Heydər Əliyev hakimiyyəti dövründə ədəbiyyat siyasətini daim irəlilədərək, ədiblərə göstərdiyi saysız-hesabsız qayğılar ilə tarixə adını yazdırmışdır.

Azərbaycan ədəbiyyatı mədəni-mənəvi dəyərlərin daşıyıcısı kimi ümummilli liderin azərbaycançılıq fəlsəfəsinin və ideologiyasının əsasını təşkil etmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin dünyabaxışının formalaşmasında ədəbiyyat amili xüsusi yer tutmuşdur. Bu tarixi şəxsiyyət bədii ədəbiyyatın şəxsi taleyindəki böyük rolunu özü də etiraf etmişdir. O, 1997-ci ildə, müstəqillik dövründə keçirilən Azərbaycan yazıçılarının onuncu qurultayındakı nitqində bu həqiqəti aşağıdakı kimi etiraf etmişdir: “Şəxsən mən ədəbiyyatı çox sevən adamam və gənc vaxtlarımdan, hətta uşaqlıqdan, məktəbdə ilk ədəbiyyat nümunələrini oxuyandan ədəbiyyatı sevmişəm… mənim bir insan kimi formalaşmağımda, təhsilimdə, əxlaqımda, mənəviyyatımda ədəbiyyatın, mədəniyyətin çox böyük rolu olmuşdur. Mən orta məktəbdə oxuyarkən Azərbaycan şairlərinin, yazıçılarının bütün əsərlərini sevə-sevə oxumuşdum… O illərdə, o uşaqlıq və gənclik illərində onlar mənə o qədər təsir edib ki, mən onları unutmamışam. Bu “oxumuşam, unutmamışam” sözləri sadəcə bir fikir deyil. Yəni onlar mənə təsir edib, mən onlardan bəhrələnmişəm, mənəvi qida almışam”.
Heydər Əliyevin geniş həcmə malik olan şeirləri, poemalardan böyük parçaları, dramlarda əsas obrazların sözlərini əzbər bilməsi və bütün bunları uzun illər yaddaşında qoruyub saxlaması onun hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi qeyri-adi üstünlüyünün əsas göstəricilərindən biri idi. Siyasi-tarixi baxımdan möhtəşəm xəzinə kimi qabarıq şəkildə diqqəti cəlb edən Heydər Əliyevin bənzərsiz ədəbiyyat yaddaşına malik olması onun görkəmli dövlət xadimi obrazını əlavə cizgilərlə tamamlamış və zənginləşdirmişdir. Heydər Əliyev təkcə geniş və mükəmməl ədəbiyyat biliyi ilə deyil, həm də fenomenal ədəbiyyat yaddaşı ilə nəinki diqqəti cəlb etmiş, hətta çox hallarda ətrafındakıları heyrətləndirmiş və təəccübləndirmişdir.
Ədəbiyyata xalqın taleyinin və tarixi yaddaşının əks-sədası kimi baxan Heydər Əliyev bədii düşüncədə tarixilik, millilik və müasirlik prinsiplərinə xüsusi dəyər vermişdir. Müşahidələr və təhlillər göstərir ki, sovet hakimiyyəti illərində Heydər Əliyevin bu istiqamətdə apardığı ardıcıl və düşünülmüş siyasəti özünün ilkin bəhrələrini vermişdir. Belə ki, Azərbaycan yazıçılarının, xüsusən Rəsul Rza, Bəxtiyar Vahabzadə, Xəlil Rza, Məmməd Araz, bir qədər sonra Sabir Rüstəmxanlı kimi sənətkarların ana dili uğrunda apardıqları milli mücadiləyə dövlət səviyyəsində müəyyən üsullarla meydan açılmış və bu, nəticə etibarilə xalq arasında və Mərkəzi hökumətdə Azərbaycan dilinin dövlət dili səviyyəsinə qaldırılması üçün ictimai rəyi hazırlamışdır. Cəmiyyətdə gedən həmin prosesləri zaman-zaman Mərkəzi hökumətin diqqətinə çatdırmaq və məsələyə Siyasi Büro səviyyəsində aydınlıq gətirməyi bacarmaqla Heydər Əliyev sovet hakimiyyəti illərində Azərbaycan dilinin dövlət dili kimi ölkənin Konstitusiyasına ayrıca maddə kimi daxil edilməsinə nail olmuşdu. Bununla yanaşı, milli mücadiləyə könül vermiş yazıçılar isə deputat seçilmək, fəxri adlar və dövlət mükafatları almaqla müdafiə olunmuşlar. Əslində bu yolla Heydər Əliyev həm onların fəaliyyətinə dəstək verdiyini sezdirmiş, həm də o yazıçıların toxunulmazlığına təminat vermişdir. Keçən əsrin 70-ci illərində Heydər Əliyevin Azərbaycanın bir qrup tanınmış dilçi alimlərini çoxcildlik “Müasir Azərbaycan dili” dərsliyinə görə respublikanın Dövlət mükafatı ilə təltif etməsi də elmi-ictimai və ədəbi-mədəni mühitdə ana dilinin mövqeyinin daha da möhkəmləndirilməsinə xidmət edirdi.Heydər Əliyev Azərbaycan xalqına özünün soykökünü, milli-tarixi keçmişini dərindən və əsaslı şəkildə dərk etdirmək, mənimsətmək, xalqımızda milli qürur hisslərini daha da yüksəltmək üçün tarixi mövzularda bədii əsərlərin yazılmasına meydan verilməsini zəruri saymışdır.Heydər Əliyev ensiklopedik təfəkkürlü, müdrik şəxsiyyət idi.
Görkəmli dövlət xadimi Heydər Əliyevin taleyində və siyasi fəaliyyətində ədəbiyyat faktorunun da yeri, rolu və imkanları çox geniş anlayış olub, ölkənin və xalqın tanıdılmasından tutmuş, milli ideologiyanın formalaşdırılmasına qədərki geniş vəzifələri əhatə etmişdir. Hər şeydən əvvəl, onu qeyd etmək lazımdır ki, Heydər Əliyev dünyada geniş və sistemli ədəbiyyat biliyinə malik olan nadir dövlət xadimlərindən biri idi. Hələ gənclik illərindən etibarən qeyri-adi mütaliə qabiliyyəti ilə fərqlənən, hətta cavan yaşlarında tamaşalarda peşəkar teatr xadimləri ilə yanaşı, cəsarətlə səhnəyə çıxan Heydər Əliyevin dünyabaxışının formalaşmasında ədəbiyyat amili xüsusi yer tutmuşdur. Müasirləri onun “Vaqif” pyesində, “Qaralar ölkəsində” adlı dram əsərində əsas rolları ifa etdiyini xatırlayırlar. Hətta Heydər Əliyevin teatr həvəskarı olmasına dair nadir fotoşəkillər də ölkəmizin muzeylərində və arxivlərində qorunub saxlanmaqdadır. Böyük tarixi şəxsiyyət olan Heydər Əliyev bədii ədəbiyyatın şəxsi taleyindəki böyük rolunu 1997-ci ildə keçirilən Azərbaycan yazıçılarının onuncu qurultayındakı nitqində aşağıdakı kimi etiraf etmişdir: “Şəxsən mən ədəbiyyatı çox sevən adamam və gənc vaxtlarımdan, hətta uşaqlıqdan, məktəbdə ilk ədəbiyyat nümunələrini oxuyandan ədəbiyyatı sevmişəm… Mənim bir insan kimi formalaşmağımda, təhsilimdə, əxlaqımda, mənəviyyatımda ədəbiyyatın, mədəniyyətin çox böyük rolu olmuşdur. Mən orta məktəbdə oxuyarkən Azərbaycan şairlərinin, yazıçılarının bütün əsərlərini sevə-sevə oxumuşdum… O illərdə, o uşaqlıq və gənclik illərində onlar mənə o qədər təsir edib ki, mən onları unutmamışam. Bu, “oxumuşam, unutmamışam” sözləri sadəcə bir fikir deyil. Yəni onlar mənə təsir edib, mən onlardan bəhrələnmişəm, mənəvi qida almışam”.
Əlbəttə, görkəmli dövlət xadimi Heydər Əliyevin də xüsusi rəğbət bəslədiyi yazıçı və şairlər, ayrıca fərqləndirdiyi, üstünlük verdiyi bədii əsərlər olmuşdur Azərbaycanın milli-mənəvi və əxlaqi dəyərlərinin ümumbəşəri ideyalarla zənginləşdirilməsində onun misilsiz xidmətləri olmuşdur. O, Azərbaycan xalqının qəhrəmanlıqlarla dolu tarixi keçmişinə, zəngin mənəvi dəyərlərinə, maddi-mənəvi irsinə, incəsənətinə qayğı ilə yanaşmışdır. Heydər Əliyev Azərbaycan mədəniyyətinin hamisi olmuşdur. O, xalqın mənəviyyatını zənginləşdirən, onu bütün dünyada tanıdan milli mədəniyyətimizin hərtərəfli inkişafını, yüksəlişini daim izləmiş, ona ən ümdə vəzifəsi kimi baxmışdır. Heydər Əliyev deyirdi:
“Ədəbiyyatımızın, incəsənətimizin, mədəniyyətimizin ən böyük və fərqləndirici xüsusiyyətlərindən biri də odur ki, zaman-zaman istedadlı insanlar mədəniyyətimizdə yeni yollar, yeni cığırlar açırlar, yeni formalar meydana gətirirlər.”
Müstəqillik dövründə də ulu öndər bu qayğı və məhəbbəti sənət adamlarından əsirgəməmişdir. Azərbaycanın ən yüksək fəxri ordeni “İstiqlal”a ilk dəfə layiq görülənlər ədəbiyyat xadimləri olmuşdur. “Bizim ədəbiyyatımız xalqımızın mənəvi sərvətidir, intellektual mülkiyyətidir”- deyən ümummilli liderimiz istər sovet dönəmində, istərsə də müstəqillik illərində bu sahəni həyat və fəaliyyətinin, yürütdüyü siyasətin tərkib hissəsi və ifadə vasitəsinə çevirmişdir. Azərbaycan dilini və ədəbiyyatını dərindən bilən və sevən ümummilli lider xalqın milli mənlik şüurunun formalaşmasında, mənəvi cəhətdən təkmilləşməsində, tarixi yaddaşın qorunub saxlanılmasında ədəbiyyatın rolunu layiqincə qiymətləndirirdi: “Çoxəsrlik tariximizdə xalqlarımızı yaşadan, qoruyan və bu günlərə gətirib çıxaran amillərdən biri, ola bilər ki, ən əsası bizim mədəniyyətimiz, ədəbiyyatımız, deməli, şairlərimiz, yazıçılarımızdır”Ümumiyyətlə, “milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza birinci növbədə ədəbiyyatdan gəlir”- deyən ulu öndər Heydər Əliyevin Azərbaycan söz sənətinin hərtərəfli yüksəlişinə böyük diqqət və qayğısı son dərəcə mühüm dəyərə malikdir. Heydər Əliyevin ədəbiyyatşünaslığa gətirdiyi yeni tipli siyasi təfəkkür ədəbi prosesə öz dərin və müsbət təsirini göstərirdi. Ümumilli liderin ədəbiyyat konsepsiyası onun ideya-siyasi irsinin tərkib hisəsi kimi insanların həm düşüncə, həm də həyat tərzini istiqamətləndirən mənəvi enerji mənbəyidir.
Ümummilli liderin ədəbiyyat konsepsiyası azərbaycançılıq ideologiyası prizmasından tədqiq olunur, azərbaycançılıq fəlsəfəsinin yaranması və ədəbi əsərlərdən qaynaqlanması, eyni zamanda dahi öndərin buna münasibəti açıqlanır. Ulu öndərin dövlət ideologiyası və siyasəti üçün mədəniyyət, ədəbiyyat ən mühüm, vacib amil kimi özünü göstərir. Heydər Əliyevə görə, ədəbiyyat azərbaycançılıq fəlsəfəsinin üzvi tərkib hissəsidir. Dahi lider bu ideologiyanın əsası kimi Azərbaycan ədəbiyyatını inkişaf etdirmək və tanıtdırmağı əsas sayırdı. Bu baxımdan dahi liderin ədəbiyyat sahəsindəki fəaliyyəti azərbaycançılıq ideologiyasının ifadə və reallaşma formasıdır. Bu idelogiyanın ədəbi dəyərlərin timsalında formalaşma yollarını ilk olaraq Heydər Əliyev görmüş, ictimaiyətə təqdim etmişdir. Azərbaycançılığın milli mədəniyyət, milli bədii fikir, ictimai dünyagörüş istiqamətində qədim tarixi vardır. Millətin formalaşma prosesi ilə tarixən üst-üstə düşən azərbaycançılıq fərdi bədii düşüncədən publisistikaya, burdan da dövlət səviyyəsinə qədər böyük bir inkişaf yolu keçmişdir
Müasir ədəbiyyatımızın, incəsənətimizin və mədəniyyətimizin bəşəri arenada öz nadir inciləri ilə dünyanı heyran qoyması, ölkəmizin şöhrətini qaldırması, xalqımızın qədim mədəniyyətə malik olması bu müdrik fikri təsdiq edirdi. Məlum olduğu kimi, XX əsrdə Azərbaycan mədəniyyətinin bütün sahələrinin sürətli inkişafı, geniş miqyasda təbliği və böyük nailiyyətləri bilavasitə Heydər Əliyevin müstəsna tarixi xidmətlərinin nəticəsi idi. Onun rəhbərlik etdiyi 70-80-ci illərdə, xüsusən sonrakı dövrdə mədəni və ədəbi irsimizə, təsviri sənətə, balet və teatra qayğı xeyli dərəcədə artmışdı. Heydər Əliyevin bilavasitə himayədarlığı və gərgin səyləri nəticəsində Azərbaycan incəsənəti bütün dünya miqyasında tanınmışdır. Keçmiş SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsiə işlədiyi dövrdə Heydər Əliyev yenə də Azərbaycan mədəniyyətinin qayğısına qalırdı. Onun sayəsində Azərbaycan mədəniyyəti ümumdünya mədəni məkanında tanınır, sevilirdi. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə “Kitabi-Dədə Qorqud” eposunun, Füzuli, Nəsimi kimi korifey sənətkarların dünya miqyasında yubileylərinin keçirilməsi, Molla Pənah Vaqifin, Hüseyn Cavidin məqbərələrinin inşa edilməsi, İmadəddin Nəsiminin, Nəriman Nərimanovun, Cəfər Cabbarlının heykəllərinin ucaldılması, şəhidlərin xatirə kompleksinin və digər monumental sənət əsərlərinin yaradılması, ədəbiyyat və mədəniyyət xadimlərimizin ev muzeylərinin açılması, “Gülüstan” sarayı, Opera studiyası, Xoreoqrafiya məktəbi kimi memarlıq abidələri əlamətdar hadisələr idi. Bütün bunlar Azərbaycan xalqının milli mədəniyyətinin misli görünməmiş yüksəlişinin təzahürləri idi.
Bu gün də bu irs layiqincə davam etdirilir. Ölkə başçısı tərəfindən Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, incəsənətinə yetərincə qayğı, diqqət göstərilir, gənc istedadların tapılıb üzə çıxarılması üçün xüsusi şərait yaradılır.
Heydər Əliyevin ədəbiyyat siyasətinin inkişaf səviyyəsinin əsas şərtlərinə əsasən, Azərbaycanda mətbu orqanlar olan “Ədəbiyyat qəzeti”nin, “Azərbaycan”, “Qobustan” və “Ulduz” jurnallarının nəşri dövlət tərəfindən maliyyələşdirildi və bununda sayəsində milli ədəbiyyatın inkişafında böyük irəliləyiş oldu. Onun ədəbiyyat siyasətinin mərkəzində Azərbaycançılıq ideologiyası dayanırdı. Heydər Əliyevin ilkin təməlini qoyduğu ədəbiyyat siyasəti günü-gündən əlavə müddəalarla daha da zənginləşdirərək müasir dövrün ədəbiyyat siyasəti halına gəlmişdir. Onun ədəbiyyat siyasətində artıq formalaşmış ənənələri davam etdirilməsi və əlavə müddəalarla zənginləşdirməsi böyük xidmətləri siyahısındadır. Ədəbiyyat siyasətində artıq formalaşmış ənənələri davam etdirərək, yazıçılara fəxri adların, fərdi təqaüdlərin verilməsi və yaradıcı gəncliyin istedadlı nümayəndələrinin stimullaşdırılması üçün konkret əməli işlərin görülməsi bu qəbildən olanlardır. Ədəbiyyat sahəsində xidmətləri olanlara müntəzəm olaraq, Azərbaycan Respublikası Dövlət mükafatlarının verilməsi Heydər Əliyevin ədəbiyyat siyasəti sahəsindəki xidmətlərinin əməli ifadəsidir. Azərbaycan dövlətinin ədəbiyyat siyasəti böyük ehtirama əsaslanır. Yüksək səviyyəli mükafatların və təqaüdlərinin yaradılması mövcud siyasətin ənənələridir. Ədəbiyyat sahəsinə aid olan və ya onunla bilavasitə əlaqəli olan Azərbaycan Yazıçılar Birliyi, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi, Azərbaycan Dövlət Milli Dram Teatrı, Opera Teatrı, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı və s. kimi yerlərdə aparılan böyük quruculuq prosesləri Heydər Əliyevin ədəbiyyat siyasətinin əsas tərkib hissəsidir. Azərbaycanda uğurla həyata keçirilən ədəbiyyat siyasəti nəticəsində yeni çağdaş ədəbi nəsil meydana çıxmış və Azərbaycançılıq məfkurəsi daha da zənginləşdirilmişdir. Azərbaycan ədəbiyyatının inkişafında Heydər Əliyevin ədəbiyyat siyasətinin böyük rolu və mükəmməl, hərtərəfli təsiri olduqca əhəmiyyətlidir. Ədəbiyatşünaslıq həmişə siyasi ideoloji cəhətdən aktuallıq kəsb edən sahədir. Heydər Əliyevin bu sahədəki fəaliyyətindən bəhs edən ədəbiyatşünaslar öz kitab və monoqrafiyalarında ulu öndərin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinə, onların yubileylərinin keçirilməsinə, ev muzeylərinin təşkilinə, əsərlərinin akademik nəşrlərinin hazırlanmasına, əsərlərinin dünya dillərinə tərcümə olunub yayılmasına, ədəbiyyat xadimlərinin və ədəbi nəşrlərin dövlət qayğısı ilə əhatə olunmasına göstərdiyi diqqət və qayğını qələmə almışlar. Heydər Əliyev hakimiyyəti dövründə ədəbiyyat siyasətini daim irəlilədərək, ədiblərə göstərdiyi saysız-hesabsız qayğılar ilə tarixə adını yazdırmışdır.
Bu məqamda hazırda daha dərindən dərk olunan hadisələri də qabartmaq gərəkdir: Azərbaycan xalq ədəbiyyatının klassiki Aşıq Ələsgərin 150 illiyinin 1972-ci ildə Bakıda və Moskvada qeyd olunması, şairin vətəni Göyçədə abidəsinin ucaldılması, yaxud 1982-ci il yanvarın 14-də Ulu Öndərin Şuşada böyük təntənə ilə M.P.Vaqif məqbərəsini ucaltması, sonraya saxlamadan qarlı qış günündə açılışını etməsi, yayda Vaqif Poeziya Günlərinin keçirilməsi və bunun ənənəvi poeziya bayramlarına çevrilməsi cidd-cəhdlə Qarabağı erməniləşdirməyə çalışan erməni siyasətinə qarşı düşünülmüş bir addım, Heydər Əliyevin rəhbərliyi dövründə gerçəkləşdirdiyi çoxsaylı tarixi-mədəni tədbirlər sırasından idi.
Üstündən 39 il ötəndən sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın məhz 2021-ci il 14 yanvar günü Şuşaya səfəri, işğal dövründə erməni vandalizminə məruz qalmış abidənin tez bir zamanda, olduğu kimi bərpası, həmin ilin iyul-avqust günlərində məqbərənin açılışı, Vaqif Poeziya Günlərinin yenidən dirçəldilməsi və hər il keçirilməsi böyük şairin və Ulu Öndərin ruhuna ehtiramın ifadəsi olmaqla yanaşı, Heydər Əliyev məfkurəsinin əbədiyaşarlığının rəhni və sübutudur.
Ümummilli Lider Heydər Əliyevin ədəbi mühitlə əlaqələrinin ən fəal və parlaq dövrü müstəqillik illəridir. Bu dövrdə Ulu Öndərin qəlbi, fikri, düşüncəsi birbaşa xalqla, milli toplumla, ziyalılarla, cəmiyyətin düşünən kəsimi ilə birgə döyünür, ideyaları bilavasitə yaradıcı və qurucu əməllərində gerçəkləşir, intişar tapır.
Ulu Öndər uzaqgörən, müdrik siyasəti ilə müstəqillik illərində Azərbaycan ədəbiyyatının tarixi ənənələrini, Ümumşərq, Ümumtürk dəyərlərini aktuallaşdırdı, müasir dünyaya çıxardı. Böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyinin 1994-1996-cı illərdə Bakıda, Türkiyədə, İraqda, Moskvada, Parisdə, “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin 1997-2000-ci illərdə Bakıda, Türkiyədə, Drezdendə, Parisdə UNESCO səviyyəsində geniş qeyd olunması bundan xəbər verirdi.
“Biz gələcəkdə də şairlərimizin, yazıçılarımızın, mütəfəkkirlərimizin yubileylərini keçirəcəyik və hər bir belə yubiley xalqımızın bayramı olacaqdır”, – deyən Ulu Öndər yanılmırdı. Həmin ənənələr bu gün də yaşayır, günün inkişaf tempinə, xalqın mənəvi tələblərinə müvafiq olaraq intişar tapır. Prezident İlham Əliyevin sərəncamları ilə klassiklərin yubileylərinin geniş qeyd olunması, 2019-cu ilin “İmadəddin Nəsimi İli”, 2021-ci ilin “Nizami Gəncəvi İli” kimi simvolizə olunması Ulu Öndərin başlatdığı, Azərbaycan dəyərlərinin dünyaya çıxması yolunda nəhəng addımları təmsil edir, göstərir.
2020-ci ilin Vətən müharibəsi Ulu Öndərin təlqin elədiyi fikirlərin tam həqiqət olduğunu təsdiqlədi. 44 günlük Vətən müharibəsinin ilk günündən son qələbə nidasınacan xalqımız, cəmiyyətimiz kimi ədəbiyyatımız da döyüşən ordumuzun yanında oldu, informativ, emosional, ruh və mövqelər savaşında cəbhədən-cəbhəyə qələbələrimizin və böyük Zəfərimizin yanında oldu. Prezident İlham Əliyevin çıxışlarında dəfələrlə vurğuladığı kimi, Vətən müharibəsində, Qarabağ torpaqlarının işğaldan azad olunmasında Qələbəni bizə qazandıran ordunun əsgərləri, məhz müstəqillik illərində doğulmuş, müstəqil cəmiyyətdə, o cümlədən müstəqillik ədəbiyyatı ilə böyümüş, dərs almış, tərbiyələnmiş gənc nəsillər oldu. Heydər Əlirza oğlu Əliyevin təlqin etdiyi ədəbiyyat ,mədəniyyət, incəsənət, iqtisadiyyat , bütün sahələrdə vətənpərvərlik ruhunda tərbiyə olunmuş, yüksək səviyyədə təhsil alan gənclərimizin sayəsində daha da inkişaf edəcək.
AMİDTV.AZ
Ələsgərova Səkibə İsmayıl qızı Filalogiya elmlər doktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi, elmi ,publisistik məqalələr müəllifi