Novruz bayramı: Milli birlik, dəyərlərin qorunması və idman ictimaiyyətində bayram ənənələri

Novruz bayramı Azərbaycan xalqının ən qədim və dərin köklərə malik bayramlarından biridir. Tarixən baharın gəlişini, təbiətin oyanışını və yeni həyatın başlanğıcını simvolizə edən Novruz, həm də milli kimliyimizin və mədəni irsimizin ayrılmaz hissəsidir. Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyini möhkəmləndirmək və xalqımızın mənəvi dəyərlərini yaşatmaq üçün bu bayrama xüsusi önəm verib. Onun siyasi varisi, Prezident İlham Əliyev də bu ənənəni davam etdirərək, Novruz bayramını təkcə xalqımızın mədəni dəyəri kimi deyil, həm də ölkənin inkişafı, birlik və həmrəyliyinin simvolu kimi yüksək səviyyədə qeyd etməyə şərait yaradır.
İlham Əliyevin rəhbərliyi altında Novruz bayramı təkcə ənənəvi tədbir kimi yox, dövlətçilik ideologiyasının ayrılmaz hissəsi kimi qeyd olunur. Hər il Bakıda və digər şəhərlərdə bayram münasibətilə geniş tədbirlər keçirilir, ölkə başçısı xalqla bir araya gələrək onları təbrik edir. Xüsusilə, işğaldan azad edilmiş torpaqlarda keçirilən Novruz şənlikləri bu bayramın yeni tarixi əhəmiyyət qazandığını göstərir. Prezident İlham Əliyevin Şuşada, Ağdamda, Füzulidə Novruz tonqalını alovlandırması, Azərbaycanın ərazi bütövlüyünün bərpasını və xalqımızın böyük qayıdışını təcəssüm etdirir.
Novruzun əsas simvollarından biri də bolluq və bərəkət dolu süfrələrdir. Azərbaycan mətbəxi bu bayramda xüsusi yer tutur. İlham Əliyevin rəhbərliyi altında Azərbaycan mədəniyyəti və mətbəxi dünyada daha geniş tanınır. Milli yeməklərimiz beynəlxalq festivallarda və tədbirlərdə təqdim olunur ki, bu da ölkəmizin mədəni diplomatiyasına mühüm töhfə verir.
Novruz bayramı təkcə milli-mənəvi dəyərlərimizin qorunmasını deyil, eyni zamanda sağlam həyat tərzinin təşviqini də özündə ehtiva edir. Azərbaycan İdman Akademiyasında hər il Novruz bayramı münasibətilə müxtəlif tədbirlər təşkil olunur. Bu il də akademiyada Novruzun ruhuna uyğun şənliklər keçirildi. Tələbələr və müəllimlər arasında milli oyunlar, idman yarışları və ənənəvi mərasimlər təşkil olundu. Bayram şənliyində Novruzun rəmzi olan Kosa və Keçəl obrazları canlandırıldı, tələbələr üçün maraqlı müsabiqələr keçirildi. Azərbaycan İdman Akademiyasının idmançı tələbələri milli idman növləri ilə bağlı nümunəvi çıxışlar edərək, sağlamlıq və idmanın Novruz ənənələri ilə vəhdətini nümayiş etdirdilər.
Bu ilki Novruz bayramı həm də ölkəmiz üçün yeni üfüqlərin açıldığı bir dövrə təsadüf edir. Azərbaycanın regionda güclü mövqeyə malik olması, sosial rifahın yüksəlməsi və beynəlxalq arenada nüfuzunun artması Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. Dövlət başçısının bayram münasibətilə xalqı təbrik etməsi, milli həmrəylik ruhunu daha da gücləndirir.
Bu bayram günlərində Azərbaycan xalqı tarixinin yeni səhifəsini yazır. Prezident İlham Əliyevin rəhbərliyi altında Novruz bayramı təkcə baharın gəlişi deyil, həm də ölkəmizin inkişafı və milli dəyərlərimizin qorunmasının təcəssümüdür. Azərbaycan İdman Akademiyasının kollektivi də bu əlamətdar bayramı yüksək əhval-ruhiyyə ilə qeyd edərək, tələbələr arasında həmrəyliyi və sağlam həyat tərzini təşviq etməyə davam edir.
Xalqımızı bu bayram münasibətilə təbrik edərək, hər evə bərəkət, firavanlıq və xoş günlər arzulayırıq!
AMİDTV.AZ
Hörmətlə,
Məmmədov İlkin Rasət oğlu
Azərbaycan İdman Akademiyasının müəllimi və sağlamlıq məktəbinin tədqiqat işləri üzrə koordinatoru,
Yeni Azərbaycan Partiyasının üzvü

