Ulu Öndər Heydər Əliyev ədəbiyyat ,mədəniyyət və incəsənət sahəsini xalqın böyük sərvəti hesab edirdi

Milli dövlətçilik dəyərlərinin əsasını sağlam düşüncəli mədəniyyət təşkil edir. Sabahkı uğurlara yeganə təminat isə sağlam cəmiyyət quruculuğuna diqqət artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşılamaqdır.
Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Elə ona görə də mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün mümkün olan hər şeyi edirdi.
Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Musiqimiz də, teatrımız da, kino sənətimiz də, heykəltaraşlıq və rəssamlığımız da, xalça sənətimiz də bugünkü inkişafında ulu öndərin çox dəyərli ideyalarından bəhrələnib.
Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı.Heydər Əliyev bəstəkarların, kinematoqrafçıların, teatr xadimlərinin, rəssamların qurultaylarında, konfranslarında iştirak edir, dərin, məzmunlu nitqi iştirakçıların alqışları ilə qarşılanardı. Onun hər çıxışı mədəniyyətin bir sahəsinin gələcək inkişaf proqramına çevrilərdi. Hansı sahədən danışırdısa, elə hiss edirdin ki, bu sahənin mütəxəssisi, bilicisidir. Heydər Əliyev özü də incəsənət meyilli şəxsiyyət idi. Ulu öndərimiz bütün ömrünü, mübarizəsini, bir sözlə, fədakar fəaliyyətini Azərbaycanın siyasi, iqtisadi, mədəni həyatının inkişafına sərf etmiş, respublikamızın beynəlxalq aləmdə geniş miqyasda tanınması üçün əlindən gələni əsirgəməmişdir. Ümummilli liderimizin xüsusi diqqət yetirdiyi sahələrdən biri Azərbaycanın mədəniyyəti və incəsənəti olmuşdur.Heydər Əliyev mədəniyyət və incəsənətin bütün sahələrinə dərindən bələd olan nadir bir şəxsiyyət idi. Söhbət rəssamlıqdan gedirsə, ümummilli liderimiz sənətşünas, musiqi sahəsində musiqişünas, teatr aləmində teatrşünas, ədəbiyyatdan söhbət gedirsə, bir filoloq kimi mühakimə yürüdür, maraqlı fikirlər söyləyirdi.
Azərbaycan mədəniyyətinin görkəmli xadimləri heç zaman Heydər Əliyev dövründə olduğu qədər tanınmamışlar. Heydər Əliyev mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, onların daim qayğısını çəkirdi. Belə sənətkarları sadalamaqla qurtaran deyil. Azərbaycanın müqtədir sənətkarları sovet dövründə məhz Heydər Əliyevin qayğısı sayəsində SSRİ-nin Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri ad almışlar. Azərbaycana sovetlər dönəmində rəhbərlik etdiyi 14 il ərzində yüzilliklər boyu əldə edilməsi mümkün olmayan nailiyyətləri gerçəkləşdirməyi bacaran Heydər Əliyevə bütün bunları həyata keçirməyə onun Vətənə, xalqa, torpağa hədsiz məhəbbət və sədaqət hissi, qurub-yaratmaq amalı kömək etmişdir.
“Bizim ziyalıların, mədəniyyət xadimlərinin, elm xadimlərinin cəmiyyətdəki hörmətini qaldırmaq lazımdır. Çünki xalq həmişə öz ziyalıları, öz mədəni irsi, öz elmi ilə tanınır. Şübhəsiz ki, xalqın tarixində sərkərdələrin də, siyasətçilərin də, böyük rolu vardır. Ancaq xalq həmişə mədəniyyəti, elmi ilə tanınıb və keçmiş tariximiz də bunu sübut edir”,– deyən Heydər Əliyev 70-ci illərdə Azərbaycan paytaxtında və digər şəhər və rayonlarımızda tanınmış mədəniyyət, ədəbiyyat və elm xadimlərinin abidəsinin ucaldılmasına nail olurdu. Böyük öndərin həmin siyasətinin nəticəsi idi ki, o illərdə Nəriman Nərimanovun, İmadəddin Nəsiminin, Cəfər Cabbarlının, Hüseyn Cavidin, Mehdi Hüseynzadənin, Səttar Bəhlulzadənin və başqa görkəmli soydaşlarımızın abidəsi qoyulmuşdu. 1976-cı ildə Şuşanın sosial-iqtisadi inkişafı haqqında qərar qəbul ediləndən sonra bu şəhərdə Xan qızı Natəvanın abidəsi ucaldıldı. Bu illərdə Bakıda və başqa şəhərlərdə çoxlu sayda tarix-diyarşünaslıq muzeyləri, Səməd Vurğunun, Cəfər Cabbarlının, Üzeyir Hacıbəyovun, Bülbülün ev-muzeyləri yaradıldı. Məxsusi bir qərarla repressiya qurbanlarının – əvvəl Mikayıl Müşfiq və Hüseyn Cavidin ev-muzeyləri açıldı.
Sonradan Moskvada fəaliyyət göstərdiyi dövrdə də Heydər Əliyev doğma Azərbaycanını və millətini unutmamış, ölkəmizin inkişafı və çiçəklənməsi, əhalisinin rifah halının daha da yüksəlməsi üçün əlindən gələni əsirgəməmişdi. O dövrdə Azərbaycan mədəniyyətinin də inkişafı heç təsadüfü olmamışdır. Belə ki, keçmiş SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyərkən, Sovet İttifaqının mədəniyyət üzrə bütün müəssisə və təşkilatlarına rəhbərlik edərkən Heydər Əliyev Azərbaycanın ümumittifaq və ümumdünya mədəni məkanına cəlb olunmasına çalışır, ədəbiyyatımızı, incəsənətimizi geniş təbliğ edir, dünyanı Azərbaycana, Azərbaycanı dünyaya tanıdırdı. Heydər Əliyev bəstəkarların, kinematoqrafçıların, teatr xadimlərinin, rəssamların qurultaylarında, konfranslarında iştirak edir, dərin, məzmunlu nitqi iştirakçıların alqışları ilə qarşılanırdı. Onun hər çıxışı mədəniyyətin bir sahəsinin gələcək inkişaf proqramına çevrilirdi.Ulu öndərin hakimiyyəti illərində muzey və kitabxana işi, rəssamlıq, heykəltəraşlıq və memarlıq sənəti sürətlə inkişaf etmişdir. Bakıda ucaldılmış çox dəyərli heykəllər, inşa edilmiş müasir və klassik ənənələri birləşdirən əzəmətli binalar xalqımızın milli sərvətinə çevrilmişdir. Bakımız gözəlləşmiş, yeni görünüş almışdır. Elə regionlarımızda da mədəniyyətin inkişafı diqqətdən yayınmamışdır.
Azərbaycanın qədim şəhərsalma ənənələrini özündə ehtiva edən İçərişəhərin Şirvanşahlar Saray Kompleksi ilə birgə UNESCO-nun Maddi İrs Siyahısına daxil edilməsi böyük tarixi hadisə idi.
Ümummilli lider Heydər Əliyev deyirdi: Böyük iftixar hissi ilə deyə bilərəm ki, XX əsrdə Azərbaycan rəssamlıq məktəbi, Azərbaycan rəssamları dünya miqyasında görkəmli yer tutmuşlar. Bunu bütün dünya rəssamlarının işləri ilə tanış olan bir adam kimi, onlarla müqayisə edərək tam əsaslı deyə bilərəm. Biz bununla fəxr edirik. Bütün rəssamlarımızın əsərlərinə qayğı ilə yanaşmalıyıq və gözəl əsərlər yaratmalarına şərait yaratmalıyıq. Ümumiyyətlə Rəssamlar ümummilli liderimiz Heydər Əliyevi özlərinə daha yaxın hesab edirdilər. Görünür, Heydər Əliyevin Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil alması (1939-1941) bunu deməyə əsas verir. Ulu öndər rəssamların yaradıcılıq şəraitinin yaxşılaşdırılması barədə düşünürdü. Müdrik dövlət rəhbəri əllinci illərin sonlarında paytaxtın İnşaatçılar prospektində tikilən “Rəssamlar evi”ndəki emalatxanaların yaradıcılara azlıq etməsindən də yaxşı xəbərdar idi. Odur ki, bu işi genişləndirməyə qərar verdi. Bundan sonra Əhmədli yaşayış massivində, 4-cü mikrorayonda emalatxanalar üçün iki beşmərtəbəli dörd bloklu xüsusi bina inşa olunub rəssamların ixtiyarına verildi. İndi bu binalarda 300-dək rəssam və heykəltəraş yaradıcılıqla məşğuldur. Müstəqillik illərində isə Prezident Heydər Əliyev həmin emalatxanaların pulsuz olaraq rəssamların mülkiyyətinə verilməsi üçün sərəncam imzaladı. Bu, heç şübhəsiz, ölkə başçısının yaradıcı insanlara böyük qayğısının təzahürü idi. Rəssamların yeni nəslinin yetişdirilməsi ulu öndərin diqqət mərkəzində olan məsələlərdən idi. Bakıda Rəssamlıq Kolleci və Mədəniyyət və İncəsənət Universiteti mövcud olsa da, o, uzun illər idi ki, paytaxtda gənclərə akademik vərdişləri aşılayan ali təhsil ocağının açılmasını arzulayırdı. Nəhayət, bu istəyini 2000-ci ildə gerçəkləşdirə bildi. Həmin ildən fəaliyyətə başlayan Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ötən bu müddətdə yetişdirdiyi istedadlı tələbələrlə yaradıcı nəsillər arasında mənəvi körpünün artıq arzulanan səviyyədə möhkəmləndirildiyini nümayiş etdirməkdədir.
17 dekabr 1994-cü ildə böyük Azərbaycan rəssamı Səttar Bəhlulzadənin anadan olmasının 85 illiyinə həsr olunmuş sərginin açılışında Ulu Öndər Heydər Əliyev çıxış edərək deyib: “Səttar Bəhlulzadənin yaradıcılığı bizim üçün mənəviyyat mənbəyidir. Xalqımızın mədəniyyətinin, rəssamlıq məktəbinin professional səviyyəsinin nə qədər yüksək olduğunu bütün dünyaya göstərir. Eyni zamanda xalqımızın rəssamlıq məktəbinin yeni, orijinal üslubda əsərlər yaratmağa qadir olduğunu sübut edir. Bu, bizim fəxrimizdir. Bu, xalqımızın gələcəyi üçün, mədəniyyətimizin inkişafı üçün böyük bir əsasdır”
Heydər Əliyevin mədəniyyət siyasəti bu gün hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2003-cü ildən sonra Azərbaycanda Heydər Əliyevin mədəniyyətimizin inkişafı ilə bağlı ideyaları davamlı olaraq həyata keçirilir. Azərbaycanda mədəniyyətin müxtəlif sahələri – teatr, kino, kitabxana və muzey işinin inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları ölkəmizdə mədəniyyətin tərəqqisinə yeni stimul yaratmışdır.
Bu gün mədəniyyət obyektləri təmir olunur, yeniləri inşa edilir. Bakıda təmir olunmamış teatr binası qalmamışdır. Bakının 2009-cu ildə “İslam Mədəniyyətinin paytaxtı” elan edilməsi Azərbaycan mədəniyyətinin dünyaya inteqrasiyası istiqamətində çox önəmli bir hadisə idi. Bakıda ənənəvi keçirilən mədəniyyətlərarası dialoq forumları, humanitar forumlar, BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu Azərbaycan mədəniyyətinin dünyaya inteqrasiyası sahəsində olduqca əhəmiyyətli tədbirlərdir. Bütün bunlar ulu öndərin mədəniyyət siyasəti konsepsiyasının tərkib hissəsidir.
Heydər Əliyevin mədəniyyət siyasətinin reallaşması işində bu gün ulu öndərin adını şərəflə daşıyan fondun böyük xidmətləri vardır. Milli-mənəvi dəyərlərimizə qayğı, onların qorunması və təbliğində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir. Fondun muğam sənətimizin inkişafına, Azərbaycan mədəniyyətinin dünyada tanınmasına, milli-mənəvi dəyərlərimizin təbliğinə həsr etdiyi davamlı tədbirlər olduqca əhəmiyyətlidir.Heydər Əliyev Fondu Azərbaycanı mədəniyyətlərarası dialoq-barış məkanına çevirib. Mədəniyyətin inkişafı, dünyaya inteqrasiya etməsi, mədəniyyətə qayğı Heydər Əliyev Fondunun milli-mənəvi irsə necə böyük həssaslıqla yanaşdığını göstərir. Xüsusilə Azərbaycan muğamının dünyada tanınmasında fondun fəaliyyəti yüksək dəyərlərə layiqdir. 2005-ci ildən başlayaraq xalqımızın musiqi incilərindən olan muğamın inkişafı və təbliği ilə bağlı mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirildi. Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə görkəmli muğam ustaları dəvət olunmaqla “dəyirmi masa” keçirildi və burada qərara alındı ki, Bakı şəhərində Beynəlxalq Muğam Mərkəzi yaradılsın. Bir müddət sonra Beynəlxalq Muğam Mərkəzinin təntənəli açılışı oldu. Muğam sənətinin inkişafı və qorunması istiqamətində atılan növbəti addım “Qarabağ xanəndələri” musiqi albomunun nəfis şəkildə buraxılması oldu. Fondun təşəbbüsü ilə keçirilən “Muğam dünyası” Beynəlxalq Festivalda isə dünyanın muğam biliciləri Azərbaycana toplaşaraq muğamın qorunub saxlanılması və inkişaf etdirilməsi barədə fikir mübadiləsi apardılar. Milli sərvətimiz, mənəvi dəyərlərimizin daşıyıcısı olan muğamın təbliğində Heydər Əliyev Fondunun başladığı işlərin bəhrəsi olaraq mədəniyyətlərarası dialoq start götürdü. Beynəlxalq elmi simpoziumda və Beynəlxalq Muğam müsabiqəsində İran, Suriya, İraq, Mərakeş, Özbəkistan, Tacikistan, Qazaxıstan, Misir, Türkiyə, Almaniya və başqa ölkələrin muğam ustaları bir araya gələrək doğma respublikamızın paytaxtı Bakını muğam sənətinin tarixində yeni bir mərhələnin başlanğıcının yazıldığı məkana çevirdilər.
Azərbaycan Xalça Muzeyinin ilk ekspozisiyası 26 aprel 1972-ci ildə İçərişəhərdə yerləşən, XIX əsr memarlıq abidəsi olan Cümə məscidinin binasında açılmışdır. Ekspozisiyanın açılış mərasimində muzey yarandığı gündən böyük dəstəyini əsirgəməyən Heydər Əliyev iştirak etmişdir. 1992-ci ildə Azərbaycan Xalça Muzeyi Neftçilər prospektində yerləşən Muzey Mərkəzinə (keçmiş Lenin Muzeyi) köçürüldü.1991-ci ildə SSRİ-nin süqutundan sonra prezident sərəncamına əsasən bina Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə verildi və Muzey Mərkəzi adını aldı. Azərbaycanın müxtəlif regionlarından olan xalça və tətbiqi sənət nümunələrini sərgiləyən muzeyin ekspozisiyası binanın ikinci mərtəbəsində yerləşən 13 geniş zalda yerləşirdi. 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Heydər Əliyev Fondunun birgə layihəsi çərçivəsində Dənizkənarı Milli Parkda Azərbaycan Xalça Muzeyi üçün yeni binanın tikilməsi barəsində sərəncam imzaladı. 2014-cü ildə avstriyalı memar Frans Yantsın layihəsi əsasında muzey işinin ən müasir tələblərinə cavab verən yeni bina inşa edildi. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 iyul 2019-cu il tarixli qərarı ilə ölkəmizin xalça sənətinin qorunması və təbliği sahəsindəki müstəsna xidmətlərinə görə Azərbaycan Xalça Muzeyinə “Milli” statusu verilmişdir. Hazırda, ölkənin müasir tikililərindən birində yerləşən Azərbaycan Milli Xalça Muzeyi yalnız sənət nümunələri və milli irsimiz olan xalçaların saxlanc yeri kimi çıxış etmir, həm də milli xalça sənətinin hərtərəfli araşdırılması və xalqımızın bədii incilərinin yüksək səviyyədə təqdimat məkanı olaraq çoxşaxəli fəaliyyət göstərir.İndi Bakıda Muğam Mərkəzi, müasir memarlıq üslubunda inşa edilmiş Xalça Muzeyi fəaliyyət göstərir.
Bu gün Ulu öndərin 102 ci il dönümündə mötəbər yadda qalan, qürurverici günlərdən biri oldu ,azad olunan mədəniyyət beşiyi olan Ağdamda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.
Ağdam Muğam Mərkəzinin təməli 2023-cü ilin mayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub.
Mərkəzdə kafe, kinozal, kitabxana və iki rəqs zalı yaradılıb. Buradakı 507 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam konsertləri təşkil etmək üçün hərtərəfli şərait var. Mərkəzdə 15 dərs otağı, sərgi salonu, iclas zalı və digər otaqlar yaradılıb.
Muğam Mərkəzinin ərazisində 615 tamaşaçı tutumu olan açıq amfiteatr da inşa edilib.
Mərkəz Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol oynayacaq.
Qeyd edək ki, muğamın təbliği və inkişafı istiqamətində dövlətimiz tərəfindən görülən işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Fondun təşkilatçılığı və dəstəyi ilə bu istiqamətdə respublika və beynəlxalq əhəmiyyətli ənənəvi layihələr həyata keçirilir. Bu layihələrin nəticəsidir ki, Azərbaycan muğamı UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin şah əsərləri” siyahısına salınıb.Bunlar Heydər Əliyev ideyalarından güc alan dövlət başçımızın həyata keçirdiyi mədəniyyət siyasətinin real nəticələridir
Bizim ədəbiyyatımız, mədəniyyətimiz xalqımızın milli sərvətidir və intellektual mülkiyyətidir, bunu qoruyub, böyük şövqlə gələcək nəsillərə ötürmək üçün əlimizdən gələni etməliyik.
AMİDTV.AZ
Elnarə Dadaşova Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Ü. Hacıbəyli adına Bakı Musiqi akademiyasının professoru, Bəstəkar, Bəstəkarlar İttifaqının katibi