Güneyli soydaşlarımızın mənəvi irsini – şifahi söz sənətini,tarixi, keçmişini, etnoqrafiyasını elm aləminə təqdim edən ziyalımız Mətanət Maşallah qızı Abbasova

Azərbaycanın dili, ədəbiyyatı, bir sözlə, maddi, milli-mənəvi irsi, onun tarixi, keçmişi, etnoqrafiyası və s. zaman-zaman təzyiqlərə məruz qalmış, uzun illər tədqiqatlardan kənarda saxlanılmışdır. Məhz belə bir tarixi dövrdə xalq ədəbiyyatı, folklor yaradıcılığı etnosun mübarizə, mücadiləsi, düşüncəsində onun daxili enerjisinin ifadəsi, milli kimlik yaddaşına çevrilmişdir. Güney Azərbaycan həqiqətləri isə həmişə bu tarixin ən həsas və amansız səhifələrində yer tutmuşdur. Milli kimlik, tarix, xalqın dünyagörüşünü özündə birləşdirən xalq yaradıcılığımızın zəngin bir hissəsinin qorunduğu Güney Azərbaycan folklor mühiti eyni problemlərdən qaynaqlanaraq hələ də öz ciddi elmi tədqiqatlarını gözləməkdədir. Sevindirici haldır ki, bu gün ölkəmizdə Güney Azərbaycan folklorunun toplanılması və çap edilməsinin tarixi başlanğıcının şahidi oluruq. Bu tarixi, müqəddəs işin ağırlığını öz çiyinlərində daşıyan tədqiqatçı, alimlərimizin sırasında filologiya elmləri doktoru Mətanət Maşallah qızı Abbasovanın da öz yeri vardır. “Güney Azərbaycan folkloru” seriyasından 15 cilddə kitab hazırlayıb, elm aləminə təqdim edən Mətanət xanımı hər zaman bir şey düşündürüb. Bu gün müstəqil Azərbaycanın əhatə etdiyi bölgələrin folklor kitablarının sayı iyirmi cildi keçdiyi halda, Güney Azərbaycana etinasızlıq göstərmək olarmı?! Hərgah müstəqil Azərbaycanın 10 milyonluq sakinlərinin mənəvi irsi bundan sonra da toplanıb, əbədiləşdirilərək öz sayını artıracaqsa, sayı 30-35 milyon civarında qeyd edilən Güneyli soydaşlarımızın mənəvi irsi – şifahi söz sənəti, görəsən, neçə cildə sığa bilər?!
Məlumdur ki, xalq yaradıcılığı sahəsində axtarışlar, tədqiqatların aparılması üçün ilk növbədə folklor mətnlərinin toplanılması lazımdır. Folklor toplama hər bir mütəxəssisdən böyük əzm, diqqət və səbr tələb edir. Qeyd edək ki, Güney Azərbaycan folkloru məlum siyasi səbəblərdən dolayı uzun illər sistemli şəkildə toplanılmamış, tədqiqatlara cəlb edilməmişdir. Güney Azərbaycanda S.Behrəngi, B. Dehqani, M.Fərzanə və s. kimi el təssübkeşlərinin qoyduğu ənənə bu gün davam etsə də, düşünürük ki, bu zəngin irs hələ də yetərincə öyrənilməmişdir. Sevindirici haldır ki, son 10 ildə AMEA Folklor İnstitutunun xətti ilə hazırlanan Güney Azərbaycandan əldə olunmuş toplama materiallarından ibarət folklor kitablarına rast gəlirik. Gəlin, bu sahədə yorulmadan çalışan, “Təbriz folklor mühiti” adlı ayrıca tədqiqat əsəri ilə gündəmə gələn, AMEA Folklor İnstitutunun “Cənubi Azərbaycan folkloru” şöbəsinin müdiri, dəyərli ziyalımız, filologiya elmləri doktoru Mətanət xanım Abbasovanı daha yaxından tanıyaq.
Abbasova Mətanət Maşallah qızı 1974-cü il noyabrın 8-də Füzuli rayonunda anadan olub. 1991-ci ildə Füzuli rayonu B.Sərdarov adına orta məktəbi fərqlənmə – “gümüş” medalla bitirmiş, Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 1996-cı ildə Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. Mətanət Abbasova 1997-ci ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun “Yeni dövr Azərbaycan ədəbiyyatı“ şöbəsinə dissertant olaraq qəbul olunmuş, 2006-cı ildə “Klassik Azəbaycan hekayəsində bədii simvol” mövzusunda namizədlik işini müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsi adını almışdır.
Bakı Dövlət Universitetini bitirdikdən sonra o, pedaqoji fəaliyyətə başlamış, 1996-cı ildə “Naxçıvan” Universitetində “Azərbaycan dili və ədəbiyyatı” kafedrasında çalışmış, daha sonra Azərbaycan Dillər Universitetində fəaliyyətini davam etdirmişdir.
2010-cu ildə AMEA Folklor İnstitutu “Azərbaycan folkloru” şöbəsinə böyük elmi işçi vəzifəsində çalışmış, 2015-ci ildə İnstitutun “Cənubi Azərbaycan folkloru” şöbəsinə müdir təyin olunmuşdur. Hal-hazırda Folklor İnstitutunun “Cənubi Azərbaycan folkloru” şöbəsində şöbə müdiri vəzifəsində çalışır.
Mətanət xanım Abbasova Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 14 oktyabr 2016-ci il tarixli qərarı ilə folklorşünaslıq ixtisası üzrə dosent elmi adını almışdır. 2017-ci ildə “Azərbaycan xalq şeirinin mifoloji kökləri və poetik sistemi” mövzusunda doktorluq dissertasiyası işi üzərində işləmiş və müdafiə edərək 07.04.2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə “Folklorşünaslıq” ixtisasında filologiya elmləri sahəsi üzrə elmlər doktoru elmi dərəcəsini almışdır.
Alim elmi-pedaqoji fəaliyyətinə bağlı 3 monoqrafiya (“Klassik Azərbaycan hekayəsində bədii simvol” (Bakı, 2012), “Azərbaycan xalq şeirinin genezisi və poetikası” (Bakı, 2017), “Təbriz folklor mühiti” (Bakı, 2022), 6 dərs vəsaiti, 150-dən çox elmi məqalənin müəllifi, 15 cilddə “Güney Azərbaycan folkloru” kitablarının toplayıcısı və tərtibçisidir.
Filologiya elmləri doktoru Mətanət xanım Abbasova 2024-cü ildə “Heydər Əliyev” adına ali media mükafatına layiq görülmüş,15-i xaricdə nəşr olunmaqla 150-dən artıq məqalənin müəllifidir. M.Abbasova eyni zmanda Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının nəzdində filologiya elmləri və pedaqogika üzrə yaradılan Ekspert Şurasının üzvüdür. Qarabağ və Güney Azərbaycan folklorunun toplanmasında xüsusi fəaliyyət göstərən M.Abbasova 3 elmlər doktorluğu dissertasiya işinin elmi məsləhətçisidir.
Ailəlidir, iki övladı var.
Alimin elmi əsərləri ilə tanış olaq:
Monoqrafiyalar:
“Klassik Azərbaycan hekayəsində bədii simvol” (1900-1920), Bakı, 2012, 187.s
“Azərbaycan xalq şeirinin genezisi və poetikası”. Bakı, Elm və təhsil, 2017. 416 s.
“Təbriz folklor mühiti”. Bakı. Elm və təhsil, 2022. 323s.
Transliterasiya və çevirmələr:
Səməd Behrəngi və Behruz Dehqaninin ana dilində topladığı nağıllar. Bakı, 2014.
Toplama və tərtibat işləri:
1.Güney Azərbaycan folkloru III. (Elmi redaktoru və transliterasiya: fil.ü.f.d. M.M.Abbasova). Bakı, 2014. 230 s.
2. Güney Azərbaycan folkloru IV. (Toplama və tərtibat: f.ü.f.d. Mətanət Maşallah qızı (Abbasova), Dr. Hüseyn Şərqidərəcək (Soytürk) Redaktor: f.ü.f.d. Qədim Qubadov. Bakı, “Elm və təhsil”, 2015. 420 s.
3.Güney Azərbaycan folkloru V. (Toplama və tərtibat: f.ü.f.d. Mətanət Maşallah qızı (Abbasova), Dr. Hüseyn Şərqidərəcək (Soytürk), Redaktor: Aydın Mustafayev). Bakı, “Elm və təhsil”, 2015. 410s.
4. Güney Azərbaycan folkloru VI. (Toplama və tərtibat: f.ü.f.d. Mətanət Maşallah qızı (Abbasova), Dr. Hüseyn Şərqidərəcək (Soytürk), Redaktor: Aydın Mustafayev). Bakı, “Elm və təhsil”, 2015. 450 s.
5.Güney Azərbaycan folkloru VII. (Toplama və tərtibat: f.ü.f.d. Mətanət Maşallah qızı (Abbasova), Böyükbəy Ələkbəroğlu, Redaktor: Aydın Mustafayev). Bakı, “Elm və təhsil”, 2018. 358 s.
6. Güney Azərbaycan folkloru VIII. (Toplama və tərtibat: f.ü.f.d. Mətanət Maşallah qızı (Abbasova), Redaktor: Lalə Bədirova). Bakı, “Elm və təhsil”, 2019. 408 s.
7.Güney Azərbaycan folkloru IX. (Toplama və tərtibat: f.ü.f.d. Mətanət Maşallah qızı (Abbasova), Redaktor: Ramiz Kərəm (Ələkbərov). Bakı, “Elm və təhsil”, 2020. 352 s.
8.Güney Azərbaycan folkloru X. (Toplama və tərtibat: f.ü.f.d. Mətanət Maşallah qızı (Abbasova), Redaktor: f.ü.f.d., dos. Ləman Vaqifqızı (Süleymanova)). Bakı, “Elm və təhsil”, 2020. 356 s.
9. Güney Azərbaycan folkloru XI. (Toplama və tərtibat: f.ü.f.d. Mətanət Maşallah qızı (Abbasova), Redaktor: f.ü.f.d., dos. Ləman Vaqifqızı (Süleymanova)). Bakı, “Elm və təhsil”, 2021. 340 s.
10.Güney Azərbaycan folkloru XII. (Toplama və tərtibat: f.ü.f.d. Mətanət Maşallah qızı (Abbasova), Dr. Məhəmməd İbadi (Alışıq), Redaktor: Lalə Bədirova). Bakı, “Elm və təhsil”, 2021. 322 s.
11.Güney Azərbaycan folkloru XIII. (Toplama və tərtibat: f.ü.f.d. Mətanət Maşallah qızı (Abbasova), Redaktor: Səadət İbrahimli). Bakı, “Elm və təhsil”, 2022. 312 s.
12.Güney Azərbaycan folkloru XIV. (Toplama və tərtibat: f.ü.f.d. Mətanət Maşallah qızı (Abbasova), Redaktor: Lalə Bədirova). Bakı, “Elm və təhsil”, 2022. 328 s.
13.Güney Azərbaycan folkloru XV. (Toplama və tərtibat: f.ü.f.d. Mətanət Maşallah qızı (Abbasova), Redaktor: f.ü.f.d.Qiymət Məhərrəmli). Bakı, “Elm və təhsil”, 2022. 296 s.
14.Güney Azərbaycan folkloru XVI. (Toplama və tərtibat: f.ü.f.d. Mətanət Maşallah qızı (Abbasova), Dr. Aqşın Ağkəmərli, Redaktor: Səadət İbrahimli). Bakı, “Elm və təhsil”, 2023. 314 s.
15. Güney Azərbaycan folkloru XVII.(Tərtibçi və ön sözün müəllifi: fil.e.d. Mətanət Maşallah qızı(Abbasova). Bakı, Elm və təhsil, 2024, 374 s
16. Qaşqay folklor örnəkləri I. (Toplama və tərtibat: f.ü.f.d. Mətanət Maşallah qızı (Abbasova), Redaktor: Lalə Bədirova). Bakı, “Elm və təhsil”, 2023. 316 s.
Filologiya elmləri doktoru Abbasova Mətanət Maşallah qızına Azərbaycanda elmin inkişafı sahəsindəki fəaliyyətinə görə yeni-yeni uğurlar və nailiyyətlər arzulayırıq. İmam Əli buyurubdur :”Elm elə bir müqəddəs və əziz bir mirasdır ki, belə bir irsə çatmış hər bir kəs səadət və xoşbəxtlik açarını əldə edibdir”.Belə bir mirasa sahib olan Mətanət xanımın simasında bütün ziyalı-alimlərimizlə fəxr edirik.
AMİDTV.AZ
Aygün Məmmədova Jurnalistlər Birliyinin üzvü