Zülfiyyə Əliyeva üçün ömür boyu daşınan, şərəf duyulan hissdir, böyük nəslin nümayəndəsi olmaq

0

Mədəniyyət bilik və vərdişlərin, ictimai və istehsalat həyatının, savad və tərbiyənin, yaradıcılıq və mənəvi-əxlaqi fəallığın cəmidir. O, bəşər tarixinə töhfələr verən və nəticədə insanın, cəmiyyətin xidmətində duran humanist bir funksiyaya malikdir. Mədəniyyət sahəsində yüksək xidmətləri olan sənətkarların ailəsində böyümək isə mədəniyyətin keşiyində dayanmaq kimi böyük bir öhdəlik qoyur. Gəlin Azərbaycanda bu missiyanı şərəflə daşıyan tanınmış şəxsiyyətlərdən bəhs edək.
Ramiz Əliyev: Sirk və Kino Dünyasının Parlaq Siması
Azərbaycan memarlıq məktəbinin görkəmli nümayəndəsi, professor Mikayıl Useynovun varisi Ramiz Əliyev sirk və kino aləminin parlaq simasıdır. Azərbaycan SSR əməkdar artisti olan Ramiz Əliyev, sirkin mahiyyətini cəsarət, sevgi, qəhrəmanlıq, gözəllik, xarizma, xoreoqrafiya və musiqi ilə əlaqələndirir. Onun fikrincə, sirk insanın həm özünə, həm də başqalarına gülə bilməsi haqqındadır. Sirk insan hisslərinin ən geniş palitrasını — gülüşdən qorxuya qədər — təqdim edir. Burada hündürlük, sürət, çətinlik, hər hansı maneələri aşmaq hökm sürür.
80-ci illərin sonunda Bakı Sirkində gənc artistlərin çıxışlarına geniş yer verilirdi. Azərbaycan artistlərinin saysız-hesabsız uğurları yeni sirk proqramının yaradılması zərurətini ortaya çıxardı. “Azərbaycan Odları” adlı bu proqramın hazırlanması üçün rejissorlar Ramiz Əliyev və Aleksandr Qorodetski, bəstəkar Tofiq Quliyev, rəssam Toğrul Nərimanbəyov və baletmeyster Nailə Nəzirovadan ibarət güclü quruluşçu heyət yaradıldı.
Asya Tağıyeva: Azərbaycanın İlk Qanun İfaçısı
Azərbaycanın əməkdar artisti Asya Tağıyeva musiqi tariximizdə xüsusi yer tutur. Qanun Yaxın və Orta Şərqdə, eləcə də Azərbaycan ərazisində tarixən geniş yayılmış qədim musiqi alətidir. 1959-cu ildə Asya Tağıyevanın ifasında Azərbaycanda ilk dəfə bu alətdə “Bayatı-Şiraz” və “Çahargah” muğamları vala yazıldı.
1957-ci ildə Moskvada keçirilən Tələbə və Gənclərin VI Ümumdünya Festivalında Asya Tağıyeva “Yaradıcılıq Müvəffəqiyyətinə görə” Qızıl medalla təltif edildi. Festivaldakı çıxışından sonra xalq artisti, bəstəkar Səid Rüstəmov Asya xanımı Azərbaycana dəvət etdi və onun Respublika Mədəniyyət Nazirliyinin dəvəti ilə Bakıya gəlişi ilə ölkəmizdə qanun ifaçılığının əsası yenidən qoyuldu. O, bir müddət Azərbaycan Televiziyası və Radiosunun Xalq Çalğı Alətləri Orkestrində çalışmışdır.
Zülfiyyə Əliyeva: Nəsillərin Davamçısı
Bu mötəbər ailənin digər üzvü, Zülfiyyə Əliyeva bu gün tarixən sirkə bağlı olan məşhur nəslin nümayəndələrindən biridir. Kiçik yaşlarından etibarən sirk kulislərinin ətri ilə, əsrarəngiz işıqları altında böyüyən Zülfiyyə xanım, bu mühitdə xoşbəxt uşaqlıq xatirələri toplamışdır. Azərbaycanın ilk memarlarından biri olan, onu böyüdən Mikayıl Useynovun nəvəsi kimi tanınan Zülfiyyə xanım, 1976-cı ildən etibarən onun rəsmi varisidir. Mikayıl Useynovun təkidi ilə heykəltəraşlığı öyrənmişdir.
Zülfiyyə Əliyeva qanunun ilk qadın ifaçısı Asya Tağıyevanın qızı kimi də tanınır. Onun vasitəsilə musiqi dünyasının və incəsənət korifeyləri ilə tanış olmuşdur. Asya Tağıyeva Sara Qədimova, Şövkət Ələkbərova, Rəşid Behbudov, Qurban Pirimov, Xan Şuşinski, Müslüm Maqomayev və digərləri ilə eyni səhnəni bölüşmüşdür. Hətta Moskvada Festival zamanı Rac Kapurun iştirak etdiyi ziyafətə dəvət olunmuşdur. Maraqlıdır ki, valideynləri Moskvada Ümumdünya Festivalında tanış olmuşlar.
Zülfiyyə Əliyeva konservatoriyanı Fortepiano üzrə Sevda Mirzə qızı İbrahimovanın sinifini əla qiymətlər ilə bitirib,xarici dilləri yüksək qiymətlərlə öyrənib, atası kimi rejissorluq üzrə də təhsil alıb. Bir zamanlar teleaparıcı kimi də çalışmışdır. Zülfiyyə xanım hər zaman valideynlərinin adına layiq olmağı özünə borc bilmişdir.
Sirk Həyatının Fəlsəfəsi
Zülfiyyə Əliyevanın dediyinə görə, onun iki evi olub: sirk və ailə evi. Sirkdə o, uşaqlıq illərini xatırlaya, zarafatlaşa, aktrisa ola, hər şeyi unuda bilərdi. Ailə evi isə övladlarının qayğısına qaldığı və ailəsi haqqında düşündüyü tamamilə fərqli bir yerdir. O, yemək bişirməyi çox sevir və bunu hobbi hesab edir.
Sirk haqqında danışarkən, Zülfiyyə Əliyeva onu güclü, qorxmaz, şən və cəlbedici insanların olduğu əsl bayram adlandırır. Sirk həm uşaqlar, həm də böyüklər üçündür. O, insanı özünə çəkir və ondan kənarda olmaq demək olar ki, mümkün deyil. Sirkdən ayrılıb başqa sahələrdə işlədiyi zaman rahatlıq tapa bilmədiyini, sıxıldığını və özünü “sirkə xəyanət edən” kimi hiss etdiyini bildirir. Daxilində yenidən rampanın işığını görmək, arenadakı işığın şüaları altında olmaq, orkestrin caz musiqisini eşitmək arzusu ilə yaşayıb. Atası Ramiz Əliyevin və böyük qardaşı Fuad Əliyevin sirkdəki xatirələri onu geri qayıtmağa vadar edib. Bu, onun üçün sülalənin davamçısı olmaq, sirkə bütün qəlbi ilə dərin və şüurlu şəkildə bağlanmaq deməkdir.
Zülfiyyə Əliyevanın janrı atçılıqdır. O, uşaqlıqdan müxtəlif nömrələrdə, qış, Novruz və sair sirk tamaşalarında iştirak edib, sovet sirk məktəbini görüb. Sirk zəhmət tələb edən bir sənətdir, burada teatr, idman və musiqi birləşir. Arenadakı beş dəqiqəlik çıxış kulislərdə bir neçə illik hazırlığa bərabərdir. Sirkdə diqqət və ehtiyatlılıq təbii anlayışlardır. Arenanın verdiyi həyəcan heç nə ilə müqayisə edilə bilməz.
Ramiz Əliyevin İrsi və Ailənin Sirkə Bağlılığı
Zülfiyyə Əliyeva üçün sirkin ruhu, ilk növbədə, atası Ramiz Əliyevdir. O, 30 ildən artıq sirkimizin baş rejissoru olub, Azərbaycan SSR-in əməkdar artistidir. S.A.Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunu bitirib, filmlərdə çəkilib. Ramiz Əliyev Yuri Nikulin ilə yaxın dost olub, Lyudmila Qurçenko ilə bir yerdə təhsil alıb, Vladimir Vısotski, Aleksandr Demyanenko ilə filmlərdə rol alıb. “Qara Daşlar” filmində baş rolda çəkilib. Atası Perm Sirkinin ilk rejissoru olub və “Karandaş” ləqəbli klounla işləyib. Zülfiyyə xanım müxtəlif nömrələrin necə ərsəyə gəlməsinin, “Azərbaycanın Alovları” komandasının yaradılmasının şahidi olub. Böyük qardaşı Fuad Əliyev həmin komandada işləyirdi və yarım tonluq canlı insanlardan ibarət çəki qaldırmaqla rekorda imza atmışdı ki, bu rekord hələ də qırılmayıb.
Sirk mənəvi cəhətdən çox çətindir, lakin arena sehrli məkandır. Zülfiyyə xanım deyir ki, mənəvi və fiziki cəhətdən hansı vəziyyətdə olmağından asılı olmayaraq, rampanın işıqları yanan, orkestr musiqiyə başlayan və pərdənin açıldığını görən kimi avtomatik olaraq arenaya doğru addımlayır və hər şeyi unudursan. Bu, sözlə ifadə edilə bilinməyən sehrdir. Sirkdə ilham mənbəyi tamaşaçılardır. Artistlər alqışları eşidəndə özlərini yenidən doğulmuş kimi hiss edirlər. Sirkdən kənarda isə Zülfiyyə xanım özü tamaşaçıya çevrilir, ailəsi, yaxınları haqqında düşünür və onların qayğısına qalır.
Bu gün də Zülfiyyə Əliyeva bir çox mədəniyyət tədbirlərində iştirak edir, incəsənət dostlarına mənəvi dəstək olur. Anası Asya Tağıyeva, atası Ramiz Əliyev, Mikayıl Useynov və Sadıq Dadaşovun xatirəsi üçün Milli Azərbaycan Tarixi Muzeyi onların materiallarını təqdim edib və böyük tədbir keçirib. Zülfiyyə xanım Heydər Əliyevin 100 illiyinə həsr olunmuş, rejissor Elnur Məmmədovun sənədli filmində epizodik rolda çəkilmişdir. “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının 30 illiyinə və Heydər Əliyevin 100 illiyi xatirəsinə yüksək mədəniyyətli insanların formalaşmasında və inkişafında “Simurq” AMA ilə humanitar əməkdaşlığa görə Təşəkkürnamə alıb. Professor Fuad Məmmədov tərəfindən “Yüksək Mədəniyyətli Azərbaycan Vətəndaşı” sertifikatı təqdim olunub. Zülfiyyə xanım bir çox verilişlərə dəvət olunur və onun ailəsi və özü haqqında məqalələr dərc olunur. Sirkdən ayrılsada, ürəyi o divarlarda daima qalır, sanki bir işi tamamlamamış kimi döyünür.
Zülfiyyə xanımın mədəniyyətimizin inkişafında, təbliğində müstəsna xidmətləri mövcuddur. Həyatı boyu miras alınan bir status deyil ,həm də ömür boyu daşınan ,insanı inkişafa və irsə sadiq qalmağa sövq edən hissdir ,böyük nəslin nümayəndəsi olmaq.

AMİDTV.AZ

Aygün Məmmədova. Jurnalistlər Birliyinin üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir