəki emalatxanaların yaradıcılara azlıq etməsindən də yaxşı xəbərdar idi. Odur ki, bu işi genişləndirməyə qərar verdi. Bundan sonra Əhmədli yaşayış massivində, 4-cü mikrorayonda emalarxanalar üçün iki beşmərtəbəli dörd bloklu xüsusi bina inşa olunub rəssamların ixtiyarına verildi. İndi bu binalarda 300-dək rəssam və heykəltəraş yaradıcılıqla məşğuldur. Müstəqillik illərində isə Prezident Heydər Əliyev həmin emalatxanaların pulsuz olaraq rəssamların mülkiyyətinə verilməsi üçün sərəncam imzaladı. Bu, heç şübhəsiz, ölkə başçısının yaradıcı insanlara böyük qayğısının təzahürü idi. Rəssamların yeni nəslinin yetişdirilməsi ulu öndərin diqqət mərkəzində olan məsələlərdən idi. Bakıda Rəssamlıq Kolleci və Mədəniyyət və İncəsənət Universiteti mövcud olsa da, o, uzun illər idi ki, paytaxtda gənclərə akademik vərdişləri aşılayan ali təhsil ocağının açılmasını arzulayırdı. Nəhayət, bu istəyini 2000-ci ildə gerçəkləşdirə bildi. Həmin ildən fəaliyyətə başlayan Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ötən bu müddətdə yetişdirdiyi istedadlı tələbələrlə yaradıcı nəsillər arasında mənəvi körpünün artıq arzulanan səviyyədə möhkəmləndirildiyini nümayiş etdirməkdədir.
17 dekabr 1994-cü ildə böyük Azərbaycan rəssamı Səttar Bəhlulzadənin anadan olmasının 85 illiyinə həsr olunmuş sərginin açılışında Ulu Öndər Heydər Əliyev çıxış edərək deyib: “Səttar Bəhlulzadənin yaradıcılığı bizim üçün mənəviyyat mənbəyidir. Xalqımızın mədəniyyətinin, rəssamlıq məktəbinin professional səviyyəsinin nə qədər yüksək olduğunu bütün dünyaya göstərir. Eyni zamanda xalqımızın rəssamlıq məktəbinin yeni, orijinal üslubda əsərlər yaratmağa qadir olduğunu sübut edir. Bu, bizim fəxrimizdir. Bu, xalqımızın gələcəyi üçün, mədəniyyətimizin inkişafı üçün böyük bir əsasdır”
Heydər Əliyevin mədəniyyət siyasəti bu gün hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2003-cü ildən sonra Azərbaycanda Heydər Əliyevin mədəniyyətimizin inkişafı ilə bağlı ideyaları davamlı olaraq həyata keçirilir. Azərbaycanda mədəniyyətin müxtəlif sahələri – teatr, kino, kitabxana və muzey işinin inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları ölkəmizdə mədəniyyətin tərəqqisinə yeni stimul yaratmışdır.
Bu gün mədəniyyət obyektləri təmir olunur, yeniləri inşa edilir. Bakıda təmir olunmamış teatr binası qalmamışdır. Bakının 2009-cu ildə “İslam Mədəniyyətinin paytaxtı” elan edilməsi Azərbaycan mədəniyyətinin dünyaya inteqrasiyası istiqamətində çox önəmli bir hadisə idi. Bakıda ənənəvi keçirilən mədəniyyətlərarası dialoq forumları, humanitar forumlar, BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu Azərbaycan mədəniyyətinin dünyaya inteqrasiyası sahəsində olduqca əhəmiyyətli tədbirlərdir. Bütün bunlar ulu öndərin mədəniyyət siyasəti konsepsiyasının tərkib hissəsidir.
Heydər Əliyevin mədəniyyət siyasətinin reallaşması işində bu gün ulu öndərin adını şərəflə daşıyan fondun böyük xidmətləri vardır. Milli-mənəvi dəyərlərimizə qayğı, onların qorunması və təbliğində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir. Fondun muğam sənətimizin inkişafına, Azərbaycan mədəniyyətinin dünyada tanınmasına, milli-mənəvi dəyərlərimizin təbliğinə həsr etdiyi davamlı tədbirlər olduqca əhəmiyyətlidir.Heydər Əliyev Fondu Azərbaycanı mədəniyyətlərarası dialoq-barış məkanına çevirib. Mədəniyyətin inkişafı, dünyaya inteqrasiya etməsi, mədəniyyətə qayğı Heydər Əliyev Fondunun milli-mənəvi irsə necə böyük həssaslıqla yanaşdığını göstərir. Xüsusilə Azərbaycan muğamının dünyada tanınmasında fondun fəaliyyəti yüksək dəyərlərə layiqdir. 2005-ci ildən başlayaraq xalqımızın musiqi incilərindən olan muğamın inkişafı və təbliği ilə bağlı mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirildi. Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə görkəmli muğam ustaları dəvət olunmaqla “dəyirmi masa” keçirildi və burada qərara alındı ki, Bakı şəhərində Beynəlxalq Muğam Mərkəzi yaradılsın. Bir müddət sonra Beynəlxalq Muğam Mərkəzinin təntənəli açılışı oldu. Muğam sənətinin inkişafı və qorunması istiqamətində atılan növbəti addım “Qarabağ xanəndələri” musiqi albomunun nəfis şəkildə buraxılması oldu. Fondun təşəbbüsü ilə keçirilən “Muğam dünyası” Beynəlxalq Festivalda isə dünyanın muğam biliciləri Azərbaycana toplaşaraq muğamın qorunub saxlanılması və inkişaf etdirilməsi barədə fikir mübadiləsi apardılar. Milli sərvətimiz, mənəvi dəyərlərimizin daşıyıcısı olan muğamın təbliğində Heydər Əliyev Fondunun başladığı işlərin bəhrəsi olaraq mədəniyyətlərarası dialoq start götürdü. Beynəlxalq elmi simpoziumda və Beynəlxalq Muğam müsabiqəsində İran, Suriya, İraq, Mərakeş, Özbəkistan, Tacikistan, Qazaxıstan, Misir, Türkiyə, Almaniya və başqa ölkələrin muğam ustaları bir araya gələrək doğma respublikamızın paytaxtı Bakını muğam sənətinin tarixində yeni bir mərhələnin başlanğıcının yazıldığı məkana çevirdilər.
Bizim təhsilimiz ,mədəniyyətimiz , incəsənətimiz, ədəbiyyatımız ,mətbəximiz adət ənənələrimiz xalqımızın milli sərvətidir və intellektual mülkiyyətidir, bunu qoruyub, böyük şövqlə gələcək nəsillərə ötürmək üçün əlimizdən gələni etməliyik.
AMİDTV.AZ
Təranə Əhmədova Yeni Azərbaycan Partiyasının üzvü (YAP Yasamal Rayon Təşkilatı)
Bakı Dövlət Universitetinin nəzdində “Gənc İstedadlar “ liseyinin təsviri-incəsənət müəllimi
Azərbaycan Rəssamlar İttifaqının üzvü

