Müasir müstəqil dövlətimizin memarı və qurucusu, fenomen şəxsiyyət,Ulu Öndər Heydər Əliyev

Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasının dayanıqlı inkişafı və hərtərəfli tərəqqisinin əsası qoyulmuş, gələcək inkişaf üçün möhkəm təməl yaradılmışdır. Vaxtilə Heydər Əliyevin uzaqgörənliklə həyata keçirdiyi islahatlar olmasaydı, Azərbaycanın hazırkı inkişafı ancaq xəyal olaraq qalardı. Bu gün Azərbaycanda sosial-iqtisadi, ictimai-mədəni həyatın elə bir sahəsi yoxdur ki, həmin sahədən danışanda dünya miqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin adı çəkilməsin.
Məhz onun ölkəmiz və xalqımız qarşısındakı misilsiz xidmətləri sayəsində müasir Azərbaycan dövləti qurulmuş, dövlətçiliyimizin siyasi, iqtisadi əsasları yaradılmış, ölkəmiz dünyada öz layiqli yerini tutmuşdur. Təsadüfi deyildir ki, ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi dövr müstəqilliyimizin əbədi və dönməz xarakter alması, dövlətçiliyimizin möhkəmlənməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yüksəliş, hər bir fərdin özünü layiqli vətəndaş olaraq dərk etməsi ilə müasir tariximizə əbədi həkk olunmuş, Heydər Əliyevə fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazandırmışdır.
Ulu öndər bütün həyatı boyu Vətənimizin gələcəyini düşünmüş, Azərbaycanın müstəqilliyinin əbədiliyinə, ölkəmizin hərtərəfli inkişafına bütün varlığı ilə inanaraq bu dövlətin ideya əsaslarını, strateji inkişaf istiqamətlərini müəyyənləşdirmişdir:
“…Mən Azərbaycanın iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu, dövlət siyasətimizin əsas prinsipləridir”. Bu siyasi xətt – fəaliyyət prinsipi 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi ilə başlanan şərəfli missiyanın əsas qayəsi idi. Məhz həmin dövrdən etibarən Azərbaycanın iqtisadi inkişafının əsaslarının yaradılması, zəngin iqtisadi potensialının ölkənin gələcək inkişafına, xalqın rifahının yüksəlməsinə yönəldilməsi prosesinə start verildi. Azərbaycanın Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevrilməsi üçün bütün sahələrdə geniş islahatlar aparan Heydər Əliyev zəngin idarəçilik təcrübəsi sayəsində o dövrdə Azərbaycanın tarixində böyük dönüş yaratdı. Ulu öndərin gərgin fəaliyyəti və qətiyyəti sayəsində Azərbaycanın uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edəcək kompleks inkişaf proqramlarının icrasına başlandı, iqtisadi və digər sahələrdə SSRİ rəhbərliyi səviyyəsində əlverişli qərarların qəbuluna nail olundu.Müasir müstəqil dövlətimizin memarı və qurucusu, ulu öndər Heydər Əliyev qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır: “Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə qısa vaxtda xalqımız mühüm uğurlar əldə etdi. Həmin illərdə Azərbaycanın gələcəyi naminə atılan uğurlu addımlardan biri də gənclərimizin Sovet İttifaqının nüfuzlu ali hərbi məktəblərinə göndərilməsi olub. Bu gün Azərbaycan dövlətinin rifahının, təhlükəsizliyinin təmin olunması Ulu Öndərin ordu quruculuğu sahəsində uzaqgörən fəaliyyətinin bəhrəsidir. Heydər Əliyev respublikamıza ilk dəfə rəhbərlik etdiyi illərdə tez-tez hərbi təhsil müəssisələrinə baş çəkir, istər zabitlər, istərsə də kursantlar arasında azərbaycanlıların azlıq təşkil etməsi ilə heç vaxt barışmırdı. Ötən əsrin 70-ci illərində Ulu Öndərin birbaşa təşəbbüsü ilə Bakıda ilk ibtidai hərbi məktəbin – indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması, respublikamızın həyatında olduqca mühüm hadisə oldu. Sonrakı illərin təcrübəsi göstərir ki, həmin təhsil müəssisəsi Azərbaycan gəncliyinin hərbi peşələrə marağının yüksəldilməsində müstəsna rol oynayıb. Məktəbin məzunları olmuş bir çox zabitlər müstəqillik dövründə Milli Ordumuzun formalaşmasında, torpaqlarımızın müdafiəsində qəhrəmanlıqlar göstəriblər”
Azərbaycan Silahlı Qüvvələrinin kəmiyyət və keyfiyyət baxımından komplektləşdirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazasının gücləndirilməsi, hərbçilərin sosial rifah halının ildən-ilə yaxşılaşdırılması, ordu hissələrinin müasir texnika və avadanlıqla təchiz edilməsi, habelə beynəlxalq təcrübənin mənimsənilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunu bir daha təsdiqləyir.
XX əsrin sonu XXI əsrin əvvəllərində artıq özünü təsdiq etmiş Azərbaycan mülki aviasiyası nüfuzlu beynəlxalq aviasiya təşkilatlarına daxil olmuş və fasiləsiz olaraq, ən müasir texnika və avadanlıqla təchiz olunmuşdur. Bu yüksəlişdə Ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz rolunu vurğulayaraq respublikada aviasiya sahəsi üçün milli kadrların hazırlanmasının sistemli təşkilini həyata keçirən Azərbaycan Milli Aviasiya Akademiyası çox zəngin və məsuliyyətli bir dövr keçmişdir. Milli Aviasiya Akademiyası (bundan sonra MAA) Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin (QSC) strukturuna daxil olan Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisəsi kimi ölkəmizdə mülki aviasiya sahəsində ali, əlavə və peşə-ixtisas təhsil proqramlarını həyata keçirən ali təhsil müəssisəsidir.Hava nəqliyyatının beynəlxalq aləmdə sürətlə inkişaf etdiyini nəzərə alan Heydər Əliyev təbii ki, Azərbaycan mülki aviasiyasının bu trenddən geridə qalması ilə razılaşa bilməzdi və elə ona görə də onun tapşırığı ilə qısa zamanda “1998-2003-cü illər üçün respublika Mülki Aviasiyasının inkişaf proqramı” hazırlanıb təsdiq edildi və onun həyata keçirilməsinə başlandı.
İstisnasız olaraq Heydər Əliyevin qətiyyəti və polad iradəsi nəticəsində 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycana gəlir gətirməyə başlayanda, dövlət başçısı mülki aviasiya parkının yenilənməsini də diqqətdə saxlamağa başladı. 2000-ci il oktyabrın 9-da Azərbaycan dövləti ABŞ-ın məşhur “Boing” şirkətinin istehsalı olan “Boing-757-200” təyyarəsini alaraq, “Azərbaycan Hava Yolları” Dövlət Konserninin parkına daxil etdi. Bir ay sonra ikinci belə bir layner də ölkəmizin hava nəqliyyatı sistemində öz yerini tutdu. Müstəqil ölkənin paytaxtından məhz bu müasir təyyarələrlə Londona, Təl-Əvivə və Dubaya beynəlxalq reyslər start götürdü. Bakının hava məkanından dünyaya uzanan yollar genişlənməyə başladı.
Azərbaycan hava nəqliyyatı infrastrukturunun genişlənməsi Ulu öndəri sevindirsə də, doğma yurdu Naxçıvanın hələ də blokada şəraitində qalması onu rahat buraxmırdı. Heydər Əliyev blokadanın aradan qaldırılmasında Naxçıvana müntəzəm aviareyslərin açılmasını o dövr üçün ən doğru yol hesab edirdi. Ona görə də muxtar respublikada mülki aviasiya infrstrukturunun yenidən qurulması, müasir tələblərə cavab verən aerovağzal kompleksinin tikintisi və yerüstü naviqasiya sisteminin yaradılması barədə müvafiq qərarlar qəbul edildi. Bütün işlər bilavasitə ulu öndər Heydər Əliyevin nəzarəti altında sürətlə həyata keçirilməyə başlandı. Heydər Əliyev burada yaradılacaq hava nəqliyyatı infrastrukturunun sadəcə sərnişin daşınması üçün nəzərdə tutmurdu. Onun düşüncəsində Naxçıvanda beynəlxalq hava limanının tikintisini həyata keçirmək idi və bunu çox qısa zamanda reallaşdırmağı planlaşdırırdı. 2002-ciil avqustun 11-də Naxçıvana səfəri zamanı muxtar respublikanın Ali Məclisində çıxış edən Ümummilli lider dedi: “Mən çoxdan bu fikirdə idim ki, Naxçıvan Hava Limanını yenidən quraq, yeni bir hava limanı tikək. Birincisi, gərək elə edək ki, təyyarələr buradan təkcə Bakıya, Gəncəyə yox, bir çox istiqamətlərə uçsun. İkincisi də, Naxçıvan öz coğrafi vəziyyətinə görə elə yer tutur ki, burada beynəlxalq standartlara uyğun hava limanının olması təkcə Naxçıvan üçün yox, bütün qonşu ölkələr üçün də çox əhəmiyyətli olacaqdır. Bunları nəzərə alaraq mən bu qərarı verdim”.
Cəmi 1 il 2 aydan sonra sahəsi 8 min 600 kvadratmetr olan, saatda 300 sərnişin qəbul edə bilən aerovağzal kompleksi, 2 min kvadratmetrlik yük terminalına, eni 45, uzunluğu 3300 metr olan uçuş-enmə zolağına malik Naxçıvan Hava Limanının tikintisi başa çatdı. Respublika Nazirlər Kabinetinin qərarı ilə beynəlxalq hava limanı statusu verilən bu aeroporta xarici ölkələrə reyslər həyata keçirildi. Naxçıvan Muxtar Respublikasının 80 illik yubiley günlərində – 2004-cü il mayın 12-də Naxçıvan Hava Limanının rəsmi açılış mərasimi oldu.
Bundan bir müddət əvvəl isə ümummilli lider Heydər Əliyevin Azərbaycan mülki aviasiyasının inkişafındakı müstəsna xidmətlərini yüksək qiymətləndirən Prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı sərəncamla “Binə” Hava Limanını haqlı olaraq “Heydər Əliyev Beynəlxalq Hava Limanı” adlandırıldı.
Bu gün mülki aviasiya sahəsində görülən işlərin tarixinə diqqət yetirsək görərik ki, 2003-cü ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə mövcud sahədə yeni inkişaf prioritetləri müəyyənləşdirilərək genişmiqyaslı işlər görülmüş, aviasiyamızın tərəqqisində yeni dövr başlamışdır. Bunların əksəriyyəti mənim gözlərim qarşısında baş vermişdir. 2005-2009-cu illərdə Heydər Əliyev və Gəncə beynəlxalq hava limanları yenidən qurulmuş, Zaqatala və Lənkəran hava limanlarına yenidənqurmadan sonra beynəlxalq status verilmişdir. Daha sonra Qəbələdə və Yevlaxda hava limanları inşa olunmuşdur.
2011-2014-cü illərdə “Azərbaycan Hava Yolları” “Boeing 767-300ER” və “Boeing 787-8 Dreamliner” tipli, “Airbus A340-500” uzaq magistrallı sərnişin təyyarələri, Braziliya istehsalı olan “Embraer 190” və “Embraer 170” reaktiv təyyarələri alaraq öz parkını müasir laynerlərlə daha da zənginləşdirmişdir. Bu da 2014-cü ildən Bakıdan Nyu-Yorka müntəzəm Transatlantik uçuşlar yerinə yetirməyə imkan yaratmışdır.
2014-cü ildə Azərbaycan mülki aviasiyasının marşrutlarının genişlənməsini və sərnişin axınının artmasını nəzərə alaraq, Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi tikilib istifadəyə verildi. Sahəsi 58 min kvadratmetr təşkil edən yeni aeroport hazırda ildə 6 milyon sərnişinə xidmət edir. Nəzərə alsaq ki, Ulu öndərin 1999-cu ildə açılışını etdiyi aerovağzal kompleksi də ildə 3 milyon sərnişinə xidmət etmək gücündədir, o zaman demək olar ki, hazırda Heydər Əliyev Hava limanından ildə 9 milyon sərnişin istifadə də bilir.
Amma Ulu öndər Heydər Əliyevin memarı olduğu Azərbaycanın mülki aviasiyasında tərəqqi və inkişaf bunnlarla yekunlaşmır. Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə qazanılmış möhtəşəm Zəfərdən sonra işğaldan azad edilmiş regionlarda da mülki aviasiyamızın yeni infrastrukturu qurulmağa başlanıb. Artıq 2022-ci ilin oktyabrında Zəngilanda ən müasir tələblərə cavab verən Beynəlxalq Hava Limanı tikilib istifadəyə verilib.
Bütün bunlar bir daha onu göstərir ki, ümummilli lider Heydər Əliyevin özü kimi inandığı və yarımçıq qalmış işlərinin başa çatdıracağına əmin olduğu varisi, Prezident İlham Əliyev Ulu öndərin tərəqqi və inkişaf strategiyasını bütün sahələrdə uğurla davam etdiridiyi kimi, mülki aviasiya sahəsində də yeni zirvələr fəth edəcək.
Çünki bu sadəcə bir dəb, təbliğat deyil. Bu gün dünyada aviasiya nəqliyyatının da daxil olduğu nəqliyyatın inkişaf tendensiyasının təhlili göstərir ki, heç bir ölkə güclü nəqliyyat mövqeyinə sahib olmadan öz iqtisadiyyatının risklərinə nəzarət edə bilməz. Nəqliyyat infrastrukturunun inkişafı, məhsul və xidmətlərin rəqabətqabiliyyətliliyinin yüksəlməsi nəqliyyat strategiyasının reallaşmasında müstəsna rol oynayır. Beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına görə, 2030-cu ilə qədər dünyada nəqliyyat sisteminə yatırılacaq investisiyaların həcmi 11 trilyon dollar təşkil etməlidir. Heç şübhə yoxdur ki, ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə diqqət yetirdiyi Azərbaycanın nəqliyyat infrastrukturu, Prezident İlham Əliyevin həyata keçirəcəyi yeni layihələr sayəsində beynəlxalq nəqliyyat məkanındakı yerini daha da möhkəmləndirəcək.
Şərqdə ilk demokratik institutlara malik olan Azərbaycan Xalq Cümhuriyyəti qısa ömürlü olsa da, dahi lider Heydər Əliyevin qurduğu və Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin uğurla idarə etdiyi müasir müstəqil Azərbaycan Respublikası bu gün güclü ordu, güclü iqtisadiyyat və beynəlxalq əlaqələrə malik, firavan və sabit dövlətə çevrilib.
Ümummilli liderimiz Azərbaycanın mülki aviasiya tarixinin araşdırılıb tədqiq edilməsi, onun maddiləşdirilməsi, təlim-tərbiyə ocağına çevrilməsinin labüdlüyünü qeyd edərək, milli aviasiyanın inkişafını hər şeydən öncə təhlükəsizliyin təminatına zəmanət kimi də qiymətləndirmişdir. Artıq demək olar ki, bu gün Ulu Öndərin arzusu yerinə yetirilmişdir. Qısa müddətdə muzeyin ən müasir standartlara uyğun yeni binasının inşası, onun fondunun əsasını təşkil edən sənədlərin toplanması, əşyaların uçot işinin təşkili və onların nümayişi üçün yararlı vəziyyətə salınması, eksponatların xronoloji ardıcıllıqla müasir bədii üslubda tərtibi və sair işlər həyata keçirilmişdir.
Milli Aviasiya Akademiyasının ərazisində yerləşən muzeylə tanışlıq ilk baxışdan öz görkəmi, yüksək mədəni səviyyəsi, səliqə-sahmanı ilə qəlbimizdə xoş duyğular oyatdı. Ekspozisiya tarixi xronologiya üzrə 10 bölmədən ibarətdir. Bu bölmələrin hər biri Azərbaycanın mülki aviasiyasının yaradılması üçün atılmış ilk addımlardan başlayaraq, bu gün müstəqillyimizin bərpa edildiyi dövrdə baş verən sürətli inkişafadək keçilmiş bütün tarixi yolları, inkişaf mərhələlərini əks etdirir.
Milli Aviasiya Akademiyası təşəkkül tapdığı ilk dövrlərdə bir fakültə, iki ixtisas, 80 tələbə ilə fəaliyyətə başladı. 1994-cü ildə Hava Nəqliyyatının Uçuş istismarı fakültəsi və onun nəzdində Hava gəmilərinin uçuş istismarı və aeronaviqasiya, Uçuş aparatlarının və aviasiya mühərriklərinin konstruksiyası və istismarı kafedraları yaradıldı. Həmin ildə MAA-nın nəzdində Elmi Tədqiqat Aviasiya İnstitutu (ETAİ) da fəaliyyətə başladı.
Azərbaycan deyəndə Heydər Əliyev, Heydər Əliyev deyəndə Azərbaycan göz önünə gəlir. Heydər Əliyev və Azərbaycan. Bu iki kəlam birləşərək Respublika yaradıb. Bir-birini sevən, əzizləyən, qucaqlayan bu iki söz Azərbaycan xalqının varlığından söhbət açır. Heydər Əliyevin bütün həyatı, ömrü bir möcüzədir, kitablara sığmayan bir qəhrəmanlıq
salnaməsidir, nağılıdır.O, doğrudan da, bütün həyatını, ömrünü, dincliyini, istirahətini öz Anasına-Vətəninə-Azərbaycanına qurban verirdi və bundan yorulmurdu, əksinə zövq alırdı.
Azərbaycan Heydər Əliyevin həyatını həsr etdiyi ülvi dünyası, ömrünün mənası idi. O, XX əsrdə
zamanın Azərbaycana bəxş etdiyi nadir şəxsiyyət, siyasət aləminə öz dəst-xəttini həkk edən Azərbaycan oğludur. Deyərdim ki, Azərbaycanın özüdür. Heydər Əliyev azərbaycanlı olduğu ilə fəxr edirdi. O deyirdi ki, bizim hamımızın bir Vətəni var. Bu, Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla, müstəqil Azərbaycanla bir vurmalıdır.“Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin, həyatının, fəaliyyətinin mühüm bir sahəsidir.
Cəmiyyət təhsilsiz inkişaf edə bilməz.”
Bəli, deyildiyi kimi təhsil bizim gələcəyimizdir. Hal hazırda Azərbaycan təhsil sisteminin
təkmilləşdirilməsinə çox böyük diqqət göstərilir. Azərbaycanda müstəqillik bərpa olunandan sonra təhsil sahəsinə diqqət ən vacib, ən önəmli istiqamətlərdən biridir.
Bizim elmimiz inkişaf edir. Biz gənclər elmimizi daha da inkişaf etdirməliyik. Ümummilli
liderimizin dediyi kimi elmimizin gələcəyi biz gənclərin əlindədir. Müstəqil Azərbaycanın gərək bundan da çox, bundan da güclü elmi potensialı olsun…
Heydər Əliyev istəyirdi ki, gənclər həyatın çətinliklərinə baxmayaraq, təhsillənsinlər, çünki qüvvət elmdədir, başqa heç cür heç kəs heç kəsə üstünlük eləyə bilməz
Gələcək nəsillərə elmimizin,yüksəlişimizin və müstəqilliyimizin sirlərini çatdırmaq bizim ən ümdə borcumuzdur
AMİDTV.AZ
İsmayılov İsmayıl Mahmud oğlu Texnika elmləri doktoru ,Professor,AMEA -nın müxbir üzvü