Ana maral əfsanəsi


Kənddə məşhur ovçu kimi tanınan Nurəli kişi meşədən çox pərişan qayıtdı. Arvadı Fatimə, oğlu Bəhruz onu qarşılamağa çıxdılar. Kişi fikir dəryasına qərq olmuşdu. Fatimə bir addım irəli atıb ərinin çiynindən lüləsi aşağı sallanan tüfəngi götürmək istədi. Nurəli kişi ona mane oldu. Ağır addımlarla evin arxasına keçdi. Tüfəngi çiynindən aşırdı. Arvadının və oğlunun gözləri qabağında neçə il yoldaşlıq etdiyi tüfəngin lüləsindən tutub onu daşa çaxdı.- Daha günaha batmaq istəmirəm!.. Oğlum, Bəhruz, bundan sonra sənin qazancını yeməli olacağıq. Bir də əlimə tüfəng almaram. Meşədən elə utanıram, elə xəcalət çəkirəm ki, bir də ora dönməyə üzüm gəlməz. Sən isə, ay bala, çörəyi tüfəngdən yox, torpaqdan çıxartmalısan.Bəhruz atasının dərdinə şərik olmaq istədi:- Atacan, sənin qərarın səbəbsiz deyil, sən hər saat fikrindən dönən adam deyilsən.Ata dərindən nəfəs alıb başına gələn əhvalatı danışmağa başladı:- Altmış ildir, ovçuluq eləyirəm. Altmış ildir, marala, ceyrana, turaca, kəkliyə – meşənin sərvətinə, dövlətinə güllə atıram. Hamı bilir ki, kefimdən yox, sizi yaşatmaq üçün güllə atıram. Altmış ildə bir dəfə də olsun, meşə mənim xətrimə dəyməyib, məni əliboş qaytarmayıb. Bu gün isə…Fatimə hövsələsini basa bilmədi:- A kişi, tez ol, mətləb üstə gəl!- Arvad, bu gün bir ana maralı xallı bəbir qova-qova mənə tuş etdi. Bəbirə güllə atdım, aralandı. Onun ovuna özüm yiyələndim. Maral qaçdı, mən qovdum, mən atdım, o sindi, nişangahdan yayındı. Yalnız bir səmtə can atırdı. Hiss edirdim ki, körpə balaları var, özünü onlara çatdırmaq istəyir. İkimiz də üzülüb əldən düşmüşdük. Nə o qaçıb canını qurtara bilirdi, nə də mən əl çəkirdim…Axırda yazığı qovub çıxılmaz bir qayalığa saldım. Lap yaxına gəlib xeyli tamaşa etdim. Gördüm yox, maral heç özündə deyil, tez-tez həmin səmtə boylanır. Tüfəngi gözümün tuşuna qaldırdım, niyyətimi başa düşən maral yanıqlı bir mələrti ilə mənə yalvardı. Tüfəng gözlərimdən enmədi. Birdən möcüzə baş verdi. Maralın soyuq daşlara fışqıran isti südü gözlərimi tutdu. Peşmançılıq var gücüylə əllərimi vurdu. Tüfəngi çiynimə keçirib marala yol göstərdim. Yazıq heyvan məni anladı. Qabağıma düşdü, yola düzəldik. Amma gözlərindəki təlaş çəkilib getmirdi. Bilirdim ki, xallı bəbirin zəhmi onu titrədir. Ana maralı bu məskəndə tək qoymaq olmazdı. Birdən şaqqıltı qopdu. Qayanın arasında pusquda duran xallı bəbir ox kimi süzüb maralı süpürlədi. Tüfəngin nə vaxt açılmasından xəbərim olmadı. Onu gördüm ki, xallı bəbir qorxunc bir nərilti ilə yerdə, maralın ayaqları altında qıvrılır. Maralı düz balalarının yanına qədər ötürdüm. Geri döndüm. Bundan sonra acından ölsəm də, ovçuluq eləmərəm, nahaq qan tökmərəm.Fatimə ərinə təsəlli verdi:- Ay kişi, sən ki ən böyük xeyirxahlıq eləmisən, day niyə qəm dəryasına batırsan?- Bəs indiyə kimi?..Aradan bir az keçəndən sonra Nurəli kişi fikirdən xəstəliyə düşdü. Nə qədər dava-dərman elədilər, nə qədər çiçəklərdən məlhəm düzəltdilər, xeyri olmadı, kişi şəfa tapmadı. Bir gün Bəhruz loğman kimi bir el həkiminin sorağını aldı. Çətinliklə olsa da, həkimi tapıb atasının üstünə gətirdi. Həkim qoca ovçuya baxan kimi dərdinə aşina oldu:- Ay bala, heç bilmirəm, necə deyim, xəstənin davası əlacsız yerdədir. O, bir kasa maral qatığı içsə, anadangəlmə olar.- Həkim, maralın südünü tapmaq müşkül məsələdir, o ki qatığı ola…Həkim hamını ümidsiz vəziyyətdə qoyub getdi.Xəstə lap ağırlaşmışdı, dinib-danışmırdı. Ana-bala onun yastığının qırağından çəkilmirdilər. Gecə vaxtı xəstə dil açdı:- Arvad, qab götür eşiyə çıx, maral mənə süd gətirib.Fatimə elə bildi, ərinin son nəfəsidir, sayıqlayır. Ancaq özünü sındırmadı, sərnici götürüb bayıra çıxdı. Təəccübdən yerində dondu.İribuynuzlu, qumral ana maral astanada dayanmışdı. Onun yelinindən süd axırdı. Fatimə tez sərnici bulaq kimi qaynayan südün altına tutdu. Sərnic ağappaq köpüklü südlə doldu. Arvad baxıb-baxıb ah çəkdi:- Həkim qatıq demişdi, ay maral, sən süd verirsən…Fatimə südlə dolu sərnici götürüb içəri keçmək istəyəndə maral ona mane oldu. İsti südün içinə hər gözündən bir damla yaş saldı. Süd o saat qatığa çevrildi. Fatimə maralın üzünü, gözünü tumarlayıb yola saldı.