Milli bayramımız, milli sərvətimiz ”Novruz Bayramı “böyük coşqu və təntənə ilə qeyd olunur.

0

Novruz Azərbaycan xalqının zəngin ,millii və mədəni dəyərlərimizi özündə əks etdirən milli bayramımızdır . Bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük. Keçmişdə olduğu kimi, bu gün də Azərbaycanda, digər türk dövlətlərində və bir çox qonşu ölkələrdə Novruz Bahar bayramı kimi qeyd olunmaqdadır.
Ümummilli Lider Heydər Əliyev Novruzu milli birlik bayramı adlandırırdı. Bu baxımdan da Ulu Öndər qeyd edirdi ki, “Novruz bizim ən qədim milli bayramımızdır. O, xalq bayramıdır. Novruz bayramı insanları, xalqımızı həmişə sevindirib, ən çətin anlarda, ən ağır günlərdə də onlarda xoş, nikbin əhval – ruhiyyə yaradıbdır. Ona görə də bu bayram hər bir azərbaycanlı üçün əziz bayramdır”. Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə öz çıxışlarında  Novruz bayramının bizim “milli bayramımız, milli sərvətimiz” olduğunu qeyd etmişdir. Ölkə başçısı ənənəvi olaraq hər il Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edir və bayram tədbirlərində yaxından iştirak edir.
YUNESKO-nun xoşməramlı səfiri, birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyi nəticəsində Novruz bayramı YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. 2009-cu il sentyabrın 30-da Novruz  bayramı YUNESKO tərəfindən dünyanın digər 76 qeyri-maddi irs elementi ilə birlikdə Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. Qeyri-maddi irsin bu 76 elementinin daxil edilməsi barədə qərar Qeyri-Maddi İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 24 üzv dövləti tərəfindən qəbul edilib. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasında gündəliyin 49-cu “Sülh mədəniyyəti” bəndinə əsasən konsensusla “Beynəlxalq Novruz Günü” adlı qətnamə qəbul edilmişdir.
Müasir dövrdə Azərbaycanda Novruz şənlikləri bir neçə gün davam edir. Bu bayramda insanlar bir-birləri ilə ən xoş arzularını bildirirlər. Ölkəmizdə təşkil edilən Novruz şənliklərində  insanlar  torba atmaq, qulaq falına çıxmaq, tonqaldan tullanmaq, üzük falına baxmaq, səməni yetişdirmək, yumurta döyüşdürmək,  qonaq getmək, yaşlıları ziyarət etmək, şam yandırmaq, küsülülərin barışması, yallı getmək, xoruz döyüşdürmək kimi adətləri yerinə yetirirlər
Novruz bayramı bəzən insanın yaranışı ilə də əlaqələndirilir. Yəni insanın dörd ünsürdən – su, od, torpaq və küləkdən yarandığı qeyd olunduğu kimi, Novruz bayramında da dörd çərşənbə mövcuddur. Hər çərşənbə bir ünsürlə əlaqələndirilir. İlk çərşənbə Su – yəni Bahara doğru çayların buz bağlayan hissəsi əriyib çaylara tökülür, torpaq yavaş-yavaş islanmağa başlayır. İkinci, çərşənbə Od çərşənbəsi adlanır. Bu anlama görə Bahara doğru Günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalayırlar. Üçüncüsü, Yel çərşənbəsidir. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir. Dördüncü çərşənbə isə Torpaq çərşənbəsi adlanır. Torpağı ana təbiət – Allahımız su ilə islatdı, Günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla, kotanla məhz torpaq çərşənbəsi günündə başlayırlar. Çərşənbələr arasında ən vacibi İlaxır çərşənbə hesab olunur. Həmin gün qədim ənənələrlə zəngin olur. Bütün həyat tərzini əhatə edən, təzəcə ilə xoş arzular, ailə səadəti, xoşbəxtlik və bütün bədbəxtlikdən uzaq olmaq arzulanır. Su və odla bağlı çərşənbələrdə də maraqlı ənənələr mövcuddur. Azərbaycan odla bağlı ölkə olaraq bu zəngin ənənəyə malik olması heç də təsadüf sayıla bilməz. Od saflaşma və təmizləmə deməkdir. Su ilə əlaqədar olan ənənələr Azərbaycanda təzə illə bağlıdır. Təzə ildə axar suyun üzərindən tullanmaqla ötən ilin günahlarını yumuş olurlar. Bundan başqa bütün ailə üzvləri ötən ilin axırıncı gecəsi yatmazdan əvvəl bir-birinin üstünə su çiləyirlər. Deyilənə görə, axırıncı çərşənbə gecəsi bütün axar sular dayanır. Hətta ağaclar da yerə əyilir. Əgər təzə il axşamı hər kəs bu sudan içdisə onlar təzə ildə bütün xəstəliklərdən uzaq olurlar. Novruzun ən üksək zirvəsi köhnə ilin öz səlahiyyətlərini təzə ilə verəndə olur. Bu anda köhnə ənənəyə görə Novruzun şərəfinə top və tüfənglərdən yaylım atəşləri açılır
Son olaraq isə xalqımıza bahar təravətli günlər, xoşbəxtlik və firavan həyat arzulamaqla, hər il Novruz bayramının böyük coşqu və təntənə ilə yüksək səviyyədə qeyd olunmasını diləyirəm
Tarixi Novruz bayramınız mübarək!

AMİDTV.AZ

Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Milli Konservatoriyasının tərkibində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının müəllimi İlqar Əkbərov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir