Ulu Öndər Heydər Əliyev – Əbədi Liderin İşıqlı Yolu

Bu gün – 10 may 2025-ci il, xalqımız müstəqil Azərbaycanın qurucusu, dünya şöhrətli siyasi və dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin 102-ci doğum gününü dərin ehtiram və böyük minnətdarlıq hissi ilə qeyd edir. Azərbaycanın müasir tarixində silinməz izlər qoymuş bu dahi şəxsiyyət, bütün ömrünü xalqına, dövlətinə, millətinə həsr etmiş, gərgin və fədakar fəaliyyəti ilə əsl lider obrazını formalaşdırmışdır.
Heydər Əliyevin həyat yolu müasir Azərbaycan dövlətçiliyinin inkişaf salnaməsi ilə tam şəkildə vəhdət təşkil edir. O, XX əsrin ağır və ziddiyyətli mərhələlərində, Sovet idarəçiliyi dövründə Azərbaycanı iqtisadi və mədəni cəhətdən öncül respublikaya çevirməyi bacaran nadir liderlərdən olmuşdur. 1969-cu ildə Azərbaycan Kommunist Partiyasının rəhbəri seçildikdən sonra respublikada intibah dövrü başladı. Onun təşəbbüsü ilə sənaye, kənd təsərrüfatı, tikinti və təhsil sahələrində fundamental islahatlar həyata keçirildi, minlərlə azərbaycanlı gəncin SSRİ-nin qabaqcıl ali məktəblərində təhsil almasına şərait yaradıldı. Heydər Əliyev həmin dövrdə milli özünüdərkin qorunmasına da xüsusi önəm verdi və Azərbaycanın gələcək müstəqilliyinin ideoloji bünövrələrini atdı.
Sovet dövründən sonra müstəqilliyini yenicə qazanmış, lakin dərin siyasi, iqtisadi və sosial böhran içində olan Azərbaycanı xilas etmək xalqın yenidən Heydər Əliyevə üz tutmasına səbəb oldu. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər, qısa müddətdə ölkədə sabitlik və əmin-amanlıq yaratmağa nail oldu. Onun uzaqgörən siyasəti nəticəsində separatizm meyilləri aradan qaldırıldı, dövlət strukturları möhkəmləndirildi, hüquqi islahatlara start verildi. Azərbaycan beynəlxalq arenada müstəqil və etibarlı tərəfdaş kimi tanınmağa başladı.
1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə Heydər Əliyev Azərbaycanın enerji resurslarını beynəlxalq əməkdaşlığa cəlb etməklə həm iqtisadi dirçəlişə, həm də geosiyasi mövqeyimizin möhkəmlənməsinə təkan verdi. Bu müqavilə Azərbaycanın dünya enerji xəritəsində mühüm oyunçuya çevrilməsinin əsasını qoydu. Onun neft strategiyası sonrakı illərdə ölkənin sosial rifahının yüksəldilməsinə, regionların inkişafına və yeni iş yerlərinin açılmasına mühüm təsir göstərdi.
Heydər Əliyev hər zaman gənclərə, elmə və təhsilə xüsusi diqqət yetirmiş, gələcəyin güclü dövlətinin bilikli və vətənpərvər nəslin yetişməsindən keçdiyini bəyan etmişdi. “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri onun millətinə olan sevgisinin və sədaqətinin simvoluna çevrilmişdir.
Bu gün Azərbaycanda aparılan uğurlu daxili və xarici siyasət, həyata keçirilən irimiqyaslı layihələr, milli maraqlara söykənən dövlət idarəçiliyi məhz Heydər Əliyev ideyalarının, onun siyasi kursunun davamı kimi qiymətləndirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu müdrik və uzaqgörən siyasət yüksək səviyyədə davam etdirilir. Azərbaycanın ərazi bütövlüyünün bərpası, Qarabağ torpaqlarında yeni həyatın bərqərar olunması da Heydər Əliyev ideyalarının təntənəsidir.
Heydər Əliyev Azərbaycan xalqının yaddaşında təkcə böyük siyasətçi kimi deyil, həm də xalqına dərin sevgi ilə bağlı olan müdrik ata, əsl vətənpərvər, nəcib şəxsiyyət kimi yaşayır. Onun ömür yolu, prinsipləri və dövlətçilik irsi gələcək nəsillər üçün daim örnək olacaq.
Bu gün Ulu Öndərin əziz xatirəsi hər bir azərbaycanlının qəlbində yaşayır. Onun ideyaları, yaratdığı dəyərlər və xidmətləri müstəqil Azərbaycanın ən möhkəm dayağı olaraq daim qorunacaq və inkişaf etdiriləcəkdir. Heydər Əliyev adı Azərbaycan tarixində əbədiyaşar lider kimi qalacaq.
AMİDTV.AZ
Vüsal Baloğlanov
Azərbaycan İdman Akademiyasının Tələbə və könüllülərlə iş şöbəsinin əməkdaşı,
Nərimanov rayonu Yeni Azərbaycan Partiyasının üzvü