Hərbi təcavüzün kulminasiya nöqtəsi olan ,tarixdə analoqu olmayan Xocalı soyqırımı

0


Tarixi Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafa başladığı ən qədim yaşayış məskənidir. Azərbaycan xalqı zəngin və özünəməxsus mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaratmışdır. Yerli və xarici alimlər, etnoqraflar tədqiqatlarında bildirmişlər ki, Azərbaycan tarixinin öyrənilməsində Xocalı mədəniyyətinin tədqiqi mühüm əhəmiyyətə malikdir. Xocalı başdan-başa tarixi-memarlıq abidələri diyarıdır. Buna misal olaraq miladdan əvvəl XIII-VII əsrlərə aid Xocalı-Gədəbəy mədəniyyət abidələrini, son Tunc və ilk Dəmir dövrlərinə aid Nekropolu, Kurqan çölünü, eramızın IV-VII əsrlərinə aid kilsələri, XIV əsrə aid Xocalıda Hacı Əli günbəzini, 1356-cı ildə inşa olunmuş dairəvi türbəni, XVIII əsrdə tikilmiş Əsgəran qalasını və onlarca başqalarını göstərmək olar.

Azərbaycanda Kiçik Qafqaz dağ və dağətəyi rayonlarında, Kür-Araz çayları arasında son Tunc və ilk Dəmir dövrlərinə aid arxeoloji mədəniyyət Xocalı-Gədəbəy mədəniyyəti abidələri adlandırılır. Xocalı-Gədəbəy mədəniyyət abidələri emalatxanalar, qəbirlər və ibadətgahlardan ibarətdir. Mədəniyyətin yayıldığı ərazidə misəritmə kürələri, mis və tunc məmulatları hazırlayan emalatxanaların qalıqları, çaxmaq daşından alət və silahların istehsal tullantıları aşkar edilmişdir. Buradan Neolit dövründə yaşayan insanlara aid əmək alətləri də tapılmışdır. Torpaq, daş qutu qəbirlər və kurqanlarda ölülər bükülü, uzadılmış, oturdulmuş vəziyyətdə dəfn olunmuşdur. Qəbirlərin keramikası demək olar ki, eynidir. Qəbirlərdən tunc, qılınc, təbərzin, toppuz, ox, yaba, xəncər, nizə ucluğu, bardak, qazan, cilov, bilərzik, üzük, sümükdən hazırlanmış bəzək əşyaları, gildən və daşdan hazırlanmış müxtəlif məmulatlar aşkar edilmişdir.

Bu faktlar sübüt edir ki, Xocalı Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Keçmiş SSRİ-nin tanınmış etnoqraf alimləri və yerli etnoqraflar qədim dövrə aid abidələri daha çox Xocalı və Xankəndi yaxınlığında apardıqları tədqiqatlar zamanı tapmışlar. Onlar arxeoloji qazıntılar zamanı kurqanlara, qəbir daşlarına və müxtəlif yaşayış məskənlərinə rast gəliblər. Qədim Xocalı qəbiristanlığındakı 11 saylı kurqandan tapılan muncuqlar, üzərində eramızdan əvvəl 1307-1275-ci illərdə Assuriya çarı Adadnirariyə aid mixi yazılar, eləcə də müxtəlif çeşidli bəzək əşyaları, saxsı qablar, şüşə muncuqlar yerli sakinlərin Şərq ölkələri ilə geniş iqtisadi-mədəni əlaqələrindən xəbər verir. Azərbaycanın Kiçik Qafqaz dağ və dağətəyi ərazilərində eramızdan əvvəl XIII-VII əsrlərdə yayılmış arxeoloji mədəniyyət ilk dəfə Xocalı yaşayış məskənində və Gədəbəy rayonunda tətbiq olunduğundan bu abidələr Xocalı-Gədəbəy mədəniyyəti nümunələri adlandırılır. Alimlər sübut ediblər ki, Xocalı-Gədəbəy mədəniyyəti son Tunc və erkən Dəmir dövrlərinin xarakterik xüsusiyyətlərini özündə cəmləşdirir. Qəbirlərdən tunc, qılınc, nizə ucluğu, silahlar, ox, yaba, təbərzin, toppuz, bilərzik, sümükdən hazırlanmış bəzək əşyaları, gildən və daşdan hazırlanmış müxtəlif əşyalar aşkar edilmişdir. Aparılan toponomik araşdırmalar göstərir ki, xalqımızın uzaq keçmişindən tutmuş bu gününədək olan məşğuliyyəti Xocalı toponomiyasında da öz əksini tapmışdır.

İ.M.Dyakonov, M.Kalankatlı və M.Xorenli öz əsərlərində Qafqaz Albaniyasının Xocalı rayonu ərazisinə aid Qarqar düzünü Qafqaz tayfalarından olan Qarqarların adı ilə bağlayırlar. Onlar alban əlifbasının qarqarların dili əsasında tərtib olunduğu ehtimalını da irəli sürüblər. Hazırda Qarqar Xocalıda yerləşən dağ silsiləsidir. Qafqaz Albaniyası dövrünü tədqiq edən alimlərdən K.V.Trever III əsrdə Albaniyada Qarqar düzü adlı yerin olduğunu söyləyib. Adı Qafqaz Albaniyasının Qarqar tayfasından götürülmüş Qarqar çayı Şuşa, Xocalı, Ağdam, Ağcabədi rayonları ərazisində, Kür çayının hövzəsindədir. Ətraf rayonlar bu çaydan suvarmada geniş istifadə edirdi. Qarqar düzü və Qarqar dağ silsiləsi adlanan ərazi də Xocalı rayonunun ərazisində yerləşən dağ silsiləsidir və Qafqaz tayfalarından olan qarqarların adı ilə bağlıdır. Qarqarlar, utilər, albanlar və digər türkdilli xalqlarla birgə Qarabağın qədim sakinləri hesab olunurlar. Yunan coğrafiyaşünas alimi Strabon qarqarların Şimali Qafqazda yaşadıqlarını göstərmişdir. Heç bir alim və tədqiqatçı, hətta tarixin atası hesab olunan Heredot, coğrafiyaşünas Strabon, M.Kalankatlı belə Qarabağ ərazisində erməni toponimini, mədəniyyətini, yaşayış tərzini xatırladan mənbə göstərməyiblər. M.Xorenli və M.Kalankatlı alban əlifbasının qarqarların dili əsasında tərtib olunduğunu etiraf etmişlər. Hətta şərqşünas V.V.Bartold XVIII-XIX əsrə aid mənbələrdə Orta Qazaxıstanda və Tyan-Şanda Qarqar adlı toponimlərin olduğunu deyib. Tarix boyu Azərbaycan xalqının yaratdığı Manna, Midiya, Albaniya və Atropatena dövlətlərinin formalaşmasında və inkişafında Qarqar boylarının böyük rolu olmuşdur.

Xocalı rayonu ərazisindəki Əsgəran qalası XVIII əsrdə Qarqar çayının sağ və sol sahillərində Qarabağ xanı Pənahəli xan tərəfindən tikilib. İki istehkamdan ibarət qala çay daşından inşa olunmuşdur. Yeri gəlmişkən, 1810-cu ildə Rusiya ilə İran arasında sülh danışıqları Əsgəran qalasında aparılmışdır. Əsgəran sözünün mənası “Qədim Aran” deməkdir. Tarixi faktlar sübut edir ki, Xocalı rayonu ərazisi Azərbaycanın ən qədim, qocaman diyarlarından biridir. Aparılan araşdırmalar göstərir ki, xalqımızın uzaq keçmişindən tutmuş bu gününədək olan məşğuliyyəti, sənətkarlığı, dini baxışları, mədəniyyəti Xocalı toponomiyasında öz əksini tapmışdır.

Çox təəssüf ki, Xocalı-Gədəbəy mədəniyyət abidələrinin əksəriyyəti Sankt-Peterburq Antropologiya və Etnoqrafiya Muzeyinə, Moskvanın Tarix Muzeyinə və başqa muzeylərə daşınıb aparılmışdır.

Xocalı rayonu şimaldan və şimal-şərqdən Kəlbəcər və Ağdam rayonları, cənubdan və cənub-şərqdən Şuşa və Xocavənd, qərbdən isə Laçın rayonu ilə həmsərhəddir. Səthi əsasən dağlıq zonadan ibarət, ərazisi 926 kvadrat kilometrdir. Əvvəlki adı Xocalı olmuş, 1930-1978-ci illərdə Stepanakert (Xankəndi), 1978-1991-ci illərdə Əsgəran inzibati ərazisinə aid edilmiş, 1991-ci ildən isə yenidən Xocalı adlandırılmışdır.

Xocalı şəhəri Qarabağ silsiləsinin ətəyində Qarqar, İlis və Xocalı çaylarının qovuşduğu ərazidə, Ağbulaq, Haraguh, Badara, Daşbulaq, Ballıca, Mehdikənd, Naxçıvanik kəndləri əhatəsində, Dağlıq Qarabağın mərkəzi Xankəndi şəhərindən 11 km şimal-şərqdə yerləşir. 1930-cu ildə rayon statusu almışdır. Sonralar Daşbulaq, Meşəli, Yaloba, Cəmilli, Kosalar, Kərkicahan, Başkənd, Pirəməki, Həsənabad, Cavadlar, Qaragav və Canhəsən kimi iri kəndlər də Xocalı rayonunun tərkibinə verilmişdir. Xocalı qəsəbəsi üç hissəyə bölünürdü. Birinci Xocalı çayının sol sahilində, İlis çayının Xocalı çayına qovuşduğu sahənin əmələ gətirdiyi üçbucaqda yerləşən köhnə Xocalı, ikinci Xocalı çayının sağ sahilində köhnə Xocalıdan cənubda XX əsrin əvvəllərində müxtəlif ərazilərdən gələnlər tərəfindən salınmış Qaladərəsi Xocalısı, üçüncüsü Xocalı və Qarqar çayları arasındaki köhnə poçt stansiyası ərazisində 1918-1920-ci illərdə Ermənistandan qovulmuş qaçqınlar tərəfindən salınmış Xocalıdır. Bu şəhər 1905-1906-cı illərdə, 1917-1918-ci illərdə dəfələrlə xəyanətkar ermənilər tərəfindən yandırılıb dağıdılmışdı. 1992-ci ildə işğaldan əvvəl Ermənistandan, Xankəndidən didərgin salınmış soydaşlarımız, Özbəkistanın Fərqanə vilayətindən qaçqın düşən Ahıska türkləri və yüzlərlə məhsəti türkü də Xocalıda məskunlaşmışdı.

1991-ci ildə rayonun əhalisi 7000 nəfərə yaxın idi. İşğaldan bir az öncə şəhər statusu almış Xocalının yeni tikilmiş geniş yaşayış massivləri, şərab və pivə zavodları, məişət xidməti kombinatı, tikinti müəssisəsi, 100 çarpayılıq xəstəxana, 30 məktəb, 36 kitabxana, 13 mədəniyyət evi, 31 klub və başqa məişət obyektləri var idi. Şəhər statusu alandan sonra Xocalı xeyli böyümüş, orada iri yaşayış massivləri tikilmişdi

Xocalı rayonu 1991-ci il noyabr ayının 26-da Əsgəran rayonu bazasında yaradılmışdır. Rayonun ərazisi 1991-1992-ci illərdə erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Sahəsi 0,94 min kv. km, əhalisi 28,8 min nəfərdi (01.01.2020). Xocalı rayonu ilə Bakı arasında olan məsafə 375 kilometrdir. Rayon Laçın, Kəlbəcər, Ağdam, Xocavənd və Şuşa rayonları ilə qonşu idi. Rayonda 1 şəhər, 1 qəsəbə (Əsgəran), 50 kənd olmuşdur. Mərkəzi Xocalı şəhəridir. Kəndləri bunlardır – Almalı, Qarakötük, Ballıca, Xanyurdu, Mehdibəyli, Cəmilli, Çanaqçı, Sığnaq, Dağyurd, Daşbulaq, Badara, Xanyeri, Qayabaşı, Suncinka, Harov, Dağdağan, Xanabad, Ağgədik, Aşağı Qılıçbağ, Kosalar, Başkənd, Canhəsən, Təzəbinə, Qışlaq, Cavadlar, Yalobakənd, Qarabulaq, Dəmirçilər, Quşçubaba, Mədətkənd, Qızıloba, Aşağı Yemişcan, Xaçmaç, Yuxarı Yemişcan, Meşəli, Naxçıvanlı, Ağbulaq, Aranzəmin, Dəhrəz, Pircamal, Pirlər, Daşbaşı, Fərrux, Seyidbəyli, Ulubaba, Şuşakənd, Daşkənd, Muxtar, Sərdarkənd, Şəlvə.

Rayonun ərazisindən uzunluğu 32 km olan birinci kateqoriyalı şose yolu və Bakı-Xankəndi dəmir yolu keçirdi.

İşğala qədər rayonda 56 mədəniyyət müəssisəsi, muzeylər, texnikum, orta məktəblər, səhiyyə müəssisələri, kənd təsərrüfatı və sənaye müəssisələri, aeroport və s. fəaliyyət göstərirdi.

Əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olmuşdur.

“Xocalının səsi” rayon qəzeti 1991-ci ildən nəşr edilir.

Son illərdə baş vermiş hadisələrlə əlaqədar olaraq Fərqanədən (Özbəkistan) qaçqın düşmüş 54 məhsəti-türkü ailəsi, həmçinin Ermənistandan və Xankəndindən qovulmuş azərbaycanlıların bəziləri Xocalı şəhərində məskunlaşmışdılar.

Rayonun ərazisi əsasən dağlıqdır. Ən hündür yüksəkliyi Qızqala və Qırxqızdır (2843 m, 2827 m). Dağlıq ərazilər istisna olmaqla, iqlimi mülayim-istidir. Yüksək dağlıq əraziləri subalp və alp çəmənlərdir. Əsas çayları Badara və Qarqardır. Dağ-meşə və dağ-çəmən torpaqları mövcuddur. Ərazinin 40 %-ə qədəri fısdıq, cökə, ağcaqayın, qaraağac və s. ilə zəngindir.

Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli faciələrdən biri də Xocalı soyqırımıdır. Xocalı faciəsi Xatın, Lidisa, Oradur soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaydır.

Xocalı 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması və nəticədə 40 nəfərin həlakından sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik verilmirdi. Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi əsasən atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstəsi, milis və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu.

Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı.

Və Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrdən biri yarandı. Xocalı soyqırımı… 1992-ci il fevralın 26-da qanunsuz erməni hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərinə girməsi ilə 613 dinc sakin vəhşicəsinə qətil yetirildi, 1000 nəfər müxtəlif  yaşlı sakin aldığı güllə yarasından əlil oldu, 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil.

Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilib. Hücumda həmçinin mayor Ohanyan Seyran Mişeqoviçin komandanlığı altında Sovet ordusunun 366-cı alayının 2-ci batalyonu, Yevgeni Nabokixin komandanlığı altında 3-cü batalyon, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeri İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və giziri iştirak edib (“Xocalının işğalına dair istintaq materiallarından”).

Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb canını qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilib. Rusiyanın “Memorial” hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində yalnız Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilib, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edilib. Ağdamda 181 meyit (13-ü uşaq olmaqla 130 kişi və 51 qadın) məhkəmə-tibbi ekspertizadan keçirilib.

Ekspertiza zamanı müəyyən edilib ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olub, 10 nəfər küt alətlə vurularaq öldürülüb. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə alıb.

Bu vəhşiliklər haqqında xarici mətbuatın yazdıqlarından:

Krua l’Eveneman jurnalı (Paris), 25 fevral 1992-ci il: Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar minlərlə ölənlər barədə xəbər verirlər.

Sandi Tayms qəzeti (London), 1 mart 1992-ci il: Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər.

Faynenşl Tayms qəzeti (London), 9 mart 1992-ci il: Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar.

Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir.

Tayms qəzeti (London), 4 mart 1992-ci il: Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır.

İzvestiya (Moskva), 4 mart 1992-ci il: Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür.

Faynenşl Tayms qəzeti (London), 14 mart 1992-ci il: General Polyakov bildirmişdir ki, 366-cı alayın 103 nəfər erməni hərbiçisi Dağlıq Qarabağda qalmışdır.

Le Mond qəzeti (Paris), 14 mart 1992-ci il: Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır.

İzvestiya (Moskva), 13 mart 1992-ci il: Mayor Leonid Kravets:Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü.

Valer aktuel jurnalı (Paris), 14 mart 1992-ci il: Bu “muxtar regionda” erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları vardır. Ermənilər yüzdən artıq müsəlman kəndlərində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv etmişlər.

R. Patrik, İngiltərənin “Fant men nyus” teleşirkətinin jurnalisti (hadisə yerində olmuşdur):Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz.

Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb. Azərbaycan xalqı tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınların törədilməsi ilə müşayiət olunub. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması Sovet dövründə də davam edib. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilib. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovuldu və bununla da Ermənistan monoetnik dövlətə çevrildi.

1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr, erməni ideoloqların “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.

Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirir. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.

Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi nə idi? Bu, bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən, ümumiyyətlə, Xocalını yer üzündən birdəfəlik silmək məqsədi idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşüb. Xocalının kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsilə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı, dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.

Xocalı soyqırımının epizodları insanı dəhşətə gətirir. Xocalı sakini Əntiqə erməni hərbçilərinin tələb etdiyi “bu yerlər böyük Ermənistanın bir hissəsidir” sözlərini dilinə gətirmədiyinə görə ermənilər tərəfindən diri-diri yandırıldı. Digər Xocalı sakini Səriyyə Talıbova danışırdı ki, “4 məshəti türkü və 3 azərbaycanlının erməni qəbrinin üzərində başını kəsdilər. Sonra daha 2 azərbaycanlının gözlərini çıxartdılar”.

Ermənilər sağ qalmış insanlar üzərində tamamilə təhqiredici hərəkətlər ediblər. Onların başının dərisini soyub, başlarını və bədəninin digər orqanlarını kəsib, uşaqların gözlərini çıxardıb, hamilə qadınların qarnını yarıblar. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi silahlardan istifadə edilib. Bütün bunlar Ermənistanın Cenevrə Konvesiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı soyqırım həyata keçirdiyini təsdiqləyir.

Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, gürcü, ingilis, fransız, alman, amerikalı və digər ölkələrin vətəndaşı olan jurnalist və publisistləri dəhşətə gətirib.

Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirir. Azərbaycan xalqı 1948-ci il 9 dekabr tarixli “Soyqırım cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması” Konvensiyasını rəhbər tutaraq, Ermənistana qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün dünya sivilizasiyasına, bəşəriyyətə qarşı törədilib. Bu gün Ermənistanda mühüm dövlət postlarını tutanlar, Seyran Ohanyan, Serj Sarkisyan, eləcə də Robert Koçaryan və digərləri baş vermiş soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər.

Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə – Xocalı soyqırımına əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidir. Artıq dünyanın onlarla ölkəsinin parlamenti öz qiymətini verib, Xocalı soyqırımını tanıyan qərarlar qəbul ediblər.

Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkələrində hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və diaspor təşkilatları hər il fevralın 26-da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edir, konfranslar keçirirlər. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.

44 gün davam edən Vətən müharibəsində XXI əsrin müharibəsinin döyüş taktika və strategiyasını çaldığı zəfərlə nümayiş etdirən  Azərbaycan Ordusu  havadarları hesabına  Xocalıda qətliam törədən erməni vəhşilərini it kimi  qovdu.  Bir gündə  Xocalını qana boyayan,  şəhəri yandırıb külə döndərən erməni vəhşiləri Ali Baş Komandan İlham Əliyevin bu sözlərini heç vaxt unutmayacaqlar: «…44 günlük müharibənin hər bir günü zəfər günü idi. Hər gün biz qabağa gedirdik. Bir gün belə geri addım atmadıq. Bu, müharibələrdə çox nadir hallarda müşahidə edilən bir mənzərədir.»

İkinci  Qarabağ döyüşlərində Azərbaycan Ordusunun düşmənə vurduğu ağır  zərbələr haqqın, ədalətin təntənəsi idi. Müharibənin davam etdiyi müddətdə  döyüş bölgəsindən xeyli aralıda yerləşən Gəncəni, Tərtəri, bərdəni və digər  yaşayış məntəqələrini   raket atəşinə tutan erməni vandalları Xocalıda dinc əhaliyə qarşı törətdikləri vəhşilikləri təkrarladılar. Adı çəkilən şəhərlərə yağdırılan mərmilər xalqımızın inamını sarsıtmadı. Bütün dünya ictimaiyyəti gördü ki, xain düşməni susduran dövlətimizin güclü iradəsi, qüdrətil ordusu vardır.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  torpaqlarımızın qısamüddətli müharibə  ilə  işğaldan azad olunması 1992-ci ilin 26 fevralında  Bakıdan kömək gözləyən xocalıları  təpədən dırnağa qədər silahlanmış erməni quldurları ilə təkbətək qoyan o dövrdəki iqtidara,   hələ nizami ordu kimi formalaşmamış, təcrübəsiz gənclərdən ibarət könüllü dəstələri cəbhə bölgəsindən uzaqlaşdıraraq əraziləri ermənilərə təhvil verənlərə, satanlara tarixi dərs idi. İşğaldan azad olunan ərazilərimiz, paytaxtda keçirilən Zəfər  paradı Xocalı soyqırımı qurbanlarının, Dağlıq Qarabağ münaqişəsinin yarandığı gündən erməni cəlladları tərəfindən qətlə  yetirilən soydaşlarımızın ruhuna hörmətdir.  Azərbaycan əsgəri Xocalıda hərbi cinayət törədən,   faşizmə xidmət edən erməni mifini dağıtdı, bütün qonşularına qarşı torpaq iddiaları irəli sürən ermənilərin mənfur niyyətlərinə son qoyuldu,  bölgədə sabitliyin qorunması təmin edildi. «Bu zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq» söyləyən Prezident İlham Əliyevin mətin iradəsi, Azərbaycan Ordusunun qırılmaz əzmi, ordu-xalq- iqtidar birliyi Ermənistana heç vaxt unuda bilməyəcəyi tarixi dərs oldu.

Bu il Xocalı qurbanlarının xatirəsi həmişəkindən fərqli olaraq qələbə əhval-ruhiyyəsi ilə qeyd edilir. Qaçqın, köçkün sözləri Böyük Qayıdış ifadəsi ilə əvəz olunur. İşğaldan azad olunmuş torpaqlarımıza əsl sahiblərinin köçü başlanır. 30 ilə yaxın doğmalarının taleyindən narahat olan Xocalı qurbanlarının ruhları  rahatlıq tapır. Şəhidlərimizin xatirəsi sevinc göz yaşları ilə  yad edilir. Həmişə yanımızda olan qardaş  Türkiyənin tanınmış şairi Tofiq Fikrətin «Millət şərqisi» şeirində yazıldığı kimi

Zülmun topu var, gülləsi var, qalası varsa
Haqqın da bükülməz qolu, dönməz üzü vardır.
Göz yumma günəşdən,  nə qədər nuri qaralsa
Sönməş əbədi, hər gecənin gündüzü vardır!

 Torpaqlarımıza  Böyük Qayıdış,   Azərbaycan xalqının  sabahına açılan əbədi  günəş, bükülməz qolumuz,  Prezident İlham Əliyevin qüdrətinin , düşmənin başı üstündə olan dəmir yumruğunun gücüdür!

AMİDTV.AZ

Aygün Məmmədova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir