Müasir Azərbaycanın elmi böyük potensialı özündə cəmləyərək, xalqımızın yaradıcılıq sahəsində nəyə qadir olduğunu dünyaya göstəribdir.

0

Milli dövlətçilik maraqları əsasında inkişaf etdirilən elm, ölkəmizdə daha işıqlı sabahların yaradılmasına yeni güc və qüvvət verir.Martın 27-si Azərbaycanda “Elm günü” kimi qeyd edilir. Bu tədbir elmlə məşğul olan hər kəsin, bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramıdır.2018-ci il aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Bu tarix ölkə üçün əlamətdar bir vaxta – AMEA-nın təsis olunduğu günə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət kəsb edir .Möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı geniş miqyaslı islahatların işığında yeni cəmiyyət quruculuğu istiqamətində, ölkəmizdə müstəqil dövlətçilik ideallarının daha da möhkəmləndirilməsi yollarında şərəflə və məsuliyyətlə addımlamaqda davam edir. Elmin təbliği və alimlərimizin beynəlxalq aləmə inteqrasiyasını sürətləndirmək məqsədilə görülən işlər, qəbul olunan fərman və sərəncamlar elmin inkişafının dövlət siyasətinin prioritetlərindən olduğunu sübut edir.Hazırda Azərbaycan elmi Ali Baş Komandanımız İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində yeni inkişaf mərhələsinə qədəm qoyub. Respublika həyatının müxtəlif sahələrinin inkişaf etdirilməsində, ictimai fikrin formalaşdırılması və möhkəmləndirilməsində, dövlət müstəqilliyi uğrunda mübarizə yollarında AMEA-nın böyük xidmətləri var. 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması və fəaliyyəti ilə xalqımız elm sahəsində daha böyük uğurlar əldə etməyə nail olub. Akademiyanın keçdiyi çətin və şərəfli yol elmimizin inkişafının böyük bir tarixi mərhələsi olmaqla yanaşı, ölkəmizin tərəqqisində elmin, alim sözünün, ziyalı mövqeyinin geniş imkanlara malik olduğunu nümayiş etdirən elmi-ictimai hərəkatın, mədəni-texniki proseslərin də mühüm bir göstəricisidir. Ölkəmizdə elmin sistemli inkişafında XX əsr xüsusi mərhələ təşkil edir.Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə cəmiyyət həyatının digər sahələri kimi, elm də inkişafın yeni mərhələsinə qədəm qoyub. Azərbaycan elminin inkişaf etdirilməsinə dövlət səviyyəsində böyük qayğı göstərilib, ölkədə alimin və elmin nüfuzu yüksəlib. Ulu Öndərin 2001-ci il 15 may tarixli Fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına Azərbaycan Milli Elmlər Akademiyası adı verilib.Ulu Öndər AMEA-nın keçdiyi şərəfli yolu Azərbaycan xalqının tarixində böyük səhifə kimi dəyərləndirib: “Çoxəsrlik tariximizdə böyük elmimiz olubdur. Ancaq Azərbaycan elmi heç vaxt bu qədər mütəşəkkil və bu qədər qüvvətli, güclü, çoxsahəli olmayıb. Müstəqil Azərbaycanın Elmlər Akademiyası bütün elmi potensialı özündə cəmləyərək, xalqımızın yaradıcılıq sahəsində nəyə qadir olduğunu dünyaya göstəribdir”.Müstəqillik illərində Azərbaycanda elmin inkişafı istiqamətində ardıcıl olaraq islahatlar həyata keçirilir. Nəticədə AMEA-nın strukturu, idarəetmə və təşkilati sistemi əsaslı olaraq təkmilləşdirilib, elmi müəssisələrin fəaliyyətinin məqsədyönlü koordinasiyası üçün mühüm işlər görülüb. Akademiyanın Rəyasət Heyəti ən aktual elmi, elmi-innovativ və elmi-təşkilati məsələlərin professional və multidissiplinar səviyyədə müzakirə olunduğu intellektual beyin mərkəzinə çevrilib. AMEA-nın strukturunda müasir dövrün tələblərindən irəli gələrək Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Elm Tarixi İnstitutu, Qafqazşünaslıq İnstitutu, Neft və Qaz İnstitutu, Biofizika İnstitutu yaradılıb, bir sıra institutlar, o cümlədən Fəlsəfə İnstitutu, Hüquq və İnsan Haqları İnstitutu, Torpaqşünaslıq və Aqrokimya İnstitutu müasir elmi prioritetlər əsasında yenidən qurulub.AMEA-da ABŞ-ın, Almaniyanın, İtaliyanın nüfuzlu elmi mərkəzləri ilə birlikdə xeyli sayda beynəlxalq laboratoriyalar yaradılıb. Ölkədə informasiya cəmiyyətinin formalaşması və inkişaf tendensiyasına müvafiq olaraq e-Azərbaycanın tərkib hissəsi kimi e-elmin formalaşması istiqamətində də mühüm irəliləyiş əldə edilib, onun e-təhsil və digər onlayn mühitlərə inteqrasiyası təmin olunub. Mürəkkəb hesablama və böyük yaddaş resursları tələb edən elmi problemlərin həlli üçün “AzScienceNet”in bazasında böyük imkanlara malik verilənlərin emal mərkəzi yaradılıb. Bu şəbəkə Avropanınyüksəksürətli elm və təhsil üçün xüsusi internet şəbəkəsinə (GEANT) inteqrasiya olunub. Ölkə səviyyəsində elmi fəaliyyətin koordinasiyasının səmərəliyini artırmaq və informasiya təminatı bazasının formalaşması məqsədilə elmi problemlərin və dissertasiya işlərinin reyestrləri yaradılıb.Müstəqillik illərində əldə edilən uğurlardan biri kimi Azərbaycanın kosmos dövlətinə çevrilməsini xüsusi qeyd etmək lazımdır. Bu nailiyyət ölkə rəhbərinin İKT sahəsində məqsədyönlü və uzaqgörən siyasətlərinin həyata keçirilməsi, eləcə də ölkəmizdə ən yeni texnologiyaların tətbiqinin reallaşdırılması sayəsində əldə olunub.Bu gün AMEA respublikada aparılan fundamental tədqiqatların əsas mərkəzinə çevrilib. Akademiyanın tərkibində fizika-riyaziyyat və texnika elmləri, kimya elmləri, Yer elmləri, biologiya və tibb elmləri, humanitar elmlər və ictimai elmlər bölmələri fəaliyyət göstərir. AMEA-da 10 minə yaxın əməkdaş, o cümlədən 4939 elmi işçi, 664 elmlər doktoru, 2026 fəlsəfə doktoru çalışır. Akademiyanın 72 həqiqi üzvü və 112 müxbir üzvü var.Son dövrlərdə Akademiya alimlərinin 604 kitabı, 4208 məqaləsi çap olunub. Məqalələrin 2427-si impakt faktorlu elmi jurnallarda dərc edilib. AMEA bir çox nüfuzlu beynəlxalq elmi təşkilatların üzvüdür, onun əməkdaşları MDB ölkələri, ABŞ, Yaponiya, İsrail, İsveçrə, İngiltərə, Almaniya, Pakistan, Türkiyə, İran və başqa dövlətlərin aparıcı elm və təhsil müəssisələri ilə birgə proqram çərçivəsində tədqiqatlar aparır, kadr və informasiya mübadilələrində iştirak edirlər. Ölkəmizdə fəaliyyət göstərən elmi müəssisələrin illik elmi hesabatlarını AMEA-ya təqdim etmələri, akademiyada respublika üzrə elmi fəaliyyət sahəsinin ümumiləşmiş hesabatlarının hazırlanması və ildə bir dəfə ümumi yığıncaqda elmi ictimaiyyətin, ali məktəb elmini və sahə elmini təmsil edən alimlərin iştirakı ilə geniş müzakirə olunması Azərbaycan elmində gedən prosesləri, inkişaf meyillərini tam halda izləməyə, dərindən təhlil edib dəyərləndirməyə və istiqamətləndirməyə imkan yaradır.Nə xoşdur ki, Azərbaycan da inkişaf etmiş, mütərəqqi ölkələrin siyahısında öz adını qeyd etdirib. Ölkə başçısının Azərbaycan elminin inkişafına, alimlərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına, gələcəyin alimləri olan tələbələrimizin, magistrantlarımızın təhsil imkanlarının genişləndirilməsinə, Azərbaycan təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyasına yönəlmiş bir sıra səylərinin hamımız şahidiyik. Hamınızı universitetimiz adından təbrik edirəm, sizi elmin inkişafında, cəmiyyətə yaxınlaşdırılmasında, cəmiyyətin tələbatlarını ödəyə biləcək səviyyəyə gətirilməsində səylərinizi əsirgəməməyə çağırıram və bu sahədə sizə uğurlar arzu edirəm.

AMİDTV.AZ

Zəminə Qoşqar Əskərova. Azərbaycan Memarlıq və İnşaat Universiteti, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir