Təhsilimizin əsas inkişaf mərhələləri görkəmli şəxsiyyət, ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır

0

Heydər Əliyev Azərbaycanın müstəqillik mübarizəsindəki əvəzsiz xidmətləri ilə əfsanəyə çevrilmiş və bütün azərbaycanlıların qəlbini fəth etmişdir. Təhsilimizin əsas inkişaf mərhələləri görkəmli şəxsiyyət, ümummilli liderimiz Heydər Əliyevin adı və dövlətimiz üçün etdiyi böyük işlərlə bağlıdır. Ulu öndərimizin təhsil sahəsinin inkişafına göstərdiyi misilsiz diqqət və qayğı, özündən sonrakı nəsillərə qoyduğu dəyərli təcrübə və yoldur.
Dahi şəxsiyyət Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi ilk dövrdən, yəni 1969-1982-ci illərdə təhsilimizə xüsusi qayğı göstərmişdir. Bu qayğının nəticəsi olaraq bir çox yeni, dünya standartlarına uyğun məktəb binası tikilmişdir. Bunlardan biri də Heydər Əliyev adına Müasir Təhsil Kompleksidir. Bu kompleks 2001-ci il sentyabr ayının 1-də Heydər Əliyevin iştirakı ilə açılmışdır.
Təhsil ocağı üç hissədən — uşaq bağçası, orta ümumtəhsil məktəbi və orta məktəbdən ibarətdir. Onların hər birində Azərbaycan, rus və ingilis bölmələri fəaliyyət göstərir. Məktəbdə Olimpiada qrupları, Şagird Elmi Cəmiyyəti və Şagird Parlamenti fəaliyyət göstərir. İngilis bölməsində dərslər “Cambridge” proqramı əsasında keçirilir. Kompleksin əsas məqsədlərindən biri sağlam təhsil mühiti yaratmaq və şagirdlərin hərtərəfli inkişafını təmin etməkdir. Məktəbdə dərslər şagirdlərin mükəmməl təhsili ilə yanaşı, onların sosial və mənəvi inkişafına da yönəldilib. “Sosial-fəal məktəb” konsepsiyasını əsas götürən Heydər Əliyev adına Müasir Təhsil Kompleksində sosialyönümlü şəxsin yetişdirilməsi üçün lazımi mühit yaradılıb.
Heydər Əliyev dövründə ölkəmizdə yeni ali və peşə təhsil mərkəzləri açılmış, bir çox təhsil müəssisəsinin maddi-texniki bazası yenilənmiş və müasir avadanlıqlarla təchiz edilmişdir. Cənab Heydər Əliyev gənc nəslin hərtərəfli inkişafına və dünyagörüşünün artmasına həmişə böyük dəyər verirdi. Onun uğurlu siyasəti sayəsində hər il yüzlərlə gənc təhsil almaq üçün SSRİ-nin müxtəlif ali təhsil mərkəzlərinə göndərilirdi. Bu gənclər dövlətimiz üçün çox vacib olan müxtəlif ixtisaslarda təhsil alaraq respublikamızın bacarıqlı mütəxəssislərinin sayını ildən-ilə artırırdılar.
“Təhsil millətin gələcəyidir” şüarını səsləndirən Ulu öndər Heydər Əliyev təhsilə həmişə ən vacib sahə kimi baxmışdır. Dahi şəxs ikinci rəhbərlik dövründə, yəni 1993-2003-cü illərdə də bu sahənin inkişafına xüsusi diqqət yetirmişdir. Bu illərdən başlayaraq təhsil sistemimiz təkmilləşdirilmiş və dünya təhsil sisteminə inteqrasiya üçün geniş imkanlar yaradılmışdır. Bir çox məktəb binası tikilərək istifadəyə verilmiş, yeni dərsliklər hazırlanaraq pulsuz şəkildə şagirdlərin ixtiyarına verilmişdir. Dövlət başçısının təşəbbüsü ilə təhsil üzrə bir-birindən dəyərli proqramlar və layihələr hazırlanaraq uğurla həyata keçirilmişdir.
Təhsil sistemimizin dünya təhsilinə qoşulması üçün bir sıra vacib tədbirlər həyata keçirilmişdir. Bunlardan biri də “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində minlərlə istedadlı gəncin İtaliya, Türkiyə, Fransa, Almaniya, Kanada və digər ölkələrin aparıcı universitetlərinə göndərilməsi olmuşdur. Bu gənclər respublikamızda kifayət qədər yaxşı tədris edilməyən və dövlətimiz üçün zəruri olan ixtisaslarda təhsil almışlar. Xaricdə təhsilini uğurla başa vurub ölkəmizə qayıdan gənclər müxtəlif qurumlarda müxtəlif vəzifələrdə çalışırlar.
Heydər Əliyev fəaliyyətində ölkənin və xalqın inkişafında, hərtərəfli tərəqqisində və uğur əldə etməsində təhsilin xüsusi rolunu hər zaman vurğulamış, bu sahəni yüksək dəyərləndirmişdir. Görkəmli dövlət xadimi qeyd edirdi: “Ölkəsinin inkişafını təmin etmək istəyən hər bir dövlət öz xalqının, millətinin, vətəndaşlarının inkişafını təmin etməli, elmini və mədəniyyətini daim diqqət mərkəzində saxlamalı, dünya standartlarına çatdırmalı və mütləq, ən çox da prioritet sahə olan təhsilə önəm verməlidir. Təhsilin, elmin, biliyin inkişafı üçün çalışmalı və lazım olan bütün şəraiti, imkanları yaratmalıdır”. Ulu öndərimiz təhsilin məzmunu, təbiəti, məqsədləri, effektiv təhsil təşkilatı, müəllimlərin ləyaqəti, şagird və tələbələrin məsuliyyətlərindən də danışmışdır. O, Azərbaycanda təhsilin hərtərəfli inkişafına qayğı göstərmiş və bu illər ərzində bu sahədə baş verən böyük hadisələrin stimullaşdırılması üçün sistematik tədbirlər görmüşdür.
Heydər Əliyev təhsili təkcə savadlı olmaq, oxumaq, elm və bilik toplamaq fürsəti olaraq qiymətləndirmirdi. O, vətəndaşın həyatının daha yaxşı qurulmasında, cəmiyyətin tərəqqisində iştirak edə bilməsi üçün təhsilin vacib rolunu vurğulayırdı: “Gözəl bir proses olan həyatda uğurla, həmçinin aktiv fəaliyyət göstərmək üçün bir insanın müasir tələblərə cavab verən bir təhsili olmalıdır.”
Heydər Əliyev orta məktəblərdə əldə olunan biliklərin mahiyyətini və məzmununu yüksək qiymətləndirdi. Ulu öndər hər bir insanın həyat vəziyyətinin və cəmiyyətdəki yerinin formalaşmasında orta təhsilin vacibliyini vurğuladı. Bu məzmunda ulu öndərin aşağıdakı dəyərli düşüncələri vardır: “Şagirdlər orta məktəblərdə təməl təhsili alır… Əsas, dərin orta təhsili olan insan, cəmiyyətdə, işdə iştirak edir… cəmiyyətimizin şüurlu bir üzvü olur.”
O, həmçinin qeyd edirdi ki, “Uşaqlarımız və gənclərimiz hər şeyi bilməlidirlər. Xüsusən ixtisaslaşmaq istədikləri ixtisaslar üçün lazımlı fənləri daha mükəmməl bilməlidirlər. Ancaq orta məktəblər üçün bir sıra şərtlərimiz var, onları yerinə yetirməlidirlər: Azərbaycan dilini, ədəbiyyatımızı, dövlətimizin şanlı tarixini və mədəniyyətimizi bilməlidirlər.” Bütün bunlar təhsilimizin milli məzmununu müəyyən edən və ciddi bir vəzifə kimi təyin olunan çox vacib amildir.
Möhtəşəm lider, həmçinin humanitar elmlərin, xüsusilə də dilimizin, tariximizin və ədəbiyyatımızın tədrisinin milli müstəqilliyimizə uyğun olaraq yenilənməli olduğuna inanırdı. Bu təsadüfi deyil. Gənc nəsillərin milli mənəvi ideologiyaya yiyələnməsi səbəbindən gələcək inşaatçılar məktəbdə formalaşır və bunun müvafiq təşkili ölkəmiz üçün çox vacibdir.
1970-1980-ci illərdə respublikada geniş vüsət alan tikinti işlərini yüksək ixtisaslı mütəxəssislərlə təmin etmək üçün Azərbaycan İnşaat Mühəndisləri İnstitutu (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) yaradıldı. Daha sonra Gəncədə Azərbaycan Texnologiya İnstitutu (hazırkı Azərbaycan Texnologiya Universiteti), Gəncə Pedaqoji İnstitutu, Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu (hazırkı Bakı Slavyan Universiteti), N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu, C.Naxçıvanski adına Hərbi Məktəb, BDU-nun şərqşünaslıq fakültəsinin bina və tədris korpusları tikilib istifadəyə verilmişdir. Ümumiyyətlə, 1970-1982-ci illərdə Azərbaycanda beş yeni ali məktəb yaradılmış, çoxlu ixtisaslar, kafedralar, problem laboratoriyaları açılmışdır.
Əgər 1960-cı illərin sonunda respublikada 12 ali məktəb, bunlarda 105 fakültə, 450 kafedra mövcud idisə və 139 ixtisas üzrə kadr hazırlığı aparılırdısa, 1982-ci ildə artıq 136 fakültəni və 530 kafedranı birləşdirən 17 ali təhsil müəssisəsi fəaliyyət göstərirdi. Bütün bu uğurlar Heydər Əliyevin ali təhsilin inkişafına, respublikanın milli kadr potensialının gücləndirilməsinə göstərdiyi vətəndaş qayğısının nəticəsində mümkün olmuşdur.
Heydər Əliyevin təhsil sistemində atdığı addımları fərqləndirən cəhət onun milli xarakter daşıması, ilk növbədə ölkənin inkişaf perspektivlərinə, xalqımızın milli-mənəvi dəyərlərinə, mentalitetinə, zəngin tarixi ənənələrinə, demokratiyaya, humanizm prinsiplərinə əsaslanması idi. Bu siyasət müstəqil, yaradıcı şəxsiyyətin və vətəndaşın formalaşdırılmasını, onun milli-mənəvi və bəşəri dəyərlərə ahəngdar inteqrasiyasını, təhsil alanların fasiləsiz təhsil almaq, daim yeniləşən biliklərə və dünyagörüşə yiyələnmək tələbatının ödənilməsini və dinamik inkişafını, intellektual və praktik kompetensiyalara, yeni informasiya və kommunikasiya texnologiyalarına yiyələnməsini təmin etdi.
Şəxsiyyətin tərbiyəsində təlim prosesi əməkdaşlıq və qayğıkeşlik şəraitində həyata keçirilir, onun yaradıcılığını, potensial imkanlarını maksimum dərəcədə reallaşdırmağa zəmin yaradır. Heydər Əliyev bütün görüşlərində, etdiyi çıxış və nitqlərində gələcəyin vətəndaşının əsl şəxsiyyət kimi formalaşması probleminə xüsusi diqqət yetirmiş, XXI əsr müasir təhsil sistemi şəraitində şəxsiyyətyönümlü təlimə üstünlük vermişdir. Pedaqoji prosesin mərkəzində şagird şəxsiyyəti dayanmış, onun potensial imkanlarının maksimum dərəcədə reallaşdırılmasına, yeni təcrübəni qavramağa hazır olmasına, müxtəlif vəziyyətlərdə şüurlu və məsuliyyətli seçim etməsinə şərait yaratmışdır. Şəxsiyyətyönümlü təlimin paradiqması şagirdin fizioloji və fərdi-psixoloji keyfiyyətlərinə əsaslanmış, şəxsiyyətin formalaşdırılması və inkişafı onun təbii qabiliyyətlərinə uyğun həyata keçirilmişdir.
Heydər Əliyev İdarəetmə Məktəbi geniş təcrübə məktəbi, tükənməz sərvətdir. Zaman ötdükcə həmin təcrübə gələcəkdə daha çox nəsillərə fayda gətirəcəkdir. Ümummilli liderimiz mükəmməl təşkilatçılıq bacarığı və çoxşaxəli səmərəli işi sayəsində idarəetmə elmini yalnız praktikada yox, həm də nəzəriyyədə zənginləşdirdi. Bunların hamısı digər dövlətlərə yararlı olduğu üçün beynəlxalq əhəmiyyətli zəngin mirasdır. Biz bununla iftixar etməli, qorumalı və bu sərvətdən daim zövq almalıyıq.
Günümüzdə Azərbaycanın azad dövlətlərin geniş praktikasına əsaslanan dövlət idarəetmə sistemi yaradılmışdır. Sevindirici haldır ki, idarəetmə sisteminə bir çox istedadlı və enerjili işçi yetişdirilmişdir. Buna görə də, ictimai həyatın demək olar ki, bütün sahələrində yüksək səviyyədə insan resurslarına sahibik. Buna parlaq və aydın bir intellekt, zəngin bilik və təcrübə, çoxşaxəli fəaliyyət və ümummilli liderimiz Heydər Əliyevin zəhməti sayəsində nail olduq. Ulu öndərin miras qoyduğu bu zəngin təcrübəyə əsaslanmaqla, beynəlxalq təcrübəyə uyğun olaraq, idarəetmə mədəniyyətimizi davamlı inkişaf etdirməli, zənginləşdirməli və yeni dünyanın tələblərinə cavab verən insan resurslarımızı inkişaf etdirməliyik. Unuda bilmərik ki, dövlətimizin gələcəyi və bugünü həmin insan resurslarının ustalığından asılıdır. Bunlar liderimizin dövlət idarəçiliyi ilə bağlı fikirləri, zəngin idarəetmə məktəbi bizə məsləhət görür.
Təbii ki, Azərbaycan kimi hər bir ölkənin təhsil sisteminə rəhbər kadr hazırlanması problemi xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, Azərbaycanda qanunun aliliyi ilə tənzimlənən demokratik dövlət quruculuğu prosesi dövlət müstəqilliyimizi sürətləndirdikcə və iqtisadiyyatın inkişaf tempi artdıqca, idarəçilik sistemini daha çox inkişaf etdirmək və effektivliyini artırmaq mövzuları gün üzünə çıxır. İdarəetmənin səmərəliliyi savadlı şəxslərin hazırlanmasından və işə qəbul edilməsindən asılıdır. Beləliklə, dövlət strukturlarının işinin keyfiyyəti və səmərəliliyi dövlət məmurlarının bacarıq və ixtisaslarından çox dərəcədə asılıdır.
Bu gün Azərbaycanda hər bir sahədə müşahidə olunan inkişaf tendensiyası təhsil sektorunda xüsusilə diqqəti cəlb edir. Bu inkişafın əsasında isə ulu öndər Heydər Əliyevin ideyaları və həmin ideyalar əsasında həyata keçirilən siyasətin strateji kursu dayanır. Əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş xaricdə təhsil ənənəsi Azərbaycan müstəqillik qazandıqdan sonra da uğurla davam etdirilmişdir. Təhsil sahəsində aparılan islahatlar, qəbul olunan Dövlət Proqramları, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, Təhsilin İnkişafı Fondu, Təhsil Tələbə Krediti Fondunun yaradılması, müxtəlif Təhsil Proqramlarının həyata keçirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan davamlı işlər Azərbaycanda iqtisadi tərəqqinin daha da sürətlənməsi üçün güclü potensial yaradır. Bütün bunlar bir daha təhsilimizin dövlət başçısının diqqət mərkəzində olduğunun göstəricisidir.
Azərbaycan xalqı Heydər Əliyev kimi dünyada hörmət edilən və qəbul olunan ümummilli lideri olduğu üçün xoşbəxtdir. Bu gün hər kəs müstəqil Azərbaycan dövlətinin tariximizə qızıl hərflərlə yazılmış Heydər Əliyevin şah əsəri olduğunu dərk edir. Sözsüz ki, xalqımız öz keçmişində və qəlbində onu daim yaşadacaq, illər ötsə də, ölkəmizin və dahi liderimizin ismi bütün yer üzündə eşidiləcəkdir. Dahi şəxsiyyətin siyasət taktikasını davam etdirən xalqımız ölkə başçısı İlham Əliyevin hakimiyyəti altında tarixinin şanlı səhifələrini yazmaqda, zirvələri fəth etməkdə davam edəcəkdir. Dahi liderin dövlətçilik ideyalarının elmi və nəzəri əsasları yalnız bu günümüz üçün yox, gələcəyimiz üçün də çox vacibdir.

AMİDTV.AZ

Xumar Qazıyeva Heydər Əliyev adına Müasir təhsil Kompleksinin ingilis dili müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi, Əməkdar müəllim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir