Müasir Azərbaycanın elm və təhsilinin yorulmaz fədaisi, təəssübkeşi və himayədarı olan Heydər Əliyev

0

Tarixdə belə bir anlam var – millətin və xalqın mənafeyinin qorunmasında müstəqil dövlətin müstəsna əhəmiyyəti var. Belə bir müstəqil dövləti bizlərə bəxş edən Ulu Öndər heydər Əliyevdir .Bir əsrdə iki dəfə müstəqilləşməyi bacaran xalqımız dünya miqyasında qiptə olunan dahi şəxsiyyəti – Ümummilli Lider Heydər Əliyev sayəsində sözün əsil mənasında tarix yazmağı bacardı. 1993-cü ildə xalqın təkidi və tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi bizi məhv olmaq təhlükəsindən xilas etdi.Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.
Müstəqil Azərbaycan dövlətinin memarı olan Ulu Öndər Heydər Əliyev dövlətimizin əsasını qoyduğu zaman bütün istiqamətlərdə möhkəm və etibarlı təməl, bünövrə yaratdı. Bütün bunlarla yanaşı gələcək inkişafımız üçün uğurlu konsepsiyalar hazırladı. Çünki, böyük lider Azərbaycanın işıqlı sabahına bütün varlığı ilə inanırdı. “Azərbaycan dünyaya Günəş kimi doğacaqdır” ifadəsi dövlətimizin bu günkü tərəqqisini və inkişafını əvvəlcədən görən böyük şəxsiyyətin uzaqgörən siyasətinin və dünyagörüşünün məhsuludur.“Ulu Öndər Heydər Əliyev fəlsəfəsinin əsas prinsiplərindən biri onun təhsilin və insan kapitalının inkişafının vacibliyinə inamı idi. Müasir azərbaycançılığa baxışı ölkənin parlaq və firavan gələcəyinə baxış idi. O, Azərbaycan gənclərinin tərəqqi və inkişafın hərəkətverici qüvvəsi olduğunu başa düşür, onların böyüməsinə və inkişafına dəstək verəcək dövlət gənclər siyasətinin yaradılması üçün yorulmadan çalışırdı. Ulu Öndər hesab edirdi ki, ölkə gəncləri müasir tendensiyaları mənimsəməklə yanaşı, öz irsi və mədəniyyəti ilə fəxr etməli, adət-ənənələrimizi yaşatmalıdırlar.O, bir ölkənin ən böyük sərvətinin onun insanları olduğunu yaxşı bilirdi və buna görə də Azərbaycanda gənclərin təhsilinə və təliminə sərmayə qoymağı öz əsas missiyalarından birinə çevirmişdi. Hər bir ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni-humantiar həyatında mühüm rola malik potensial qüvvə kimi mühüm yer tutr. Güclü aktiv və avanqard qüvvə kimi gənclər ölkə həyatının bütün sahələrində öncül yer tutmaqla yüksək indikatorlara çatmağa zəmin yaradan zəngin bazadır. Gənclər Azərbaycanın gələcəyidir, inkişafın və modernləşmənin operativ ön cəbhəsidir. Gənclər yeni potensialdır, gücdür, yeniləşmə, müasirləşmə, inkişaf, proqressiya və modernləşmə strategiyasının təməl sütünları deməkdir.Azərbaycanın gələcəyi gənclərin əlindədir. Həyatı boyu, respublikaya rəhbərliyinin bütün dövrlərində ulu öndər sağlam, normal gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xidmət edirdi. Ulu öndərin ən böyük xidmətlərindən biri də o idi ki, gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Dahi şəxsiyyət gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi.
Gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var. Ulu Öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu. Hələ keçən əsrin 70-80-ci illərində müdrik rəhbərin göstərişi ilə yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin Moskva da daxil olmaqla aparıcı ali məktəblərinə, müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərildi. Təkcə bir faktı xatırlatmaq kifayətdir ki, 1970-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə 1500-dən artıq azərbaycanlı gənc bu qayğı ilə əhatə olundu.
Müasir Azərbaycanın elm və təhsilinin yorulmaz fədaisi, təəssübkeşi və himayədarı olan H.Əliyev 1969-cu ildə Azərbaycan KP MK-nın iyul plenumunda birinci katib seçiləndən sonra milli mənafelərə xidmət göstərmək məqsədilə mövcud rejimin sərt qanunları çərçivəsində Azərbaycanın intibahı və tərəqqisi, elm və təhsil, iqtisadiyyatın yüksəldilməsi yolunda düşünülmüş siyasət yeritməyə başladı. Elm və təhsilin inkişafına diqqət və qayğı artırıldı. O, hakimiyyətə gələn kimi  ilk növbədə təhsil məsələləri ilə məşğul olmağa başladı. Əvvəllər də dövlət işlərində çalışmış H.Əliyevi Azərbaycanda təhsilin, xüsusilə ali təhsilin vəziyyəti daim maraqlandırmışdır.Təhsildə islahatlar dönüş xarakteri aldı, yeni təhsil ocaqlarına tələbələrin göndərilməsi böyük miqyas aldı. 1969-cu ildə 50, 1969-1975-ci illərdə 600, 1977-1978-ci illərdə 800-900 nəfər, ümumi olaraq 1969-1982-ci illərdə 15 mindən çox azərbaycanlı tələbə keçmiş SSRİ-nin qabaqcıl ali təhsil məktəblərinə təhsil almağa göndərilmişdi.

1970-1985-ci illərdə Sovet İttifaqının tanınmış 170 ali təhsil ocağında oxuyan azərbaycanlı gənclərin sayı 3500-ə çatdırıldı. Məhz həmin gənclər sonradan ali təhsilli mütəxəssis kimi ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində bacarıqlı kadr kimi fəaliyyətə başladılar. Hər il təhsil almaq üçün Azərbaycandan kənara 800 tələbə yola salınırdı. Gənclər Sankt-Peterburqda, Kiyevdə, Xarkovda, Minskdə təhsil alırdılar. Onlar Azərbaycan Respublikasının daxil olacağı yeni dövrün problemlərini həll etməli idilər.
1970-1980-ci illərdə respublikada geniş vüsət alan tikinti quruculuq işlərini yüksək ixtisaslı mütəxəssislərlə təmin etmək üçün Azərbaycan İnşaat Mühəndisləri İnstitutu (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) yaradıldı, daha sonra Gəncədə Azərbaycan Texnologiya İnstitutu (hazırkı Azərbaycan Texnologiya Universiteti), Gəncə Pedaqoji İnstitutu, Azərbaycan Pedaqjoi Rus dili və Ədəbiyyatı İnstitutu (hazırkı Bakı Slavyan Universiteti), N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu, C.Naxçıvanski adına Hərbi Məktəb, BDU-nun şərqşünaslıq fakültosinin bina və tədris korpusları tikilib istifadəyə verilmişdir. Ümumiyyətlə, 1970-1982-ci illərdə Azərbaycanda beş yeni ali məktəb yaradılmış, çoxlu ixtisaslar, kafedralar, problem laboratoriyaları açılmışdır. Əgər 1960-cı illərin sonunda respublikada 12 ali məktəb, bunlarda 105 fakültə, 450 kafedra mövcud idisə və 139 ixtisas üzrə kadr hazırlığı aparılırdısa, 1982-ci ildə artıq 136 fakültəni və 530 kafedranı birləşdirən 17 ali təhsil müəssisəsi fəaliyyət göstərirdi ki, bütün bu uğurlar H.Əliyevin ali təhsilin inkişafina, respublikanın milli kadr potensialının gücləndirilməsinə vətəndaş qayğısının nəticəsində mümkün olmuşdur.
1970-1980-ci illərdə Azərbaycanda 300 mindən çox şagird yeri olan 849 ümumtəhsil məktəbi tikilib istifadayə verildi. Tədricən 8 illik təhsildən 10 illik təhsilə keçid üçün zəmin yaradıldı.     1972-ci il avqustun 10-da “Ümumi icbari təhsilə keçidin başa çatdırılması haqqında” xüsusi qərar qəbul edildi. Qərara əsasən orta məktəblər şəbəkəsinin genişləndirilməsi, yüksək ixtisaslı müəllimlərin sayının artırılması, təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi və s. məsələlərin həlli öz əksini tapdı. Gənclərin orta təhsillə tam əhatə olunması, məktəblərin şəbəkəsinin genişləndirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, məktəb binalarının tikintisi və təmiri məsələlərinə ciddi nəzarət edildi, məktəb binalarının digər müəssis və idarələrə verilməsi qadağan edildi. Nəticədə orta təhsil alan uşaqların sayı 1980-ci ildə 710 minə qədər artdı.
2002-ci il oktyabrın 4-də ölkə başçısının imzaladığı “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərınin müvafiq texniki bazasının möhkəmləndirilməsi haqqında” sərəncamı milli elm və təhsil sisteminin inkişafında vacib amillərdən biri kimi qiymətləndirilir. Bu sərəncam ümumtəhsil məktəbləri şəbəkəsinin genişləndirilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə etibarlı zəmin yaratmışdır. “Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair proqramın (2003-2007-ci illər) təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 fevral 2003-cü il tarixli sərəncamı da ölkədə bu sahədə yaranmış problemlərin aradan qaldırılması yönümündə müstəsna əhəmiyyətə malik dövlət sənədi olmuşdur.

Qeyd olunduğu kimi, ulu öndərin təhsil siyasəti konsepsiyasına əsaslanaraq demək olar ki, elm və təhsil iki müstəqil sahəni ehtiva etsə də onların birini digərindən təcrid etmək mümkün deyildir və bu baxımdan elm-təhsil problemlərinə kompleks şəkildə yanaşılmışdır. Hər iki istiqamət ümumi dövlət siyasətinin tərkib hissələrindən olduğundan və strateji mahiyyət daşıdığından onların inteqrasiyası da labüddür. Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövrünə nəzər yetirsək, görərik ki, elm ilə təhsilin inteqrasiyası istiqamətində də çox önəmli işlər görülmüşdür. Əslində, bu iki müstəqil sistemin həmişə qarşılıqlı əlaqəli şəkildə inkişafı labüddür. Çünki elmin təhsilsiz, təhsilin isə elmsiz mövcudluğu qeyri-mümkündür.
Ulu öndər Heydər Əliyev üçün gənclik amili milli şüurun və yaddaşın keşiyində ayıq-sayıq dayanmaq amalı qədər əhəmiyyətli idi. Gəncliyin milli tarixdə və taledə tutduğu yerə, çəkiyə elm-dövlət nisbətində, yaddaş-məfkurəçilik istiqamətində heç kəs Heydər Əliyev qədər aydın mövqe təsnifi, rol bölgüsü və modeli təqdim etməyib. Gənclər siyasəti və sevgisi konsepsiya olaraq bu tamlıqda və bütövlükdə öz ifadəsini məhz Heydər Əliyevin əməlində və işində tapır. Əslində, bu gün müasir Azərbaycanda müstəqilliyin də, sabit dövlətçiliyin də, yaddaşda və əxlaqda suverenliyin də təməl məqamı bu konsepsiyadır.
Heydər Əliyevin elm, sənət, ədəbiyyat adamlarına verdiyi dərin qiymət yaxın tariximizin tərcümeyi-halının ən qürurlu səhifələrindən biridir. Bu, həm də azərbaycançılıq ideyasının geniş miqyasda yayılmasına və dərindən mənimsədilməsinə uğurlu xidmətdir. Ulu öndər deyirdi ki, xalq gərək daim öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, elmindən heç vaxt ayrılmasın. İndiki nəsil tariximizin nə qədər zəngin olduğunu və Azərbaycan xalqının dünya mədəniyyətinə neçə töhfələr verdiyini dərk etməli, milli iftixar, vətənpərvərlik hisslərini daha da yüksəltməlidir.
Heç də təsadüfi deyil ki, Heydər Əliyev 2001–2003-cü illərdə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi”, “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi”, “Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikası qanununun tətbiq edilməsi haqqında” fərmanlar vermişdir. Ulu öndər demişdir: “Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik”. 269 saylı R.Məmmədov adına Tam orta məktəbin direktoru Aygün Əzizova Ələfsər qızı Ulu Öndər Heydər Əliyev haqqında xatirələrini bölüşüb bildirdi ki, 2002 ki il 2 sentyabrda 275 saylı Tam Orta məktəbinin açılışında iştirak edən zaman Ulu Öndər gözləmədiyimiz bir anda ,İnformatika dərsini tədris edən zaman Ulu Öndər Heydər Əliyev sinifə daxil oldu . Uşaqların sevincləri gözlərindən oxunurdu.Heydər Əlirza oğlu Əliyev hər uşaqla ayrı ayrı maraqlanıb, gələcəkdə uğurların açarının təhsil sahəsindən keçdiyini bildirdi. Bizim üçün bu görüş unudulmaz xatirəyə çevrildi. Bu gün məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb. Artıq ölkəmiz kifayət qədər inkişaf edib. Biz artıq ən mühüm, strateji beynəlxalq tədbirlərin iştirakçısından təşkilatçısına çevrilmişik. Ölkəmizin iqtisasi və siyasi gücü günü-gündən artmaqdadır. Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı ictimai-siyasi qüvvə olan gənclər tarixi uğurlar qazanmaqla öz ölkəsinin müstəqilliyinin qurulması və möhkəmləndirilməsi prosesində, dövlətçiliyin inkişafında fəal iştirak ediblər. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini toplamalı, vətənin inkişafı üçün səylə çalışacaq və onlara olan ümidləri doğruldacaqlar.

AMİDTV.AZ

Aygün Əzizova Ələfsər qızı 269 saylı R.Məmmədov adına Tam Orta Məktəbin Direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir